Ermənistan Rusiya bazarlarına alternativ tapdı - Yüksək keyfiyyətli meyvələr kimi təqdim olunur
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistan Rusiya bazarlarına alternativ tapdı - Yüksək keyfiyyətli meyvələr kimi təqdim olunur

Ermənistan Rusiya bazarlarına alternativ tapdı - Yüksək keyfiyyətli meyvələr kimi təqdim olunur

Ermənistan Rusiyaya bir sıra erməni mallarının idxalına qoyulan məhdudiyyətlər fonunda ixrac coğrafiyasını genişləndirərək Omana ilk meyvə və giləmeyvə partiyalarını göndərməyə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.

XİN rəhbərinin sözlərinə görə, artıq Omana ərik, gilas, şaftalı, nektarin və çiyələk göndərilib. Hələlik söhbət ölkənin iri ticarət şəbəkələrində — “Lulu” hipermarketlərində və “Suhol əl-Fayha” supermarketlərində satışa çıxarılan kiçik sınaq partiyalarından gedir.

Mirzoyan qeyd edib ki, Ermənistan məhsulları yüksək keyfiyyətli meyvələr seqmentində təqdim olunub. Respublika hakimiyyəti tədarük həcmini artırmağa ümid edir. Gələcəkdə Ermənistan Omana digər meyvə və giləmeyvələr, alma və üzüm ixrac etmək niyyətindədir.

Oman Ermənistan istehsalçıları üçün yeni istiqamətlərdən birinə çevrilib. Nazirin sözlərinə görə, İrəvan digər perspektivli xarici bazarlara çıxış imkanları üzərində də işləyir.

Yeni alıcıların axtarışı Rusiyanın müvafiq qurumlarının Ermənistandan kənd təsərrüfatı və digər məhsulların idxalına tətbiq etdiyi məhdudiyyətlər fonunda aparılır. May ayında Rusiya Kənd Təsərrüfatına Nəzarət Xidməti Ermənistandan gül, təzə pomidor, xiyar, bibər və çiyələk tədarükünü məhdudlaşdırıb. Daha sonra albalı, üzüm, alma, armud, heyva, badımcan, kartof və quru meyvələr də məhdudiyyətlərə məruz qalıb. Bu məhsulların bir qisminin Avrasiya İqtisadi İttifaqı ölkələrinə tranziti də qadağan edilib.

İyulun sonunda Rusiya tərəfi Ermənistanın süd məhsullarının idxalına qadağa qoyub. Bundan əlavə, Rospotrebnadzor Ermənistan istehsalı olan keyfiyyətsiz alkoqollu içkilərin aşkar edildiyini və onların Rusiyada satışının dayandırıldığını bildirib. Qurum, həmçinin Ermənistandan ixrac edilən diri balıqların sertifikatlaşdırılmasının dayandırılmasını tələb edib.

Rusiya tərəfi məhdudiyyətləri tədarük olunan malların təhlükəsizliyini təmin etmək zərurəti ilə izah edib. Rusiya Xarici İşlər Nazirliyi isə bu tədbirlərin Ermənistana qarşı məhdudiyyətlər kimi qiymətləndirilməsini rədd edib.

İrəvan Rusiyanın tətbiq etdiyi məhdudiyyətlərə Avrasiya İqtisadi İttifaqı çərçivəsində etiraz edib. Məsələlərdən biri üzrə Avrasiya İqtisadi Komissiyasının Kollegiyası Ermənistanın mövqeyini dəstəkləyib. Lakin Rusiya nümayəndəsi qərarın əleyhinə çıxış edərək veto hüququndan istifadə edib.

Ticarət ziddiyyətləri fonunda Ermənistan Avropa İttifaqından əlavə dəstək alıb. İyun ayında Avropa Komissiyası ticarət məhdudiyyətlərinin nəticələrini kompensasiya etmək üçün respublikaya 34 milyon avro ayırıb və Ermənistan ixracının 80 faizinə tətbiq olunan gömrük rüsumlarının azaldılması barədə qərar qəbul edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm