2017-nin real iqtisadi artımı: 61,4 milyard manatımız olacaq
Bizi izləyin

Təhlil

2017-nin real iqtisadi artımı: 61,4 milyard manatımız olacaq

Adambaşına 6223,8 manat ÜDM istehsal edilib

Dünyada qlobal böhran dərinləşsə də, Azərbaycan iqtisadiyyatı öz inkişaf tempini qoruyub saxlayıb. Qeyri-neft sektorunda əlavə dəyər artıb, neftin ucuzlaşmasına, valyuta məzənnələrinin dalğalanmasına baxmayaraq, valyuta ehtiyatları qorunub, hətta artıb. Sahibkarlara dövlət dəstəyi nəticəsində 8100-dən çox yeni iş yerinin açılmasına imkan yaranıb.

Adambaşına 6223,8 manat ÜDM istehsal edilib

Yüksələn qlobal risklər fonunda 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf edib, bütün əsas vəzifələr icra olunub. Rəsmi statistikaya əsasən, 2016-cı ildə ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 59987,7 milyon manatlıq ümumi daxili məhsul istehsal edilib. Əlavə dəyərin 37,4 faizi sənayedə, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 10,0 faizi tikinti, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə, 18,0 faizi isə digər sahələrdə yaradılıb. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,7 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 6223,8 manata bərabər olub.

Qeyri-neft sektoru necə inkişaf etdirildi

Artıq yuxarıda qeyd etdiyimiz kimi 2016-cı ildə ölkə iqtisadiyyatında əlavə dəyərin 37,4 faizi sənayedə, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 10,0 faizi tikinti, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,6 faizi kənd təsərrüfatında istehsal olunub. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5,0 faiz artıb, neft sektorunda isə 1,1 faiz azalıb. Qeyri-neft sektorunun inkişafına diqqətin artırılması, edilən güzəştlər nəticəsində iş yerlərinin sayı artıb. 2017-ci il yanvarın 1-i vəziyyətinə iqtisadi fəal əhalinin sayı 5012,7 min nəfər təşkil edib. Ötən ilin dekabrın 1-i ilə müqayisədə muzdla işləyənlərin sayı 1514,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 889,5 min nəfər, qeyri-dövlət sektorunda isə 624,9 min nəfər olub. İqtisadiyyatın neft sektorunda 34,2 min nəfər, qeyri-neft sektorunda isə 1480,2 min nəfər çalışıb. Qeyri-neft sektorunun dinamik inkişaf tempi özünü ilk növbədə vergi daxilolmalarının həcmində də göstərir. Məsələn, 2017-ci il büdcəsində ilk dəfə olaraq büdcə gəlirlərinin 50%-dən çoxu qeyri-neft sektoru gəlirləri hesabına formalaşacaq.

Ötən ildə qeyri-neft sektorunun inkişafını təmin addımlardan biri də qanunlara edilən dəyişikliklər olub. Ən son olaraq "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsi ərsəyə gətirildi. Hansı ki, Vergi Məcəlləsinin 58.7 maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə yaranmış 2107-ci ilin 1 yanvar tarixindən vergi orqanlarındakı şəxsi vərəqlərində mövcud olan borcların müvafiq icra hakimiyyəti orqanları tərəfindən silinməsini nəzərdə tutur.

Bundan əlavə qeyri-neft sektoruna dəstək məqsədilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi” hazırlandı. Bu fundamental sənəd iqtisadiyyatda sadəcə özəl sektorun deyil, həm də kiçik və orta biznesin rolunu artırılmasına hesablanıb. Yol xəritəsinin vəzifəsi uzun müddət neft sektorunun hesabına inkişaf edən Azərbaycan iqtisadiyyatını balanslaşdırmaqdır. Bunun üçün hökumət iqtisadiyyatın "avanqard" sektoruna fokuslanmağı və əsas diqqəti hasilata deyil, emala, dövlət biznesinə deyil, şəxsi biznesə, az gəlirli bazarlara deyil, yüksək gəlirli işlərə, yüksək ixtisaslı iş qüvvəsinin formalaşdırılmasına yönəldəcək. Sənəd üç dövri əhatə edir: 2020-ci ilə qədər, 2025-ci ilə qədər və 2025-ci ildən sonra.

Ümumiyyətlə Azərbaycanda ötən 8 ildə qeydə alınan sürətli iqtisadi inkişafda neft sektorunun rolu aparıcı olsa da, son illər qeyri-neft sektoruna diqqət artırılıb. Ən əsası neft gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə hesablanmış xərclənmə strategiyası özünü doğruldub. Bu strategiya nəticəsində ölkədə tikinti, turizm, kənd təsərrüfatı, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları sektorlarında davamlı artım baş verib.

Valyuta ehtiyatları qorunub

2016-cı ilin əvvəlində neftin qiyməti 30 dollara qədər ucuzlaşaraq, dünyada iqtisadi böhran daha dərinləşdirdi. Bu, əksər ölkələrin valyuta ehtiyatlarına təsir etdi. Amma əvvəlki illərdə görülmüş işlər və islahatlar nəticəsində Azərbaycan öz valyuta ehtiyatlarını qoruyub saxlaya bildi. Əbəs deyil ki, valyuta ehtiyatlarının ümumi həcmi 2016-cı il oktyabrın 1-nə 39,95 milyard dollar təşkil edib. Bunun 89,66%-i (35,82 milyrad dollar) Dövlət Neft Fondunun (ARDNF), 10,34%-i (4,13 milyrad dollar) Mərkəzi Bankın (AMB) payına düşüb.2016-cı ilin III rübündə ölkənin valyuta ehtiyatları 553 milyon dollar və yaxud 1,4% artıb. Həmin dövrdə ARDNF-nin valyuta ehtiyatlarında 704,2 milyon dollar artım, AMB-nin valyuta ehtiyatlarında isə 151,2 milyon dollar azalma baş verib.

Regionların iqtisadi inkişafı

Məlumdur ki, regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları təsdiq edilir. Təkcə 2015-ci ildə Azərbaycan regionlarının inkişafına bütün mənbələr hesabına 3,6 milyard manat vəsait yönəldilib. Proqramların icra olunduğu 12 il ərzində ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb. İşsizlik və yoxsulluq son illər ərzində beş faizə düşüb, pensiyalar 7 dəfə artıb, 1 milyon 500 min iş yeri yaradılıb. Onlardan 1 milyonu daimi iş yeridir.100 köçkün qəsəbəsi tikilib, 225 min insan yeni mənzillərə köçürülüb. Ölkə üzrə bütün çadır şəhərcikləri ləğv edilib. Azərbaycan sahibkarlarına 2 milyard manat güzəştli kreditlər verilib. Güzəştli kreditlər hesabına regionlarda, eləcə də Bakı şəhərində və onun qəsəbələrində layihələr reallaşdırılıb. 8100-dən çox yeni iş yerinin açılmasına imkan yaranıb. Güzəştli kreditlərin 74%-i respublikanın regionlarının, 26%-i isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşüb. Verilən kreditlərin 82,3%-i aqrar sektorun, 17,7%-i sənaye və digər sahələrin inkişafına yönəldilib. Güzəştli kreditlər müasir heyvandarlıq və istixana kompleksləri, logistik mərkəzlər, ixtisaslaşdırılmış "yaşıl market", çörək zavodları, iri fermer, quşçuluq və intensiv bağçılıq, pambıqçılıq, zeytunçuluq və tütünçülük təsərrüfatları, ət və süd, meyvə-tərəvəz məhsullarının emalı, ət kəsimi, un və un məmulatları, balıq yemi, mətbəx və məişət malları, mebel, tara, tikinti materiallarının istehsalı və s. sahələr üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilib.

Ümumiyyətlə son illər təkcə dövlətin maliyyə dəstəyi ilə müasir texnologiyalara əsaslanan 43 quşçuluq təsərrüfatı, 23 cins heyvandarlıq kompleksi, 8 süd və 6 ət emalı müəssisəsi, 39 intensiv bağçılıq və üzümçülük təsərrüfatı, 43 müasir istixana kompleksi, 16 meyvə-tərəvəz emalı müəssisəsi, 51 logistik mərkəz və 22 taxıl anbarı kompleksi yaradılıb. Bu da istehlak bazarının sabitləşməsində, ixrac potensialının artmasında, idxaldan asılılığın azalmasında, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayıb.

Ölkə iqtisadiyyatı 2017-ci ildə öz tempini qoruyacaq

Nəzərə çatdıraq ki, 2017-ci il də Azərbaycan iqtisadiyyatının inkişaf ili olacaq. İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2017-ci il və sonrakı üç il üzrə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən, cari ildə ölkədə ÜDM-in real iqtisadi artımı 1% olmaqla 61,4 mlrd. manat təşkil edəcək.

2018-2020-ci illər ərzində artım tendensiyasının davam edəcəyi və 2020-ci ildə ÜDM-nin real artım tempinin 2,4% olacağı proqnozlaşdırılır.

Qeyri-neft sektorunda ÜDM-in real ifadədə 2,5% artaraq 41,7 mlrd. manat olacağı proqnozlaşdırılır. Özəl sektorun ÜDM-də payı 82,8% həcmində nəzərdə tutulur.

2017-ci ildə sahə strukturuna görə, ümumi daxili məhsulun 4 mlrd. manatı və ya 6,4%-i kənd, meşə və balıqçılıq təsərrüfatının, 22,2 mlrd. manatı və ya 36,2%-i sənayenin, 6,1 mlrd. manatı və ya 9,9%-i tikintinin, 24,3 mlrd. manatı və ya 39,6%-i xidmətlərin istehsalının, 4,8 mlrd. manatı və ya 7,8%-i məhsula və idxala xalis vergilərin payına düşəcək.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm