Mixail Şoloxov: “Xalqları bütünlüklə müharibə alovuna atan qüvvələr var“ – BİZİM TƏRCÜMƏ
Bizi izləyin

Bizim tərcümə

Mixail Şoloxov: “Xalqları bütünlüklə müharibə alovuna atan qüvvələr var“ – BİZİM TƏRCÜMƏ

Mənə Nobel mükafatını təqdim edən İsveç Kral Akademiyasına bu təntənəli mərasimdə böyük həvəslə minnətdarlığımı ifadə etməyi özümə borc bilirəm. Daha əvvəl də hamının qarşısında məmnuniyyətlə bildirmişəm ki, bu mükafatı yalnız ədəbiyyatçı kimi mənə xas olan peşəkar məziyyətlərin və xidmətlərin beynəlxalq miqyasda tanınması kimi deyil, həm də bir rus, sovet yazıçısı kimi almağımla fəxr edirəm. Mən burada Vətənimin böyük yazıçı ordusunu təmsil edirəm.

Mən daha əvvəllər onu da demişəm ki, bu mükafat dolayı olaraq həm də roman janrının növbəti təsdiqidir. Romanın forma kimi köhnəlməsi və çağın tələblərinə cavab verməməsi kimi məni təəccübləndirən fikirləri son zamanlar, doğrusunu desəm, tez-tez eşidir və oxuyuram. Halbuki məhz roman reallığı daha dolğun əhatə eləmək, təsvir zamanı onun vacib problemlərinə özünün və həmfikirlərinin münasibətini bildirmək imkanı verir.

Belə deyək ki, roman bizə içində olduğumuz azman həyatı dərk etməyə daha çox imkan verir və öz kiçik «mən»imizi yaradılışın mərkəzi saymaq kimi yalnış cəhdlər etməkdən çəkindirir. Öz təbiəti etibarilə bu janr realist sənətkar üçün ən geniş meydandır. Əksər gənc sənət təmayülləri realizmi «öz ömrünü yaşayıb, xidmətini başa vurub» deyə inkar edirlər. Amma mühafizəkarlığıma görə iradlarla qarşılaşmağıma baxmayaraq, realist sənətin inamlı tərəfdarı kimi bəyan edirəm ki, tamam əks düşüncədəyəm.

İndi ədəbi avanqard deyilən şey haqqında çox danışırlar, daha çox da dəbdə olan formal təcrübələri nəzərdə tuturlar. Fikrimcə, o sənətkarlar həqiqi avanqard sayıla bilər ki, öz əsərlərində yaşadığımız əsrin əsas cizgilərini aça bilən yeni mahiyyəti ifadə edə

bilirlər. Və bütövlükdə realizm, xüsusən də realist romançılıq keçmişin böyük ustadlarının bədii təcrübəsinə söykənirsə, öz inkişafının sonrakı mərhələsində tamamilə yeni, dərin çağdaş keyfiyyətlər əldə edir.

Mən həyatı təzələmək ideyasını bətnində gəzdirən, onu insanlığın rifahı üçün dəyişdirən realizmdən danışıram. Əlbəttə, mən bizim adətən sosialist sözündən sonra yazdığımız realizmdən söz açıram. Onun özünəməxsusluğu müşahidəçilik və reallıqdan kənar durmasında yox, bəşərin tərəqqisi naminə mübarizəyə səsləməsində və milyonlara doğma olmasında, onlara məqsədlərinə çatmaq imkanı verməsində, mübarizə yoluna işıq tutmasındadır.

Bəşəriyyət yerin cazibəsindən kənara çıxanda havasızlıq şəraitinə düşüb sanki üzən kosmonavtlar kimi tənhaların, fərdlərin yığımından ibarət deyil. Biz Yer kürəsində yaşayırıq, onun qanunlarına tabeyik. İncildə deyildiyi kimi, bizim hər günümüzə onun dərdləri, tələbləri, qayğıları, sabahın daha yaxşı olacağı ümidi təsir göstərir. Yer əhalisinin nəhəng kütlələri onları ayıran deyil, daha çox onları birləşdirən ümumi maraqlarla yaşayır, eyni məqsədlərlə hərəkət edirlər.

Onlar beyinləri və əlləri ilə hər bir şeyi yaradan insanlardır. Mən zəhmətkeş xalqa qarşısıalınmaz xidməti özü üçün ali şərəf və ali azadlıq nişanəsi kimi qəbul edən yazıçılardanam. Məhz bu, hər şeyi təyin edir. Bir sovet yazıçısı kimi mənim üçün sənətkarın müasir dünyadakı yeri haqqında düşüncələr məhz buradan qaynaqlanır.

Biz qarışıq vaxtda yaşayırıq. Yer üzündə müharibə arzulayan xalq yoxdur. Amma xalqları bütünlüklə müharibə alovuna atan qüvvələr vardır. Bəs onların külü, İkinci Dünya müharibəsinin ağlasığmaz od-alovu yazıçı qəlbini tərpətməyə bilərmi?!

Bəs özünü bəşər iztirablarına kənar müşahidəçisi kimi baxan mübarizə tərəflərinin başı üzərindəki Olimpə ucaldılmış tanrılardan hesab etməyən, bəşəriyyətin zərrəsi və öz xalqının oğlu hesab edən yazıçının məqsədi və amalı nə olmalıdır? Oxucuya düzünü demək, insanlara həqiqəti, hətta acı da olsa, mərdanə şəkildə həqiqəti demək, onların sabaha inamını və gələcəyi quracaq fərdi gücünü artırmaq… Bütün dünyada əmin-amanlıq, sülh carçısı, mübarizi

olmaq, öz sözünün çatdığı hər bir yerdə bu cür mübarizlər yetişdirməyə çalışmaq…

Öz təbii və alicənab cəhdləri ilə adamların tərəqqiyə inamını bir araya gətirmək…

Sənət insan qəlbinə və ağlına təsir edəcək çox böyük gücə malikdir. Düşünürəm ki, bu böyük gücü insan qəlbində gözəlliklər yaratmağa, bəşər naminə xərcləyənlər də elə həqiqi sənətkar adlana bilər. Mənim doğma xalqımın tarixi həyat yolu heç də hamar olmayıb. Bu, həyat pionerlərinin - birincilərin yolu olub. Mən yazıçı kimi öz vəzifəmi bütün yazdıqlarımda və yazacaqlarımda heç vaxt kimsəyə hücum etməmiş, amma öz şərəfini və azadlığını, öz gələcəyini şəxsi seçiminə uyğun olaraq qurma haqqını ləyaqətlə qorumuş bu zəhmətkeş xalqa, qəhrəman xalqa, qurucu xalqa təzim etməkdə görürəm və görməkdəyəm.

İstərdim ki, kitablarım insanlara daha yaxşı olmaq, qəlbən daha təmiz olmaqda kömək eləsin, onlarda insana sevgi, bəşəriyyətin tərəqqisi və humanizm ideallarına inam aşılasın. Əgər mən bunu azacıq da olsa bacarmışamsa, onda mən xoşbəxtəm.

Bu zalda olan hər kəsə, Nobel mükafatı münasibətilə məni təbrik edənlərə, bütün məni salamlayanlara təşəkkür edirəm.

(Fəlsəfə doktoru Etibar Əliyevin “Ədəbiyyat üzrə Nobel mükafatçıları” əsərindən)

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm