Şeyx Əbdül: ”Əlimdəki faktları üzə çıxarsam, şoka düşərsiniz”
Bizi izləyin

Tabloid.az

Şeyx Əbdül: ”Əlimdəki faktları üzə çıxarsam, şoka düşərsiniz”

31 mart - Azərbaycanlıların Soyqırımı günüdür. 1918-ci ilin həmin günündə Azərbaycan ərazisində həyata keçirilən genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı böyük qəddarlıqla qətlə yetirilib. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində minlərlə insan evindən-obasından didərgin düşüb. Bəs bu tarixi hadisə milli kinomuzda öz əksini necə tapıb? Ümumiyyətlə, tapıbmı?

Tanınmış kinorejissor Əbdül Mahmudbəyov bu barədə fikirlərini Publika.az-la bölüşüb…

- Kiçik bir araşdırma apardıq. Bu günə qədər milli kinomuzda bu qanlı faciəni əks etdirən filmlərə rast gəlmədik. Yalnız iki filmdə - Əjdər İbrahimbəyovun 1971-ci ildə çəkdiyi “Ulduzlar sönmür” və “26-lar” ekran işində ayrı-ayrı kadrlarda bu hadisələrə yer ayrılıb. Sizcə, niyə Azərbaycan kinosu bu qanlı faciədən yan keçib?

- Bəli, mən də bu fikirlə razılaşıram ki, Azərbaycan milli kinosunda bu mövzu öz həllini tapmayıb. Amma buna görə rejissorlarımızı qınamaq düzgün deyil. Bunun konkret səbəbləri var. Biz o dövrdə ideologiyanın qulu idik. Söhbət bolşevik ideologiyasından gedir. Bu ideologiya həmin mövzunun ədəbiyyata gətirilməsinə imkan verməyib. Təbii ki, kino üçün ədəbi material olmalıydı. Həmin materiallar əsasında ssenarilər yazılmalı və sonda filmlər çəkilməliydi. Soyqırım mövzusuna birmənalı şəkildə qadağa qoyulduğundan bu qanlı olay milli kinomuzdan yan keçib.

- Bəs müstəqillik dövründə buna nə mane oldu?

- Müstəqilliyimizin tarixi o qədər də böyük deyil axı.

- Niyə, bu müddət ərzində ortaya ən azı bir-iki film çıxarmaq olmazdı?

- Əlbəttə, olardı. Bunun üçün ssenarilər yazılmalıydı. Amma yazılmadı. Üstəlik, az-çox imkanlı şəxslərin də başı şouya qarışıb. Ancaq müğənnilərə sponsorluq edirlər. Kimin nəyinə lazımdır ki, 31 Mart soyqırımına həsr olunmuş filmə sponsorluq etsin, pul xərcləsin. Bilir ki, həmin filmdən qazanc götürməyəcək. Biz hər işdə qazanc güdürük axı. Bu tarixi filmləri ekranlaşdırmaq üçün mütləq sifarişlər verilməli, peşəkar səviyyədə ssenarilər yazılmalıdır. Amma mütləq bu filmlər çəkilməlidir, biz həmin filmləri dünya ekranlarına çıxarmalıyıq. Bu gün o filmlərin çəkilməsinə çox böyük ehtiyac var. 31 mart soyqırımı ilə bağlı ssenari və filmlərin olmamasının əsas səbəblərindən biri isə tarixin təkrarlanması ilə bağlıdır. Çünki başımız bəlalardan heç açılmır. Son illərin qanlı hadisələri 100 il əvvəl baş verənləri kölgədə qoyub.

- Məhz buna görə də həmin qanlı faciə filmlərimizdə əks olunmalıdır… Bəs özünüz nə əcəb belə bir faciəni ekranlaşdırmırsınız?

- Artıq bir sənədli-xroniki film çəkmişəm. “Qan yaddaşı” adlı həmin filmin dünya ekranlarına çıxması üçün ağız açmadığım qurum qalmayıb. Yalvarıram ki, pul versinlər. Bu filmi beş-altı dilə tərcümə edək və dünya ekranlarına çıxaraq. Səsimə səs verən yoxdur. Bu film dəlil-sübutlar əsasında ekranlaşdırılıb. O filmə baxmısınız, özünüz görmüsünüz ki, orda necə dəhşətli faktlar açıqlanıb. Özü də erməni ziyalılarının, tarixçilərinin öz dili ilə.

- Bu faktları hardan əldə etmişdiniz?

- Vaxtilə Ermənistanda yaşayan ziyalılarımızdan almışam. Real faktlarla ermənilər özlərini rüsvay edir. Dədə-babadan türklərə sığındıqlarını bildirən erməni tarixçiləri yurd-yuvalarının olmadığını etiraf edirlər. Özləri deyirlər ki, biz türkün yanında adam olmuşuq, onlardan görüb-götürmüşük. Yoxsa ki, onların nə mədəniyyəti olub, nə mətbəxi, nə də tarixi.

Mən bu filmdə Bakıda Avropa Azərbaycan Cəmiyyətinin hazırladığı və nəşr etdiyi “Qafqazda “erməni məsələsi”” kitabından da istifadə etmişəm. Cəmiyyətin təsisçisi və sədri Tale Heydərovun nəşr etdirdiyi 3 cildlik həmin kitab 1724-1914-cü illər arasında Rusiya arxiv sənədləri və nəşrləri əsasında hazırlanıb. Elə bu kitab böyük ekran işləri üçün hazır ssenaridir. Hesab edirəm ki, bu nəşr Nobel mükafatına laiyq görülməldir.

- “Qan yaddaşı” filminiz Azərbaycandan kənarda nümayiş olunubmu?

- Bildiyim qədər, iki dəfə Türkiyədə nümayiş olunub, özü də yüksək səviyyədə qarşılanıb. Elə Türkiyədə yaşayan soydaşlarımıza da kömək üçün müraciət etmişəm. Filmi müxtəlif dillərə tərcümə etmək istəyirəm.

- Heç olmasa, bu film Azərbaycan telekanallarında nümayiş olunubmu?

- Sən mənim yaralı yerimə toxunursan. Biz dəhşətli tarixi hadisələri matəm günlərində, tədbirdən-tədbirə yad etməyə öyrəşmişik. Bir gün ərzində özümüzü göstəririk, tədbirlər təşkil edirik, hay-haray salırıq. Təqvim başa çatan kimi sakitləşirik. Sanki bu hadisələr heç olmayıbmış. Əslində, televiziyalar təbliğat rolunu oynamalıdır. Onlar hər gün efirdə milli kimliyimizi təbliğ edən verilişlər hazırlamaladır, gənclərimizi ruhlandırmalıdır. Gənc efirə baxıb tarixini öyrənməlidir, milli kimliyini tanımalıdır. Nə qədər televiziyaların rəhbərlərinə yalvarmaq olar? Özüm də bezmişəm. Səsimə səs verən yoxdur. Sonra da deyirlər ki, göstərməyə film tapmırıq. Heç olmasa, əlimizdə olanı göstərin. Qoy millət baxıb görsün ki, tarixən ermənilər onun başına hansı oyunları gətirib?

- Bildiyim qədər, filmin 2-ci hissəsini də ekranlaşdırmaq istəyirsiniz?

- İstəyirəm, nə olsun? Bunun üçün maliyyə lazımdır. O filmdə üzə çıxardığım faktlardan da dəhşətliləri də var əlimdə. Mən o faktları üzə çıxarsam, şoka düşərsiniz.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm