Aytən Cavanşir: “Yazdıqlarım bulvar romanı deyil”
Bizi izləyin

Yazarlar

Aytən Cavanşir: “Yazdıqlarım bulvar romanı deyil”

1937.az-ın “Gənc fikir” layihəsinin növbəti qonağı xanım yazıçı Aytən Cavanşirdir:

– Mənim üçün maraqlıdır: Aytən Cavanşir niyə yazır?

– Yazmaq mənim üçün həyat tərzidir. Necə ki, nəfəs almasam, yaşaya bilmərəm, eləcə də, yazmasam, yaşamaq mümkünsüz olar. Bəzən evdəkilər deyir ki, yazıçılıq elə də gəlirli sahə deyil, niyə yazırsan axı? Onlar başa düşmür, mən yazmasam, özümü şəxsiyyət hesab edə bilmərəm. Bu, heç də pafoslu bir fikir deyil. Yazmasam, həyat mənim üçün çox maraqsız olar, elə bilərəm ki, heç nə etmirəm. Bu, sadəcə, içdən gələn bir istəkdir. Nəsə yaratmağı xoşlayıram. Bir ara bəstəkarlıqla, rəssamlıqla məşğul olmuşam.

– Evin tək uşağı olmağın yazmağına təsir göstəribmi?

– Təxminən altı yaşımdan özümə xəyali bir qəhrəman yaratmışdım. O qəhrəman indi də mənimlədir. İndi danışa-danışa fikirləşirəm ki, o qəhrəman 8-ci sinifdə oxuyanda da, universitet vaxtlarımda da mənimlə olmuşdu. Ətrafımda hər şey dəyişib, amma o, dəyişməz qalır. Bu obraz haqqında çox danışmaq istəməzdim, bu, şəxsidir. Ancaq deyə bilərəm ki, o, kişidir. Ətrafında qadınlar da var. Sanki mənimlə birgə paralel həyat yaşayır. Bilirsiniz, əsər qəhrəmanlarım bir müddət mənimlə birgə olur. Roman bitdikdən sonra isə gedirlər. Ancaq o sanki qoruyucu mələk kimi mənimlədir.

Romanlarının əsasında sevgi durur. Sevgidən çox çəkmisən?

– Əvvəla, onu deyim ki, “Vəkil”in və “Ayaqlarım üşüyürdü” kitabımın əsas motivi sevgi deyil. Mənim yazdıqlarım adi bulvar romanı deyil. Ancaq bununla belə, nəinki romanda, ümumiyyətlə, incəsənətin bütün sahələrində sevgi olmalıdır. Sevgidən bəhs etməyən kitabı oxumaq məntiqsizdir. Hər bir əsər bu hissləri aşılamalıdır. Çünki sevgi olanda müharibə, pislik olmayacaq.

“Ayaqlarım üşüyürdü” əsərimdə insan taleyi var. Həmin insan amerikalı da ola bilər italiyalı da. İnsanların milliyyətindən, dinindən asılı olmayaraq, keçirdikləri hisslər eyni olur. Hekayələrimi oxuyan ingilis belə orada özünü görə biləcək. Yəni bu sırf Azərbaycan cəmiyyətinə uyğun bir əsər deyil. Əvvəlki işlədiyim yerdə maraq xatirinə Afrika ədəbiyyatını da oxuyurdum. Mənə maraqlı gəlmirdi. Çünki bu əsərlər Afrika yaşayışından bəhs edirdi.

Heç bir kitabı oxuyanda təsirlənmirəm. Bu cəhətdən eqoistəm. İstəmirəm ki, kimdənsə nəsə götürüm. Anam hərdən deyirdi ki, sənin adından köşə yazım. Ancaq mən razılaşmıram, çünki özüm-özümü aldatmaq istəmirəm. “Vəkil” romanında yazdıqlarımda öz həyatımdan hansısa motivlər var. Əlbəttə, hansısa kitabı yazanda onun səksən faizi sənin müşahidələrin olur. Sonrası fantaziyalara çevrilir. Hər hansı bir epizod aylarla-günlərlə sənin beynində qalır, sonradan mətnə çevrilir.

– Bu ay “Qanun” nəşriyyatının açıqladığı siyahıda birinci yeri tutdun. Kitabın Çingiz Abdullayevin əsərlərini belə üstələdi. Bu uğurun sirri nədir?

– Bu, artıq ikinci dəfədir ki, baş verir. Bundan əvvəl də “Ən çox satılanlar” siyahısının onluğuna düşmüşdüm. Ancaq bilmirəm, bu, yaxşıdır ya pis, mən özünə əminliyi xoşlamıram. Heç vaxt düşünməmişəm ki, Çingiz Abdullayevi qabaqlamışam, artıq ulduzam. Düzdür, mənə yazırlar ki, kitabı oxuduq, bəyəndik. Amma bu mənə rahatlıq vermir. İstəyirəm ki, daha yaxşı yazım. Arxayınlaşmıram ki, mənim artıq iki kitabım var, o çox satılır. Yəni özümdən razı deyiləm.

Hər hansı bir piar kampaniyası fikirləşmişdinmi?

– Böyük bir piar kampaniyası qurmamışdıq. Bir çoxları kitabı adına görə aldılar. Yaxşı kitab oxucusunu tapır. Oxucular bir-birinə məsləhət görürlər. Detektiv romanın çox satılması normaldır. Çünki bu kitablar vaxt öldürmək üçün ən yaxşı vasitədir. Bununla belə, detektiv əsərlərdə də bir çox hallarda bədiilik olur.

– Bizdə ən çox satılan kitablar ya detektiv roman olur, ya da yüngül ədəbiyyat nümunələri...

– Mənim yazdığım bulvar romanı deyil. Bu kitab ailə-məişət mövzusundan çox uzaqdır. “Ayaqlarım üşüyürdü” əsərimə adına görə bir az yumorla yanaşanlar oldu. Bu, məni təəssüfləndirdi. Yaradıcı insanların bu kitaba yumorla yanaşmasına təəccübləndim. “Ayaqlarım üşüyürdü”də qeyri-adi heç nə yox idi. Bu kitabda bir neçə hekayə-məktub var idi. Kitabın adı da bu hekayələrin adı ilə bağlıdır. Hekayənin baş qəhrəmanının adı Elisadır. Orada bir cümlə var ki, keçmiş müştərilərimdən kimsə qarşıma çıxsa, yenə də gülümsəyəcəkdim, ancaq bu təbəssümdə o qədər nifrət vardı ki – keçmişimə nifrət, ona altı yaşımda çalışdığım o otelyedəki soyuğa nifrət...Söhbət bundan gedirdi. Həmin atelyedə bu qadının ayaqları üşüyürdü.

– “Ayaqlarım üşüyürdü”nün adını çox tənqid etdilər. Buna münasibətin necədir?

– Ada bir az yaradıcı baxmaq lazımdır. Kitabın adını “Axan şəlalələr” yaxud da “Çəməndən gələn hava” qoysaydım, bu, çox bayağı ola bilərdi. Burda qeyri-adi bir şey yoxdur, avanqard yanaşmaq lazımdır. Bu kitabı ciddi gənclər alıblar və bəyəniblər. Ümumiyyətlə, sevinirəm ki, mənim kitablarımı oxuyanların əksəriyyəti gənclərdir. Düşünürəm ki, tənqid edənlər, lağ-lağı edənlər heç kitab oxumur. Ancaq öz yazdıqlarını oxuyurlar. Kitabın istər üz qabığını, istərsə də adını naşir ilə razılaşdırmışdım.

– Sənə gələn ən maraqlı şərh hansı oldu?

– Daha çox “Ayaqlarım üşüyürdü” ilə bağlı maraqlı şərhlər gəldi. Kitabın içi ilə bağlı heç kim tənqidi fikir söyləməmişdi, ancaq ad ilə bağlı müəyyən qüsurlar tutdular. İlk gördüyüm gülməli şərh bu oldu ki, əgər ayaqları üşüyürdüsə, corab geyinərdi. Bu şərhi oxuyanda Nigar Köçərli də yanımda idi və buna çox gülmüşdük. Ancaq artıq biganə yanaşıram. Çünki hamı bu ada kübar yanaşa bilməz. Parisdə Eyfel qülləsini tikən memarı tənqid ediblər ki, bu, şəhərin görkəmini pozur. Ancaq zamanla Eyfel Parisin simvoluna çevrildi.

Elə bir yazıçı varmı ki, onun stilini mənimsəyəsən?

– Elə bir yazıçı yoxdur ki, ondan nəsə götürüm. Bizdə elə yazıçılar var ki, deyir, Dostoyevskini oxuyuram və onun stilində yazıram. Axı bu necə ola bilər ki, sən hansısa yazıçının yazı texnologiyasını götürəsən və onun kimi yazasan? Mən Hüqonu, Drayzeri sevirəm. Mənim üçün yazıçının dilinin ağır olması dəyər deyil. Bizim yazıçılardan daha çox Nəcəf bəy Vəzirovu bəyənirəm. Nadir hallarda olur ki, yerli yazıçılarımızın əsərlərini oxuyanda təsirlənim. Bizim bir çox yazıçılarımız var ki, onların məşhurlaşmağının əsas səbəbi Sovet dövründə yazmaqları olub. Çünki onlar dövlət dəstəyi sayəsində tanınıblar. Mənə gülməli gəlir ki, 60-cılar özlərini bəşəri yazıçı hesab edirlər.

– Yazıçılar Birliyinin üzvü olmusan?

– Mən Yazıçılar Birliyinin üzvüyəm. Bizdə səhv bir fikir formalaşıb ki, AYB-nin bütün üzvləri istedadsızdır, ya da AYO-çuların hamısı istedadlıdır. AYO-da da, AYB-də də istedadlı və istedadsız yazıçılar var.

– Məncə, burda istedaddan əlavə azad olub-olmamaq məsələsi var.

– Bunun mənə qətiyyən dəxli yoxdur. Mən AYB-nin üzvüyəm deyə heç vaxt özümü çərçivəyə salmayacağam. Ya da indiyə qədər mənə heç kim deməyib ki, bu mövzuda yaz və yaxud yazma. AYB-yə üzv olmaq anamın istəyi idi. Heç bir tədbirlərində iştirak etmirəm. Mənim üçün AYO ilə AYB-nin fərqi yoxdur. Mən yaradıcılıqla məşğulam və bunun AYB-də olub-olmamağıma dəxli yoxdur.

– Yazıçılarımızın bir çoxu içkiyə meyillidir. Buna münasibətiniz necədir?

– Bilirsiniz, incəsənət adamları içkiyə meyilli olur. Amma məncə, içkinin incəsənətə adiyyəti yoxdur. Ayıq olanda heç nə yazmayıb, içkili olanda yazmağı doğru hesab etmirəm. Əgər sən ayıq vaxtında nəsə yaza bilmirsənsə, deməli, sənin istedadın yoxdur. Şərab başdan-ayağa estetikadır. Badəni əlinə götürəndə birinci qoxusunu hiss edirsən, sonra yavaş-yavaş dadına baxırsan. Ancaq təəssüf ki, bizim yazarlar şəraba estetik yanaşmırlar. Başlarına çəkirlər, gedir.

– Səncə, yazıçılarımız niyə geniş auditoriyaya çıxa bilmir?

– Bizim yazıçıların yeganə problemi odur ki, onlarla məşğul olan piar-meneceri yoxdur. Mən nə edirəmsə, özüm edirəm. Bizdə imkanlı adamlar yazıçıya dəstək olmaq istəmir. Onlar gedib restoran açırlar. Mən gedib qapı-qapı gəzib deyə bilmirəm ki, mənim kitabıma sponsorluq edin. Bu, mənim üçün təhqirdir. Bunu gərək piar-menecerlər etsinlər. Sponsorluq təklif etsələr, razılaşaram. Ancaq Azərbaycanda qadınsansa, bu, sənə çətin olacaq.

Fotolar: Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm