Onlayn medianın 10 yaşlı veteranı: "Birinci ay nə etdiyimizi anlamırdıq, amma sayt işləyirdi" - REPORTAJ
Bizi izləyin

Xüsusi

Onlayn medianın 10 yaşlı veteranı: "Birinci ay nə etdiyimizi anlamırdıq, amma sayt işləyirdi" - REPORTAJ

Doğum günü digər günlərə bənzəmir. Bu gün bütün təbriklər ürək çırpıntıları ilə başlayıb, qəlbimizin məhsulu olan ən gözəl arzularla bitir. Bu günün sübhündə üzümüzə gülən günəş də, gecəni bəzəyən ay da bir başqa işıq saçır səmaya. Bu gün bütün istəklərin gerçəkləşəcəyinə lap ürəkdən inanır insan.

Xüsusən də söhbət bütöv bir ailənin doğum günündən gedirsə... Bəli, bu gün çiynində daşıdığı xəbər yükü, ölkə mediasında tutduğu layiqli yeri ilə oxucularının sevimli yenilik lenti lent.az 10 yaşına qədəm qoyur. Həmkarlarımızı təbrik etmək üçün "APA Holdinq"ə yollandıq.

Hər kəs iş başında, hər jurnalist yazdığı yeni xəbəri oxucusu ilə bölüşmək sevdasında...

İlk həmsöhbətim saytın baş redaktoru Qabil Abbasoğludur.

- Qabil bəy, təbrikin böyüyü, kiçiyi olmur, amma sizə çox böyük təbrik düşür. 10 ildir faydalı və məsuliyyətli işin öhdəsindən gəlirsiniz.

- Sağ olun, var olun!

- Daim xəbər lenti yenilənən Lent.az necə ərsəyə gəldi?

- 2008-ci ilin may ayında “Gün səhər” qəzetindəki fəaliyyətimi dayandırdım. Televiziyalardan bir sıra təkliflər gəlsə də, razılaşmırdım. Çünki mən daha çox çap mətbuatı sahəsində təcrübəli idim. Hətta qəzetdə çalışdığım dövrdə də "APA Holdinq"in rəhbəri Vüsalə xanımla mehriban münasibətimiz vardı. Bəzən görüşüb, söhbətləşirdik. Vüsalə xanım qəzetin fəaliyyətinin dayandığını öyrənəndə mənə zəng edib, holdinqə dəvət etdi. Onun bu jesti həm həmkar etikası, həm də bir kömək xarakteri daşıyırdı. Görüşdük, söhbətin yekununda dedi ki, belə bir layihə var, işləmək istəyirsinizmi? İşin mürəkkəb tərəfi o idi ki, o vaxt internet media demək olar ki, yox idi. Biz ümumiyyətlə, görəcəyimiz iş haqda dolğun məlumata sahib deyildik. Azərbaycanda cəmi bir internet saytı vardı - day.az. O da rusca fəaliyyət göstərirdi. Başqa belə bir resurs yox idi. Bu məhsul necə ərsəyə gəlir, sayt necə çalışır, təsəvvürümüz yox idi. Tam səmini etiraf edirəm, ilk ay texniki cəhətdən nə etdiyimizi anlamırdım. Amma sayt çalışırdı (Gülürük).

- Çapdan onlayn mediaya keçiddə bu hiss tam normaldır.

- Hətta qəzetçi dostlar yeni işim barədə soruşanda zarafatla deyirdim ki, yenə qəzet çıxardırıq, amma çap etmirik. Yazırıq, yığırıq, təkcə çapa vermirik. Hətta qəzetdə yeni sayımız çap olunanadək gözləyirdik. Bəzən gecənin bir yarısı işdən çıxırdıq. Burada isə iş axşam 6-7 arası bitirdi. O vaxt qardaşım Xalid də bizimlə işləyirdi. Axşam işdən çıxıb, metroya gedirdik. Birdən mən ayaq saxladım. Qardaşım dedi, niyə gəlmirsən? Dedim, axı mən heç vaxt bu saatda işdən çıxmamışam. Bilmirəm hara gedim, nə edim...

- Bəs qəzetlə saytın önəmli fərqi hansıdır?

- Qəzet elədir ki, çap olundusa, artıq xalqın məhsuludur, onu geri çəkə bilmirsən. Saytda isə belə namərd cəhət var: istədiyin materialı oxucunun əlindən ala, silə bilərsən.

- Qabil müəllim, işçilərinizdən razısınız?

- Əlbəttə, istəyirsiniz, özünüz də danışıb, əmin ola bilərsiniz. Biz ailəyik, iş yoldaşı yox...

- Xəyalə xanım, ailənizin 10 yaşını təbrik edirəm.

- Çox sağ olun, inanın ki, biz sözün əsl mənasında mehriban ailəyik. Bir-birimizi evdəkilərdən çox görürük. Hətta baxın, (ayaqlarındakı çəkələyə işarə edir) ayaqqabılarımızı da çıxarıb özümüzü evimizdəki kimi hiss edirik.

- Xəyalə xanım, bəs bu gözəl ailədə sizin missiyanız nədən ibarətdir?

- Müsahibələr edirəm, araşdırma yazılar olur.

- Müdirinizə təklifiniz varsa, bizim vasitəmizlə çatdıra bilərsiniz.

- Qabil müəllim bizim müdirimiz deyil, dostumuzdur. İstənilən mövzunu, problemi özü ilə həll edirik.

Xəyalə xanımın yanında başı yazıya bərk qarışmış gözəl bir xanım da əyləşib.

- Sizi 5 dəqiqə işinizdən ayıra bilərəm?

- Əlbəttə, buyurun.

- Tanış olaqmı?

- Yasəmən Bağırova. İki aydır ki, burada sosial müxbir vəzifəsində çalışıram. Bundan öncə ailəm.az saytında işləyirdim. Orada iş tempi bura nisbətən daha yavaş idi. İndi isə daha hərəkətli iş rejiminə keçmişəm. Bilirsiniz də, sosial mövzular cəldlik tələb edir. Lent.az ailəsi sağ olsun, nə kömək lazımdırsa, edirlər. Doğum günümüzü mən də təbrik edirəm!

Növbəti yubilyarımız isə Tural Turandır:

- Saytın sonbeşiyi mənəm.

- Neçə yaşınız var ki?

- 28. Lent.az-da iş fəaliyyətinə ən gec başlayan da mənəm.

- Sonbeşik kimi nazınızla oynayırlar?

- Əlbəttə... Bu gün saydım ki, saytda 150-ci yazım yayımlanıb. Əsasən rayonlara gedib, reportajlar hazırlayırıq. Sosial mövzulara toxunuruq.

- Maaşınız qane edir?

- Maaşım da daxil, hər şeydən razıyam.

- Onda belə çıxır ki, sonbeşik bu gün sayta xəbər yerləşdirməsə də, statusuna görə keçirlər?

- Bizə bu barədə tam azadlıq verilib. Heç kim ayın sonunda demir ki, nə qədər yazı yazmısan, gəl göstər. Elə məhz bu fakt da məsuliyyətimizi birə beş artırır. Daha operativ işləməyə sövq edir. İstəyirsən ki, xəbəri digərlərindən tez yazıb, sayta yerləşdirəsən.

- Ümid edək, sonadək belə davam edər.

- Təşəkkür edirəm.

Bu gün istənilən saytda olduğu kimi, lent.az-ın da ən çox oxunan xəbərləri sırasında ön yerlərdə şou materiallar durur. Kim kiminlə saçyolduya çıxdı, hansı ulduz özünə bahalı maşın aldı... bunların hamısından Yalçın Uğur xəbər verir.

- Ümumiyyətlə, şou-biznes barədə yazan jurnalistlər kollektivin maraqlı üzvləri sayılırlar. Çünki danışmağa mövzuları çox olur.

Kənardan xanımlar söhbətə müdaxilə edirlər:

- Bütün maraqlı yenilikləri Yalçın çatdırır bizə. Onun kasasında həmişə söhbət var.

- Mən qalmaqallı jurnalistəm. Özüm gərginlik yaratmağı sevmirəm, amma nədənsə şou əhli bəzən məni düşmən gözündə görürlər.

- Maraqlıdır, sizi indiyədək məhkəməyə veriblər?

- Dəfələrlə. Hətta ilk hədə-qorxu gələnlər arasında rəhmətlik İlhamə Quliyeva da vardı (Gülürük).

- Yəqin primadonnadan sonra məhkəmə təhdidləri sizin üçün daha da adiləşdi.

- Bilirsiniz, bu bütün dünyada belədir. Bizim vəzifəmiz tanınmış simalar haqda yayılan yenilikləri, şayiələri oxucuya, onların pərəstişkarlarına çatdırmaqdır. Bu isə bəzən ulduzlarımızı qıcıqlandıra bilər. Amma bizim sahəmizə görə saytda bəzən ədalətsizlik də baş verir. Məsələn, bir əməkdaşımız günün mühüm problemindən, yaxud daha vacib məsələdən yazır, məqaləsi az oxunur. Mən də hansısa ulduzun bahalı geyimi barədə xəbər hazırlayıram, oxunma sayına görə qat-qat önə keçir.

- O zaman sizə ən çox oxunan məqalələr arzulayıram.

Növbəti həmkarıma yaxınlaşıb təsadüfən eyni sualı verirəm:

- Bəs sizi indiyədək məhkəməyə verən olub?

- O qədər... Hətta ofisimizədək gəlib, hədə-qorxu gələnlər də tapılıb. Bir neçə dəfə olub ki, ailəmə, uşaqlarıma xətər yetirəcəkləri ilə qorxudublar.

- Əslində bunu zarafatla soruşmuşdum, amma belə anladım ki, kriminal hadisələrdən yazırsınız.

- Bəli, Qabil müəllimdən sonra saytın ən qocaman işçilərindən biri də mənəm. 2010-cu ildən bəri lent.az ailəsindəyəm.

- Maraqlıdır, xoşagəlməz hadisələr baş verəndə rəhbərlik arxanızda dururmu?

- Bəli, hər zaman dəstək olurlar. Kriminal hadisələrdən yazan jurnalistin başı daim ağrımalıdır. Bu da bir növ peşə tələbidir.

- Əminəm ki, artıq ən dəhşətli qətl hadisələrini də adi qarşılamağa çalışırsınız. Amma yəqin ilk vaxtlar daha çətin olurdu.

- İlk dəfə bir qətl hadisəsindən yazmışdım. Bir gənc intihar etmişdi. O qədər təsirlənmişdim ki, hətta yuxuda kabus gördüm, amma tədricən alışdım. Nə edə bilərik? Bizim sahəmiz də budur. Bir sıra etibarlı mənbələrlə əməkdaşlıq edirik. Hətta elələri var ki, neçə illərdir telefonla danışırıq, amma bir-birimizi görməmişik. Hətta bir dəfə tez-tez zəngləşib, məlumat aldığım xanım avtomobil qəzasına düşmüşdü. Mən xəstəxanaya gedib, onu ziyarət də edə bilmədim. Əvəzində gül yolladım.

Söhbət zamanı tanınmış jurnalist, onlarla maraqlı layihələrin müəllifi Vüsalə Məmmədova redaksiyaya daxil olur. Dostlarını bir-bir qucaqlayıb təbrik etməyə macal vermirəm.

- Vüsalə xanım, doğum gününüz mübarək!

- Təşəkkür edirəm.

- Uzun müddətdir lent.az-la əməkdaşlıq edirsiniz. Daha çox Qarabağ probleminə, unudulmuş qəhrəmanlarımıza həsr edirsiniz yazılarınızı.

- “Qız-qıza” layihəmiz də vardı. Qonaqlarım yalnız xanımlar idi. İndi yeni mövzu ilə oxucuların görüşünə gələcəyik - “Əbədi tələbələr”... Bu layihədə tələbəçiliyini yarımçıq qoyub, Qarabağ uğrunda savaşa gedərək, vətən uğrunda şəhid olan gənclərimizin acı taleyindən bəhs olunur. Əslində belə insanları hər kəs tanımalıdır. Qarabağ mövzusuna daha çox toxunmalıyıq ki, unudulmasın. Universitetlərə gedib, sənədləri üzə çıxarıram, bilinməyən faktları araşdırıb, yazıram.

- Bəs ali məktəb rəhbərləri bu mənbələri sizinlə bölüşməyə razı olurlarmı?

- Lent.az adının verdiyi güvən, "Vüsalə Məmmədova" demək kifayətdir ki, istədiyim mənbə haqda materialları əldə edim.

- Kəmalə xanım, saytın ağırlığı bir redaktor kimi sizin də çiyinlərinizdədir. Ürəkdən təbrik edirəm.

- Çox sağ olun. Xoş gəlmisiniz.

- Bəlkə, siz də duyğularınızı dilə gətirəsiniz?

- Biz burada mini ailə ortamı yaratmışıq. İşimiz bəzən çox ağır olur. Bəzən intihar və digər cansıxıcı xəbərlərin ardı-arası kəsilmir. Bütün bunların da stressini birgə atırıq. Söhbətləşməyə də zaman tapırıq, zarafatlaşmağa da... Qabil müəllimlə işləmək çox rahatdır. İnsan kimi də olduqca yaxşı adamdır. Mən fürsətdən istifadə edib, lent.az-da hətta bir gün belə işləmiş keçmiş işçilərimizi təbrik edirəm. Bu gün həm də onların bayramıdır, lent.az-ın varlığı həm də onların zəhmətinin bəhrəsidir. Özümüzə isə daha neçə-neçə onilliklər arzulayıram.

Leyla Sarabi

Foto: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm