Sosial
Gələn il Azərbaycanda ət neçəyə olacaq? - Ümid Gürcüstanadır
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gürcüstan mənşəli iri və xırdabuynuzlu heyvanların Azərbaycan ərazisindən tranzit daşınmasına və diri heyvan idxalına tətbiq olunan məhdudiyyətləri dekabrın 10-dan etibarən ləğv edib. Qərara əsasən, ölkə ərazisində heyvan bazarlarının fəaliyyəti də bərpa olunub. Bəs bu qərar yerli ət bazarına necə təsir edəcək?
“Bazarlarda ət kifayət qədər bahalaşıb”
Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamovun sözlərinə görə, Gürcüstandan ət idxalına tətbiq olunmuş qadağanın ləğv olunması bazara az da olsa təsirini göstərəcək: “Qadağa dabaq xəstəliyin yayılması ilə bağlı tətbiq olunmuşdu. Bununla əlaqədar heyvan bazarlarına da müəyyən məhdudiyyətlər qoyulmuşdu. İndi isə xəstəlik səngidiyindən qadağalar aradan qaldırılır və heyvan bazarlarının sərbəst fəaliyyətinə icazə verilir. Yəni həm bazarlarda məhdudiyyətlərin olmaması, həm də idxalın həyata keçirilməsi ət bazarında təklifləri çoxaldacaq. Ətin idxalına və satışına məhdudiyyətlərin aradan qalxması bazarda müəyyən qədər bolluq yaratmalıdır. Ona görə deyə bilərik ki, idxala tətbiq olunmuş məhdudiyyətin aradan qalxması, ən azından bazarlarda ətin qiymətini sabit saxlayacaqdır”.
Yerli istehsal tələbatı ödəyə bilmir
A.Badamov bildirdi ki, yerli istehsal ölkədə ətə olan tələbatı ödəyə bilmir: “İdxala tətbiq olunmuş məhdudiyyətin aradan qalxması yerli istehsalçılara da təsir göstərməyəcək. Ət bazarını sabit saxlamaq üçün mütləq şəkildə idxal olunmalıdır. Yerli istehsalçılar üçün isə ət istehsalı kifayət qədər rentabelli sahədir. Amma çox təəssüf olsun ki, çox hallarda kəndlilər ağır təsərrüfat işlərindən qaçırlar. O cümlədən mal-qaranı saxlamaq da istəmirlər. Əgər kəndlilər həmişə olduğu kimi heyvandarlığa üstünlük verərlərsə, həm daxili bazarı təmin edər, həm də kifayət qədər gəlir əldə edə bilərlər. Dövlətin müvafiq orqanları bazarlarda təklif və tələbi öyrənirlər. Təbii ki, təklif tələbdən artıq olacağı təqdirdə idxalın nizamlanması istiqamətində müvafiq addımlar atılacaq”.

“Örüş sahələri mütləqdir”
Deputat yerli istehsalı necə artırmalı olduğumuzdan da bəhs etdi: “Ölkədə hər il ətin istehsalının azaldığına diqqət yetirsək deyə bilərik ki, idxal davamlı olmalıdır. İdxalın daha da artırılmasına ehtiyac var. Bazar rəqabətli olmalıdır. Rəqabətin formalaşması üçün isə təklif tələbi üstələməlidir. Belə olan halda bazar sabit qalar və ya da qiymətlərin dinamikası aşağıya doğru istiqamətlənər. Qiymətlərin sabitləşməsi üçün ilk növbədə yerli istehsal artmalıdır. Bu sahənin inkişaf etdirilməsi üçün örüş sahələri mütləqdir. Amma təəssüf ki, son illər örüş sahələrinin təyinatları dəyişdirilir. Bu da mal-qaranın saxlanması və yem bazasının formalaşdırılması ilə bağlı çətinliklər yaradır. Təbii ki, heyvandarlığın inkişaf etdirilməsinə şəraitin yaranması fermerləri stimullaşdıracaq”.
“Yerli yem istehsalını artıra bilsək...”
İqtisadçı Eyyub Kərimli də düşünür ki, hazırda dabaq xəstəliyi ilə əlaqədar yerli heyvan kəsimi məhdudlaşdırılıb. O səbəbdən ət istehsalında azalma müşahidə edilir. Lakin ətə olan tələb yüksəkdir: “İdxal daha çox qiymətlərin sabitləşməsinə öz töhfəsini verəcək. Bu baxımdan, Gürcüstandan idxal olunan iri və xırda buynuzlu heyvanlar qiymətlərin sabit saxlanmasına müsbət təsir göstərəcək. Bu, çox doğru addımdır. İdxalın həcmi artarsa, hətta qiymətlərin ucuzlaşmasını da görə bilərik. Bu, idxalın həcmindən asılıdır”.
E.Kərimli bildirdi ki, sahibkarları təşviq etməliyik: “Qiymətlərin enməsi üçün ilk növbədə yerli istehsalı artırmalıyıq. Bunun üçün də örüş yerlərini böyütməliyik. Fermerlər üçün yeni imkanlar da yaradılmalıdır. Xüsusən də yem sahəsi çox vacibdir. Çünki yemi də xaricdən idxal edirik. Yerli yem istehsalını artıra bilsək, bu, bazarda ətin qiymətinin aşağı düşməsinə öz təsirini göstərəcəkdir”.
“Ehtiyatlar formalaşdırmaq lazımdır”
İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, qiymətlərin stabilləşməsi bir az mürəkkəb məsələdir. Bu istiqamətdə fundamental problem aqrar sektorun qeyri-məhsuldarlığıdır: “Bu da intensiv təsərrüfatlara keçidlə bağlıdır. Ailə təsərrüfatları istehsalatda 95 faiz paya malikdir. Ailə təsərrüfatlarında isə istehsalat qeyri-səmərəli təşkil olunur. Texnologiya tətbiq olunmur, aqrotexniki qaydalara əməl edilmir. Orta və uzunmüddətli dövrdə nəticə əldə etmək üçün kənd təsərrüfatı real inkişaf etməlidir. O səbəbdən də mövcud model tamamilə dəyişdirilməlidir. Daha çox məhsuldarlığa, elmi-texnoloji yeniliklərə əsaslanan, müasir suvarma üsullarını özündə ehtiva edən, iqlim dəyişikliklərinə dözümlü kənd təsərrüfatı siyasəti formalaşdırmalıyıq”.
R.Həsənovun fikrincə, qısamüddətli dövrdə hökumətin atacağı addım ehtiyatlar formalaşdırmaq ola bilər: “Məsələn, dabaq xəstəliyi kimi problemlər ortaya çıxdıqda bazara öz neqativ təsirini göstərməməsi üçün bu addım atılmalıdır. Problem baş verdikdə bu ehtiyatlardan istifadə edərək bazardakı vəziyyətin, dalğalanmaların qarşısını almaq, yaxud təklif qıtlığını aradan qaldırmaq məqsədilə istifadə edilməlidir. Bazarda bolluq yarandıqda yenidən ehtiyatlar bərpa olunmalıdır. Əgər yerli istehsal tələbatı ödəmirsə, xarici bazarlardan idxal etmək lazımdır. İdxalı da təşviq etmək üçün addımlar atılmalıdır. Subsidiya proqramlarının tətbiqi, logistika dəstəyinin verilməsi də mümkündür”. ("Kaspi" qəzeti)
-
Sosial11:24Menyu bahalaşır, porsiya kiçilir: Qarşıdakı 2-3 ildə...
-
İqtisadi gündəm11:122026-cı ildə dolların məzənnəsi ilə bağlı proqnoz açıqlandı: Daha da...
-
İdman10:12Həbib Ronaldo ilə İnfantinonu hədələdi və... - VİDEO
-
Maraq dünyası09:12Hərəkət, cəsarət və ilham ili: Qırmızı at o kəslərə ziyan vuracaq ki...
-
Sağlamlıq08:4940 il əvvəl proqnoz verilmişdi – Azərbaycanda əhali arasında sürətlə yayılmağa başladı
-
Nida Xəbər 07:35Azərbaycanda icra hakimiyyətləri LƏĞV EDİLİR?
-
Magazin107:15Xanımına mağaza açdı, avtomobil aldı
-
Nida Xəbər 02:00Azərbaycan XİN-dən Monteneqronun viza qərarına REAKSİYA



















.jpg)



.jpg)







.jpg)