Xüsusi
Heydər Əliyev Petrosyana dedi ki, heç olmasa, qadınları... - ŞOK DETALLAR ÜZƏ ÇIXDI
Sabah Xocalı soyqırımının 30 ili tamam olur. Bu soyqırımı nəticəsində həlak olanlarla yanaşı, 1275 nəfər əsir və girov götürülmüşdü. Ümumiyyətlə, rəsmi statistikaya görə, birinci Qarabağ müharibəsində əsir və girov götürülmüş vətəndaşlarımızın sayı 4000 nəfərə qədərdir. Ermənistan hələ də onlar haqqında müfəssəl məlumat verməkdən boyun qaçırır.
Bəs onlardan bu günə kimi sağ qalan varmı? Azərbaycan dövləti onların taleyi ilə hansı formada maraqlanıb? Atəşkəs dövründə onlardan neçəsini sağ şəkildə qaytarmaq mümkün olub?
Publika.az-ın “Cümə söhbəti”ndə taleyi bu günə qədər də naməlum olan soydaşlarımızdan, müharibə qurbanlarından danışmaq istəyirik.
Həmin dövrdə prezidentin müşaviri olan politoloq Qabil Hüseynli Publika.az-a müsahibəsində söyləyib ki, bu məsələ ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbraytın evində Azərbaycan və Ermənistanın o zamankı prezidentləri arasında müzakirə edilib və həmin əsirlərin bir neçəsini qaytarmaq mümkün olub.
Müsahibəni təqdim edirik:
- Qabil müəllim, Azərbaycan ermənilərin əlində olan 4-5 minlik əsir və girovlarla bağlı təxminən nə zaman fəaliyyətə keçdi və ilk illərdə hansı nəticələr əldə olundu?
- 1994-cü ildən başlayaraq əsir düşmüş və girov götürülmüş insanlarımızla bağlı Milli Təhlükəsizlik Nazirliyi sistemində xüsusi komissiyanın yaradılmasına başlanıldı və yaradıldı. Həmin komissiya bu istiqamətdə işlər aparmağa başladı. Bundan başqa, xatırlayıram ki, əsir düşmüş, habelə əsirlikdə sağ olmalarla bağlı ulu öndər Heydər Əliyev Ermənistanın siyasi rəhbərliyi ilə görüşlərində məsələ də qaldırırdı. Heydər Əliyev onlardan tələb edirdi ki, əsir düşmüş adamları geriyə qaytarsınlar.
- Nəticəsi nə oldu? Ermənilər həmin əsir və girovlardan kimlərisə qaytardılarmı?
- Səhv etmirəmsə, həmin dövrdə bu cür xahişlərin və danışıqların fonunda dörd və ya beş nəfəri geriyə qaytarmaq mümkün oldu. Onlar sağ idilər və əsirlikdə ən ağır işlərdə işlədilirdilər.
- Söhbət konkret olaraq neçənci ildən gedir?
- Söhbət 1994-cü ildən gedir. 1994-cü il boyu bu danışıqlar aparıldı və dediyim sayda əsir azad edilmişdi. 1995-ci ildə artıq bu işi görmək mümkün olmadı. Daha sonra Milli Təhlükəsizlik Nazirliyinin nəzdində yaradılmış həmin komissiya ciddi şəkildə işləməyə başladı. Həmin qurum əsir düşmüş və girov götürülmüş insanların siyahısını çıxardı. O zamankı siyahı kifayət qədər böyük idi. Mənim xatirimdədir ki, o zaman həmin siyahıda beş min beş yüz nəfərin adı yer almışdı. Yəni əsir düşən və girov götürülən insanların sayı bu qədər idi.
- Bəs indi 4000 nəfər deyilir, 1500 nəfərin aqibəti necə olub?
- Bəli, indi nədənsə 4000 nəfər deyirlər. Bu rəqəmlərin sayının nədən azaldığını mən deyə bilmərəm. Tam xatirimdədir ki, 5500 deyilirdi. Amma ermənilərin əlində 5000-ə qədər əsir və girovlarımızın olması dəqiq idi. İndi bu rəqəm 4000 göstərilir. Ola bilsin ki, hansısa dövrdə siyahıyaalmada yanlışlıqlar olub. Əsir və girovların qaytarılması ilə bağlı Azərbaycan tərəfindən təkidli səylər olurdu. O zaman Ermənistanın siyasi rəhbərliyi ilə görüşlər xeyli intensiv keçirdi. Hətta bir dəfə sizə də demişəm, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin sessiyasında olarkən Amerika Birləşmiş Ştatlarının o zamankı dövlət katibi Madlen Olbrayt öz təşəbbüsü ilə mərhum Prezident Heydər Əliyevlə həmin dövrdə Ermənistanın prezidenti olan Levon Ter-Petrosyanın görüşünü təşkil elədi. Bu görüş xanım dövlət katibinin öz evində gerçəkləşdi. Onun Nyu-Yorkdakı evində baş tutdu. Həmin görüş əvvəlcə təkbətək formatda keçdi. Sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş müzakirələr başladı. Mən də həmin görüşdə iştirak edirdim. Həmin vaxt Heydər Əliyevin qaldırdığı məsələlər içərisində münaqişənin sülh yolu ilə nizamlanması ilə yanaşı, əsir düşmüş və girovlarımızın geriyə qaytarılması məsələsi də yer almışdı. Ter-Petrosyan söylədi ki, biz İrəvana qayıtdıqdan sonra bu məsələ ilə bağlı ciddi surətdə maraqlanacağıq. Daha sonra o bildirdi ki, həmin əsirlər və girovlar əgər sağ qalıblarsa və onların Azərbaycana qayıtmaq, geriyə dönmək fikirləri varsa, biz onları sizə qaytararıq.
- Sonra nə baş verdi? Hər hansı irəliləyiş oldumu? Növbəti mərhələdə əsir və girovlardan kimlərsə qaytarıldımı?
- Heydər Əliyevin Ter-Petrosyanla elə həmin danışığından sonra 4 və ya 5 nəfəri çox çətinliklə geriyə qaytarmaq mümkün oldu. Hətta əks-kəşfiyyat məlumatlarından göstərilirdi ki, ermənilərin əlində xeyrli sayda qadınlar və kişilər də var. Kişiləri çox ağır işlərdə işlədirlər. Qadınlara münasibətdə isə çox aşağılayıcı, həddindən artıq ikrah doğuran hərəkətlər edirdilər. Heydər Əliyev cənabları Nyu-Yorkda Ermənistan prezidentinə söylədi ki, heç olmasa, qadınları qaytarın. Hətta qadınlarının hamısının qaytarılması ilə bağlı Ter-Petrosiyandan təminat aldı. Təəssüflər olsun ki, Ermənistan qadınları qaytarmadı. Onların əvəzində dörd ya da beş əsir düşmüş əsgərimizi bizə geri verdilər. Başqa bir nəticəyə ermənilərin qeyri-konstruktivliyi ucbatından imza atmaq mümkün olmadı.
- Yəqin ki, indi əsir və girovlardan sağ qalanlar az olar. Bəlkə də heç qalmayıb. Çünki 30 il keçir. Bəs onların nəşlərinin qalıqlarının qaytarılması ilə bağlı Azərbaycan Ermənistana hansı təzyiqləri göstərməlidir?
- Bununla bağlı bütün beynəlxalq hüquqi mexanizmlər bizim tərəfimizdədir. Ermənilər qeyd-şərtsiz onları qaytarmalıdırlar. Ermənilər hələ o zaman da, prezident Ter-Petrosyandan başqa, onun yanında olan digər rəsmilər inandla deyirdilər ki, – hələ görüş başlamazdan əvvəl – sizin burada əsirləriniz, girovlarınız yoxdur. Bildirirdilər ki, onların hamısı müharibə prosesində həlak olublar. Yəni bu, “hamısını öldürmüşük” anlamına gəlirdi. Amma Azərbaycanın əlində dəqiq məlumat var idi ki, Ermənistanda ən azı 4000 nəfərə qədər qadınlı-kişili əsir və girov götürülənlər var.
- Həmin əsirlər hansı bölgələrdən idi? Bu haqda sizdə məlumat varmı? Xocalıdan olan girovlar barədə də məlumatlısınızmı?
- Həmin əsir və girov götürülənlərin böyük əksəriyyəti Kəlbəcər rayonundan və Xocalı soyqırımı zamanı əsir götürülənlər idi. Onların arasında başqa əsirlərin olduğu da məlumdur. Amma Xocalı və Kəlbəcər sakinləri həmin əsir və girovlar arasında çoxluq təşkil edirdilər. Təəssüflər olsun ki, danışıqların bütün mərhələlərində, bütün görüşlərdə, eləcə də BMT-dəki çıxışında da o zamankı Prezident Heydər Əliyev bu məsələni qaldırdı. Hətta BMT-nin Baş Məclisində tribunadan çıxış edərkən bu barədə hər kəsi məlumatlandırdı. Daha sonra, o zaman İslam Konfransı Təşkilatı adlanan qurumun Mərakeşin paytaxtı Mərakeş şəhərində baş tutan konfransında da bu məsələni ümummilli lider çox ciddi surətdə qaldırdı. İslam dövlətlərindən tələb etdi ki, özlərinin imkanlarından istifadə edərək həm təcavüzkarın Azərbaycan torpaqlarından çıxarılması, həm də ermənilərin əlində olan əsir və girovların qaytarılması ilə bağlı hərəkətə keçsinlər. Hətta mərhum Heydər Əliyev həmin konfransda vurğuladı ki, girovlar arasında uşaqları pis durumda qalan və ya körpələri öldürülmüş analar var. Söyləyirdi ki, ermənilərin əlində olan həmin girovların, dinc sakinlərin qaytarılmasına yardımçı olun. Səhv etmirəmsə, İslam Konfransı Təşkilatının yekun sənədində bu maddə - yəni əsir və girov düşmüş Azərbaycan vətəndaşlarının geriyə qaytarılması ilə bağlı xüsusi bənd – də yer almışdı. Açığını deyrək ki, o zaman Azərbaycana diqqət böyük idi. Həmin sənəddə Ermənistanın ərazilərini işğal etməsini pisləyən digər bir maddə də yer almışdı. İslam Konfransı Təşkilatında o zaman təxminən əlli dövlət təmsil olunurdu. Bu dövlətlərin hamısı haqq işi ilə bağlı güclü və ciddi həmrəylik nümayiş etdirdilər. Bəzi dövlət başçılarının çıxışlarında bu məqam xüsusi vurğulandı. İslam Konfransı Təşkilatı o zaman Azərbaycana çox isti münasibət bəsləyirdi. Hətta bu qurumun nəzdində olan Asiya Bankı da Azərbaycana 10 milyon dollar məbləğində yardım göndərilməsi ilə bağlı qərar qəbul elədi. Sonralar biz həmin yardımı ala bildik. Yəni bütövlükdə bu istiqamətdə ciddi işlər aparılırdı. Əfsuslar olsun ki, ermənilər bu məsələlərdə Azərbaycanın bu humanitar tələblərinə adekvat reaksiya vermədilər.
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?