Türk dünyaya HAKİM olarsa, ƏDALƏT böyük olar! - Borukcu
Bizi izləyin

Tabloid.az

Türk dünyaya HAKİM olarsa, ƏDALƏT böyük olar! - Borukcu

Azərbaycan 44 günlük Vətən müharibəsinin ilk günündən istər siyasi, istərsə də mənəvi baxımdan qardaş Türkiyənin dəstəyini gördü. İncəsənət dünyasından da xeyli dəstək aldıq. Vətən müharibəsindən, Azərbaycan ordusunun şücaətindən öz əsərlərində bəhs edən, Azərbaycana yazdığı və ifa etdiyi replərlə dəstək olan sənətçilərdən biri də, heç şübhəsiz, reper Mehmet Borukcu olub.

Publika.az türkiyəli reper Mehmet Borukcu ilə müsahibəni təqdim edir:

- Azərbaycana böyük sevginizin xüsusi səbəbi varmı?

- İnsanın öz qardaşını sevməsi üçün xüsusi səbəbə ehtiyac olmadığı kimi, mənim də Azərbaycanı sevməyim üçün ayrıca səbəbim yoxdur. Azərbaycan Türk yurdudur, ona görə buranı sevməyim təbiidir. Təkcə Azərbaycanı da yox, mən bütün Türk cümhuriyyətlərini sevirəm. Əgər bir türk hardasa tək yaşayırsa, onu da sevirəm. Ən gözəli isə bu sevgi məndə qeyri-ixtiyari baş verir. Məncə Odlar yurdu yer üzünün bir incisidir və iqlimi çox gözəldir. Azərbaycan tarix və mədəniyyət qoxusu olan bir ölkədir. Bütün bunlardan daha önəmlisi odur ki, Azərbaycan türkləri körpəsindən qocasına qədər o torpaqlar uğrunda canından keçəcək qədər döyüşkəndir. Tarix isə buna ən yaxşı sübutdur. Sizcə, dünyanın ən böyük ordusuna qarşı duracaq qədər vətənpərvər bir ölkəni sevmək üçün xüsusi səbəbə ehtiyac var?!

- Vətən müharibəsi zamanı Azərbaycanın haqq savaşından bəhs edən repləri repertuarınıza daxil etmisiniz. Bununla bağlı necə rəylər aldınız?

- Əvvəla gəlin bunu aydınlaşdıraq. Azərbaycan Qarabağda iki dəfə yox, bir dəfə döyüşüb. O da ancaq 1992-ci ildə, əlində olan ən məhdud imkanlarla özünü müdafiə edib. Yer üzündə vəhşiliyin simvolu olan ermənilərə qarşı durub, heç vaxt torpağından vaz keçməyib. Bir gecədə Xocalıda 613 canımızı itirdik, ürəyimizdə 613 yara açdılar. Minlərlə itki verdik. Bunun isə hesabını düz 27 il sonra çəkə bildik. İkinci Qarabağ müharibəsi deyirlər, amma məncə Azərbaycan işğalda olan torpaqlarını- Qarabağı ilk müharibə ilə geri aldı. Qarabağ müharibəsində baş verənləri musiqinin dili ilə çatdırmağa çalışdıq. Qəhrəman türk əsgərinin mənəviyyatını yüksəltmək üçün müharibənin hər mərhələsini bir əsərə sığışdırırdıq. Müharibə davam etsəydi, daha çox əsər yaradardıq. Amma Allah bizə ay yarıma vətənə qayıtmağı nəsib etdi. Gördüyümüz işlərə geri dönüş gözləmirdik, biz müharibə aparmışıq. Kimin nəyi, necə dediyinə fikir vermədik. Bu müharibə son çınqıl daşımızı alana qədər davam edəcək və o günə qədər də bacardığımızı edəcəyik.

- Qarabağa, xüsusən Şuşaya getməyi planlaşdırırsınız?

- Dünyanın incisi olan Qarabağa və Şuşaya getməmək olar?! Təbii ki, niyyətimiz var və getmək istəyirik. Sadəcə olaraq səhhətimdə bəzi problemlər olduğuna görə bu səfəri bir qədər təxirə salmışıq. İlk fürsətdə yeni əsərlər ərsəyə gətirib, Qarabağda klip çəkmək niyyətindəyik.

- Turan nə vaxt bir araya gələrək musiqi və mədəni əlaqələr quracaq?

- Fikrimcə, bu mənada Turan heç vaxt ayrılmayıb. Bizim hər bir Türk dövləti ilə mədəni bağımız var və bu bağlar sıxdır. Bəs, dövlətlərimiz arasında Turan nə vaxt qurulacaq?! Bunu sual etməliyik. Dövlət böyüklərimiz bununla bağlı nə vaxt hərəkətə keçəcək?! Biz vətəndaş olaraq 5000 ildir buna hazırıq. Sözsüz ki, bir gün hər kəs başa düşəcək ki, dildə, işdə birliyə ehtiyac var. Kənar qüvvələr də bizi buna məcbur edəcək. Necə ki, Qarabağ müharibəsində birləşib vəhşi erməniləri öz yurdumuzdan çıxardıq. Və o gün gələcək ki, biz əbədi olaraq birləşəcəyik.

- Replərinizdə türkçülüklə bağlı fikirləriniz boldur. Bununla dünyaya hansı mesajı vermək istəyirsiniz?

- Əslində dünya bu həqiqətdən xəbərdardır. Əgər dünyaya Türk hakim olarsa, ədalət böyük olar və asanlıqla əldə edilər. Biz cahana üç hökmdar vermişik və üçündə də dünya ədalət görüb. Biz dünyada elə çağ yaratmışıq ki, qadın üç ay tək gəzsə də, saçının telinə belə zərər gəlməyib. Heç vaxt məzlumlara zülm etməmişik, əksinə, onları zalımdan müdafiə edib, haqqını vermişik. İndi hər kəs görür ki, yüksək hərbi güc sahibləri, ədalətsiz olsa belə, dünyaya necə meydan oxuya bilərlər. Replərimdə köklərimi axtarıram, onlardan danışıram. Türkün necə olması gərəkdiyini deyirəm. Təəssüf ki, dünya mediası bizdən çox şey aldı. Hərdən görürəm ki, mənim məmləkətimdə elə humanoidlər yaşayır ki, deyirəm bunlar türkdürsə, mən nəyəm?! Əsərlərimdə bunun həllini axtarıram.

- İndiki vaxtda repə maraq necədir, sizi qane edirmi?

- Repə olan münasibət məni heç vaxt maraqlandırmır. Repdən alət kimi istifadə edirəm. Madam ki, Türk gəncliyi bu çağda rep dinləyir, mən də onunla fikrimi ifadə etməliyəm. Ona görə də biznes işinə qarışmıram. Repə sənət kimi baxmaq əsl sənətkarları təhqir etməkdir. Rep bir bacarıqdır. Bəli, bunu hamı bacarmır, amma bacaranlar da muğam ifaçısı qədər sənət icra etmir...

- Mövzularınızı hardan əldə edirsiniz, necə yazırsınız? Nədən ilham alırsınız?

- Bizim qədim tariximiz var. Bu, kifayət qədər böyük ilhamdır. Türk tarixi bizim işığımızdır, ilhamımızdır, yolumuzdur. Kim Türkə hücum etsə, nifrətimizdən pay alacaq. Dünən erməni idi, bu gün də Qarabağa tam hakim olmağımıza kim mane olursa, ondan danışacağıq. Mənim kimi düşünən rep ifaçılar çoxdur. Xüsusən də Azərbaycanda. Ümid edirəm ki, biz onlarla birlikdə yeni işlər ərsəyə gətirəcəyik. Amma Türk gəncliyini Qərb dünyasının çirkabları ilə korlamağa çalışanlar var və tarix onlardan hesab çəkəcək. Varlı olmaqdan, bahalı avtomobildən, brend paltardan, dəbdəbəli həyatdan danışan axmaq reperlərlə işimiz yoxdur. Biz insanların dərdini danışanlarla birgə çalışacağıq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm