Azərbaycanlı gənclər Stokholmda beynəlxalq konfransda iştirak etdi
Bizi izləyin

Sosial

Azərbaycanlı gənclər Stokholmda beynəlxalq konfransda iştirak etdi

Azərbaycanlı gənclər Stokholmda beynəlxalq konfransda iştirak etdi

12-13 may 2026-cı il tarixlərində İsveçin paytaxtı Stokholm şəhərində Şərq Tərəfdaşlığı Gənclər Konfransı 2026 keçirilib.

Publika.az xəbər verir ki, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu tərəfindən təşkil olunan konfrans İsveç Xarici İşlər Nazirliyi, Avropa Komissiyası, Fryshuset, ForumCiv, Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ), EU4Youth proqramı və Olof Palme Beynəlxalq Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilib.

Şərq Tərəfdaşlığı regionu ölkələrindən və Avropa İttifaqından 100-dən artıq gənc lideri, vətəndaş cəmiyyəti nümayəndəsini, ekspertləri və beynəlxalq tərəfdaşları bir araya gətirən konfrans regionda gənclərin vətəndaş iştirakçılığının gücləndirilməsi, vətəndaş məkanının inkişafı və demokratik institutların dayanıqlılığının artırılması istiqamətində fikir mübadiləsi və əməkdaşlıq üçün mühüm platforma rolunu oynayıb.

Konfransın əsas mövzularını gənclər siyasətinin təkmilləşdirilməsi, qərarqəbuletmə proseslərində gənclərin iştirak imkanlarının genişləndirilməsi, vətəndaş cəmiyyətinin fəaliyyət mühitinin qorunması və gücləndirilməsi, eləcə də gənclərin üzləşdiyi müasir çağırışlara birgə cavab mexanizmlərinin formalaşdırılması təşkil edib.

Müzakirələr zamanı Şərq Tərəfdaşlığı regionunun müxtəlif ölkələrində müşahidə olunan ictimai-siyasi transformasiyalar, vətəndaş məkanının vəziyyəti, gənclərin ictimai proseslərə cəlb olunması və sosial iştirakçılığının artırılması məsələləri diqqət mərkəzində olub. İştirakçılar gənclərin daha inklüziv, təhlükəsiz və mənalı vətəndaş iştirakını təmin etmək məqsədilə uğurlu təcrübələri, innovativ yanaşmaları və əməkdaşlıq imkanlarını bölüşüblər.

Konfrans çərçivəsində media savadlılığı, dezinformasiya və nifrət nitqinə qarşı mübarizə mövzularına xüsusi yer ayrılıb.

Sessiyalar zamanı rəqəmsal platformalarda yayılan manipulyativ məlumatların və informasiya təhdidlərinin gənclərin ictimai fəallığına və demokratik proseslərdə iştirakına təsiri müzakirə olunub, media savadlılığının gücləndirilməsi və tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsi sahəsində beynəlxalq təcrübələr təqdim edilib.

İsveç Xarici İşlər Nazirliyində keçirilən görüşlərdə gənclərin sülhün təşviqi, sosial həmrəyliyin möhkəmləndirilməsi və dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində oynadığı mühüm rol vurğulanıb. Eyni zamanda dövlət qurumları, vətəndaş cəmiyyəti və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın gənclərin potensialının reallaşdırılması baxımından əhəmiyyəti qeyd edilib. Konfrans proqramı çərçivəsində iştirakçılar İsveçin aparıcı gənclər təşkilatlarından biri olan Fryshuset-in fəaliyyəti ilə tanış olub, qeyri-formal təhsil, sosial inklüzivlik, sosial sahibkarlıq və gənclərlə iş sahəsində tətbiq olunan innovativ metod və yanaşmalar barədə məlumat əldə ediblər.

Azərbaycanı təmsil edən gənclər ölkədə gənclərin ictimai həyatda iştirakı, könüllülük hərəkatının inkişafı, qeyri-formal təhsil təşəbbüsləri və beynəlxalq əməkdaşlıq təcrübələri barədə məlumat təqdim edərək regional tərəfdaşlarla fikir və təcrübə mübadiləsi aparıblar.

Şərq Tərəfdaşlığı Gənclər Konfransı 2026 region ölkələri arasında əməkdaşlığın dərinləşdirilməsi, gənclərin səsinin beynəlxalq səviyyədə daha güclü təmsil olunması və demokratik, inklüziv və dayanıqlı cəmiyyətlərin qurulmasına töhfə verən mühüm beynəlxalq platformalardan biri kimi qiymətləndirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm