Əməkdar məşqçi: “Ailəsini aldadan Avropa mükafatçısını zaldan qovdum”
Bizi izləyin

Müsahibə

Əməkdar məşqçi: “Ailəsini aldadan Avropa mükafatçısını zaldan qovdum”

Təbii ki, hər bir idmançının qələbəsinin arxasında məşqçi əziyyəti dayanır. Əsl məşqçilər tələbəsinin döyüşü zamanı ondan daha çox həyəcan keçirir, zəfərinə daha çox kövrəlir. Elnur Əliyev də belə məşqçilərdəndir.

Bu yaxınlarda Serbiyanın Belqrad şəhərində kikboksinqin WAKO versiyası üzrə Dünya Çempionatında idmançılarımız 1 qızıl, 3 gümüş və 3 bürünc medal əldə etdilər. 6 illik fasilədən sonra Elşad Ələsgərov (54 kq, “K1”) sayəsində WAKO versiyası üzrə dünya çempionatının qızıl medalı qazanıldı.

Onun da Ələsgərovun qələbəsindən sonra keçirdiyi hissləri büruzə verməsi diqqətlərdən yayınmadı. Uzun müddətdən sonra Azərbaycana qızıl medalı gətirən döyüşçünün şəxsi məşqçisi Elnur Əliyev Publika.az-a müsahibəsində tələbəsinin döyüşlərindən və sonda qazandığı zəfərindən danışdı. Həmçinin əməkdar məşqçi tələbələri ilə olan münasibətlərindən və idmançıları cəzalandırma üsulundan da söhbət açdı.

- Elnur bəy, neçə ildir Elşad Ələsgərovu çalışdırırsınız?

- Artıq 8 ildir ki, Elşad mənim tələbəmdir. Bu müddət ərzində bizim bir çox uğurlarımız olub. İlk uğurumuz Azərbaycan çempionatı ilə başlayıb. Düzdür, birinci dəfə heç də asan olmadı. İlk yarışımızda 2-ci yerlə kifayətlənməli olduq.

Bundan sonra ard-arda Elşad Azərbaycan çempionu tituluna yiyələndi. Sonuncu dünya çempionatına qədər ən böyük uğurumuz WAKO-nun Avropa çempionluğu olmuşdu. Artıq o, WAKO versiyası üzrə dünya çempionudur. Makedoniyada keçirilən WAKO üzrə dünya çempionatında alınmamışdı, demək olar, finalda uduzdurmuşdular. Amma bu dəfə sübut etdik ki, qələbə qazana bilərik. Şükürlər olsun, bunu bacardıq.

- Ümidin qırıldığı vaxtlar olubmu?

- Bu yarışda finalda Türkiyə idmançısı ilə görüşdə Elşad 2 raund uduzurdu. Artıq matçın bitməyinə 30 saniyə qalmışdı. Bir anlıq həqiqətən də ümidim qırıldı ki, daha alınmayacaq. Çünki qalan 30 saniyədə 3 xal almalıydıq. Elşada qışqırdım ki, “üstünə get, nə olar, olar”. Sağ olsun, Elşad da sözümü dinlədi, hücuma atıldı və lazım olan 3 xalı qazandı. Amma qeyd edim ki, sonda yaşadığım sevincdən dediklərim, etdiklərim heç biri yadımda deyil. Özüm qələbə qazanan zaman heç vaxt ağlamamışam. Amma Elşadın qələbəsindən sonra məni sakitləşdirə bilmirdilər. Göz yaşlarımı saxlaya bilmirdim.

- Elə o məsələyə toxunacaqdım. Tələbənizin qələbəsindən sonra yaşadığınız sevinc anı diqqətlərdən yayınmadı.

- Vallah, heç nə yadımda deyil. Sadəcə onu bilirəm ki, bütün komanda mənimlə birlikdə ağlayırdı. İndi də danışanda gözlərim dolur, tüklərim biz-biz olur. Hələ də inana bilmirəm. Elşadla söhbət edəndə arada soruşuram ki, “Biz WAKO-nu udduq?”. Yəni adama yuxu kimi gəlir.

- Elşad ilk görüşə çıxdığı zaman onun qələbə qazanacağına inanırdınız?

- Təkcə döyüşdə yox, Bakıda keçirdiyimiz təlim-məşq toplanışından sonra çoxları deyirdi ki, komandanın liderlərindən biri Elşad olacaq. Amma gözləmirdik ki, bir çempionumuz olar. Çünki milli komanda Elşad Əbdülrəhimovun rəhbərliyi ilə çox yüksək səviyyədə hazırlaşmışdı. Güclü məşqlərimiz olmuşdu.

- Siz bu yarışa həm də idmançı kimi qatılmışdınız. Amma döyüşünüz uğursuz alındı...

- Düzdür. Amma mənə özümdən çox tələbəmin qələbəsi vacib idi. Çünki vaxtilə döyüşmüşəm, nəticələr vermişəm. Mən həm Elşadı hazırlayırdım, həm də özüm hazırlaşmağa çalışırdım.

- Şans və hazırlığı faizlə necə dəyərləndirə bilərsiniz?

- İdmançılar arasında belə bir termin var, “idman xoşbəxtliyi”, “idman şansı”. Təbii ki, bu önəmlidir. Məncə 50-nin 50-yə olmasa da, 40-ın 60-a bəxtin önəmi var. Mənə elə gəlir ki, bizim üçün həm bəxt üzümüzə güldü, həm də məşqlərimiz güclü idi.

- Neçə tələbəniz var?

- 60-a yaxın.

- Belqradda keçirilən dünya çempionatında neçə tələbəniz iştirak edirdi?

- Elşaddan başqa bir tələbəm də var idi. Əlişan Aslanlı “-75 kq”-da “K-1” stilində döyüşürdü. O, ikinci döyüşdə məğlub oldu. İlk dəfə beynəlxalq turnirdə iştirak edirdi. Amma Elşad beynəlxalq turnirlərdə öz sözünü demiş idmançıdır.

- Məşqçinin də əsəblərinin gərginləşdiyi vaxtlar olur. Tələbəsinə səhv hərəkətinə görə qışqıra da bilər. Belə vəziyyətlərdə Elşad sizdən inciyirmi?

- İndiyə qədər inciməmişdi (gülür). Elə bir an oldu ki, üstünə qışqırdım. Dedim döyüşmək lazımdır, var gücünü qoy ortaya... Çox həyəcanlı idim. Onda dedi ki, “bir dəqiqə vaxt verirlər dincəlməyə, sən də qoymursan dincəlim, heç olmasa stolu qoy oturum da... (gülür)”. Amma deyim ki, bəzən şillə vurduğum vaxt da olur. Elşada qarşı olmayıb, çünki o, məni rinqdə eşidir. Amma eləsi var ki, eşitmir.

- Elşad o şillənin dadını görməyib?

- Yox. Amma axırıncı döyüşdə qələbə qazanandan sonra vurdum (gülür). Amma heç bir tələbəm onları vurmağıma görə incimir. Çünki onların valideynləri də bilir ki, mənim xasiyyətim budur. Hətta belə bir söz deyirlər - “Elnur müəllimin sehrli şilləsi”. Çünki vurandan sonra qələbəyə daha da köklənib, uğur qazanırlar. Elə bu söz də oradan yaranıb.

- Valideynlər dediniz... Maraqlıdır, tələbələrinizin valideynləri, ailələri ilə əlaqələriniz necədir?

- Bizdə nizam-intizam çox güclüdür. Hətta azyaşlı tələbələrimin gündəliklərini də yoxlayıram. İdmanla məşğul olsalar da, deyirəm ki, dərs də yaxşı olmalıdır. İksi də paralel getməlidir. Bəzən azyaşlı tələbələri sevindirmək üçün ən çox “5” alana hədiyyə də verirəm. Kim ki “2” alır, cəzalandırıram. Valideynlərlə 2 aydan bir iclas keçirirəm.

- Elə uşaq olub ki, evdən idman adıyla çıxıb, amma zala gəlməyib?

- Olub. Ailəsini aldadan gənclər arasında Avropa mükafatçısı idi. Mən onu zaldan qovmuşam.

- Sonra necə oldu bəs?

- Valideyni dəfələrlə gəlmişdi. Amma mənim qapım gələnə açıqdır, gedən isə bir daha qayıtmır. Əslində o, evdə yalan danışırdı, ailəsini aldadırdı. Məşq adı ilə çıxırdı, zala gəlmirdi. Bir gün valideyni ilə razılaşdım. Soruşdu ki, “Elnur müəllim uşaq necədir? Məşqləri yaxşıdırmı?” Mən də dedim ki, uşaq 1 aydır məşqə gəlmir. Dedi necə ola bilər, “bəs hər gün idman çantasını götürür ki, gedirəm məşqə”. Dedim gəlmir...

Aygün İlqarqızı

FOTOLAR: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm