• USD 1,7000 0,00% EUR 1,8813 +0,09%
    • GBP 2,2355 +0,04% RUB 0,0268 +0,37%

Ədviyyat alarkən nələri bilməliyik? - ƏN VACİB BİLGİLƏR

  • Ayırtman
  • 23 Yanvar 2017 22:00
  • 4 727 Baxış
Ədviyyat alarkən nələri bilməliyik? - ƏN VACİB BİLGİLƏR

Ədviyyat xörəklərə, şirniyyatlara, mürəbbələrə, içkilərə və digərlərinə dad, ləzzət və xüsusi ətir verən bitki növlərinin müəyyən hissələridir. Ədviyyatlardan istifadə olunmasının tarixi beş min ildən çoxdur. Çin, Hindistan, Şri-Lanka, İndoneziya kimi ölkələr ədviyyatın beşiyi sayılır. Xörək hazırlanmasında ədviyyatlar əsasən qədim Misir, Assuriya, Babilistan, Finikiya, daha sonralar Yunanıstan və Romada istifadə edilib. Azərbaycanda ən çox tanınmış ədviyyatlar zəfəran, istiot, darçın, sarıkök, zəncəfil, hil, vanil, cövüz, mixəkdir.

Son illər marketlərdə müxtəlif şirkətlərə məxsus qablaşdırılmış ədviyyat növləri satılır. Bəzən istifadə zamanı onlar ümidlərimizi doğrultmur. Ədviyyat alarkən istehlakçı nələri bilməlidir.

Bu məsələdə oxuculara “Ayırtman” layihəsi kömək edəcək.

Əvvəla qeyd edək ki, ədviyyatlar və ətirli otlar insan orqanizmində həzmi yaxşılaşdıran, iştah açan, xörəklərə, şirniyyatlara, mürəbbələrə, içkilərə və digərlərinə dad, xüsusi ətir verən bitki növlərinin müəyyən hissələridir. Bu məhsullar əsasən iki növə - ədviyyat və ətirli otlara ayrılırlar. Əslində ədviyyatla ətirli otlar arasında o qədər də böyük fərq yoxdur. Ədviyyat ətirli otların, ağac qabıqlarının, meyvələrin və toxumların qurudulmuş halıdır. Ətirli otlar xörəyə ətir verərkən, ədviyyatlar xörəyin ləzzətini artırır.

Ədviyyatlatın müsbət təsirləri

Acı bibərdən zəncəfilə qədər bütün bitki və ədviyyatlar yeməyi ləzzətləndirməklə yanaşı, həm də faydalıdırlar. Xüsusilə də xərçəng, şəkər xəstəlikləri, ürək xəstəlikləri və altsheymerə qarşı. Tədqiqatçılara görə, ədviyyatların və bitkilərin antioksidant dəyərləri bəzi tərəvəz və meyvələrdən daha da çoxdur. Antioksidantlar bədəni zərərli maddələrdən qoruyur, xəstəliklərin əmələ gəlməsinin, hətta, qarşısını ala bilir. Məsələn, zəncəfil. Xərçəngə qarşı qoruyucudur. Bununla yanaşı, infeksiya əleyhinə ən təsirli təbii ağrıkəsicidir, xüsusən də osteoartritdə yaranan əzələ ağrılarına qarşı faydalıdır. Hafizəni gücləndirir, elə bu səbəblə də altsheymerə qarşı qoruyucudur. Damar tıxanıqlığının qarşısını alır, qanı təmizləyir, ürək döyüntülərini nizamlayır, yüksək xolesterol səviyyəsini aşağı salır, qanın laxtalanmasının qarşısını alır, lakin istifadə miqdarı çox əhəmiyyətlidir. Mədə bulanmasına qarşı faydalıdır.

Darçın, gündəlik istifadə olunan yarım çay qaşığı qədər darçın qlükozanı balanslaşdıraraq şəkər xəstəliklərinə qarşı qoruyucu təsiri ilə yanaşı, xəstəlik zamanı digər əlamətləri də azaldır. Eyni zamanda, darçın qəbul etdiyiniz ərzaqların yağa çevrilməsini də azaldır. Darçını tək istehlak etmək bir qədər çətin ola bilər, ona görə də günlük istifadə də süd və ya qatığın içərisinə əlavə edərək rahat istifadə edə bilərsiniz. Acı bibərin isə tərkibində olan kapsaisin adlı maddə maddələr mübadiləsini 23% sürətləndirir. Gün ərzində eyni kalorini alıb, amma yeməklərinə acı bibər əlavə edənlərin etməyənlərə görə daha tez kilo verməsi də irəli sürülür.

Ədviyyat alarkən nələri bilmək lazımdır

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən Publika.az-a bildiriblər ki, vətandaşlar ədviyyat alarkən diqqətli olmalıdırlar. Belə ki, ticarət şəbəkəsində realizə olunan və kulinariyada geniş istifadə edilən əsas ədviyyat növləri vanilin, mixək, darçın, quru nanə, toz və dənəvər qara istiot, zəfəran, sumaq, sarıkök, zəncəfil, cirə, razyanadır. Eyni zamanda, xörəklərə dad və ləzzət vermək üçün ətirli otlardan da istifadə edilir. Ətirli otlar təzə, yaxud quru halda istifadə edilir. Azərbaycanda istifadə olunan əsas ətirli otlar şüyüd, reyhan, tərxun, nanə, cəfəri, keşniş, kəvər, turşəng, kərəviz, kəklikotu, dəfnə yarpağı və s. ibarətdir. Bitkinin meyvəsindən, çiçəyindən, yarpağından, qabığından, kökündən alınan ədviyyələr də mövcuddur ki, onlar əsasən karton qutularda, döyülmüş və bütöv halda, müxtəlif kütlədə satışa verilir. Bu ədviyyatlardan kulinariyada, qənnadı, konserv, kolbasa, likör və digər yeyinti sənayesində xammal kimi istifadə edilir. Ədviyyatların tərkibində efir yağı, su və s. maddələr olur.

Ədviyyatların və tamlı qatqıların istehlak dəyəri onların tərkibində olan efir yağlarının, üzvi turşuların, qlikozidlərin, alkaloidlərin, digər dad və tam verən maddələrin miqdarı ilə müəyyən olunur. Qidaya qatılan ədviyyatlar və tamlı qatqılar onun yaхşı həzm olunmasını və tez mənimsənilməsini təmin edir. İstehlak bazarında həmçinin, tamlı qatqılar və ədviyyat qarışıqları da realizə olunur ki, onların da əksəriyyəti müхtəlif bitkilərdən müvafiq emal üsulları tətbiq olunmaqla alınır. Bu məhsullardan olan xörək duzu, yeyinti turşuları, souslar və pastalar, ətirli bitkilər və meyvə-giləmeyvələrdən alınan tamlı qatmaları alarkən onların qablaşdırılmasına, markalanmasına diqqət etmək vacibdir.

Qablaşdırılmış ədviyyatlar

Ədviyyatlar ticarət şəbəkəsində realizə olunmaq üçün əsasən xalis çəkisi 100 qrama qədər olmaqla qablaşdırılır. Qablaşdırma materialı əsasən daxildən perqament, yaxud podperqament olmaqla kağız və kartondan ibarət olur. Bundan əlavə müvafiq qurumlardan icazə ilə ədviyyatlar sellofan, plastmas, polimer və şüşə qablarda qablaşdırıla bilər.

Qablaşdırılan ədviyyatlar mütləq markalanmalıdır. Etiketdə istehsalçının adı, ünvanı, malın adı, xalis çəkisi, tərkibi, istehlak xassələri, saxlanma müddəti və s. göstərilməlidir. Bundan əlavə markada quru, qaranlıq və sərin yerdə saxlanması barədə xəbərdarlıq olmalıdır. Etiketlər bütöv, təmiz olmalı, qablaşdırmanın üzərinə qırışıqsız və düz yapışdırılmalıdır.

Ədviyyatlar necə daşınmalıdır?

Bu məhsulların kimyəvi məhsullarla, tez iylənən mal və materiallarla bir yerdə daşınması və saxlanması qadağandır. Ədviyyatlar quru, təmiz, yaxşı havalandırılan ziyanvericilərdən uzaq yerlərdə, 200C temperaturda, 75 faiz nisbi rütubətdə saxlanmalıdır. Bu məhsullar yağışlı və nəmli havalardan sonra mütləq havalandırılmalıdır.

Ədviyyatların istifadə tarixi

Qeyd edək ki, ticarət obyektlərindən bu məhsulları alarkən onların saxlanma şəraitinə və markalanmasına diqqət edilməlidir. Çünki qurudulmuş bitkiləri və ədviyyatları ilk istifadə tarixindən etibarən ən gec 1 il ərzində istifadə etmək lazımdır. Əks təqdirdə həm bioloji yararlılığı azalar, həm də toksik maddə əmələ gəlməsinə təkan verər. Saxlanma şəraiti, əlbəttə ki, vacibdir, günəş işığı görməməli, nəmli mühitdən uzaq tutulmalı və ağzı bağlı qablarda mühafizə edilməlidir.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR