Xüsusi
Azərbaycanın birinci və yeganə futbol ledisi: "Həmin "yox" cavabından şok oldum" - MÜSAHİBƏ
Publika.az-ın müsahibi Azərbaycanda və Şərqdə ilk qadın futbol agenti Günel Rusmandır.
- Əvvəlcə futbola olan marağınızdan başlayaq. Neçə yaşınızdan futbolla maraqlanmağa başladınız?
- Əslində futbolla tanışlığım bir təsadüflə başlayıb. Təxminən 7-8 il bundan əvvəl “Qarabağ" - "Metalurq” oyununu izlədikdən sonra anladım ki, mən futbolu sevirəm (Gülür). Qəribə tarixçə olsa da, bu belədir.
- Günel xanım, seçdiyiniz sahədə həmcinsləriniz olduqca azdır, rəqabət isə çox. Bu sahədə xanım olmağın mənfi-müsbət cəhətləri nələrdir?
-Maraqlı sualdır, əslində. Amma kənardan hər iş çətin görünür. Mən deməzdim ki, xanım olmağım işimi çətinləşdirir. Xeyr, belə düşünmürəm. Ümumi götürsək, təbii ki, kişi işi ilə məşğul olan bütün xanımlar kimi mənə də bir az çətin olur. Futbol bizdə hər zaman kişi işi kimi qiymətləndirilsə də, dünya ölkələrində qadınlardan ibarət yığmalar kifayət qədər tanınır, yüksək nəticələr əldə edir. Sadəcə bu bizim ölkədə nisbətən passiv irəlilədiyi üçün, futbol sahəsində kişilər daha çoxdur. Belə olan halda mənim rəqabətim də məhz kişi həmkarlarıma qarşısıdr.
- Bizdə bir çox idman növləri kişilərə aid edilir. Futbol da bunlardan biridir. Sanki bir çox insanlarımız bəzi idman növlərini qadınlara yaraşdırmırlar. Ailə üzvləriniz necə, sizə bu mövzuda dəstək olurmu? Yoxsa fikrinizdən daşındırmağa çalışırlar?
- İdmanla birbaşa məşğul olmadığıma, sadəcə agent kimi fəaliyyət göstərdiyimə görə, bu məqamlarla çox qarşılaşmıram. Ailəm isə mənə ilk gündən indiyə qədər dəstək olub və dəstək olmağa da davam edir.
- Bəzən xanımlar futboldan danışanda bəylərə gülməli gəlir. Niyəsə ciddi qəbul etmirlər. Sizcə niyə?
- Niyə? Kim ciddi qəbul etmir ki? Burda nə var ki? Baxır, bəlkə həqiqətən də anlayışı olmayan biri danışır.
- Futbol həyatınızdan nələrisə alıbmı?
- Konkret nəsə deməyə çətinlik çəkirəm. Ümumiyyətlə, belə deyək də, bu kimi işlə məşğul olan insanların şəxsi həyatlarına ayıracaq vaxtları çox az olur. Bəzən də heç olmur. Təəssüf ki, mən də bu məsələdə istisna deyiləm. Amma yenə də nə qədər gərgin iş rejimində çalışsam belə, övladlarıma kifayət qədər vaxt ayırmağa çalışıram. Onları hər zaman, hər şeydən üstün tutmuşam.
- Yəqin ki, işiniz sizdə fərqli xüsusiyyətlər də formalaşdırıb. Məsələn, qadınlara nibətən kişilərlə daha yaxşı dostluq qurmaq...
- Bilrisiz, mənim üçün dostluq çox dəyərlidir. Fərqi yoxdur qadın, ya kişi. Əsas olan o insanla anlaşa bilməyimdir. .
- Bu sahədə hansısa qərarınız sizə peşmançılıq yaşadıb?
- Mən elə bir insanam ki, qəti qərar verirəm. Bu günə qədər heç nəyə görə peşman olmamışam. Səhvsiz insan yoxdur, hətta səhvlərimə görə də peşman deyiləm. Onlar mənə çox şey öyrədib.
- Yəqin bu sahədə sizi təəccübləndirmək də çətindir.
- Hələ də təsirində qaldığım bir hadisəni danışım sizə. Hardasa 1 aya yaxın xarici komandalardan biri ilə danışıqlar aparmışdım. Komanda ilə razılığa gəldikdən sonra futbolçu transferdən imtina etdi. İnanırsınız, şoka düşdüm ki, belə bir komandaya, belə bir ölkəyə, bu cür bir şansa "yox" deməkmi olar?.. Nə bilim, iş həyatında məni təəccübləndirən belə hadisələr olur bəzən..
- İndiyə qədər peşənizin kulminasiya nöqtəsi sizcə, nə olub?
- Azərbaycan futbolu tarixində tarix yazmağım (Gülür). Təbii ki, lisenziya almağımı deyərdim.
- Futbolçularin bir çoxu şəxsi həyatı, sevgililəri ilə gündəmə gəlirlər. Heç olubmu ki, hansısa futbolçu sizə eşq elan etsin?
- Maraqli suallarınız var (Gülür). Təbii ki, "yox" desəm, səmimi olmaz. Olub və bu normal haldır. Amma rusların yaxşı bir sözü var, “iş işdir, dostluq isə dostluqdur”. Mən şəxsi həyat ilə işi heç vaxt bir-birinə qarışdırmağın tərəfdarı olmamışam. Bu ikisi ayrı-ayrılıqda mütləqdir, olmalıdır. Amma onları bir-birinə qarışdırdınsa, vəssalam. İşləyə bilməzsən.
- Ən çox çətinlik çəkdiyiniz transferiniz hansı olub?
- Elə bir ciddi çətinliklərim olmayıb. Amma Avstraliya futbol liqasına futbolçu transfer edərkən müəyyən bürokratik maneələrlə üzləşmişəm. Sənədləri qaydasına salmaqda çətinliklər yaradıblar. Başqa yadıma gəlmir.
- Ən çox sevdiyiniz futbolçu kimdir?
- Əlbəttə ki, Neymar (Gülür). Mən onu çox sevirəm.
Ölkəmizdə futbol inkişaf edir, amma çempionatın səviyyəsi aşağı düşür. Bunu nə ilə əlaqələndirirsiz?
- Belə deməzdim. Dərin analiz etsək, görərik ki, əksinə, uzun illərdir ölkədə keçirilən çempionatların səviyyəsi elə eynidir. Əslində bunun özü də bir uğurdur. Ən azından geriləmə yoxdur. Sadəcə indi 8 komandamız var. Amma buna baxmayaraq, onların hər birinin özünə görə bəzi maliyyə problemləri var. Məhz bu səbəbdən kənardan elə görünür ki, çepmionatların səviyyəsi aşağıdır. Məsələn, xaricdə komandalar gələcək nəsil üçün ciddi diqqət ayırırlar. Burada söhbət uşaq futbolundan gedir. Hazırda Azərbaycanda futbol özünün yüksəliş dövrünü yaşayır. Ümumi dəyərləndirmə heç də pis deyil. Amma qeyd etdiyim kimi, azyaşlılardan ibarət yığmanı ciddiyə almaq, onlara mümkün qədər dəstək olmaq lazımdır. Skautların diqqəti hər zaman uşaqların üzərində olmalıdır, komandalar onları həvəsləndirməlidir və s. Saymaqla bitməz, bu sahədə gərək təəssübkeş olasan ki, nəticə əldə edə biləsən.
- Necə düşünürsüz bizim uşaqlardan ibarət yığmamız gələcəkdə “Qarabağ”ın yazdığı tarixi təkrarlaya biləcək?
- Əlbəttə. “Qarabağ” ilk dəfə Çempionlar Liqasına daxil oldu. İnandırım sizi, buna 80% insanımız ümid etmirdi. Hər kəs onların motivasiyasını aşağı salmağa çalışsa da, “Qarabağ” bunu etdi və gələcəkdə də bütün komandalarımız yüksək nailiyyətlər əldə edəcək, mən inanıram.
- “Qarabağ” Avroliqaya vəsiqə qazana biləcəkmi sizcə?
- Bir “Qarabağ” azarkeşi kimi həmişə demişəm ki, kim “Qarabağ” klubu haqqında danışmaq istəyirsə, zəhmət çəksin iki dəfə fikirləşsin. Hesab edirəm ki, bu klub çox güclü potensialı olan səviyyələri oyunçulardan ibarətdir. Komanda heyətini bir-bir sadalamağa ehtiyac yoxdur, çünki futbol birlik oyunudur. “Qarabağ” klubunu dünya mediası “sürpriz komanda” adlandırırdı. Bu səbəbdən də hər kəs “Qarabağ”ın gözlənilməz nəticələrə imza atacağına daha şübhə etmir. Hər şey bir kənara, bir məsələ də var ki, yüksək səviyyəli oyunçulardan ibarət olan komandamız növbəti mərhələyə keçə bilməsə belə, bu bizim üçün böyük qələbədir. Çünki onlar, “Roma”, “Atletiko Madrid” kimi güclü komandalarla meydanda inanılmaz performans sərgiləyiblər.
- Qurban Qurbanov artıq Milli komandanın başına keçdi. Sizcə bu “Qarabağ”a təsir edəcəkmi?
- Bəli, Qurban Qurbanov artıq özünü sübut etmiş bir məşqçidir. Artıq Milli komandamız onun peşəkarlığından bəhrələnəcək. Bizə yalnız ona uğurlar diləmək düşür. Bilirsiz, bu dəyişiklik geniş müzakirələrə səbəb oldu. Bir qrup azarkeş düşünür ki, buna ehtiyac yox idi, uğursuz təyinatdı. Digər qrup isə bunun uğurlu təyinat olduğunu düşünür və dəstəkləyir. Yəni, reaksiya 50-50-yə. Mən şəxsən inanıram ki, Qurbanov yığmamızın heyətinin tam peşəkar səviyyəyə yüksəlməsinə kömək edəcək. Onları istər texniki cəhətdən, istərsə də ruhən motivasiya edəcək və ölkə çempionatlarında komandaların oyununda biz bu mühüm dəyişiklikləri hiss edəcəyik. Komandalar gələcəkdə yüksək nailiyyətlər əldə edəcəklər, mən buna tam əminəm. Çünki onun çox gözəl müşahidə qabiliyyəti var. O, qarşılacağı rəqibin texnikasını, manevrlərini tam şəkildə analiz edə bilir və oyunçuları sırf həmin istiqamətə yönəldir. “Qarabağ” oyununda biz bunun şahidi olduq. Əminəm ki, eynisini Milli komandamızın da oyunlarında müşahidə edəcəyik. Bu birmənalı şəkildə belə olacaq. Məşqçi kimi o, bu məsuliyyətli işin öhtəsindən uğurla gəlir. Bir məqamı xüsusi diqqətə çatdırmaq laızmdır: yığmamızın sükanını arxasındakı digər məşqçilərdən fərqli olaraq, Qurban Qurbanov azərbaycanlıdır. Bu isə o deməkdir ki, o, Millinin uğur qazanmasında tək məşqçi kimi yox, həm də bir azərbaycanlı olaraq maraqlıdır. “Qarabağ” klubunun oyunçuları ona güvəndi və nəticə ortadadır. Əgər Milli komandamızın heyəti də ona güvənərək təlimatlara riayət etsə, “Qarabağ”ın uğurlarını təkrar-təkrar onların timsalında görə biləcəyik.
- Günel xanım, fəaliyyətiniz müddətində elə futbolçu varmı ki, onu siz məşhurlaşdırmısız, yəni sizin sayənizdə tanınıb?
- Əlbəttə ki, var. Gözlədiyimdən də uğurlu transferlərim olub və hazırda da həmin futbolçular mənimlə çalışırlar. Amma gəlin, açıq danışaq. Futbolçunun kariyerasında transferdən öz potensialı daha önəmlidir. Bir futbolçu performansı ilə seçilməsə, heç kim onu transfer etməz. Yəni, artıq transferə qədər futbolçu müəyyən kütlə tərəfindən sevilib-seçilir. Ədalət naminə bunu mütləq qeyd etmək istərdim. Futbolçunun məşhurlaşmasında özünün rolu daha böyükdür. Bir oyunçunu “Çelsi” klubuna belə transfer etsəniz, o yaxşı performans sərgiləyə bilməsə, heç vaxt tanınmayacaq.
- Bəzi futbolçularımız burada öz klublarımızda yaxşı maaş aldıqları üçün xaricdən gələn təklifləri xoş qarşılamır və legioner həyatı yaşamaq istəmirlər. Buna necə baxırsınız?
- Azərbaycan çempionatı Avropa və bəzi başqa ölkələrdə o qədər də ciddiyə alınmır. Düşünürəm ki, bunun birinci səbəbi məhz budur. Elə bu səbəbdən də bizim futbolçularımızın legioner həyatı çətin olur. Ümid edirəm ki, bu da yaxın gələcəkdə öz həllini tapacaq. Artıq “”Qarabağ” , “Qəbələ” klublarının oyunları sayəsində Avropada tanınmağa başalmışıq. Belə deyək də, bəzi komandalar, hansı ki, oyunçularının səviyyəsi bizim oyunçularımızdan bir az yaxşı və maaş tələbi də azdır, onlara daha çox üstünlük verilir. Məsələn, bu xüsusilə Afrika və Balkan ölkələrinə aiddir. Amma buna baxmayaraq, yenə də ümidsizliyə qapılmaq düzgün deyil. Biz də menecerlər olaraq bu problemin aradan qaldırılması üçün əlimizdən gələni edirik. Siz də razılaşarsız ki, burda kifayət qədər yüksək məvacib alan və tanınan futbolçunu, hazırki məvacibindən aşağı qiymət təklif edən hər hansı bir kluba transfer etmək çətindir. Rusiyada da menecerlər bizimlə eyni problemlərin həlli üçün çıxış yolları axtarırlar. Bizim üçün Rusiya çempionatı güclü gəlir, amma ümumi baxsaq, dünya bazarında onların futbolçularına da maraq yoxdur.
- Çempionatımızda klubların sayı get-gedə azalır. Qorxmursunuzmu ki, belə getsə, bir neçə klub qalacaq və sizin də peşənizə təsir edəcək? Hətta işsiz qala bilərsiniz...
- Kim də işsiz qalsa, mən qalmaram (Gülür). Belə bir şeyin olacağına ehtimal vermirəm. Siz ele bilirsiz ki, komandalara hər sezon 5-6 transfer edirik?! Əsla belə deyil. Transfer işi sizə asan gəlməsin. Bu qətiyyən komandaların azlığından və ya çoxluğundan asılı olan məsələ deyil. Əsas məsələ komandanın istəyini yerinə yetirməkdir. Bu məsələdə şans hər zaman ikinci plandadır.
- Xarici futbolçularla da işlədiyinizi eşitmişəm. Başqa ölkələrdən konkret iş təklifi gəlirmi?
- Bəli. İş təklifləri çox olur. Xüsusilə Avropa və Türkiyədən təkliflər alıram. Amma mən vətənpərvər insanam. Düşünmürəm ki, Bakıdan başqa hardasa yaşaya bilim.
- Bayaq siz də vurğuladınız ki, ölkədə uşaq futboluna daha çox diqqət ayrılmalıdır. Azərbaycanın bir sıra bölgələrində əsas komandaların vəziyyətindən tutmuş, uşaq futboluna kimi mənzərə heç də ürəkaçan deyil. Bu barədə nə düşünürsüz?
- Bu tam ayrı bir mövzudur və geniş diqqət tələb edir. Buna iki kəlmə ilə cavab vermək qeyri-mümkündür. Bu məsələni aradan qaldırmaq üçün daha böyük layihələr, maliyyə vəsaiti lazımdır. Həll ediləcək çox problemlər var. Bu sahəyə ciddi məbləğdə xərc çəkilməlidir. Şəxsi fikrimi qısa olaraq, belə qeyd edim, məsələn yaxşı olardı ki, yığma komandaya cəlb edilən mənasız legionerlərə xərclənən vəsaitləri bölgə və uşaq futbolunun inkişafına yönəltsinlər. İnanın ki, bu proyekt gerçəkləşərsə, futbol tamamilə yeni dövrə addım atar. "İnkişaf, inkişaf" deyirik, amma lazımi dəstəyi vermirik.
- Nə zamansa klub sahibi olsanız, ilk görəcəyiniz iş nə olardı?
- İnşallah. İnşallah ki, dediyin kimi öz şəxsi klubum olar (Gülür). Yəqin ilk işimi ətrafıma güvənəcəyim, etibar edə biləcəyim heyəti toplamaqla başlayardım. Çünki komandanın uğuru düzgün idarəçilikdən başlayır. Daha sonra, yaxşı məşqçi, onunla eyni səviyyədə olan skaut ve menecerlər. Ardıcıllığı niyə beləd dedim? Çünki yaxşı skautlar olmasa, güclü komanda yığmaq çətin olar. Menecerlərlə işləməsən, onlara şərait yaratmasan, futbolçuları başqa komandalara transfer edə bilməzsən. Çünki komanda gəlir gətirməsə, büdcədən idarə etməklə onu uzun müddət ayaqda saxlamaq olmaz. Və ələlxüsus uşaq futbolu. Onların Avropa klublarında heç olmasa, 1 il təlim keçmələri üçün əlimdən gələni edərdim. Bütün bunları bir gün mütləq gerçəkləşdirəcəm. Mütləq.
- Günel xanım maraqlı söhbətiniz üçün təşəkkür edirəm.
- Xoşdur. Sizinlə də söhbət maraqlı oldu.
Könül Cəfərli
-
Ekologiya14:00
Sabahla bağlı əhaliyə XƏBƏRDARLIQ
-
Elm və təhsil13:37
Azərbaycanda fəlsəfə doktoru vəfat etdi - FOTO
-
MDB13:26
Kaş qolu yox, boynu qırılardı... - Medvedev təəssüfləndi
-
Magazin213:05
Milyarderin xanımı transparan geyimi ilə diqqət çəkdi - FOTO
-
Ekologiya12:32
Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ
-
Kriminal11:19
Paytaxtda QANLI GECƏ: ailə üzvləri yaşadıqları evdə bıçaqlandılar - YENİLƏNDİ
-
Dünya11:05
İran bu ölkə ilə sərhədi BAĞLADI
-
İKT08:36
"Telegram"dan möhtəşəm YENİLİK: onu sata da bilərsiniz