Xüsusi
Azərbaycanda Çin təqvimi möcüzəsi: Ayın 28-nə qədər vaxtınız var - FOTOLAR
Qədim mədəniyyət mərkəzi olan Çin çoxsaylı özəlliklərinə görə daim dünya xalqlarının diqqət mərkəzində olub. Bu əsrarəngiz məmləkətin əsas atributlarından biri də 3 min ildən artıq yaşı olan Çin təqvimidir.
Ənənəvi Çin təqviminin əsas maraqlı cəhəti odur ki, istənilən zaman kəsiyinin insanın daxili və zahiri aləmi ilə vəhdətini, həmçinin qarşılıqlı təsirini müəyyən edə bilir. Odur ki, təqvim Çin cəmiyyətində kainatın, dünyanın yaradılışını təsvir edən əsas nəzəriyyələrdən biridir. Çin təqviminin ilk baxışdan çox mürəkkəb görünən xüsusi qanunları və hesablama qaydaları var. Lakin ətraflı məlumat əldə etdikdən sonra həyat haqda təsəvvürlərimizi səhmana salır.
Maraqlıdır ki, 3 min ildən çox tətbiq edilən bu təqvim 12 heyvan ünsürünün bir-birini əvəzləməsi şərtilə 60 illik dövriyyə üçün nəzərdə tutulub. Bu heyvanlar siçan, öküz, pələng, dovşan (pişik), əjdaha, ilan, at, qoyun (keçi), xoruz, it və qabandır ki, bu da təsadüfi sıralanma deyil. Əfsanəyə görə, Budda Yeri tərk edəndə məhz bu heyvanlar onunla sağollaşmağa gəlmişdilər. Bu təqvimin Qərbdə məşhurlaşması isə yaxın keçmişə təsadüf edir.
Şərq inanclarına görə, Çin təqviminə daxil olan heyvanlar onların ilində doğulan insanların xarakterinə birbaşa təsir etmək iqtidarındadırlar. Vurğulamaq lazımdır ki, çinlilər bu uyğunluğa çox inanırlar.
Ənənəvi təqvim Şərqi Asiya ölkələrində də geniş vüsət almağına baxmayaraq, müəyyən təhriflərə uğrayıb. Həmçinin Qriqorian təqvimindən fərqləndiyi üçün doğulduğunuz illə bürcünüz fərqli ola bilər.
Bu təqvim adətən Şərqi Asiyada uğurlu günü müəyyən etmək üçün istifadə olunur. Məsələn, toy və digər önəmli günlər üçün əlverişli tarixin hesablanmasında “ay” təqvimi asiyalıların köməyinə çatır.
Çində qriqorian təqvimi “standart”, yaxud “qərbi” adlandırılır. Həmçinin milli və Qərbi təqvimi ayırd etmək üçün birinə “köhnə”, digərinə “yeni” adı verilib.
Çin təqvimi haqda bir sıra əfsanələr mövcuddur ki, onlardan ikisi çox məşhurdur.
Birinci fərziyyəyə görə, günlərin bir günü Budda doğum gününə bütün heyvanları dəvət edir. Onlardan sadəcə 12-si dəvəti qəbul edir. Çovğunlu hava olduğundan çayı keçib, Buddanın hüzuruna yetişmək böyük çətinlik törədirdi. Məhz bu dəyərə görə, Budda gələn heyvanları mükafatlandırıb, hərəsinə idarə etmək üçün bir il verir, özü isə göylərə çəkilir.
Yəqin ki, hər birinizə maraqlıdır ki, niyə pişik və dovşan ilində iki heyvanın adına rast gəlirik. Əfsanəyə görə, növbə ilə çayı keçib, doğum gününə tələsən heyvanlar bir-birinin ardınca Buddanın hüzuruna çıxırlar. Budda isə diqqətsizliyi ucbatından dördüncü heyvanın pişik, yaxud dovşan olduğuna dəqiq qərar verə bilmir. Odur ki, hələ də bir il altında iki heyvanın hökmranlığı müşahidə olunur.
İkinci əfsanədə isə deyilir ki, Nefrit (yəşim daşı) İmperatoru öz nökərini göydən yerə göndərir ki, 12 ən gözəl heyvanı seçib, mükafatlandırsın. Nökər Yer üzünə enəndə qarşısına ilk çıxan siçan olur. Daha sonra isə digər 10 heyvanı tapır. Uzun axtarışın sonunda pişiyi görüb, gözəlliyinə aşiq olur və onu da göyün 7-ci qatına sahibinin hüzuruna çağırır. Tənbəl pişiksə yatmağı çox sevdiyindən siçandan xahiş edir ki, onu sübhdən oyatsın. Hiyləgər siçan özünə bəzək-düzək verəndən sonra nə etsə də, pişikdən gözəl olmayacağını anlayır və onu oyatmır.
Siçan mərasimdə musiqi alətində ifa edərək, hökmdar tərəfindən ilk mükafatı alır. Beləcə ikinci yeri öküz, üçüncünü pələng, dördüncünü dovşan, beşincini əjadaha, altı və yeddincini ilan və at, səkkizincini qoyun, doqquzuncunu meymun, onuncunu xoruz, on birincini isə it tutur. 12-ci yerin sahibi tapılmadığından hökmdarın nökəri yerə enib, ilk rastına çıxan qabanı göy qatına aparır. Yuxudan gec oyanan pişik tələsik görüş yerinə qaçır. Lakin təəssüf ki, artıq çox gec idi və hökmdar pişiyə qəzəblənmişdi. Buna baxmayaraq, sevimli heyvanı dovşanla bir sıraya qoyur. Siçanın satqınlığını bağılşaya bilməyən pişiksə günümüzədək ona nifrətlə yanaşır. Təbii ki, bu bir əfsanə olsa da, insan bəzən nağıl dinləməyə mənəvi ehtiyac duyur.
Bu gün Çin təqvimi əsasən, ay və ay-günəş təqvimlərinə bölünür. Hazırdə bu ölkədə qriqorian təqvimi tətbiq olunsa da, xalq öz ənənələrinə sadiq qalır və ay təqvimi üzrə bahar bayramını, yəni yeni ilini qeyd edir. Yeni il gecəsi adətən təzə ayın doğulduğu gecəyə təsadüf edir.
Ölkəmizdə yaşayan müxtəlif xalqların adət-ənənələrinə hər zaman hörmətlə yanaşan dövlətimiz Çin xalqının “ay təqvimi” ilə Yeni ilini də unutmadı. Belə ki, fevralın 14-ü Azərbaycan Xalça Muzeyinin “Xalçalar və əfsanələr” layihəsi çərçivəsində “Çin təqvimi üzrə yeni il” sərgisi start götürdü. Məhz bu tarixdə Çin təqvimi üzrə itlə birgə, yeni il daxil olur. Odur ki, sərgidə bu heyvanın təsvir olunduğu xalça nümunələrimiz nümayiş edilir.
Muzeyin direktoru Şirin Məlikova tədbiri giriş sözü ilə açaraq, iki dövlətin mədəniyyətləri arasındakı dostluq münasibətindən danışdı və Çin xalqını bolluq-bərəkət gətirən Yeni il münasibətilə təbrik etdi.
Çin Xalq Respublikasının ölkəmizdəki səlahiyyətli səfiri Vey Cinq Xua qonaqları salamlayaraq, göstərilən diqqətə görə, Azərbaycan dövlətinə minnətdarlığını bildirdi. Səfir vurğuladı ki, bu bayram Çin xalqı üçün Azırbaycanda böyük sevinclə qeyd olunan Novruz bayramına bərabər əhəmiyyətə malikdir.
Daha sonra tədbirə qatılan qonaqlar, dövlət rəsmiləri, mədəniyyət xadilmləri, eləcə də müxtəlif xalqların nümayəndələri maraqla sərgi salonuna yollandılar.
İt Azərbaycan xalçalarında əsas təsvir nümunələrindən biridir. Onun birbaşa gerçək təsviri ilə yanaşı, simvolik mənası da mövcuddur. Belə ki, it sahibini nəinki gözlə görünən düşmənlərdən, eləcə də pis ruhlardan qoruyur. Türklərin genealoji əfsanələrində canavar, yəni türkərin ulu babası itin törəməsi sayılır. Odur ki, bəzi xalçalarda təsvir edilmiş canavar (it) təsviri totem mənası daşıya bilər.
Maraqlıdır ki, bəzi Çin xalqlarının nümayəndələri arasında da it totem heyvan sayılır. Hətta qədim Çin əfsanəsinə görə, bir hökmdarın sarayında Panxu adlı beşrəngli it yaşayırmış. Panxu öz hökmdarını hətta ən güclü düşmənlərindən qoruyarmış. Ordunun ən güclü döyüşçülərini şücaəti ilə geridə qoyan Panxu hökmdarın qızı ilə evlənir. Bu gün Yao və Şi xalqları Panxu adlı itin və hökmdar qızının törəmələri hesab olunur.
Qeyd edək ki, sərgidə təqdim olunan xalçaların bir neçəsi muzeyin ehtiyat bölməsinə aiddir və ilk dəfə qonaqların diqqətinə təqdim edilir.
Azərbaycan Xalça Muzeyinin Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyi ilə birgə təşkil etdiyi “Çin təqvimi üzrə yeni il” sərgisinin açılış mərasimi Çin mətbəxinə aid təamlardan ibarət ziyafətlə sona çatdı.
"Çinsayağı" Yeni ilin ilk günü start götürən maraqlı sərgi fevralın 28-dək davam edəcək. Güc-qüdrət və bərəkət rəmzi olan it təsvirlərilə zəngin xalça nümunələrinin sehrinə düşmək istəyirsinizsə, mütləq yolunuzu Azərbaycan Xalça Muzeyindən salın.
Leyla Sarabi
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?