Xocalı, Xankəndi, Xocavənd və... - Deputat DETALLARI AÇIQLADI
Bizi izləyin

Xüsusi

Xocalı, Xankəndi, Xocavənd və... - Deputat DETALLARI AÇIQLADI

"Biz Şuşadayıqsa, hərbi gücümüz oradadırsa, Xankəndinin hər bir nöqtəsi, hər bir əsgəri bizim hərbçilərimizin hədəfindədir və məhv olmalıdır. Şuşa çox mühüm əhəmiyyət daşıyır. Bu şəhər Laçının, Xocalının, Xankəndinin və digər ərazilərimizin azadlığı deməkdir".

Parlamentdə Şuşa, Ağdam, Xocalı və Xocavəndi təmsil edən deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov Publika.az-a müsahibəsində belə deyib.

Onunla müsahibəni təqdim edirik:

- Elman müəllim, Qafqazın incisi sayılan Şuşamız dünən işğaldan azad edildi. Hər kəs böyük sevinclə, qələbə gözyaşları ilə bu xəbəri qarşıladı. Nədir Şuşamızı bizim üçün bu qədər önəmli edən?

- Şuşanın ilkin əhəmiyyəti Qarabağın mərkəzi olmasıdır. 18-ci əsrin 50-ci illərində Azərbaycan bir neçə xanlıqla tanınırdısa, onun ən qüdrətlisi, ən görkəmlisi mərkəzi Pənahabad olmaqla Qarabağ xanlığı olub. Azərbaycanın 150-200 il öncə də dünya miqyasında tanınmasında Şuşanın böyük rolu olub. Şuşa mədəniyyəti, incəsənəti ilə fərqlənib, musiqi beşiyi kimi tanınıb. 18-19-cu əsrdə Şuşada tikilmiş binalara diqqət edin. Oradakı memarlıq nümunələri yüksək səviyyədədir. Şuşa həm quruluşu, coğrafi mövqeyi, həm də Qarabağ xanlığının mərkəzi kimi şöhrət tapıb. Bu şəhərin bünövrəsi qoyulandan bu günə kimi də dünya miqyasında tanınıb və böyük istedadları bəxş edib. Şuşa ölkənin ictimai-siyasi, dövlət xadimlərini, mədəniyyət, incəsənət və musiqi xadimlərini yetişdirib. Ora həmişə öz unikallığı ilə seçilib. Mədəniyyət beşiyi sayılan bir şəhərin işğaldan azad edilməsi Vətən müharibəsinin müqəddəratının Azərbaycanın qələbəsi ilə həll olunması deməkdir.

- Bəs, hərbi-strateji baxımdan nə kimi üstünlük əldə etdik? Digər rayonlarımızın azad olunmasında açar rolunu oynaya bilərmi?

- Şuşa Azərbaycan üçün önəmli simvol daşıyır. Şuşa qeyrət simvolu, qürur yerimizdir. Birinci Qarabağ müharibəsi dövründə ermənilər Xocalıda soyqırımı törətdi, vahimə yaratdılar. Ancaq məğlubiyyət nöqtəsi Şuşanın işğalından sonra qoyuldu. Bu gün də qalibiyyət nöqtəsi, bu müharibənin müqəddəratının həll edilməsi Şuşanın azad edilməsi ilə əsaslandırıla bilər. Çünki Şuşanın çox mühüm hərbi-strateji əhəmiyyəti var. Ora eyni zamanda Xankəndi ilə Ermənistanın Gorus istiqamətindən gələn yolun üzərində qaladır. Artıq bu yol bağlandı. Deməli, Xankəndidə və ətrafında qalan, hələ müqavimət göstərə bilən, xülyalarla yaşayan ermənilərin həm canlı qüvvə, ərzaq, həm də silah-sursat və yanacaq cəhətdən bütün təminatları kəsildi. Eyni zamanda, biz Şuşaya nəzarət ediriksə, oradakı bütün yollara, ətrafdakı yüksəkliklərə də nəzarət edirik və istədiyimizi edə bilərik. Şuşadan Xankəndinə avtomobil yolu 8 kilometrdir. Şuşanın zirvəsindən hava yolu ilə Xankəndinə isə 3 kilometrdir. Yəni, biz Şuşadayıqsa, hərbi gücümüz oradadırsa, Xankəndinin hər bir nöqtəsi, hər bir əsgəri bizim hərbçilərimizin hədəfindədir və məhv olmalıdır. Bu, çox mühüm əhəmiyyət daşıyır. Hazırda Qubadlı istiqamətindən də Laçına gedirik. Şuşa istiqamətindən də Laçına gedə bilərik. Şuşa Laçının, Xocalının, Xankəndinin və digər ərazilərimizin azadlığıdır.

- Dünən Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev bu xoş xəbəri hərbi formada, əsgər salamı verərək Şəhidlər xiyabanından xalqımıza çatdırdı. Dedi ki, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim, Şuşanı azad etdik.​​​ Cənab Prezidentin bu cür özünəməxsus formada çıxışını necə dəyərləndirirsiniz?

- Bugünkü bütün sahələrdə, istiqamətlərdə, eyni zamanda da hərbi sahədə əldə etdiyimiz nailiyyətlərin bünövrəsi ulu öndərin hakimiyyətə gəldiyi gündən qoyulub. O zaman Azərbaycanda dövlətçilik yox səviyyəsində idi, vətəndaş müharibəsi vəziyyəti yaranmışdı, torpaqlarımız bir-birinin ardınca işğal olunur, büdcə çökmüşdü. Ulu öndər hakimiyyətə gəldiyi gündən dövlətçilik qurulmağa başlandı, iqtisadiyyatımız dirçəldi. Bunlara söykənən hərbi sahənin inkişaf mərhələsi başladı, ölkəmizdə hərbi quruculuq işlərinə təkan verildi. Beynəlxalq aləmdə nüfuz, tanınma təməli qoyuldu. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən çox sağlam və möhkəm zəmində qoyulmuş təməllərin üzərindən bu siyasəti davam etdirməyə başladı. Dövlət və ordu quruculuğunda, iqtisadiyyatın inkişafında, informasiya sahəsində çox uğurlu addımlar atıldı. Biz bunların sayəsində bugünkü nəticəyə gəlib çatdıq. Bu, bir günün, bir ilin işi deyil. Cənab Prezidentimiz də deyir ki, biz bu yolu 17 ildir addım-addım gəlirik. Məqsədimizə çatmaq üçün fəaliyyət göstərmişik. Çətin olub, ancaq şərəfli olub. İndi də onun bəhrəsini görürük. Ali Baş Komandanımız Şuşanın müjdəli xəbərini hərbi geyimdə Şəhidlər xiyabanında verdi. Dövlət başçısı hərbi salam verdi. Bu, şəhidlərimizə olan hörmət və ehtiram idi, şəhid ruhlarının şad olması, rahatlıq tapması idi. O xiyabanda uyuyan şəhidlərimizin qanı Qarabağ torpaqlarına tökülüb. Şəhidlərimiz o torpaqların müdafiəsi uğrunda canlarını fəda ediblər. Onların qarşısında Ali Baş Komandanımız sanki hesabat verdi, onları salamladı ki, ruhunuz şad olsun, rahat yatın, sizin qanınızı yerdə qoymadıq. Bu, tarixi, qürurverici bir an idi. Hər birimizi qürurlandırdı, sevinc qəhərinə boğdu. Fəxr etdik ki, bu cür Prezidentimiz var. O, sözünün ağasıdır, verdiyi vədləri yerinə yetirir. Mənim prezidentim fateh, qalib Prezidentdir.

- Elman müəllim, döyüş meydanında döyüşlər başlayandan düşməni həm canlı, həm də texnika baxımından məhv edirik. Sizcə, Şuşanın azad olunması ilə düşməni mənəvi-psixoloji cəhətdən də məhv edə bildikmi?

- Düşmənə çox güclü mənəvi-psixoloji zərbə vurmuşuq. Cənab Prezident yumruğunu göstərdi, dedi ki, bu, dəmir yumruqdur. O yumruq xalqın birliyini ifadə edən yumruqdur. Xalqın gücü və o yumruq düşmənin başına elə dəydi ki, onlar bir də özlərini düzəldə bilməyəcəklər. Biz onları hərb meydanında məğlub etdik, belini qırmışıq onların. İndi də Şuşanı azad etməklə psixoloji zərbə vurduq. Düşmən arasında çaxnaşma, qorxu, ümidsizlik salmışıq. Xankəndidən qaçan ermənilərin maşın karvanı neçə kilometrlərlə tıxac yaradıb. Bu, qələbə deməkdir. Bu onu göstərir ki, biz torpaqlarımızı düşməndən təmizləyirik.

- Son olaraq, o dövrlərin canlı şahidi kimi 28 il əvvəldən soruşmaq istəyirəm. Elman müəllim, Şuşanı hansı səbəblərə görə itirmişdik?

- Millət həmin millətdir, xalq o xalqdır. O zamanlar da Azərbaycan övladlarında döyüşkənlik, vətənpərvərlik ruhu, cəsarət, qətiyyət və mübarizlik var idi. Çatışmayan siyasi-hərbi rəhbərlik idi. Ölkəyə, xalqa rəhbərlik edəcək sərkərdə çatmırdı. Ölkəmiz naşıların əlinə düşmüşdü. Ona görə də xalq ümidsizliyə qapılmışdı. Xalq elə bir vəziyyətə düşmüşdü ki, şübhəli şəkildə hadisələrdə özlərini sorğu-sual edirdilər. Bugünkü rəhbərliyin qətiyyətini, cəsarətini, müdrikliyini, düzgünlüyünü görəndə ötən illərə qiymət verə bilirik ki, deməli, xalqa, dövlətə ağıllı, bacarıqlı, qətiyyətli, siyasətdən və idarəetmədən, hərbdən anlayışı olan insanlar rəhbərlik etməlidir. Xalq öz mövqeyini ortaya qoya və nəyə qadir olduğunu göstərə bilir.

1992-ci ilin mayın 8-də mən Əzimov Yavər adlı Xocalı sakini, həm də qəhrəman döyüşçü ilə birlikdə Qaxa getmişdim. Orada "Şəfa" adlı sanatoriyada rayonumuzdan xeyli ailə məskunlaşmışdı. Onlarla görüşməyə getdik. Bizimlə birgə Qaxın o zamankı icra başçısı da iştirak edirdi. Görüşdüyümüz zaman sanatoriyanın xanım baş həkimi yaxınlaşdı və icra başçısına nələrsə dedi. Qaxın başçısı mənə dedi ki, Elman müəllim, ermənilər Şuşanı alıb, Şuşa işğal olunub. Şuşanın işğalını orada eşitdim. Qulaqlarıma inana bilmirdim. Elə bil ki, bir fəlakət oldu. Şuşanı işğal etmək mümkün idimi?! Başsız rəhbərlərin günahı ucbatından, məkrli qüvvələrin, ermənilərə həm canlı qüvvəsi, həm də silah-sursatı ilə havadarlıq edən güclərin iştirakı ilə Şuşa işğal olundu. Oranın işğalı ilə bizim o dövrlər məğlubiyyətimiz bir-birinin ardınca başladı. 8 noyabr- Şuşanın işğaldan azad olunması günü isə bu müharibənin tarixində artıq həlledici nöqtəni qoydu.

QEYD: Müsahibə dünən alınıb.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm