Xüsusi
Onkoloji xəstəliyə tutulan Xalq artistinin oğlu: "Onu bu vəziyyətdə görmək..." - MÜSAHİBƏ
Filologiya elmləri üzrə fəlsəfə doktoru, tanınmış artist, hazırda radio aparıcısı çalışan Nofəl Şahlaroğlu Publika.az-a müsahibəsində onu narahat edən məqamlara toxunub.
- Bir çox sənətçilər şikayət edir ki, pandemiya maddi baxımdan onlara ziyan vurub. Nofəl bəy, sizdə vəziyyət necədir? Bu bəla həyatınızda nələri dəyişdi?
- Şükürlər olsun ki, məndə hələ koronavirus aşakarlanmayıb, vəziyyət yaxşıdır. İş baxımdan da heç nə dəyişmədi. KİV-in bütün işçiləri kimi, mən də bu müddət ərzində öz işimə davam edirdim, hər gün efirdə idik. Əhvalıma da təsir etdiyini deyə bilmərəm, lakin sözün özü bizi bezdirib artıq, eyni ifadəni hər gün nə qədər eşitmək olar...
Amma karantin rejiminin elan edilməsi xüsusilə təbiətə faydalı oldu. Hava təmizlənir, ekologiya bərpa olur, həm də pis adamları daha az görürsən şəhərdə. Bu aspetkdən yanaşsaq, müsbət tərəflərini tapmaq olar.
Mental baxımdan soruşsanız, daxili aləmimi, mənəviyyatımı, xarater və temperamentimi çox nadir hadisələr dəyişə bilir. Artıq 37 yaşım var, müəyyən xarakter formalaşıb, odur ki, sözügedən mövzular mənə təsir etmək gücünə malik deyil. İstər pandemiya, istərsə də adi bir vaxtda olsun, əgər yıxılan birini görürəmsə, yaxınlaşıb yardım əlimi uzadacam.
- Sizi təsirləndirən məqamlar hansılardır?
- Elə kitablar var ki, onları 30 yaşdan sonra oxumaq laızmdır. Həqiqətən də 17 yaşında oxuduğun kitab və ya dinlədiyin musiqi, həyat rəngləri zamanla dəyişir. 35 yaşdan sonra ən xırda nüanslara belə kövrələ bilirəm, qarşılaşdığım hər bir situasiyanı qiymətləndirə bilirəm. Bunları qocalmağım və ya həyatı daha dərindən dərk etmək qabiliyyətinin yetişməsi ilə əlaqələndirmirəm. Məsələn, kimsə cibindəki bir manatı ehtiyacı olana verirsə, bu, onun ürəyiyumşaq və ya kövrəkliyindən irəli gəlmir. Bunu insanın maksimalist olması ilə izah edərdim. Həyata maksimalist yanaşıram və başa düşürəm ki, cibimdəki bir manat qarşımda insana məndən daha çox ehtiyacı ola və məna kəsb edə bilər.
- Saçlarınızın ağarması da ətrafınızda baş verən hadisələrə laqeyd qala bilməməyinizin real nəticəsidir?
- (Gülür) Bir neçə səbəbi var. Birincisi, piqmentlərin özünün ağarmağıdır, ikincisi saçıma ətir vurmağımla, üçüncüsü, günəşli havada çox gəzməyim, dördüncü isə genetik amillərlə bağlı ola bilər. Allah heç kimə dərd verməsin, amma bəyaz saçları sevirəm, əsas odur ki, tökülməsin. Ağarmış saçlar həm bədii-estetik cəhətdən effektiv görünür. Həm də keçəl Nofəl kimə lazımdır ki? Heç özümə də lazım deyil.
- Sizi əsasən parodiyaçı kimi tanıyırlar...
- Əvvəllər hə, artıq neçə ildir ki, özümü başqa tərəfdən də göstərə bilmişəm. Əslində özümü heç zaman parodiyaçı kimi təqdim etməmişəm. İmitasiya, parodiya, təqlid və karikatura estradanın fərqli janrlarıdır. 70, 80 və 90-cı illərdə televiziyada Həsən Cəbrayılov, İlham Binəli, Qorxmaz Əlili, Allahverdi Yolçuyev və başqaları parodiya ilə məşğul olub. Son 6-7 ildə bu sahədə boşluq var idi, çalışdım ki, bu boşluğu bir qədər doldurum.
- Parodiya etdiyiniz insanları hansı xüsusiyyətlərinə əsasən seçirdiniz?
- Əsasən imitasiya - təqlid janrına müracitə edirdim, parodiya deyildi, ona yamsılama da deyilir. Parodiya forma və məzmunun dəyişməsidir. Parodist, imitator, təqlidçi bilməlidir ki, təqlid etdiyi material məzmununa, ölçüsünə, keyfiyyətinə və digər xüsusiyyətlərinə görə xarakterik olmalıdır. Əgər hər hansı opera müğənnisini yamsılayırsansa, səs tembri və görünüşünü tamaşaçıya ötürməyi bacarmalısan. İmitasiyalar da plastik, görüntü, səs və digər növlərə ayrılır. Təəssüf ki, bizim parodistlər bunları bir-birindən fərqləndirə bilmədiyindən imitasiya və parodiyalar adətən kortəbii və çox eybəcər alınır. Odur ki, nəzəriyyəni bilmək lazımdır. Ümumiyyətlə, hər uğurun və peşəkarlığın arxasında elm və təhsil dayanır.
- Sizin imitasiyalarınız nə dərəcədə səmimi alınırdı?
- İmitasiya parodiyanın ən dəqiq və düzgünüdür. Onu olduğu kimi tamaşaçıya çatdırır. Necə alındığını tamaşaçılar desin.
- Aktyorun istedadı hansı meyarlarla ölçülür və özünüzdə bu meyarları görürsünüzmü?
- Aktyor və aktrisalıq dünyada ən ciddi sənətlərdən biridir. Özümü hələ də aktyor yox, artist hesab edirəm. Çünki artist verilən vəziyyəti peşəkar ifa edən adama deyilir. İncəsənətlə məşğul olan istənilən adama artist ola bilər.
İnsanın özünü qiymətləndirməsi normaldır, amma istedadım barədə danışmaq istəməzdim. Dəfələrlə keyfiyyətsiz ssenarilərə çəkilmişəm də, oynamışam da. Təbii ki, səbəbləri aydın məsələdir. Buna baxmayaraq, işimi vicdanla yerinə yetirmişəm. Ən keyfiyyətsiz filmdə, materialda və ya reklamda öz işimi maksimum keyfiyyətlə oynamışam. Bu da işimə olan hörmətdən irəli gəlir, həyat prinsipim belədir.
- Arzuladığımız həyatı yaşamaq və ya uğur qazanmaq üçün bizə nə mane olur? Xoşbəxt olmağınız üçün həyatınızda nə çatmır?
- Xoşbəxtliyə inanmıram, həyatda xoşbəxt fraqmentasiyalar var. Xoşbəxt fraqmentasiyaları qurmaq üçün insan özünü daim pozitiv əhval-ruhiyyəyə köklənməlidir. İki ildir ki, əlimdə ancaq bir devizi rəhbər tuturam, yalnız yaxşı hadisələr haqqında düşünür, neqativ insanlardan, görüntülərdən, atmosferdən və kadrlardan uzaq gəzirəm.
- Başqalarının neqativindən qaçmaq ən sadə yoldur. Bəs öz neqativinizi, daxili sarsıntı və uğursuzluqlarınızla necə yola gedirsiniz?
- Təbii ki, stressə düşürəm, amma normal qarşılayıram. Əsəbi və ya kədərli olsam da, çalışıram ki, onu ətrafa ötürməyim. Sarsıntılarımı dəfn etməyi xoşlayıram, niyə başqalarının qanını qaraltmalıyam?
- Çiyinləriniz bütün problemlərin öhdəsindən gələ biləcək qədər güclüdür?
- Elə problemlər var ki, 50 nəfər də gəlsə illərlə o yükün altından qalxa bilməzsən. Elə məsələlər var ki, onları həqiqətən aləmə car çəkməyə dəyməz.
- Xalq artisti Şahlar Quliyev atanızdır. Maraqlıdır ki, o, fəaliyyətinizdə sizə dəstək olur?
- Heç vaxt. Şahlar Quliyev Azərbaycan teatrında 50 il sərasər külüng vuran sənətkardır. Keyfiyyət və kəmiyyət baxımdan onun qədər tamaşa və obraz oynayan, təkbaşına bariton partiyasını oxuyan müğənni olmayıb. Atam bəlkə də dünya opera tarixində yeganə adamdır ki, qulağında eşitmə cihazı ilə 2-3 il opera ifa edib. Bundan sonra belə bir aktyor olacaqmı, bilmirəm... Ona atam kimi yox, sənətkar kimi baxıram. Uşaq vaxtından 35 yaşıma kimi bu sənətlə məşğul olmağıma mane olub. Yaxşı ki, mane olub, əgər heç bir irad bildirməsəydi, yəqin ki, heç nəyə nail ola bilməzdim.
Atam mənə sənətlə bağlı heç nə öyrətməsə də, ondan gizlin öyrəndiyim çox şey var. Atamın genetikasını daşıdığım üçün ona minnətdaram.
- Səhhəti necədir?
- Təəssüf ki, nasazdır. Səhhətində problemlər olduğundan bir ildən çoxdur ki, ev şəraitində müalicə alır. Onkoloji əməliyyat olunub, istəməzdim ki, atamı o vəziyyətdə görüm...
- Ona layiqli övlad ola bilmisiniz?
- (Gözləri dolur və fikrə dalır) Atamın başını heç vaxt aşağı əyməmişəm. O soyad və təxəllüsü 15 ildən çoxdur daşıyıram, atamın soyadına hörmətsizlik etməmişəm. İstəmərəm sənətdə elə bir vəziyyətə düşüm, yaxud da elə bir rola çəkilim ki, sonra “Şahlar Quliyevin oğludur, gör nə gündədir” desinlər. Hər halda özü bu suala cavab versə, yaxşı olar.
- Hansı rol sizə görə deyil?
- Çoxdur, təəssüf ki, bəzən elə filmlərə çəkilirik ki, həyadakı rollarımız ondan daha maraqlıdır. Çalışmalıyıq ki, özümüzə xəyanət etməyək. Hörmətin və ya pulun qarşılığında hər hansı layihədə rol alsaq da, ən azından işə olan ciddiyyətimizə hörmət edək. Ciddilik mənim üçün üz cizgilərinin sərt ifadə alması ilə ölçülmür, ailəyə olan münasibət, bütövlükdə gördüyün hər bir işə olan dəqiqliklə ölçülür.
- Bəs hansı obrazın həsrətindəsiniz?
- Ssenarisi və obrazları güclü olan əsərlər çoxdur. Belə film və tamaşaları müqayisə etməyi doğru olmaz. Amma Viktor Hüqonun “Paris Nortdam Kilsəsi” əsərində Kvazimoda obrazını oynamağı istərəm. Çünki çox çətin obrazdır, fəlsəfəsi dərindir.
- Hazırda radioda çalışırsınız. İşinizdən razısınız?
- Cəmi iki aydır radioda işləyirəm. Çalışıram ki, adaptasiya olum və öyrənim. Hələ öyrənirəm, özümü inkişaf etdirirəm. Odur ki, radioda çalışmaq mənim üçün böyük bir eskperimentdir.
- Gələcəkdə teatrda çalışmağı düşünürsünüz?
- Gələcək haqqında danışmaq artıq gecdir, qoy 15-16 yaşlı yeniyetmələr gələcək planlarından danışsın, gələcək onlarındır. Gələcəyim artıq qocalığa doğru gedir.
Özümü realizə edə biləcəyim yeganə yer – Estrada Teatrı ola bilərdi. Üzücü haldır ki, Azərbaycanda belə bir teatr yoxdur. Azərbaycanda formalaşmış, köklü və yüklü, güclü materialı, heyəti, repertuarı olan Estrada Teatrı yaradılsa, orda havayı işləməyə bu gündən hazıram. Digərlərində özümü görmürəm.
- Sizi çoxları “Məlikməmməd” obrazı ilə tanıyıb. Halbuki, onda Yutub kontenti bu qədər populyar deyildi. Niyə yarımçıq qaldı?
- Onda Röya heç o qədər izləyici toplaya bilmirdi. Yarımçıq qalmadı, hər bir ekran işinin öz dövrü olur. 2008-ci ildə 25 yaşım var idi, gör nə qədər vaxt keçib. Dövr və cəmiyyət dəyişdikcə mədəniyyət də, mentallıq da, düşüncə də, həyat da dəyişir. Müəyyən müddət sonra onu reklam formatına saldım, radioda artıq belə bir rubrika var. Amma eyni işin üzərində qalmaq mənim üçün maraqsızdır, rənrarəng olmalı, formatı dəyişməlisən. Adamlar var ki, 20 ildir eyni işlə məşğul olur.
- Nağıl qəhrəmanını yumor hədəfinə çevirməkdə məqsədiniz nə idi?
- Əslində Məlikməmməd adı simvolik məna daşıyırdı. Nağıl deyildi, lətifə idi və mən onun formatını dəyişmişdim. Yumor fikrini insanlara çatdırmağın ən effektiv yoludur. Yumor bu mənada silahım oldu. Bundan başqa potensial auditoriya seçmək lazım idi, bu layihə isə istənilən yaş kateqoriyasına xitab edir, üstəlik Azərbaycanda belə bir format yox idi, nəyinsə təkrarı deyildi.
Təkrarçılığı sevmirəm, həyatda gərək öz izinlə gedəsən. Qoy balaca olsun, amma özünə aid olsun. Heç kəsin barmaq izi belə eyni deyil, indivud olaraq fərqlənmək lazımdır. Fərqli olmaq artıq özün olmaq deməkdir, bu, bizi daha maraqlı edir. Başqalarını təkrarlamağa çalışanları qəbul edə bilmirəm.
- Dəlisovluq yaradıcı insanlara xas keyfiyyətdir. Nə vaxtsa dəliliyin bir addımlığında olmusunuz?
- Yaradıcı insanın daxilində həmişə bir dəlilik yatır. İnsanın öz-özünə danışması, öz vicdanı ilə söhbət etməsi, artikulyasiyasını məşq etdirməsi dəlilik deyil. Yaradıcılığın gətirdiyi dəlisovluğu sevirəm, yaradıcı adamlar qutu və çərçivələr içində yaşamamalıdır. Fikirləri də, mənəviyyətı da, həyata olan baxışı da sərbəst və azad olmalıdır.
- Jestlərinizlə özünüzü rahat göstərməyə çalışsanız da, gözlərinizdə və daxilinizdə sizi sıxan bir gərginlik var sanki.
- Bəzi sıxıntı və problemlər sənin rahatlığını da əlindən alır. Son zamanlarda çox xoşbəxt və sevincli ola bilmirəm, məni sıxan və peşman edən məqamlar var. Xüsusilə atamın səhhəti məni çox naraht edir.
- Allah şəfa versin.
- Çox sağ olun.
- Yaradıcılığın ən böyük düşməni maddi problemlərdir fikri ilə razısınız?
- Evdə bir çörəyim və pomidorum olmadığı günlərim olub. Ağlamaqdan zəhləm gedir, subay adam üçün normal haldır, bir növ imtahandır. Həyat diaqramdır, nə vaxt qalxıb endiyini heç kim bilmir. Belə hallarda həmişə Allaha və bir qüvvəyə tapınmışam ki, məni sınmağa qoymasın. İnsan ac da, susuz, siqaretsiz də qala bilər... Amma Allah heç kəsi övladları və ailəsi ilə aclıqla sınağa çəkməsin. Yaradıcı adamın çətinliyi olmamalıdır, yoxsa yaradıcılıq haqqında düşünməyəcək. Ən azından orta səviyyədə bir həyatı olmalıdır ki, gələcək və sənət haqqında düşünə və yarada bilsin.
- Həyat sizi imtahana çəkəndə qaranlığa, yoxsa işıq gələn tərəfə üz tutursunuz? Hansı rahatlıq gətirir?
- Qaranlıq var ki, işıqdan da maraqlıdır, işıq da var ki, qaranlıq qədər maraqlıdır. Təklif olunan vəziyyəti maksimum dərəcədə dəyərləndirirəm. Hansısa məqamda rok dinləmək istəyərəm, amma hər gün rok dinləyən biri deyiləm. Həyata və insanlara fraqment, kadr və foto kimi baxıram.
- Hansı kadr ağlınızdan heç vaxt silinmir?
- 92-93-cü ci illərdə 5-ci sinfdə oxuyurdum, yerdən çörək də yığmışıq, ac da qalmışıq, qısası, həyatın bir çox ağrı-acısını dadmışıq. İstəmirəm ki, pis frqamentləri yenidən xatırlayım...
Başqa bir hadisə danışım. Bir dəfə fotoqraf dostumla Zahid Xəlilov küçəsində yol gedirdik, sənətdən danışırdıq. Maraqlı bir kadr tapmalı idi. Zibilliyin yanından keçəndə təsadüfən o kadr özü bizi tapdı. Deməli, zibil qabının içində, yerdə və ordan asılmış sellofanda kitablar var idi. Zibil qabının içində Azərbaycan ədəbiyyatı, yerdə vərəqləri cırılmış İslam dini kitabı var idi, sellofandan da Ziya Bünyadovun Azərbaycan tarixi kitabı asılmışdı. Təsəvvür edin bu kadrın nə qədər mənası var? Bu Azərbaycan ədəbiyyatının, tarixinin və islamın vəziyyətinin fotosu idi... Belə kadrlar tez-tez olur, amma həmişə istəyirəm ki, ətrafda hər şeyi pozitiv rənglərdə görüm. Ümumiyyətlə arzuları çox utopik olan adamam. Həyatın o qədər ədalətsiz tərəfləri var ki, barışa bilmirəm. Hər zaman istəmişəm ki, bir günlük pul bir ölçü vahidi və mexanizm kimi dünyada ləğv olunsun, natural təsərrüfat hökm sürsün. Bu barədə komediya da yazmışdım. Həyat gözümdə pulsuz daha maraqlıdır, onda insani dəyərlər də tamam başqa olardı.
- Akademik fəaliyyətinizi davam etdirirsiniz?
- Filologiya elmləri üzrə fəlsəfə doktoruyam, 6-7 ilimi buna həsr etdiyim üçün peşman deyiləm, həyatın bir səhifəsi idi. Əksinə dublyajda, səslənmədə, hekayə qurulmasında, ssenari yazılışında və s. məsələlərdə mənə çox kömək edir. Azərbaycan dili və ədəbiyyatı mənim üçün ən gözəl elmdir, yeganə elmdir ki, dünyada doğuluş və ölüm onun üzərində qurulub, həyatımız layladan başlayır ağı və mərsiyələrlə başa çatır. Filologiya elm deyil, yaşam tərzidir, həyatın özüdür.
Akademik fəaliyyətimi davam etdirməyi düşünmürəm, qrafik və çərçivələrə sığan biri deyiləm. Müəllim işləmək istəməməyim səbəbləri çoxdur.
- Ssenari yazırsınız?
- Bəli, film və reklam ssenariləri çox yazıram. Amma son vaxtlarda yazmaq eşqi öləziyib, çünki bilirəm ki, layihəni maliyyələşdirən tapılmayacaq. 19-cu əsr Azərbaycan tarixi haqqında ciddi bir ssenari yazmışam, tarixdə iz qoyacaq layihədir. Təəssüf ki, heç kimə lazım deyil, maddi dəstək edən yoxdur, böyük büdcə tələb edən bir filmdir.
Mən bu dövün adamı deyiləm, həyata fərqli baxıram. İndi vayn, tik-tok və cəfəngiyyat dövrüdür... Ağıl və savad dövrü deyil... Bir saat intellektual mövzuda danışsam, 100 adam baxacaq, ya yox. Amma ağzıma gələni danışsam, 5 dəqiqə ərzində 50 mindən çox izləniləcək. Bir səhv kifayət edir ki, yüz adam sənin arxanca getsin. Bu, sadəcə bizim cəmiyyətin deyil, sosium problemdir. Cəmiyyət fərdlər üzərində qurulsa da, xilas yolunu hər insnanın özündə görürəm. Heç zaman toplumun arxasınca getməmişəm. Bizim insanlar başqalarına görə yaşayır, cəmiyyətdə robotlaşma, texnikiləşmə və zombiləşmə gedir. Etiket qaydaları öz yerində, amma dəb xətrinə və ya başqalarının xoşuna gəlməyə çalışmaq, başqaları nə deyər düşüncəsi ilə yaşamaq sənin məhvinə gətirib çıxarır. Avropalı insan belə deyil, ona xoşuna gəlməyən nəyisə heç bir halda bəyəndirə bilmərsən. Onlar fikrini dərhal açıq şəkildə bildirmək bacarığına malikdir. Ona görə onlarda xoşbəxt fraqmentasiyalar bizdən daha çoxdur. Avropalıların da insanlıqdan çıxdığı məqamlar var, lakin sərbəst və özləri olması onlara rahatlıq gətirir. Bu, yaşayış, maddiyyatla və digər məsələlərlə bağlı deyil. Heç vaxt küyə getməmişən, hər bir fərd özündə analiz qabiliyyətini inkişaf etdirməlidir.
Kafedə oturub qəhvə içmək mədəniyyət göstəricisi deyil, qəhvəni qədim dövlərdə mədəniyyətsiz, pinti və sahədə işləyən adamlar içərdi. Yalandan hər hansı kitabla şəkil çəkdirmək mədəni və ağıllı olmaq deyil, bu, sadəcə yalançı kadrdır. Kitabla şəkil çəkdirmək yox, onu anlamaq lazımdır.
Aytən Məftun
Foto: Pərviz Həşimi
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?