Nərimanov yox edilir, Şaumyan ucaldılır – Gürcüstan azərbaycanlılarının BİTMƏYƏN DƏRDLƏRİ
Bizi izləyin

Xüsusi

Nərimanov yox edilir, Şaumyan ucaldılır – Gürcüstan azərbaycanlılarının BİTMƏYƏN DƏRDLƏRİ

Əslən Borçalıdan olan Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Kamran Ramazanlı Publika.az-a müsahibəsində Gürcüstanda azərbaycanlıların üzləşdiyi problemlərlə bağlı danışıb.

- Gürcüstanda azərbaycanlıların milli məktəblərində vəziyyət necədir?

- Gürcüstanda hakimiyyətlər dəyişsə də, azərbaycanlıların köklü problemləri heç vaxt həllini tapmayıb. Bu problemlər əsasən təhsil, toponimiya və aqrar sahədədir. Ədalət naminə deyək ki, 1992-ci ildən sonra Gürcüstanın ali məktəblərində barmaqla sayıla biləcək azərbaycanlı təhsil alırdı. Lakin Saakaşvilinin dövründə qəbul olunan 1+4 proqramı effekt verdi. Bu gün 3 min soydaşımız ödənişli və ödənişsiz olmaqla Gürcüstanın ali məktəblərində təhsil alır, ictimai proseslərdə fəal iştirak edir, milli soykökümüzə bağlılığı saxlamaq şərti ilə gürcü cəmiyyətinə inteqrasiya olunurlar. Lakin təhsildə əsas problem milli məktəblərimizlə bağlıdır. Əvvəllər təxminən 183 orta məktəb var idi, bu gün cəmi 117 məktəb qalıb. Qeyd edim ki, Gürcüstan məktəb sistemi fərqlidir, yəni ictimai məktəblər bizdə tam orta məktəb statusundadır. Bu baxımdan, cəmi 82 tam orta məktəb var, digərləri sektor və bölmə kimi fəaliyyət göstərir. Deməli, bu günə qədər 101 məktəbimiz bağlanıb. Şagird kontingenti də faciəlidir. Əvvəllər 50 minə yaxın şagird var idi, konkret desək 49850, bu gün cəmi 26 mindən bir qədər çox şagird təhsil alır, onların da 3 minə yaxını gürcü sektorunda oxuyur. Əvvəllər 6922 müəllim var idi, bu gün cəmi 3600-ə yaxın müəllim qalıb. Yəni iki dəfə azalıb.

SSRİ dağılandan sonra Gürcüstanın hər yerində təhsil sistemində aşınmalar oldu, amma bizim bölgədə bu ikiqat baş verdi. 1990-cı illərə qədər Puşkin adına institut var idi, orada Azərbaycan bölməsi də fəaliyyət göstərirdi və bu institutda bizim məktəblər üçün az da olsa Azərbaycan dili və ədəbiyyat fənni üzrə kadrlar hazırlanırdı. Bu institut bağlanandan sonra artıq bu fənlər üzrə kadr yetişdirən müəssisə qalmadı. Azərbaycana gələnlər də humanitar sahəyə üz tuta bilmədilər, əsasən texniki universitetlərə daxil oldular. Humanitar sahədə nadir hallarda Gürcüstandan gələn azərbaycanlı təhsil alırdı, onlar da geri qayıtmırdılar, çünki həmin vaxtlar vəziyyət çətin idi.

Bugünkü vəziyyət milli məktəblərimizlə bağlı həyəcan siqnalı çalmağın vaxtının çatdığını göstərir. Hazırda fəaliyyət göstərən müəllimlərin 80 faizi təqaüdçülərdir, müasir standartlara uyğun tədris prosesi aparılmır, təhsilin səviyyəsi aşağı düşür. Gürcüstan hakimiyyəti də ənənəvi təhsilin qalmasında maraqlıdır, çünki yaşlı kadrlar uzaqlaşır, yeni kadrlar gəlmir, beləliklə, məktəblər avtomatik bağlanır.

- Milli məktəblərə dərs ləvazimatı Azərbaycandan gedirdi, bu, indi də belədir?

- Azərbaycan hökuməti öz üzərinə düşən vəzifəni yerinə yetirir. Hər il Azərbaycan dili və ədəbiyyat dərsliyi göndərilir, bu il də göndərilib. Lakin Gürcüstanda bu dərsliklər çox keyfiyyətsiz tərcümə olunub çap edilir. Gürcüstan və Azərbaycanın təhsil sistemləri arasında ciddi fərqlər var. Bizdə 11, onlarda isə 12 illik təhsildir. Milli məktəblərimizdə gürcü dili 30 faiz, Azərbaycan dili 70 faiz tədris olunur.

Bizim milli məktəblərimizi xilas etməyin yolları var. Buna görə də oktyabrın 3-də Beynəlxalq Mətbuat Mərkəzində böyük konfrans keçirtdik. Respublikada tanınmış ziyalılar akademik Ramiz Məmmədovun sədrliyi ilə bir araya toplandı. 20 nəfər tanınmış ziyalı Gürcüstanda milli məktəblərimizin vəziyyəti ilə bağlı cənab prezidentə müraciət etdi. Bu problemin həlli üçün Azərbaycan və Gürcüstan dövləti birgə əməkdaşlıq etməlidir. Bildiyimə görə, ünvanlanan müraciət baxılması və müzakirə olunub məruzə edilməsi üçün Təhsil Nazirliyindədir. Yəqin ki, yaxın günlərdə məsələyə aydınlıq gələcək. Bununla yanaşı, Gürcüstanda soydaşlarımızın xeyli QHT-si fəaliyyət göstərir. Onların içindən ən nüfuzlu olan 12-si Gürcüstanın baş nazirinə müraciət ediblər.

Hesab edirik ki, problemin aradan qaldırılması üçün hər iki dövlətin birgə səyi ilə Tbilisidə Pedaqoji Universitet açılmasına ehtiyac var. Bu universitetdə iki fakültə fəaliyyət göstərə bilər. Biri texniki, digəri humanitar. Bəzi adamlar burada deyirlər ki, Azərbaycan tərəfi Gürcüstandakı soydaşlarımız üçün kvota ayırsın, onlar gəlib Bakıda, yaxud Gəncədə təhsil alsınlar, daha sonra geri qayıdaraq milli məktəblərdə işləsinlər. Bu yanlış mövqedir. Çünki Gürcüstanın təhsil sistemi Azərbaycanın təhsil sistemindən fərqlidir. Halbuki, bizim gənclərin Bakıda, yaxud Gəncədə təhsil almasına xərclənən vəsaitə Tbilisidə Pedaqoji Universitet açıla bilər. Bu gənclərimizin həm Tbilisinin ədəbi, ictimai mühitinə uyğunlaşmasına, həm də ədəbiyyatımızın, mədəniyyətimizin təbliğ edilməsinə kömək edə bilər. Eyni zamanda da Gürcüstan cəmiyyətinə inteqrasiya olunmaqda yardımçı olar. Biz buna çalışırıq. Mən Borçalı əsilli olaraq Azərbaycan parlamentinin 20 deputatı ilə görüşmüşəm, onlara problemlə bağlı dəqiq məlumatlar vermişəm, çıxış yollarını müzakirə etmişik. Bu deputatlar həm Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun üzvləri, həm də digərləridir. Yeganə çıxış yolu Tbilisidə Pedaqoji Universitetin açılmasıdır.

- Orada toponimlər məsələsi də daim problem olub, bu məsələ zaman-zaman gündəmə gəlib. Hazırda vəziyyət necədir?

- Əslində toponimlərin dəyişdirilməsi 1947-ci ildən başlayıb. Borçalı indiki Marneulinin adı idi, 1947-ci ildə Borçalı adı götürüldü, Marneuli edildi. Ondan sonra digər rayonların adları dəyişdirildi. 1989-92-ci illərdə Zviad Qamsaxurdiya və Eduard Şevardnadzenin dövründə Bolnisi rayonunda yalnız Darvaz kəndi istisna olunmaqla 37 kəndin adı gürcüləşdirildi, hətta bu adların bəziləri olduqca eybəcərdir. O vaxtlar Gürcüstanda azərbaycanlıların yeganə təşkilatı “Qeyrət” idi. Onlar 15 min imza toplayaraq Şevardnadzeyə müraciət etmişdilər. Şevardnadze Bakıya gələndə bildirmişdi ki, o adı qaytarsa, gürcü xalqına nə cavab verəcək?! Ondan sonra ara-sıra bu məsələ qaldırıldı. Niyə indi aktuallaşıb? Çünki Gürcüstan Avropaya inteqrasiya yolu tutub, orada milli azlıqlarla bağlı öhdəliklər var. Bununla bağlı beynəlxalq konvensiyaları ratifikasiya edib. Əslində biz milli azlıq yox, aborigenlərik. Təəssüf ki, aralarında deputatların da olduğu bəzi şəxslər Gürcüstanda bizim diaspor olduğumuzu dilə gətirirlər. Bu doğru deyil, ora bizim tarixi torpaqlarımızdır və biz aborigenlərik. 1996-cı ildə ümummilli lider Heydər Əliyev Tbilisidə azərbaycanlılarla görüşdü. Həmin vaxt da diaspor söhbətləri var idi. Heydər Əliyev bildirdi ki, “siz öz tarixi torpaqlarınızda yaşayırsınız, sizin arxanızda böyük Azərbaycan dövləti və Heydər Əliyev dayanır”.

Biz toponimlər məsələsində gecikmişik, lakin dediyim ki, Gürcüstanın ratifikasiya etdiyi sənədlərə görə bunu indi yenidən qaldırmışıq. Həm Gürcüstanda, həm də Azərbaycanda imza toplama kampaniyası olacaq. Azərbaycanda həm işləyən, həm də təhsil alan 100 minə yaxın Gürcüstan vətəndaşı yaşayır. Onların 15 minə yaxını Bolnisi rayonundandır. Onlar da Gürcüstan rəhbərliyinə və Bolnisi şəhər bələdiyyəsinə müraciət edəcəklər. Əgər nəticə olmasa, beynəlxalq strukturlara müraciət edəcəyik. Çünki bu həyati məsələdir. Bir milləti yox etmək istəyirsənsə, onun adını, təhsilini, mədəniyyətini əlindən almalısan. Bu proseslər ona köklənib.

Adlar məsələsində ən aktual məqamlardan biri Nəriman Nərimanovla bağlıdır. Nərimanov nə qədər Gürcüstana məxsusdursa, o qədər də Azərbaycana məxsusdur. Keçmiş SSRİ məkanında tanınıb. Nərimanov adına SSRİ-dən qalma park, onun heykəli və Mədəniyyət Evi var. 2007-ci ildə onun adını sakitcə götürdülər, lövhə bu günə qədər qalıb. Bu məsələ 2018-ci ildə üzə çıxdı. Bir qrup fəal gənc iyul ayında Ramazan bayramını keçirmək üçün icra başçısının səlahiyyətlərini yerinə yetirən Zaur Tabatadzeyə müraciət ediblər. Bildiriblər ki, onlara Nərimanov adına Mədəniyyət Evində yer ayrılsın. Gənclərin sorğusuna cavab olaraq bildirilib ki, Nəriman Nərimanov adına Mədəniyyət Evi yoxdur. Bununla bağlı sorğu göndərildi. Soğrunun nəticəsində 2003-cü il 8 may tarixində Marneuli şəhər bələdiyyəsinin qərarı üzə çıxdı.

Bu qərar nədir? Belə ki, SSRİ dağılandan sonra qanunlara dəyişiklik edilməmişdi. Sonrada qanun qəbul etdilər ki, sovetlərdən qalan müəyyən adlar götürülsün. Marneuli şəhərinin sakinləri bələdiyyəyə müraciət ediblər ki, Mədəniyyət Evi Nərimanovun adına olsun. Çünki onun adına park var, heykəli qoyulub. Həmin vaxt eloğlumuz İsrafil Bayramov Marneuli şəhər bələdiyyəsinin sədri olub. Sessiyada bununla bağlı qərar qəbul ediblər, həm icra başçısına, həm də mərkəzi hakimiyyət orqanlarına göndəriblər. Lakin bu qərar böyük ehtimalla qəsdən qeydə alınmayıb. Ona görə də vaxtilə Marneuli şəhər bələdiyyəsinin ad məsələsində qəbul etdiyi qərar havada asılı qalıb. Bu problem indi üzə çıxır. Marneuli şəhərinin 1500 sakininin imzası ilə bələdiyyəyə müraciət olunub. Onlar bildirirlər ki, komissiya yaradılıb, araşdırma aparılır. Gülməli görünür, çünki Nəriman Nərimanovun nəyini araşdırmaq lazımdır. Ümumiyyətlə Nərimanovun adının götürülməsi doğru deyil. Çünki Nərimanovun bu rayonda xidməti olub, burada müəllim işləyib, Qızılhacılı kəndində ilk qızlar məktəbini açıb, həmin kənddəki orta məktəb Nərimanovun adınadır. Nərimanov müəyyən əsərlərini burada yazıb. Misal üçün məşhur “Nadanlıq” əsərini orada tamamlayıb. Yəni Nərimanovun SSRİ məkanı ilə yanaşı, konkret rayon üçün böyük xidmətləri olur. Bəs nə üçün Nərimanovun adını götürürlər, amma Gürcüstana və Marneuliyə heç bir aidiyyəti olmayan qaniçən, daşnak Şaumyanın adına qəsəbə hələ də qalır?! Burada ikilistandart aydın görünür.

Avqustun 6-da müraciət olunub. Bakı şəhərində də Marneuli rayonundan olan bir qrup şəxs müraciət ediblər. Gürcüstan hökuməti isə bilərəkdən Nərimanovun adını götürmək, Şaumyanın adına qəsəbəni isə saxlamaq istəyir.

Yəni toponimlərin və digər adların dəyişdirilməsi məsələsi həmişə qüvvədə olub. 2011-ci ildə də 17 kəndin adını dəyişdirmək istədilər. Bizim ayıqlığımız nəticəsində ziyalılar Saakaşviliyə açıq məktub yazandan sonra proses dayandı. Həmin tədbiri şəxsən mən təşkil etmişdim. Lakin Saakaşvili prosesi dayandırsa da, əslində xəritədə adlar dəyişdirilmişdi.

- Gürcüstan azərbaycanlılarının ən böyük problemlərindən biri də torpaq məsələsidir. Bu məsələ nə yerdədir?

- Təəssüf ki, bu məsələ də həll olunmayıb. SSRİ dövründə Gürcüstanın kənd təsərrüfatı məhsullarının 33 faizini Borçalı bölgəsi verirdi. Şevardnadze dövlət şurasının sədri olanda dekretlər qəbul olundu və Borçalıda torpaqlar icarəyə verildi. 1996-cı ilin 22 martında qəbul olunan “Torpaq haqqında” qanuna xüsusi bənd əlavə olundu. Həmin bəndə görə, sərhədyanı zonalarda 21 kilometrlik ərazidə torpaqlar özəlləşdirilə bilməz. Bu da əslində Azərbaycanla sərhəddə yaşayan bizim soydaşlarımıza hesablanıb. Düz sərhəddən Marneulinin mərkəzinə qədər 35 kilometrdir. Soydaşlarımız torpaqları özəlləşdirə bilmədilər. Bu torpaqlar Kostova, Müqəddəs İlya kimi cəmiyyətlərə, Atçılıq sovxozuna verildi. Bir sözlə 1996-cı ildən sonra əhaliyə bir qarış da torpaq verilmədi. Həmin vaxt torpaqların 3 növü müəyyən edildi. Orada şəhər əhalisinin də torpaqla təmin edilməsi nəzərdə tutulurdu. Yəni Kutaisidən olan bir gürcünün Marneulidə torpağı var, amma yerli azərbaycanlının yox. “Torpaq haqqında” qanunda 2007-ci ildə kosmetik dəyişikliklər olsa da, problem həll olunmadı. Bu gün Borçalıda yerli əhalinin 70 faizinin şəxsi torpaqları yoxdur. Torpaqların əsasən gürcülərin adınadır, yerli əhali yalnız icarə olaraq istifadə edir. Çünki bu torpaqlar bilərəkdən Şevardnadzenin dövründə gürcülərə icarəyə verilmişdi. Qanunda deyilir ki, torpaqlar özəlləşdirilən vaxt əvvəlcə birinci icarədara təklif olunur, o imtina edirsə, digərləri ala bilər. Buna görə də gürcü olan ilk icarədarlara təklif etdilər, hətta banklara tapşırıldı ki, torpaqları özəlləşdirmək üçün həmin gürcülərə pul ayrılsın. Beləliklə, azərbaycanlıların torpaqlarını gürcülər aldı. Saakaşvili hakimiyyətə gələndə bildirdi ki, “mən azərbaycanlıların köklü problemlərini bilirəm, torpaq məsələsini həll edəcəm”. Təəssüf ki, həll olunmadı.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm