Berqsonun Nobel nitqi – BİZİM TƏRCÜMƏ
Bizi izləyin

Bizim tərcümə

Berqsonun Nobel nitqi – BİZİM TƏRCÜMƏ

"Mənə heç arzu etməyə cürət etmədiyim şərəf göstərilmişdir"

Mən şəxsi hisslərimi ifadə etmək istərdim. İcazə verin, bunu mənim çıxışımı elan etməyə lütfkarlıqla razılıq vermiş fransız səfiri cənab Arman Bernar vasitəsilə edim. İsveç Akademiyasına ürəkdən minnətdarlığımı bildirirəm. Mənə heç arzu etməyə cürət etmədiyim şərəf göstərilmişdir. Mən əminəm ki, fransız yazıçısının bu mükafata layiq görülməsi həmçinin Fransaya rəğbətdən xəbər verir, buna görə onun əhəmiyyətini daha dəqiq şəkildə başa düşürəm və bu, məni daha dərindən riqqətə gətirir.

Nobel mükafatı bir çox faktorlarla müəyyənləşir. Lakin onların arasında ikisini - idealist və internasionalist xarakterli faktorları xüsusilə qeyd etmək lazımdır. İdealist faktorlar deyəndə nəcib məqsədlərdən ilhama gəlib yaradan sənətkarın əsərləri nəzərdə tutulur; internasionalist aspekt o deməkdir ki, müxtəlif ölkələrdəki elmi nailiyyət daimi diqqətin hədəfidir, bu isə dünya miqyasında intellektual həyatın tarazlaşmış mənzərəsini təsəvvür etməyə imkan verir. İntellektual dəyəri qəbul etməkdən başqa bütün digər mülahizələrdən azad olan jürinin üzvləri filosofların dedikləri fikir birliyində möhkəm yer tuturlar.

Beləliklə, Alfred Nobel öz vəsiyyətnaməsində idealizm və xalqlar arasında qardaşlıq işinə xidmət etməyi bəyan etmişdi. İncəsənət və elmlərlə yanaşı, sülh sahəsində də mükafat təsis etməklə o, aydın şəkildə öz məqsədini ifadə etmişdir. Bu, böyük ideya idi. Onun yaradıcısı olan böyük ixtiraçı eyni zamanda keçən əsrdə geniş yayılmış illüziyaları bölüşdürmüşdü. XIX əsr texniki kəşflər sahəsində misli görünməmiş tərəqqi ilə xarakterizə olunduğuna görə bir qayda olaraq belə hesab olunurdu ki, bu kəşflər maddi nemətlərin sadə artımı ilə yanaşı, həmçinin bəşəriyyətin mənəvi səviyyəsinin də yüksəlməsi ilə nəticələnməlidir. Əldə olunmuş təcrübə isə əksinə, sübuta yetirirdi ki, texnologiyanın inkişafı cəmiyyətdə yaşayan insanların mənəviyyatının avtomatik yüksəlişi demək deyildir və əgər ruhi sahədə uyğun nailiyyətlər əldə olunmursa, bəşəriyyətin malik olduğu maddi nemətlər hətta təhlükə təşkil edə bilər. Bizim yaratdığımız maşınlar təbii orqanlarımıza öz funksiyalarını genişləndirməyə imkan verən və beləliklə, insan orqanizminin özünün imkanlarını zənginləşdirən süni orqanlardır. Əgər bədən sağlamdırsa və onun fəaliyyəti nizamlanıbsa, onda ruh da öz növbəsində kamilləşəcək, əks təqdirdə qarşılıqlı asılılıq ciddi şəkildə pozulacaq və bu həm sosial, həm də siyasi sferalarda təhlükəli nəticələrə gətirib çıxara bilər. Bu isə öz növbəsində öz ilkin durumu ilə müqayisədə dəyişməmiş insan mənəviyyatı ilə qeyri-proporsional şəkildə böyümüş bədən arasında tarazlığın pozulmasının yeni səviyyəsinə gətirib çıxara bilər. Yalnız bir gözəgəlimli misalla kifayətlənəcəm: belə bir haqlı ümid mövcud idi ki, buxardan və elektrikdən istifadə, məsafələrin qısalması öz-özlüyündə xalqların ruhən yaxınlaşmasını stimullaşdıracaq. Bu gün artıq məlum olur ki, bu, baş verməmişdir və əgər mənəvi tərəqqi, insanlar arasında qardaşlıq münasibətlərinin bərqərar olunmasına yönəlmiş ciddi səylər nəticə verməsə, heç də yoxa çıxmamış antaqonizmlər yalnız kəskinləşmək riskinə məruz qalırlar. Mənəvi əməkdaşlıq yönümündə hərəkət sivil dünyanı təmiz-intellektual nöqteyi-nəzərdən vahid və bölünməz fikir respublikası qismində qavramağı nəzərdə tutan, internasionalist xarakter və idealist dünyagörüşə malik bu təşkilatın dərin tendensiyasıdır. Mən Nobel fondunu nəzərdə tuturam.

Heç də təəccüblü deyildir ki, belə bir ideya vətəndaşlarının hər bir şeyin təməli olan mənəvi məsələlərə son dərəcə yüksək önəm verdikləri kimi yüksək intellektuala malik İsveçdə yetişmiş və həyata keçmişdir. Yalnız bir misala müraciət etmək istəyirəm: bu vətəndaşlar ilk dəfə siyasət məsələlərinin təhsil problemlərindən asılı olaraq mahiyyətinə varmağa can atmışlar.

Nobel fondunun nüfuzunun yüksəlməsinə və onun rolunun dərindən başa düşülməsinə uyğun olaraq bu mükafatın da nüfuzu yüksəlir. Çox güman ki, bunu mənim kimi dərindən dərk edən ikinci bir adam yoxdur. Mən bu yüksək auditoriya qarşısında bunları danışmaq istəyirdim və başladığım kimi də nitqimi yekunlaşdırıram. Bir daha sizə öz dərin minnətdarlığımı bildirirəm.

(Fəlsəfə doktoru Etibar Əliyevin "Ədəbiyyat üzrə Nobel mükafatçıları" kitabından)

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm