Mərakeşli səfirdən ölkəmizlə bağlı MÖHTƏŞƏM AÇIQLAMALAR: Azərbaycana gələn ərəb turistlər qayıdanda danışırlar ki...
Bizi izləyin

Xüsusi

Mərakeşli səfirdən ölkəmizlə bağlı MÖHTƏŞƏM AÇIQLAMALAR: Azərbaycana gələn ərəb turistlər qayıdanda danışırlar ki...

Publika.az-ın özəl qonağı Mərakeş Krallığının Azərbaycandakı səfiri Məhəmməd Adil Embarşdır.

- Cənab Səfir, bizə Mərakeş haqda məlumat verə bilərsinizmi? Ümumiyyətlə, ölkənizdə heç vaxt olmayanlara Mərakeşi necə tanıdardınız?

- Mərakeş öz coğrafi mövqeyinə görə həmişə sivilizasiyaların kəsişməsi olub. Atlantik okeanı və Aralıq dənizləri arasında yerləşir. Olduqca qədim və zəngin tariximiz, rəngarəng mədəniyyətimiz var. Ölkəmiz tolerantlığın mərkəzi sayıla bilər. Burada müsəlmanlar, xristianlar, yəhudilər birgə sülh içərisində yaşayırlar. Mərakeş xalqı çox qonaqpərvərdir. Həmçinin ərəb müsəlman dünyasının mühüm krallıqlarından biridir. Milli mətbəximiz də zəngin və müxtəlifdir.

- Adil bəy, Azərbaycan və Mərakeş arasındakı ikitərəfli münasibətləri necə dəyərləndirirsiniz? Sizcə iki dövlətin diplomatik əlaqələrində əsas nailiyyətlər hansılardır?

- Azərbaycan müstəqilliyinə qovuşandan sonra ilk diplomatik əlaqə qurduğu ölkələrdən biri də Mərakeş olub. Uzun illərdir ki, münasibətlərimiz daha da güclü kök atıb. Siyasi əlaqələrimiz Rabatda, Bakıda, eləcə də beynəlxalq forumlar səviyyəsində daha da möhkəmlənir. Mərkaeş də, Azərbaycan da bir sıra beynəlxalq təşkilatların fəal üzvləridir. İki ölkə arasında sıx münasibətlərin bir səbəbi də şübhəsiz ki, bu tərəfdaşlıq və ümumi maraqlardır. Hər iki ölkə 2012-2013-cü illər ərzində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri seçilmişdilər. Birgə əməkdaşlıq Nyu-York və digər mühüm şəhərlərdə baş tuturdu. Bu da təsadüfi deyildi. Çünki hər iki dövlətin əsas məqsədi ərazi bütövlüyünü qorumaq, terrorla mübarizə, islami dəyərlərin yayılmasıdır. Bu əməkdaşlıq çərçivəsində hər iki dövlətin rəsmiləri arasında görüşlər baş tutdu, sənədlər imzalandı. Turizmin inkişafı baxımından əhəmiyyətli mədəni tədbirlər təşkil olundu. Lakin bu o demək deyil ki, əldə etdiyimiz uğurlarla kifayətlənməliyik. İstənilən münasibətdə olduğu kimi Azərbaycan Mərakeş arasında olan əlaqələr də günbəgün inkişaf edib, gücləndirilməlidir. Bu istənilən sahəyə aiddir. İstər siyasi, mədəni, ticari, istərsə də insanlarımız arasında olan əlaqələr dövlətlərimizin gücündən qidalanmalıdır. Bu baxımdan hər iki dövlətin kifayət qədər zəngin potensialı var. 2017-ci ildə dostluq və tərfdaşlığımızın 25-ci ilini qeyd etdik. İqtisadi-siyasi, mədəni münasibətlərimizin daha da möhkəmləndirilməsi yolunda bir sıra mühüm addımlar atdıq.

Onu da qeyd edim ki, bu ilin mart ayında Bakıda Mərakeş və Azərbaycan arasındakı tərəfdaşlığın müzakirəsi üçün Birgə Komissiyanın ilk iclası gerçəkləşdi. Hər iki ölkənin xarici işlər nazirləri görüşüb, bir sıra sahədə gələcək əməkdaşlıq haqda müqavilələr imzaladılar.

L’image contient peut-être : 4 personnes, personnes debout, costume, mariage et intérieur

- Azərbaycanda yaşayan mərakeşli qardaşlarımızın güzəranı necə keçir? Ölkəmiz dost xalq üçün turistik ərazi kimi nə dərəcədə maraqlıdır? Mərakeşdən bizə qonaq gələn turistlər vətənimizin təhlükəsizliyini necə dəyərləndirirlər?

- Düşünürəm ki, bu gün Azərbaycan beynəlxalq miqyasda öz imicini möhkəmləndirmək üçün kifayət qədər əmək sərf edir. Bunu mərakeşli turistlər də dərindən duyur. Çünki bizim aramızda bənzərlik çoxdur. Zəngin tarix, mədəni rəngarənglik, təbii gözəllik, həmçinin tolerantlıq və müasirlik kimi ortaq cəhətlərimiz çoxdur. “Formula 1”, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq layihələr, Alov qüllələri, Bayraq Meydanı, Heydər Əliyev Mərkəzi kimi məkanlar ölkənizi nəinki Mərakeşə, bütün dünyaya tandır. Son iki ildə mərakeşli turistər Azərbaycana daha çox axın edirlər. Buna səbəbsə turizm infrostrukturu, əlverişli landşaftı, təhlükəsizliyi, dadlı mətbəxi və qonaqpərvər insanlarıdır. Mərakeşli turistlər ölkəmizə geri dönəndə Azərbaycan haqda ancaq pozitiv şeylər söyləyirlər. Xüsusən də sosial şəbəkələrdə maraqlı müzakirələr olur.

- Cənab Səfir, sizcə mərakeşli turistləri ölkəmizə daha çox cəlb etmək üçün daha hansı turizm islahatları aparmalıyıq?

- Yuxarıda qeyd etdiyim kimi, Azərbaycanın həm bölgələrində, həm də Bakıda bu sahədə əhəmiyyətli işlər görülür. Turizmin inkişafına gələndə isə deyə bilərəm ki, bu addım hər iki ölkə tərəfindən atılmalıdır. Azərbaycanla Mərakeş arasında birbaşa reyslərinın yoxluğu turist mübadiləsini bir az ləngidir və ikitərəfli axının qarşısını alır.

L’image contient peut-être : 4 personnes

- Maraqlıdır, səfir olmasayadınız, turist qismində Azərbaycan marağınızı çəkərdimi? Hətta bir sual da verim. İlk səfərinizdən sonra ölkəmizə yenidən dönmək istərdinizmi?

- Ölkənizə səfir təyin olunanadək Azərbaycana səfər etməmişdim. Doğrudur məlumatlı idim, amma açığı bu qədər gözəl məmləkətlə qarşılaşacağımı gözləmirdim. Azərbaycanın qapıları bütün millətlərin üzünə açıqdır. O qədər qonaqpərvərsiniz ki, insan özünü qürbətdə hiss etmir. Bakı çox işıqlı, günəşli şəhərdir.

- Azərbaycandan öncə neçə ölkədə səfir olaraq çalışmısınız?

- Mənim peşəm diplomatdır. Azərbaycana səfir təyin olunmazdan öncə bir çox ölkələrdə vəzifəmi yerinə yetirmişəm. Mərakeşin Parisdə, Vaşinqtonda, eləcə də Pekin və Banqkokdakı səfirliklərində çalışmışam. Amma inanın, hazırda Bakı kimi qaynar, gözəl şəhərdə yaşadığım üçün çox xoşbəxtəm.

L’image contient peut-être : 4 personnes, personnes assises

- Adil bəy, neçə dil bilirsiniz? Necə düşünürsünüz, diplomatik karyera yolunda dil bilgisi çox vacibdir?

- Ərəb dili ilə yanaşı, ingilis, fransız, ispan bir az da Çin dillərində danışıram. Xarici dil bilgiləri diplomat üçün ən vacib faktorlardan biridir. Ölkələrə, xalqlara qaynayıb-qarışmaq, mədəniyyətlərə təmas etmək üçün öyrənilən hər yeni dil daha böyük əhəmiyyətə malikdir.

- Bəlkə səfir peşəsinə yiyələnmək istəyənlərə digər məsləhətlər də verəsiniz…

- Qeyd edim ki, diplomatiya adi, standart peşə deyil. İşinin vurğunu olmalısan. Bilməlisən ki, bir sıra vacib problemlərin həlli, insanarın digər ölkələrdə rahat həyatını təmin etmək bilavasitə sənin öhdəliyinə daxildir. Səfir olmaq çox böyük məsuliyyətdir. Daim yadda saxlamalısınız ki, digər ölkədə vətəninizin rəsmi təmsilçisisiniz. Davranışınızla, hərəkətlərinizlə nümunə olmalısınız. Bütün addımlarınızı öncədən götür-qoy etməlisiniz. Səfir vəzifəsinə yüksəlmək üçünsə yorulmadan çalışmaq lazımdır. İşinizi ehtirasla sevin, ancaq bu təqdirdə bütün probblemlərin həlli yolunu tapa biləcəksiniz.

- Cənab Səfir, suallarımı cavabladığınız üçün minnətdaram! Sonda oxucularımıza nə demək istəyirsiniz?

- Mərakeşi yaxından tanımağa çalışın. Əmin olun ki, özünüz üçün bir çox gözəlliklər kəşf edəcəksiniz.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm