• USD 1,7000 0,00% EUR 1,8868 -0,30%
    • GBP 2,2124 -0,43% RUB 0,0276 0,00%

Azərbaycanda bal istehsalı: yeniliklər, planlar, problemlər - ARAŞDIRMA

  • Təhlil
  • 24 Mart 2017 15:52
  • 5 033 Baxış
Azərbaycanda bal istehsalı: yeniliklər, planlar, problemlər - ARAŞDIRMA

Azərbaycanın arıçılıq qədim tarixə malikdir. "Azıx" mağarasında aparılmış arxeoloji qazıntılar zamanı 50 min il yaşı olan, üzərində arı rəsmi çəkilən qabın aşkarlanması bunun bariz nümunəsidir. Baldan gündəlik həyatımızda olduğu kimi, xalq təbabətində də bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Hətta adi balın tərkibində olmayan komponentləri, vitaminləri balın tərkibində arıya yedizdirməklə daha güclü vitaminlərlə zəngin, müalicəvi məhsullar almaq mümkündür. Bu gün Cənubi Qafqaz florasının 60%-i ölkəmizdədir, lakin Azərbaycan balı xaricdən idxal edir. Cənubi Qafqaz florasının 40%-inin Gürcüstan və Ermənistanın payına düşməsinə baxmayaraq, həmin ölkələr balı ixrac edənlər sırasındadır. Bəs onda Azərbaycanda arıçılıq sahəsində hansı işlər görülməlidir? Bu sahənin inkişaf etdirilməsi istiqamətində görülən tədbirlər nədən ibarətdir? Bal istehsalının və satışının mövcud vəziyyəti qənaətbəxşdirmi? Respublikamızda il ərzində nə qədər bal istehsal olunur? İstehsal edilən məhsul ölkənin daxili tələbatını ödəyirmi?

Publika.az bildirir ki, "Report" arıçılıq sahəsi ilə bağlı araşdırmada bu suallara cavab axtarıb.

Türkiyə, Rusiya və Ukrayna ilə beynəlxalq əməkdaşlıq genişlənib

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Heyvandarlığın İnkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev "Report"a açıqlamasında qeyd edib ki, hazırda Azərbaycanda arıçılıq sahəsi intibah dövrünü yaşayır. Onun sözlərinə görə, nazirliyin və müxtəlif beynəlxalq layihələrin köməkliyi ilə damazlıq işini inkişaf etdirmək üçün ölkəmizdə iki arıxana yaradılıb: "Bunlardan biri Gəncə şəhərində KTN-in Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun nəzdindəki Arıçılıq Mərkəzində yerləşir, digəri isə Qax rayonunda özəl arıçıya məxsus arıxanadır. Burada əsas məqsəd Azərbaycan şəraiti üçün ən uğurlu arı cinsi hesab olunan boz dağ Qafqaz arısı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsidir. Respublikamızda arıçıların sayı getdikcə artır. Hər il arı ailəsindən alınan məhsulun artması istiqamətində işlər görülür. Türkiyə, Rusiya və Ukrayna ilə beynəlxalq əməkdaşlıq genişlənib".

Bununla yanaşı, arıçıların özləri də xarici ölkələrlə əməkdaşlıq edirlər: "Ötən ildən etibarən bal ixracı həyata keçirilir. Arıçılar özləri də məhsullarını sərbəst şəkildə satırlar. Hər il nazirlik tərəfindən ölkədə (payız mövsümünün sonunda - "Report") arıçılıq məhsullarının sərgi-satış yarmarkası təşkil olunur. Arıçılar burada bir ay müddətində istehsal etdikləri müxtəlif arıçılıq məhsullarını sataraq gəlir əldə etmək imkanı qazanırlar. Təşkil olunan yarmarkada 250-dən 400-ə qədər sahibkar iştirak edir. Ötən il arıçılıq üçün biraz çətin dövr oldu. Bu səbəbdən yarmarkada iştirak edən arıçıların sayı da az idi".

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, il ərzində ölkə üzrə 2500-2600 ton bal istehsal olunur: "Digər məhsullarda minimum istehlak səbəti deyilən normativ var. Dünyanın bütün ölkələrində, o cümlədən qonşu Rusiyada bal istehlak səbətinə daxil deyil. Ona görə də bu məhsulun konkret istehlak norması yoxdur. Amma ümumdünya göstəricisinə əsasən, dünyanın əksər ölkələrində adam başına istehlak 1 ildə 1,5-2 kq təşkil edir. Azərbaycan üçün ümumdünya səviyyəsini hədəf götürə bilərik".

Q.Əbdüləliyevin sözlərinə görə, Azərbaycanda bu sahədə əsas problem damazlıq işidir: "Digər problem isə bu sahənin təbiətdən asılılığının çox olmasıdır. Belə ki, bəzi bölgələrdə yay aylarında quraqlıq olur, nektar toplayan bitkilər inkişafdan qalır, yaxud tez saralıb sıradan çıxır. Bu da bir sıra problemlər yaradır. Problemi həll etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə bal toplayan bitkilərin, ağacların, kolluqların, kol bitkilərinin əkin işlərinin aparılmasını təklif etmişik. Dünyada bal meşəlikləri deyilən təcrübə var. Azərbaycanda bu sistemi tətbiq etmək istəyirik. Belə təcrübələrin tətbiq olunması nəticəsində damazlıq işinə yer eləmə problemi həll oluna bilər. Eyni zamanda digər tərəfdən arı da canlıdır, təbii şəraitdən asılı olaraq müəyyən xəstəlikləri var. Bu, dövrü olaraq dəyişir. Bu ildən aktual xəstəliklərin müəyyənləşdirilməsi, onlara qarşı profilaktik tədbirlərin görülməsi üçün bunu diqqət mərkəzində saxlamaq lazımdır. Daha sonra arıçılar arasında belə məsələlərlə bağlı təbliğat tədbirləri aparılmalıdır".

Kəmiyyət baxımından əsas hədəf ölkədə istehsal edilən balın daxili tələbatı ödəməsidir: "Qeyd edim ki, arıçılıq sektoru tam özəldir. Balı istehsal edən arıçılar istəklərindən asılı olaraq məhsulu daxildə sata, yaxud xaricə ixrac edə bilərlər. Məhsulun ixrac olunmasının üstünlüyü ondadır ki, ölkəyə əlavə valyuta gəlir. Azərbaycanın rəngarəng təbiəti kimi istehsal etdiyi balın da keyfiyyəti müxtəlifdir. Avropalılar, yaponiyalılar Azərbaycan balına böyük maraq göstərirlər. Hər məhsul üzrə keyfiyyət standartının konkret parametrləri var. Ölkəmizdə istehsal edilən bal məhsulları bu parametrlərə uyğun gəlir".

Son 2-3 il ərzində 30 ton məhsul realizə olunub

"Baku Business Factory"nin dəstək göstərdiyi xalis bal satışı ilə məşğul olan "Kercom" şirkətinin ("MR BEE" brendi) rəhbəri Cavid Kərimov vurğulayıb ki, şirkət tərəfindən son 2-3 il ərzində 30 ton (ildə) məhsul realizə olunub: "Məhsul əsasən topdansatışda satılıb. Bu, bir ailə biznesidir. Bizim təsərrüfatın 20 ildən çox tarixçəsi mövcuddur. 2015-ci ildə brend olaraq koorporativ inkişaf istiqamətinə start verilməsi qərarını verdik. Bu istiqamətdə işlər həyata keçirməyə başladıq. Şirkəti yaratma prosesinə başlanıldı və koorporativ şirkət "Kercom" yaradıldı. Məhsula brend olaraq "MR BEE" adını verdik. Daha sonra məhsulları brend altında satışa çıxarmağa başladıq. Şirkət əvvəlcə bir satış kanalından istifadə etdiyi üçün bizim pərakəndə satış sahəsində böyük təcrübəmiz mövcud deyildi. Pərakəndə satışda qablaşdırma, təchizat sistemi əsas olduğu üçün şirkəti ixtisaslaşdırdıq və istehsaldan ayırdıq. Hazırda şirkətin fəaliyyəti qablaşdırma və pərakəndə satış işlərinin üzərində qurulub. Bu gün formal olaraq istehsalla məşğul deyilik. Şirkət məhsulları yerli arıçılardan əldə edir. Bunun üçün təchizat sistemi qurmuşuq. Əslində onlarla bir payçı kimi işləyirik. Sadəcə biznes modeli olaraq şirkətin daxilində qablaşdırma və satış müəssisəsi kimi fəaliyyət göstəririk. Azərbaycanda 20-ə yaxın satış nöqtəmiz, 5 market şəbəkəsi ilə əməkdaşlığımız var. Yaxın müddət ərzində isə şəbəkəmizin genişləndirilməsi məqsədilə satış nöqtələrinin sayının 50-ə çatdırılmasını planlaşdırmışıq".

C.Kərimovun sözlərinə görə, şirkətin prioritet saydığı "target" bazarları mövcuddur: "Buraya Körfəz ölkələri - Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı, Yəmən və s. daxildir. Qeyd etdiyim ölkələr həm region olaraq bizə yaxındır, həm də qiymət siyasətimizə uyğundur. Bu səbəbdən şirkət sözügedən bazarlarla sıx işləyir və yeni əlaqələr qurur. Hazırda məhsullarımızla Türkiyədən, Dubaydan, Avropadan, İtalyadan, Baltikyani ölkələrdən olan təchizatçı, ixracatçı, destrübütor şirkətlər maraqlanırlar".

Bal bir çox xəstəliklərə müsbət təsir göstərir

Balın insan orqanizmi üçün faydalı olan komponentlərindən danışan həkim-terapevt Ərəstün Həsənov bildirib ki, balın bir çox antibakteral xüsusiyyətləri var. Onun sözlərinə görə, bal güclü konservant olduğundan tərkibindəki komponentləri uzun müddət parçalamadan saxlaya bilir: "Məqsədyönlü şəkildə hər bir xəstəlik üçün ayrıca bal almaq mümkündür. C vitaminli itburnu balı, A vitaminli yerkökü balı, karotinlə zəngin xvoya balı, tonuslandırıcı jenşen balı, ürək üçün yemişan balı və s. İlin bütün fəsillərində bu məhsulları almaq və saxlamaq olar. Balın xalis halda olması və yemək üçün nə dərəcədə yararlı olması onun tərkibindən asılıdır. Tərkibinə heç nə qatılmayan balda təxminən 76% şəkər var. Hansı ki antibakterial maddə təsiri bağışlayır. Balın təsiri nəticəsində bakteriya hüceyrə suyunu itirir və qurumağa başlayır.

İnsan orqanizmindəki mikroblar balın tərkibinə daxil olanda funksiyalarını itirir, yəni zərərsizləşirlər. Bal selikli qişaları yumşaldır, öskürəyin qarşısını alır. Eyni zamanda mədənin ağrısını sakitləşdirir, bağırsaq üçün çox faydalıdır. Onun hətta sidikqovucu təsiri də var. Bununla belə, bəlğəmi kəsir, bədən daxilindən rütubəti özünə çəkir. Damarları genişləndirdiyi üçün qan dövranını yaxşılaşdırır. Başqa dərmanlara bal qatanda onların təsiri çox qalır. Sinə, nəfəs borusu, mədə, qaraciyər xəstəlikləri, sarılıq, böyrək daşı, sidik tutulması, iflic, mədə köpü, iştaha zəifliyi hallarında bal yemək olduqca müsbət təsir göstərir".

Assosiasiya rəhbəri: "Qadın arıçıları bir araya gətirmək istəyirik"

Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov qeyd edib ki, son illər Azərbaycanda da pambıqçılıq, baramaçılıq, tütünçülük, əkinçiliklə yanaşı, arıçılıq da inkişaf etməyə başlayıb: "Arıçılar Assosiasiyası ötən il rəsmi qeydiyyatdan keçib və artıq təşkilatlanma dövrünə başlayıb. Hazırda cənub bölgəsinin 7 rayonunda - Astara, Masallı, Cəlilabad, Lənkəran, Biləsuvar, Yardımlı və Lerikdə nümayəndəliklərimiz fəaliyyət göstərir. Demək olar ki, bu bölgəni tam əhatə etmişik. Region üzrə 300 arıçı üzvümüz var. Assosasiyaya üzvlüyə qəbul edən zaman sırf arıçılıqla məşğul olan arıçılara üstünlük verilir.

Eyni zamanda Qadın Arıçılar Birliyi yaratmaqla bu sahənin inkişaf etdirilməsi istiqamətində tədbirlər görməyə başlamışıq. Ölkədə bu sahədə fəaliyyət göstərən qadın arıçıları az olsa da, onları bir araya gətirmək istəyirik. Məqsədimiz qadın arıçıların sayının artırılmasına nail olmaqdır. Arıçıları bir yerə birləşdirməkdə həfədimiz həm də onların bilgilərini bir-biriləri ilə paylaşmaları, xarici təcrübələri ölkəyə gətirməklə arıçılıqda yeni innovativ metodlarların tətbiqi, həvəskar arıçılıqdan sənaye arıçılığına keçidi təmin etməkdir".

O, qeyd edib ki, artıq xarici ölkələrdən də bal sifarişi gəlir: "Onlar əlaqə qurmaq üçün assosiasiya axtarırlar. Bu işləri həyata keçirmək tək arıçının işi deyil. Çünki bir arıçı maksimum 1-2 ton, yaxud 200-500 kq bal istehsal edə bilər. Lakin alıcılar bizdən 30-100 ton bal istəyirlər. Buna görə sistemi kordinasiya edib, hansısa formada brend hazırlamaq istəyirik. Bu elə "Made İn Azerbaijan" brendi də ola bilər. Həmin ad altında məhsulu xaricə Azərbaycan balı kimi ixrac edə bilərik. Almaniya artıq bu təcrübədən istifadə edir və arıçılarının formalaşmış brendi var. Həmin formanın tətbiqi Azərbaycanda həm yeni arıxanaların yaranmasına, arıçıların sayının artmasına, yeni iş yerlərinin açılmasına, həm də balın satışına böyük təkan verəcək. Ölkəmizin dağlıq və torpağı az olan ərazilərdə yaşayan əhalisi nə işlə məşğul ola bilər? Bu ərazilərdə arıçılığın inkişafı əhalinin məşğulluğunun təminatı, eyni zamanda dövlətin də əlavə gəlir mənbəyi ola bilər. Nəticədə biz məhsulun ölkəyə idxalını dayandırıb, xaricə ixracini təmin edə bilərik. Bununla da, ölkədən xaricə idxala yönələn vəsait axınının qarşısını alarıq".

Arıçı: "Əsas xərcimiz arıların köçürülməsinə və dərmanlanmasına çıxır"

Arıçı ailəsində doğulub boya-başa çatmış arıçı Asif Kərimovun sözlərinə görə, arıdan məhsul almaq çox çətindir: "Uşaq yaşlarımdan bugünə kimi arıların içindəyəm. Bu işin ustası arını harada, necə saxlamaq lazım olduğunu yaxşı bilir. Bu gün 4 kənddə 200-ə yaxın yeşikdə arı saxlayıram. Arıdan məhsul almaq çox çətindir. Mövsümün bu vaxtlarında adətən bir yeşikdə 5-10 min arı olur. Yay ayları mövsüm dövrü olduğu üçün arı ailəsində (bir yeşikdə) 100 minə yaxın arı toplaşır. Arı ailəsinin sayının bu qədər olması yüksək nəticə göstərir. Məhsulu may ayından sentyabra qədər yığmaq olar".

Lakin bu, arının harada saxlanılmasından və ilin necə keçməsindən asılıdır: "Məsələn, 2016-cı il çətin keçdiyi üçün bir yeşikdən 5 kq-a yaxın məhsul aldıq. Halbuki 10 kilo məhsul əldə etmək norma sayılır. On ildə bir dəfə məhsul 30 kq-a çata bilər. Əsas xərcimiz arıların köçürülməsinə və dərmanlanmasına çıxır.

Arıların gənəyə qarşı dərmanlanması çox vacibdir. Bu il gənəyə qarşı arıları bir neçə dəfə dərmanlamaq məcburiyyətində qaldıq. İl ərzində təkcə gənəyə qarşı mübarizə üçün dərmana 250 manat (ildə iki dəfə - erkən yaz, payız aylarında) vəsait sərf olunur".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR