Aysel Əlizadə: “Özümü Ramil Səfərovla reklam etmək istəmirəm” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Aysel Əlizadə: “Özümü Ramil Səfərovla reklam etmək istəmirəm” – FOTOLAR

Gənc müğənni Aysel Əlizadənin Publika.az-a müsahibəsi

-Aysel xanım, yaradıcılığınızda hansı yeniliklər var?

-İnşallah, bu yaxınlarda yeni klipimi təqdim edəcəyəm. Klipi türkiyəli rejissor Onur Aldoğan çəkib. O, Türkiyədə bir çox məşhurlarla işləyib. Eyni zamanda bəstəkar Tural Bayraməliyevin yeni mahnısını oxumuşam. Mahnının sözləri də Tural bəyə aiddir. Bu mahnının da klipi Türkiyədə çəkiləcək.

-Niyə məhz Türkiyədə? Bu, Türkiyə şou-biznesinə qatılmaq cəhdidir?

-Bu sualı mənə tez-tez verirlər. Türkiyə şou-biznesinə qatılmaq fikrim yoxdur. Sadəcə, oradakı iş prosesini çox bəyənirəm.

-Deməli, buradakı iş prosesini bəyənmirsiniz?

-Belə demək olar. Azərbaycanda da tanınmış rejissorlarla iş birliyim olub. Ülviyyə Könüllə, Fuad Əlişovla işləmişik. Həm də bir qədər fərqlilik istəyirəm.

-Türkiyədə çəkdirdiyiniz klip neçəyə başa gəlib?

-Bu klipim 15 min dollara başa gəlib.

-Burada çox maraqlı bir nüans var. Siz türk rejissorun 15 minə çəkdiyi klipi tərifləyirsiniz, öz rejissorlarımıza isə 5 min verib 15 minlik iş tələb edirsiniz...

-Burda 15 min manata çəkən rejissorlar da var. Məsələn, hansısa rejissorla oturub danışırsan. Deyir ki, bu klip 7 min manata gəlib çıxacaq. Dollarla hesablayanda 10 min dollar edir. Sonra da elə problemlər ortaya çıxır ki, pulun da əldən gedir, iş də yaxşı olmur. Mənim üçün önəmli olan başqa bir məsələ var. Məni başqa ampluada görən insanla iş birliyimin olmağını istəyirəm. Çoxları mənə deyir ki, səni “Ulduzlar” klipində kəşf ediblər. Elə ən çox tutan mahnım da o oldu. Onun ardınca Teoman Topçuyla “Səndən başqa” mahnısına klip çəkdirdim.

-Amma o mahnı tutmadı.

-Bəli, mahnı bir o qədər tutmasa da, klipini çox insanlar bəyəndilər.

-Neçə ildir peşəkar səhnədəsiniz?

-16 yaşımdan, təxminən 9 ildir peşəkar səhnədəyəm.

-Doqquz ilə bir mahnınız yadda qalıb. Bunu yaradıcılığınızdakı lənglik kimi dəyərləndirmək olarmı?

-Bəli, yaradıcılığımda lənglik var. Elə o indi də davam edir. Amma tempi bir qədər artırmaq fikrindəyik.

-Tez-tez gedib-qayıdırsınız.

-Mənə bu sözü çox deyirlər.

-Çox deyirlərsə, deməli, həqiqət var...

-Yox, elə deyil. Məndə gediş bir dəfə olub və qayıtmışam. Yeddi-səkkiz ilə bir dəfə səhnədən getmək və yenidən qayıtmaq az iş deyil. Mənim haqqımda belə fikirlərin yaranmağına pis baxmıram. Deməli, məni düşünürlər, insanların yaddaşında varam.

-Ramil Səfərov azadlığa buraxılanda onunla qohum olduğunuzu bildirmişdiniz. İndi ünsiyyətiniz, əlaqələriniz var?

-Bəli, indi də ünsiyyətimiz, gediş-gəlişimiz var. Ramil Səfərov bizim fəxrimizdir.

-Niyə məhz o azadlığa çıxanda, hadisələrin ajiotajlı dönəmində belə bir açıqlama vermişdiniz? Bu, şöhrətpərəstlik kimi göründü.

-Mən bunu daha da şişirdə bilərəm. İlk jurnalistsiniz ki, bu barədə sual verirsiniz. Hər dəfə bunu gizlətmişəm. Ümumiyyətlə, belə məsələlərlə özünü reklam etmək doğru olmazdı.

-Repertuarınızda vətənpərvərlik ruhunda olan mahnı var?

-Bəli.

-Həmin mahnıya klip çəkdirməyi düşünürsünüz?

-Xalqıma və dövlətimə bağlı insanam, azərbaycanlı olmağımla da fəxr edirəm. Klip gəlincə, vəsait olandan sonra niyə də yox?!

-Yəqin ki, toylara gedirsiniz.

-Bəli.

-Yarım saatlıq?

-Bütöv toyu aparmaq məsuliyyətli işdir. Amma təbii ki, bütöv toya da gedirəm. Amma getdiklərimin əksəriyyətində yarım saatlıq çıxışım olur.

-Gənc sənətçisiniz. Sizin indi konsert verən, dayanmadan mahnılar yazdıran vaxtınızdır. Amma toyla bağlı konsertdən də şövqlü, istəkli danışırsınız...

-Mənim konsertim olub.

-Görünür, çox səs-küysüz konsert olub.

-Bəlkə də, yaya təsadüf etdiyinə görə yadda qalmayıb. Amma ötən il Rumıniyanın məşhur qrupu “Akcent”lə konsertimiz oldu. Bəziləri elə bilirdilər ki, mən onların konsertinin açılışında iştirak etmişəm. Amma həmin gün bizim öz ayrı saatlarımız və çıxışlarımız oldu. Konsertdən fərqli olaraq toyda çıxış etmək çox asandır. Bu gün gedib yarım saat oxuyub pulumu alıram. Konsert isə daha çox məsuliyyət tələb edir. Konsertin biletini hansısa bir şirkətə paylatdırmaq, qohum-əqrəbamı ora yığmaq istəmirəm.

-Amma belə müğənnilər var...

-Mən belə konsert istəmirəm. Düz deyirsiniz ki, belə müğənnnilər də var.

-İndiyə kimi pul verib efirə çıxmışınız?

-Elə şey olmayıb. Amma hansısa xətrini istədiyim aparıcıya, rejissora hədiyyə edə bilərəm. “Yeni ulduz” layihəsindən sonra həmin ATV, həm də digər telekanallar dəstək oldular.

-Sizcə, niyə səhnə insanlarının şəxsi həyatı uğursuz alınır?

-Səhnə adamlarında qəribə istəklər olur. İstəyirlər ki, özlərinə qarşı diqqət həddən artıq çox olsun və bir çox şeyləri də bu yolda qurban verirlər. Sənətdə olmaq üçün nələrdənsə keçməlisən.

-Siz nələri qurban verdiniz?

-16 yaşımdan səhnə fəaliyyətinə başladım. Ailəmdə söz-söz-söhbətlər oldu.

-Kimlər idi sizi qınayanlar?

-Əvvəlcə valideynlərim yaxşı yanaşdılar, dəstək oldular. Amma sonradan atam səhnədə olmağıma qarşı çıxdı. Hətta arada küskünlük də oldu, soyuqluq da.

-Bəs bu təzyiqlərin altından necə çıxdınız?

-Heç nəyə baxmayaraq, öz istəyimin arxasınca getdim. Xörək dadlı olanda onu ikinci dəfə yemək istəyirsən.

-Yəni pul qazanmağı nəzərdə tutursunuz?

-Hələ o vaxt pul qazanmırdım. Efirə, səhnəyə çıxdım, tanıdılar. Tanınmağı, şöhrəti görürsən, bir az da həvəslənirsən. Amma əslində, onun dərinliyini bilmirsən. Bəzən elə an olur ki, sənə elçi düşürlər. Ailə həyatı qurmalısan. Amma...

-Deməli, elçi düşənlər var.

-Əlbəttə, elçilərim olub.

-Onların arasında sənət adamları da olur?

-Xeyr, daha çox digər peşə sahibləri olub. Bu gün də sənəti atsam, ailə həyatı qura bilərəm.

-Seçim olsa, sənətdən, səhnədən uzaqlaşarsınız?

-Sənəti atmaq istəmirəm. Bax, bunun özü də qurbandır. Mən sənətsiz qala bilmərəm. Çox şükür ki, insanlar indi müğənnilərə qarşı daha müasir yanaşırlar. Türkiyədə qadın müğənni ilə evlənən kişi deyir ki, həyat yoldaşımın insanlar tərəfindən bu qədər sevildiyinə görə xoşbəxtəm. Həmin düşüncə tədricən biz də də formalaşır. Əsas odur ki, müğənni özü normal həyat yaşasın.

-Bəs niyə müğənnilərə qarşı bu qədər inamsızlıq var? Od olmayan yerdən tüstü çıxmaz axı.

-Çünki müğənni digərlərindən daha çox göz önündədir, minlərlə insanın qarşısındadır. İstər-istəməz sevən şəxs sevdiyinin sənətini qəbul etməlidir. Eləsi də var ki, deyir mənə aid olan mənim olmalıdır. Hər ikisi öz aləmində haqlıdır. Məsələn, mən düşünürəm ki, həyatımda olan insan sənətimi də qəbul etməlidir.

-Sizcə, hansı yaşda ailə qurmağın fərqi var?

-Bəli, 30 yaşıma qədər ailə həyatı quracağam.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm