Belarusda yaşayan azərbaycanlı İLGİNC FAKTLARI AÇDI: "Özümüzü necə qoruyacağımızı bilmirik"
Bizi izləyin

Xüsusi

Belarusda yaşayan azərbaycanlı İLGİNC FAKTLARI AÇDI: "Özümüzü necə qoruyacağımızı bilmirik"

Belarusda yaşayan azərbaycanlı İLGİNC FAKTLARI AÇDI: "Özümüzü necə qoruyacağımızı bilmirik"

Koronavirus dünyanı öz qaydalarına uyğun idarə etməyə çalışsa da, Belarus yeganə dövlətlərdəndir ki, karantin rejimi, ciddi, məhdudlaşdırıcı tədbirlər həyata keçirmir və keçirmək niyyətində deyil. Prezident Aleksandr Lukaşenko digər ölkələrin izi ilə getməməyə qərar verib. "Ətrafımızda hər kəs asıb-kəsir: karantin, komendant saatı. Bu ən asanıdır. Bir sutka ərzində edə bilərik. Sonra nə yeyəcəyik?" deyə prezident açıqlamasında qeyd edib.

Belarusda yaşayan həmyerlimiz, araşdırmaçı-jurnalist Anar Rəsul oradakı vəziyyətlə bağlı Publika.az-a ətraflı məlumat verib. Müsahibimiz ölkədə ciddi məhdudiyyətlər görülmədiyi üçün özünü şanslı hesab etmir və bu vəziyyətin qorxunc olduğunu etiraf edir.

- Martın sonlarından bəri demək olar ki, bütün ölkələrdə karantin rejimi elan edilib. Belarus isə pandemiya ilə mübarizədə özünəməxsus strategiyası ilə hərəkət edir. Bu, əhali arasında fikir ayrılığına səbəb olur? Ümumiyyətlə, prezidentin bu qərarı nə dərəcədə dəstəklənir?

- Koronavirus pandemiyası başlayandan bəri Belarus məsələyə fərqli yanaşdı. Bunun da xüsusi səbəbləri var. Məlumatlar şişirdilməsə də, hakimiyyət rəqəmləri əvvəlcə əhalidən bir az gizlətməyə çalışırdı. Daha dəqiq desəm, dövlət orqanları az informasiya verməyə meylli idilər. Koronavirusla bağlı məlumatlar 3-4 gündən bir açıqlanırdı. Aydın məsələdir ki, dəqiq məlumatların olmaması dezinformasiyaya qol-qanad açır. Odur ki, müxtəlif teleqram kanalları, saytlar istənilən rəqəmlər üzərində oynayır və dezinformasiya yayırdı. Aprel ayının 8-də Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri vəziyyəti yoxlamaq üçün Belarusa gəlmişdi. Onların gəlişi ilə rəqəmlər artmağa başladı, bu da gözlənilən idi. Artıq daha dəqiq rəqəmləri əhaliyə çatdırmağa başladılar. Bir gün ərzində 500 yeni yoluxma elan olundu, rəqəmlər 200-dən 700-ə çatdı. Səhəri gün 450, 350, 400 və beləcə xəstə sayı 3000-i ötdü. Sözsüz ki, bu da ÜST-ün tövsiyələrindən sonra baş verdi. Qurum öz işini yekunlaşdırdıqdan sonra ayın 11-də Minskdə mətbuat konfransı keçirdi. Konfransda Belarusun səhiyyə naziri də iştirak edirdi. Təbii ki, onlar həm dövlət orqanlarına, həm də xalqa virusla mübarizə aparmaq üçün öz tövsiyələrini verdi.

Əhali arasında bu rəqəmlərin doğru olmadığı ilə bağlı hələ də fikir ayrılığı var. Amma faktiki olaraq açıqlanan rəqəmləri doğru hesab etmək olar.

- Sizcə, Lukaşenko ölkəsi adına düzgün qərar veribmi?

- O, öz çıxışlarında da qeyd edir ki, bu xəstəlik müəyyən müddət sonra ötüşəcək, amma sarsılmış ölkə iqtisadiyyatı dirçələ bilməyəcək. Bildiyiniz kimi, Belarus idxaldan asılı ölkədir, sadəcə kənd təsərrüfatı məhsulları, hərbi məhsullar və traktor-kombayn kimi bəzi texniki vasitələr ixrac edir. Ölkənin neft və qaz gəlirləri yoxdur. Turizm sektoru o qədər də inkişaf etməyib. İnkişaf etsə belə, bu dövr üçün turizm sektoru aktual deyil. Bütün bunları nəzərə alan ölkə başçısı hesab edir ki, karantin rejimi elan etməklə və daha ciddi tədbirlərin həyata keçirilməsinə göstəriş verməklə büdcə bir neçə gün ərzində boşalacaq. Belarus ixrac etdiyi məhsullardan asılıdır, odur ki, fabrik və zavodların bağlanması, əhalinin evə qapadılması ölkə iqtisadiyyatına ciddi zərbə vuracaq.

Lukaşenko koronavirus pandemiyasını "koronapsixoz" adlandırır və hesab edir ki, bu pandemiyanın insanlara psixoloji təsirləri daha çoxdur. Daim əhali arasında olmaqla, idman yarışlarında iştirak etməklə bu təsirləri azaltmağa çalışır. Yeri gəlmişkən, onun hokkey komandası var və komandası ilə birlikdə son həftələrdə iki dəfə yarışlara qatılıb. O, ictimai yerlərdə görünməklə əhalini ruhlandırmağa çalışır. İnsanları işə, sahələrə, yaz vaxtı olduğu üçün əkin-biçinə dəvət edir. Beləliklə psixoloji təsir edərək, xəstəliyin zərbəsini minimuma endirməyə çalışır. Bir siyasətçi kimi təbii ki, ölkəsini xilas etmək istəyir. O, pandemiya bitəndən sonra hər hansı dövlətdən asılı olmaqdan və ölkə borclarının ödənilə bilməməsindən narahatdır. Nəticə etibarı ilə digər ölkələrin diktəsi ilə hərəkət etmək istəmir. Onun strategiyasına əsasən ölkə nüfuzunu və müstəqilliyini qorumaq, bir neçə şəxsin itirilməsindən daha üstündür. Humanizm baxımdan qəbuledilməz ola bilər, prezident bir neçə min nəfərin bu xəstəlikdən dünyasını dəyişməsinə soyuq münasibət göstərə bilər. Amma siyasi motivdən baxsaq, ölkəsini qorumaq onun üçün daha vacib görünür.

- Minskdə həyat əvvəlki qaydada davam edir?

- Əlbəttə ki, yox. Hər kəs öz imkanları hesabına özünütəcrid rejiminə uyğunlaşmağa çalışır, amma bu, məcburi deyil, daha çox sosial öhdəlik kimi əhalinin istəyinə buraxılıb. Özəl iş yerləri işçilərini məzuniyyətə göndərməklə, kimlərsə xəstəlik arayışı ilə məzuniyyətə çıxmaqla və digər üsullarla təcrid olunmağa çalışır. Minsk şəhərində əvvəlki insan axını yoxdur, ictimai iaşə obyektlərində iş demək olar ki, 80 faiz zəifləyib, əhali bir yerə toplaşmaq və əylənməkdən imtina edərək az da olsa özünü qorumağa səy götərir.

- İnsanların virusdan qorunması üçün Səhiyyə Nazirliyi tərəfindən hansı tədbirlər görülür?

- Hansısa nəzərəçarpan tədbirlər həyata keçirilmir, sadəcə məlumat xarakterli təlimatlar verilir. Xəstəliklə bağlı əlamətlər aşkar olunarsa, bu zaman görülməli olan qaydalar haqqında informasiyalar yayılır. Koronavirus aşkar olunan insanlara özünü təcrid etmək tövsiyə olunur. Virusdan qorunmaq üçün kütləvi tədbirlər həyata keçirilmir.

- Maskaların satışı hansı səviyyədədir?

- Maska qıtlığı var idi, amma ötən həftə prezident müşavirədə hökumətə vaxt verdi ki, birinci günə qədər mağaza və apteklərdə maska, antiseptik məhsullar tapılmazsa, istefaya göndəriləcək və onların yerinə başqaları təyin olunacaq. Bundan başqa Belarus prezidenti tibb işçilərinin fərdi mühafizə vasitələrinin çatışmaması halında hökuməti istefaya göndərməklə hədələmişdi. Artıq dünəndən etibarən apteklərdə tibbi maskalar satılmağa başladı və əhali qoruyucu vasitələrlə təmin olundu. Amma müşahidələrə əsasən deyə bilərəm ki, əhalinin maskadan istifadə etməyə marağı çox azdır. Axşamlar supermarketə, yaxud alış-veriş mərkəzlərinə gedəndə əlcək və maskadan istifadə edirəm, görürəm ki, həmin məkanlarda olan insanların yalnız təxminən 15 faizi maskadan istifadə edir. Bu da onu deməyə əsas verir ki, bir qrup təşvişə düşsə də, digər qrup ölkə rəhbərliyinə inanır və COVID-19-u qrip infeksiyası kimi qəbul edir, odur ki, özünüqoruma rejiminə ciddi yanaşmırlar.

- Deməli, əhali arasında pandemiya ilə bağlı narahatlıq güclü deyil.

- O qədər hiss olunmur, ehtiyat edən təbəqə var, amma 60 faizi xəstəliyə qarşı ciddi qorunma tədbirləri görmür. 3000-dən artıq yoluxma qeydə alınıb, 40-a yaxın insan ölüb. Yoluxanlardan 80-i azyaşlılar, 20-si isə hamilə qadınlardır. Bunlar təbii ki, ciddi fəsadların ola biləcəyindən xəbər verir. Hər kəs hadisələrin axarının necə davam edəcəyini gözləyir. Dünən Səhiyyə Nazirliyinin sözçüsü açıqlama yaydı ki, son bir neçə gündə müşahidə olunan gündəlik yoluxma halı 300-500 artıb və növbəti həftədə də bu müşahidə ediləcək. Proqnozlar göstərir ki, virusa yoluxanların sayı artım üzrə inkişaf edəcək. Bu proqnozları diqqətə alsaq, belə hesab etmək olar ki, may ayının ilk həftəsi də daxil olmaqla növbəti 3 həftə yoluxma halları 10 minə yaxın insanı əhatə edəcək.

- Ərzaqların qiymətində bahalaşma müşahidə olunurmu?

- Ölkədə ərzaq qıtlığı və ya qiymət bahalaşması yaşanmır. Bütün alış-veriş mərkəzlərində, supermarketlərdə, mağazalarda istənilən ərzağı tapmaq mümkündür. İxracdan asılı olan limon və zəncəfil xaricində ölkədə istehsal olunan heç bir məhsulda artım baş verməyib. Limon və zəncəfilin qiymətinin yüksək olması isə bütün ölkələrdə olduğu kimi, insanların öz immunitetini gücləndirmək istəməsi ilə əlaqədardır. Prezident dünənki müşavirədə qeyd etdi ki, əgər ixracdan asılı olaraq limon və zəncəfilin qiyməti qalxırsa və ya qıtlıqdırsa, onları daxildə istehsal olunan meyvə-tərəvəzlərlə əvəz etməklə immuniteti gücləndirə bilərsiniz.

- Hakimiyyətin ölüm və xəstə sayını gizlətməyə çalışması barədə də fərziyələr irəli sürülür. Bu barədə nə deyə bilərsiniz?

- Ölüm və xəstə sayını gizlətməyə çalışmırdılar, sadəcə əhali arasında təşviş yaratmaq istəmirdilər. Odur ki, dediyim kimi rəqəmlər gec açıqlanırdı. Bu da bir növ insanlarda belə xəbərlərə "immunitet" yaradırdı. ÜST nümayəndələrinin səfərindən sonra məsələ öz həllini tapdı.

- Sərhədlər bağlandığı üçün ölkədə qalmaq məcburiyyətində olan azərbaycanlılar varmı?

- Bəli, Minskdə Azərbaycana təxliyə olunmasını gözləyən 22-yə yaxın Azərbaycan vətəndaşı var. Növbəti çarter reysinin mart ayının 29-da olacağı açıqlanmışdı, hətta biletlər də satılmışdı. Son anda həmin təyyarə reysi ləğv olundu, odur ki, yaxın Avropa ölkələrindən özünü Minskə çatdırmış və buradan Bakıya getməyə çalışan azərbaycanlılar qalmalı oldu. Həmin reys hələ ki, naməlum tarixə qədər təxirə salınıb. Qayıda bilməyənlər siyahıya alınıb və Minsk şəhərində xüsusi hotelə yerləşdirilib. Onları gündə 3 dəfə qida ilə təmin edirlər və növbəti təyyarə reysinin baş tutacağı vaxta qədər dövlətin himayəsi altında olacaqlar.

- Karantin rejimində yaşamadığınız üçün özünüzü şanslı hesab edirsiniz, yoxsa bu təcrübəni yaşamaq sizin üçün maraqlı olardı?

- Sərbəstliyimiz əlimizdən alınmadığı üçün şanslı görünə bilərik, amma düşünürəm ki, Azərbaycan ən doğru addımı atdı, ölkəmiz vaxtında xüsusi tədbirlər həyata keçirdi, həm tibbi, həm də maddi yardımlar edilir. Biz isə burada heç nədən sığortalanmamışıq. Küçəyə çıxanda görürəm ki, həmyerlilərimiz maska və əlcəkdən istifadə edir, daha çox özünü qorumağa çalışır, nəinki belaruslar. Zərbənin hardan gələcəyini və özümüzü necə qoruyacağımızı bilmirik, iş yerləri bağlanmadığı üçün hər gün işə getmək məcburiyyətindəyik. Küçəyə çıxanda hər an xəstəliyə yoluxa biləcəyimizi düşünürük, bu ehtimallarla yaşamaq heç də asan deyil. Sərbəst şəkildə özünü qorumaq daha çətindir. Odur ki, Azərbaycanda olan həmvətənlərimiz daha şanslı və daha təhlükəsizdir. Hər kəs evində-eşiyində, ailəsinin yanındadır, məcburiyyət olmadan küçəyə çıxmır, özünü və ailəsini qorumuş olur. Burada isə əhali işə getməli, öz dolanışığını təmin etməli, eyni zamanda sağlamlığını qorumalıdır.

- Belarusda koronavirus testlərinin az olması haqqında da xəbərlər var.

- Ümumiyyətlə, onu deyim ki, xəstəxanalarda xəstələri qəbul etmək üçün xüsusi girişlər ayrılıb, onlar ümumi girişdən istifadə edə bilməz. Ağciyər rentgen edilir, sonra qan analizləri alınır, şübhəli hallar varsa, koronavirus testi tətbiq olunur. Həmin testlər qənaətlə istifadə olunur, insanların əsasən ambulator şəraitdə müalicə edilməsinə üstünlük verilir. Xəstələrə özünütəcrid tapşırılıb, lakin buna ciddi nəzarət yoxdur. Bu da onların öz vicdanına buraxılıb. Ancaq vəziyyəti ağırlaşan xəstələr xəstəxanaya yerləşdirilir.

- Ətraflı məlumat üçün təşəkkür edirəm, özünüzə yaxşı baxın. Ümid edirəm ki, növbəti dəfə daha pozitiv xəbərlər ətrafında söhbət etmək imkanımız olacaq.

- Minnətdaram.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm