• USD 1,7000 0,00% EUR 2,0009 0,00%
    • GBP 2,3392 0,00% RUB 0,0231 0,00%

Dünyanı silkələyəcək gün: “Brext”dən hansı qərar çıxacaq? - TƏHLİL

  • Təhlil
  • 20 İyun 2016 18:22
  • 2 724 Baxış
Dünyanı silkələyəcək gün: “Brext”dən hansı qərar çıxacaq? - TƏHLİL

“Brexit”ə cəmi 3 gün vaxt qalır. 1973-ci ildə Avropa Birliyinə güclə üzv olan Böyük Britaniya iyunun 23-də keçirəcəyi referendumla bu əməkdaşlığa ya davam edəcək, ya da son verəcək. Bazarları keçən ilin noyabr ayından bu yana məşğul edən "Brexit" mövzusu bu həftənin ən əhəmiyyətli riski olaraq önə çıxır. “Brexit”in iqtisadi-siyasi nəticələri qeyri-müəyyən olaraq qalır

Böyük Britaniyanın AB-yə üzvlük tarixi

Böyük Britaniya Avropa Birliyinə 1973-cü ildə min bir məşəqqətlə üzv olub. Bu üzvlük uzun müddət Fransa tərəfindən, xüsusilə prezident Şarl de Qoll dövründə dəfələrlə rədd edilib. Bunun da əsas səbəblərindən biri AB-nin əsasını təşkil edən Avropa Kömür və Polad Birliyi (AKPB) yaradılarkən Londonun müşahidəçi mövqeyini seçməsi olub. Britaniya Aİ-ni quran dövlətlərin sırasında olmaq istəməyib. İqtisadi inteqrasiya, Gömrük İttifaqının yaradılması, gömrük rüsumlarının ləğvi, qarşılıqlı ticarətdə kəmiyyət məhdudiyyətlərinin ləğvi, üçüncü ölkələrə qarşı ümumi gömrük tarifləri tətbiqi müsbət nəticələr verəndə Britaniya üzvlüyə maraq göstərməyə başlayıb. Məhz Şarl de Qollun ölümündən sonra Fransa hökuməti birtaniylalıların Avropa Birliyinə üzvlüyünə razılıq verib. Amma müəyyən dövr keçdikdən sonra Böyük Britaniya hökuməti və ictimaiyyəti Avropa Birliyinin ölkə üçün faydalı olmadığı qənaətinə gəlib. İlk dəfə 1984-cü ildə baş nazir Marqaret Tetçerin dövründə Britaniyanın Avropa Birliyindən çıxması açıq şəkildə ortaya atıldı. Bundan sonra hər seçki dövründə bu məsələ debatların qızğın mövzusuna çevrildi.

İngilislər niyə AB-ni tərk etmək istəyir?

Yuxarıda qeyd etdiyimiz kimi, Böyük Britaniyada hər seçki dövründə üzvlük məsələsi gündəmə gəlir. Bu dəfə ingilisləri birlikdən çıxmağa sövq edən səbəblər isə konkretdir. İlk öncə London Avropa Birliyi büdcəsinə ödədiyi maliyyə ödəmələrində Brüsselin təlimatlarına boyun əymək istəmir. İkinci məsələ miqrantlar problemidir. Hələ ötəni ilin sentyabrında Avropa Birliyi ölkələrinin daxili işlər nazirləri böyük səs çoxluğu ilə miqrantların üzv ölkələr arasında bölünməsinə dair qətnamə qəbul etdilər. Söhbət 1 milyon 800 min nəfər qaçqının bölüşdürülməsindən gedirdi. Böyük Britaniya qapılarını onların üzünə açmaq istəmir.

Üçüncü, Böyük Britaniyanın iqtisadi göstəriciləridir. London böhranla çarpışan bəzi Avropa Birliyi ölkələrinin yükünü paylaşmaq istəmir. Lakin bütün bunlar səbəblərin çox az hissəsidir.

İqtisadi nəticələr

Aparılan son sorğuların nəticələri göstərir ki, AB-də qalma tərəfdarları 45, ayrılma tərəfdarları isə 42 faiz təşkil edir. Hazırda sual doğuran əsas məsələ Böyük Britaniyanın AB-dən ayrılacağı təqdirdə bunun ölkə iqtisadiyyatına necə təsir edəcəyidir. Çünki Böyük Britaniya 465 milyard dollarlıq ixracatının 44 faizini Avropa Birliyində həyata keçirir. Eyni zamanda, idxalının 50 faizini də AB ölkələrindən reallaşdırır. Əgər AB-dən ayrılma qərarı qəbul edilərsə, qurumun təməl razılaşmasının 50-ci maddəsi tətbiq olunacaq. Həmin maddəyə görə, Böyük Britaniyanın AB-dən çıxış şərtlərinin müzakirə ediləcəyi 2 illik bir müddət başlayacaq.

Bu prosesin zamanı heç bir razılaşma əldə olunmazsa, ayrılma avtomatik şəkildə reallaşacaq. Beləcə, ortaq bazara giriş ləğv ediləcək. Böyük Britaniyanın 53 ölkə ilə davam edən ticarət razılaşmaları başa çatacaq. London AB üzvləri ilə ayrı-ayrılıqda ticarət sazişləri imzalamalı olacaq. Bunun da əvvəlki rəqəmlərə çatması olduqca çətinləşəcək.

"Open Europa'' tərəfindən dərc olunan və Britaniyanın AB-dən çıxacağı təqdirdə yarana biləcək vəziyyətlə bağlı ssenarilərin nəzərdən keçirildiyi hesabatda ÜDM-in normadan 2,2% az ola biləcəyi qeyd edilib. Hesabatda Britaniyanın sərhəd və ticarət tənzimləmələri sahəsində AB-dən müəyyən razılığa gəlmədən çıxacağı təqdirdə, 2030-cu ilə qədər orta hesabla illik 56 milyard funt sterlinq həcmində xərclərlə qarşılaşa biləcəyi, 2018-2030-cu illər arasında iqtisadiyyatın ümumi maddi itkisinin 672 milyard funt sterlinqə çatacağı irəli sürülüb.

Standard&Poor’s şirkəti Britaniyanın AB-dən çıxacağı təqdirdə, kredit reytinqinin bir pillə aşağı salınacağını bəyan edib. Bildirib ki, Brüssellə münasibətlər daha da pozularsa, bu azalma iki pilləyə qədər yüksələcək. S&P Britaniyanın 1978-ci ildən bu günə qədər AAA olan kredit reytinqini qoruyub saxlamasına baxmayaraq, AB-dən ayrılmasının riskli olduğunu qeyd edib.

Güclənən funt sterlinq

AB-dən ayrılma Britaniya funt sterlinqini də təhdid edir. Qurumda qalma tərəfdarlarının sayının çox olduğu hesabatın açıqlanmasından sonra sterlinq digər valyutalara nisbətdə 2008-ci ildən bu yana ən güclü yüksəlişini reallaşdırmazdı. Sterlinq 2 faiz yüksələrək 31 əhəmiyyətli pul vahidi qarşısında dəyər qazanıb. Britaniya valyutası avro və dollara nisbətən 0.5 faiz yüksəlib. Yeni Zelandiya, Norveç və İsveç kronuna qarşı bu rəqəm 0.90 faiz təşkil edib.

Londonda Gain Capital Holdings Inc. araşdırma şirkətinin rəyinə əsasən bazarlar İngiltərənin AB-də qalması tərəfdarlarının çox olması ilə əlaqədar rahatlanıb.

Mümkün qopmalar

AB üçün referendumun siyasi nəticələri daha əhəmiyyətlidir. Birlik Britaniyanın AB-dən ayrılmasıyla əlaqədar səsvermənin digər ölkələrə də təsir edəcəyindən ehtiyatlanır, sabitliyin sarsılacağından qorxur. Almaniyanın maliyyə naziri mətbuata verdiyi açıqlamada Britaniyadakı referendumdan AB-dən ayrılma qərarı çıxacağı halda digər üzv ölkələrin də bənzər referendumlar keçirəcəyini vurğulayıb.

Beləliklə, Britaniya AB-ni tərk etsə, rəsmi Brüssel digər ittifaq ölkələrini vəhdətdə qalmağa inandırmağa çalışacaq. Krallığın AB-ni tərk etməyəcəyi halda isə referendumdan sonra blokun daha da möhkəm olduğunu bəyan edəcək.

“Brexit” dünyaya təsir edəcək

Beynəlxalq Valyuta Fondunun (İMF) direktor müavini David Lipton isə Britaniyanın Avropa Birliyindən ayrılmasının təsir sərhədlərinin daha geniş olacağını bəyan edib. O, "Brexit"in təsirinin necə olacağını proqnozlaşdırmağın çox çətin olduğunu qeyd edib və qeyri-müəyyənliyin neqativ təsirinin olacağını vurğulayıb: “Bütün bu hadisələr dünya iqtisadiyyatının cari həssas vəziyyətində baş verir və iqtisadi canlanmaya kömək etməyəcək. "Brexit"in baş tutması halında ticarət müqavilələri ciddi zərər görəcək. Britaniyanın AB-dən ayrılma qərarı hər iki tərəf arasında ticarət və digər sahələrdə tənzimləmələrin necə həyata keçəcəyi ilə bağlı anlaşılmaz bir vəziyyət yarada bilər. Bu mənada təsir AB və Britaniya xaricində bütün dünyaya ciddi təsir edəcək".

İqtisadiyyat şöbəsi

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR