Sosial
Azərbaycan və Türkiyə vəkillik institutları arasında əməkdaşlıq genişlənir
İyunun 5-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin (VK) sədri Anar Bağırov ölkəmizdə səfərdə olan Türkiyənin Qars Barosunun başqanı Necat Yağcın və Eskişehir Barosunun başqanı Barış Günaydın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Publika.az xəbər verir ki, əvvəlcə qonaqlar Fəxri xiyabana gedərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Şəhidlər Xiyabanındakı "Əbədi məşəl" kompleksi və Türk şəhidliyi ziyarət edilib.
Eyni zamanda nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edib. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.
Daha sonra görüşdə qonaqları səmimiyyətlə salamlayan VK sədri Anar Bağırov Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq, dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərinin son illər daha da möhkəmləndiyini bildirib.
Sədr qeyd edib ki, xalqlarımızı birləşdirən ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər hüquq institutları arasında münasibətlərin inkişafına da öz töhfəsini verir. Dövlət başçıları tərəfindən həyata keçirilən uzaqgörən siyasət nəticəsində ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, bu əməkdaşlığın vəkillik institutları arasında münasibətlərə də müsbət təsir göstərdiyi diqqətə çatdırılıb.
Son illər VK-da həyata keçirilən islahatlar, institusional inkişaf və beynəlxalq əməkdaşlıq istiqamətində görülən işlər barədə ətraflı məlumat verən Anar Bağırov Azərbaycanda vəkillik institutunun keçdiyi inkişaf yolundan, Kollegiyanın fəaliyyətinin müasir idarəetmə prinsipləri əsasında təşkilindən, maliyyə müstəqilliyinin təmin olunması və elektron xidmətlərin geniş tətbiqindən bəhs edib. Sədr vurğulayıb ki, ölkədə vəkillik institutunun gücləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir və bu sahəyə ölkə rəhbərliyi tərəfindən ardıcıl diqqət və dəstək göstərilir.
Anar Bağırov çıxışında iki il əvvəl qardaş ölkənin paytaxtı Ankara şəhərində Türkiyə Barolar Birliyi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə keçirilmiş Türk dünyası Vəkillər kollegiyalarının zirvə görüşünü də xatırladıb. Sədr qeyd edib ki, həmin toplantı türk dövlətlərinin vəkillik qurumları arasında əlaqələrin möhkəmləndirilməsi, sıx əməkdaşlığın genişləndirilməsi və ortaq hüquqi platformanın formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Həmçinin Anar Bağırov türk dövlətlərinin vəkillik institutları arasında münasibətlərin dinamik şəkildə inkişaf etdiyini söyləyərək, yaxın gələcəkdə sözügedən ölkələrin Vəkillər Kollegiyaları Birliyinin yaradılacağına və bu təşəbbüsün hüquq sahəsində əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.
Öz növbəsində, Eskişehir Barosunun başqanı Barış Günaydın səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, Azərbaycanla hüquq sahəsində formalaşmış əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirərək, bir müddət əvvəl ölkəmizə etdiyi səfəri məmnunluqla xatırladıb. Barış Günaydın Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin Eskişehirə səfərinin və həmin çərçivədə keçirilən görüşlərin qarşılıqlı əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd edib. O, hər iki qurum arasında qardaşlaşmış büro münasibətlərinin qurulmasına dair protokolun imzalanmasını əlamətdar hadisə kimi dəyərləndirərək, bu təşəbbüsün peşəkar təcrübə mübadiləsinin genişlənməsinə, habelə vəkillər arasında əlaqələrin möhkəmlənməsinə əlverişli zəmin yaratdığını vurğulayıb.
Qars Barosunun başqanı Necat Yağcın isə çıxışında ilk rəsmi görüşdən məmnunluğunu ifadə edərək, Azərbaycan və Türkiyə vəkillik institutları arasında formalaşmış dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. O, iki qardaş ölkənin hüquq ictimaiyyətləri arasında əlaqələrin genişlənməsinin peşəkar fəaliyyətin təkmilləşdirilməsi və qarşılıqlı təcrübənin zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını söyləyib. Eyni zamanda Necat Yağcın gələcəkdə qarşılıqlı təcrübə mübadiləsinin təşkilinə, vəkillər arasında peşəkar əlaqələrin daha da möhkəmləndirilməsinə, birgə tədbir və təlimlərin keçirilməsinə ümid etdiyini bildirərək, bu istiqamətdə əməkdaşlığın hər iki qurum üçün faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib.
Sonda görüş iştirakçıları arasında fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub və xatirə hədiyyələri təqdim edilib.
Səfər çərçivəsində qonaqlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində olub, “Ədalət” Vəkil Bürosu və Sumqayıt Regional Vəkil Bürosunu ziyarət ediblər. Ziyarət zamanı onlar VK Rəyasət Heyətinin üzvü, “Ədalət” Vəkil Bürosunun müdiri Muxtar Mustafayev və Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı ayrı-ayrılıqda rəhbərlik etdikləri qurumların fəaliyyəti, vətəndaşlara göstərilən hüquqi yardım xidmətləri, eləcə də iş prinsipləri barədə ətraflı məlumatlandırılıblar. Nümayəndə heyətləri bürolarda yaradılmış iş şəraiti ilə yaxından tanış olub, vəkillərlə fikir mübadiləsi apararaq fəaliyyətin təşkili sahəsində təcrübə paylaşımında iştirak ediblər.
Həmçinin görüşlərdə qarşılıqlı əməkdaşlıq imkanları və gələcək birgə təşəbbüslər ətrafında da müzakirələr aparılıb.
Eyni zamanda qonaqlar Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Bakı şəhərində ucaldılmış abidəsini də ziyarət edərək, onun əziz xatirəsini dərin ehtiramla anıblar.
-
İdman16:45Ulduz futbolçu prezidentin qızının təklifinə məhəl qoymadı - VİDEO
-
Ekologiya16:28Yayda Gədəbəyə dolu düşdü - VİDEO
-
Region15:56Ermənistanda seçkiqabağı rüşvət qalmaqalı - Onlarla saxlanılan var
-
Nida Xəbər 15:15"Çox praqmatik, realist olmalıyıq!" - Elçin Əmirbəyov
-
Ekologiya13:20Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
-
Art10:49Şükür ki, bu arzu gerçəyə çevrildi... - Elxan Cəfərov
-
Hadisə10:01DSX əməliyyat keçirdi - Əfqanıstan vətəndaşları saxlanılıb
-
İdman09:43“Qarabağ”ın yarımmüdafiəçisi oynadı?










































.jpg)

























