Sosial
20 Yanvar faciəsindən 36 il ötür
Azərbaycan tarixində müstəqilliyin simvoluna çevrilən 20 Yanvar hadisəsindən 36 il ötür.
Publika.az xatırladır ki, 1990-cı ildə xalqın “Dağlıq Qarabağ”ın Ermənistana birləşdirilməsinə qarşı çıxmasını qəbul etməyən Kreml rəhbərliyi Azərbaycanı cəzalandırmaq üçün Qanlı Yanvar qırğını törədib.
1989-cu ilin yayından etibarən Moskvanın Bakıya əlavə qoşun hissələri göndərməsi üçün Azərbaycan KP MK-nın birinci katibi Əbürrəhman Vəzirovun, Nazirlər Sovetinin sədri Ayaz Mütəllibovun, Azərbaycan KP MK-nın ikinci katibi Viktor Polyaniçkonun, Azərbaycan SSR daxili işlər nazirinin birinci müavini Viktor Ваrannikovun imzası ilə SSRİ hökumətinin rəhbərlərinə şifrəli telefonoqramlar göndərilmişdi. İstintaqla müəyyən edilib ki, 1990-cı il yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və Nasoslu aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilib. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilib.
15 yanvar 1990-cı ildə Mərkəzi Komitənin birinci katibi Ə.Vəzirov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvlərinin xəbəri olmadan Azərbaycana əlavə qoşun hissələri göndərilməsi haqqında saxta qərarı Moskvaya göndərib, elə həmin gün SSRİ Ali Sovetinin sədri Mixail Qorbaçov ozamankı “Dağlıq Qarabağ Muxtar Vilayəti”ndə və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalayıb, həmin fərmanın 7-ci bəndində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinə Bakı və Gəncə şəhərində və digər yaşayış məntəqələrində qadağan saatı tətbiq edilməsi də daxil olmaqla hər cür lazımi tədbirlər görmək təklif edilib.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi MixailQorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.
Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.
Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.
Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirdi. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak etdi.
Bu hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb.
-
Hadisə19 Yanvar 23:29Azərbaycanda zəlzələ oldu
-
Dəb19 Yanvar 21:52Moda əfsanəsi Valentino vəfat etdi
-
Magazin219 Yanvar 20:48"Evimə cin qəbiləsi göndərdilər" - Müğənni açıqlamaları ilə gündəmi alt-üst etdi
-
ABŞ19 Yanvar 19:00Tramp Lukaşenkoya görün nə təklif etdi
-
Ekologiya19 Yanvar 17:42Əhaliyə xəbərdarlıq edildi: Sabah Azərbaycanda...
-
Region19 Yanvar 16:54Ermənistanda "Tramp marşrutu" ilə bağlı qalmaqal: Oskanyanın cavabı verildi
-
Sosial19 Yanvar 16:32Baş nazirdən bu şəxslərin maaşları ilə bağlı QƏRAR
-
İqtisadi gündəm19 Yanvar 14:59Dolların sonu çatır: Qlobal bazar yeni valyuta axtarır














.jpg)


.jpg)







.jpg)










