Bakı bu arzumuzu gerçəkləşdirmək üçün mühüm şəhərdir - Hind Cudarla MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Bakı bu arzumuzu gerçəkləşdirmək üçün mühüm şəhərdir - Hind Cudarla MÜSAHİBƏ

Publika.az-ın növbəti özəl qonağı “İpək yolu və Əl Əndəluz” Assosiasiyasının prezidenti, “Oriental Fashion Show Paris”in qurucusu Hind Cudardır.

Müsahibəni təqdim edirik:

- Əziz Hind, gözəl adınız var.

- Əslində, adımın mənası Hindistanla bağlıdır, amma hind-ərəb ismidir. Bir vaxtlar Hind Rostom adlı məşhur misirli aktrisa varmış. Nənəm də onun şərəfinə mənə bu adı verib.

- Mərakeşdə doğulmusunuz.

- Düzdür, amma Fransada böyümüşəm. Hazırda Parisdə yaşayıram.

- Bir vaxtlar dünya TV kanallarında “Klon” adlı serial yayımlanırdı. Bu ekran əsərini insanlara sevdirən bir cəhət də zəngin və rəngarəng Mərakeş mədəniyyətinin təqdimatı idi. Əsrarəngiz ölkəniz haqda danışaq?

- Mərakeşdə doğulan hər kəs ərəb, bərbər, Afrika və Avropa sivilizasiyalarının vəhdətindən yaranan Şərq və Qərb mədəniyyətinin daşıyıcısıdır. Bilirsiniz ki, Mərakeş uzun müddət Fransanın müstəmləkəsi olub. Həmçinin, İslamın hakim din olması və qədim ərəb adət-ənənələri xalqımızın mədəniyyətini formalaşdırıb. Buna görə də belə rəngarəng və zəngin görünür.

- Zahirən bizim qadınlarımıza çox bənzəyirsiniz. Sizə elə gəlmirmi?

- Mən də hiss edirəm bu bənzərliyi. Həm Azərbaycan, həm də Mərakeş qarışıq mədəniyyətlərə malikdir. Coğrafi şəraitləri, iqlimləri də bənzərdir. Bəlkə də əsas səbəb budur.

- Sizi Azərbaycanla nə bağlayır?

- Ölkənizə səfər etməyi çox sevirəm. Əslində, əvvəllər televiziyadan, internetdən görəndə də çox bəyənmişdim. Ancaq canlı tanışlıq daha dərin təəssürat oyatdı məndə.

- Bəs insanlarımız necə?

- Parisdə tez-tez moda nümayişləri təşkil edirəm və bir çox ölkələrin səfirlərinin xanımlarını dəvət edirəm. Sizin qadınlarınızla da orada tanış oluram. Elə modelyer-dizayner Fəxriyyə Xələfova ilə də nümayişlərin birində dostlaşdım. Ümumiyyətlə, azərbaycanlı xanımlar arasında yaxın rəfiqələrim çoxdur. Onlardan Aytən Muradovanın adını xüsusi qeyd etmək istəyirəm.

- “İpək yolu və Əl Əndəluz” Assosiasiyasının prezidentisiniz. Həmçinin, Şərq milli geyimləri üzrə səlahiyyətli səfirsiniz. Dəbin döyünən ürəyi Parisdə Şərq milli geyimlərinə münasibət necədir?

- 2004-cü ildən etibarən “Oriental Fashion Show” təşkil etməyə başladım. Əsas məqsədim kaftana (uzun ətəkli qədim Şərq geyimi) layiq olduğu dəyəri verib, onu kifayət qədər tanıtmaq idi. İnanırsınızmı, nümayişlərimiz o qədər böyük maraqla qarşılandı ki, bu dəyəri hətta mən belə gözləmirdim. İnsanların xoş təəssüratları gözlərindən oxunurdu. Hazırda komandamızda 20 ölkənin 35 mütəxəssisi çalışır.

- Bakıda dəfələrlə möhtəşəm Mərakeş moda nümayişi baş tutub. Bu haqda bizə məlumat verə bilərsinizmi?

- Tarix boyu Bakı kaftanın inkişafı yolunda əhəmiyyətli rol oynayıb. Çünki onun hazırlanmasında istifadə olunan parçalar Məğribə yetişmək üçün İpək yolundan keçib. Biz İpək yolunun bir zamanlar birləşdirdiyi ölkələr arasında ticari və mədəni əlaqələrin yenidən bərpa edilməsini istəyirik. Bakı isə bu arzumuzu gerçəkləşdirmək üçün mühüm şəhərdir. Azərbaycan moda həftəsində iştirakımızın məqsədi ölkənizin dəb həvəskarlarını Mərakeş kaftanı ilə yaxından tanış etməkdir.

- Sizin haqqınızdakı məlumatlarla tanış olanda əsas peşənizin hüquqşünas olmağı nəzərimdən yayınmadı.

- Uzun müddət biznesin təşkili üzrə hüquqşünas olaraq fəaliyyət göstərmişəm. Artıq 1 ildir ki, Şərq dəbini inkişaf etdirmək naminə bu sahədən tamamilə uzaqlaşmışam.

- Hüquq və dəb - bu sahələr arasında bənzərlik və fərqləri sadalaya bilərsiniz?

- Dəb və hüquq bir-birinə çox bənzəyir. Hər ikisi dəqiqlik və məsuliyyət tələb edir. Hazırkı layihələrimi gerçəkləşdirməkdə hüquqi biliklərim çox köməyimə çatır.

- 2011-ci ildə “Kaftanın möcüzələri” adlı kitabınız işıq üzü görüb. Kitab satışa çıxandan sonra kaftanın taleyində həqiqətən möcüzə baş verdimi?

- Kitab dünyanın ən maraqlı və unikal geyim növlərindən olan kaftanın yaranma və inkişaf tarixinə həsr olunub. Bir çox Şərq ölkələrində olduğu kimi, kaftan Mərakeşin də milli geyim növü sayılır. Bütün təntənəli mərasimlərdə qadınlar rəngarəng kaftanlar geyinirlər. Məqsədimiz kaftanı təbliğ edib, dünyanın dəb ustalarının diqqətini bu geyim növünə cəlb etmək idi. Düşünürəm ki, arzumuza çatdıq.

- Geyimimizdə milli koloriti qorumaq şərtilə necə edə bilərik ki, həm də dəbli və müasir görünək?

- Etnik üslub həmişə modanın bir hissəsi olub. Buna görə də bütün dəb nümunələrində mütləq etnik toxunuş olur. Elə bu gün də əfsanəyə çevrilən dəb ustalarının əsas ilham qaynağı bu üslubdur. Lakin biz tək bununla kifayətlənməli deyilik. Milli geyim mirasımızı müasir güzəranımıza inteqrasiya etməliyik. Trend dəb nümunələrini etnik cizgilərlə tamamlamalıyıq. Bu, bizə həm zərif, həm də fərqli görünüş verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm