Bakı ilə İrəvanın “ALO!” diplomatiyası: Bayramovla Mirzoyan nəyin başlanğıcını qoydu?
Bizi izləyin

Xüsusi

Bakı ilə İrəvanın “ALO!” diplomatiyası: Bayramovla Mirzoyan nəyin başlanğıcını qoydu?

Ötən gün Azərbaycan və Ermənistanın son 30 ilini əhatə edən müstəqillik tarixlərində bir ilk yaşandı. Bakı və İrəvan arasında vasitəçi olmadan, birbaşa telefon danışıqları baş tutdu. Xarici İşlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyanla Qarabağ mövzusunda müzakirələr apardı.

Ekspertlər düşünür ki, tərəflər Brüssel görüşündən irəli gələn məsələlərin sonrakı mərhələsi ilə bağlı danışıblar.

Politoloq İlqar Vəlizadə Publika.az-a müsahibəsində söyləyib ki, Bayramovla Mirzoyanın görüşünü son 30 ilin əlamətdar hadisəsi hesab etmək olar.

Müsahibəni təqdim edirik:

- İlqar bəy, 30 ildə bir ilk yaşandı. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri vasitəçi olmadan telefonla müzakirələr apardılar. Sizcə, bu telefon danışığında daha çox hansı müzakirələr yer alıb?

- Yəqin ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin telefon danışıqlarında Brüssel görüşündən irəli gələn məsələlər müzakirə olunub. Rəsmi açıqlamalardan da bu qənaətə gəlmək mümkündür. Çox güman ki, sülh sazişinin imzalanmasına hazırlıq işləri ilə bağlı bəzi məsələləri nazirlər telefonla müzakirə edə bilərlər. Düşünürəm ki, Ceyhun Bayramovla Ararat Mirzoyanın telefonla vasitəçi olmadan əlaqə saxlaması ən yeni tarix üçün əlamətdar bir hadisədir. Bəlkə də səhv edirəm, amma mən Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında birbaşa telefon danışıqlarının olmasını xatırlamıram. Bu ondan xəbər verir ki, artıq tərəflər arasında birbaşa əlaqələr var. Yəni konkret mövzuları əhatə etsə də, əsas odur ki, tərəflər arasında birbaşa əlaqələr mövcuddur. Birbaşa əlaqələrin olması, bu tendensiyanın mövcudluğu da çox vacibdir. Bu o deməkdir ki, artıq müzakirə üçün vasitəçi yoxdur. Düşünürəm ki, bu dəst-xətt inkişaf etsə, çox müsbət bir hal olacaq. Azərbaycan bundan sonra da vasitəçi olmadan birbaşa Ermənistanla danışa bilər. Bu da çox müsbət bir hadisədir.

- Birbaşa və vasitəçi olmadan əlaqələr sülh danışıqları prosesini daha da sürətləndirə bilərmi? Ümumiyyətlə, bu hadisəni Bakı və İrəvan arasında yeni tendensiya kimi qiymətləndirmək mümkündür?

- Mütləq! Bilirsiniz, sülh sazişi baza sənədidir. Bu sənədin tərtib olunması, onun üzərində işlənməsi regionda yeni siyasi proseslərin formalaşmasına gətirib çıxara bilər. Artıq bunlar münaqişədən sonrakı proseslərdir. Bu da çox vacib bir məqamdır. Artıq biz hər gün, hər həftə, hər ay bu münaqişədən uzaqlaşırıq. Bu cür gedişatlar da müsbət istiqamətlidir. Düşünürəm ki, biz sülh prosesinin başlanğıcındayıq. Proses davam edərsə, yeni reallıqlar ərsəyə gələcək. Üstəlik, yeni mövzular da müzakirəyə çıxacaq. Siyasi mövzulardan başqa burada iqtisadi məsələlər də mühüm rol oynayır. Bakı və İrəvan arasındakı müzakirə mövzularında iqtisadi və humanitar sahələri əhatə edən gündəm məsələləri daha çox yer alarsa, bu, regiondakı vəziyyətin transformasiyasına gətirib çıxaracaq.

- Burada hansı transformasiyadan söhbət gedir?

- Bu o deməkdir ki, artıq keyfiyyət baxımından bir sıra dəyişikliklər olacaq. Bu da çox vacib məqamdır. Keyfiyyət baxımından dəyişiklikdir və bu, şüurlarda da baş verməlidir. Biz görürük ki, Ermənistan parlamentində keçmiş hərbi xuntanın, “Qarabağ klanı”nın keçmiş üzvləri qondarma qurumun əski parçasını parlament binasında “dalğalandırmaq” niyyətindədirlər. Köhnə gündəmi Ermənistan cəmiyyətinə sırımaq istəyirlər. Amma Ermənistan siyasətindəki yeni təfəkkür daşıyıcıları bundan imtina edirlər. Qondarma qurumun əski parçasını parlamentin başqa bir deputatı götürüb kənara atıb. Bütün bunlar ondan xəbər verir ki, şüurda dəyişikliklər baş verir. Bütün bunlar imkan yaradacaq ki, şüurlardakı dəyişikliklər transformasiyası daha da sürətlənsin.

- Xəbərlər yayıldı ki, Ermənistandan Qarabağa bir qrup deputat gəlib. Söhbət sülhməramlıların nəzarətində olan ərazilərdən gedir. Bu deputatları Koçaryan-Sarkisyan tandeminin kuklaları saymaq olarmı?

- Əlbəttə, bu belədir. Tamamilə doğru yanaşmadır. Biz bilirik ki, mövcud proseslər enişli-yoxuşlu formada davam edəcək. Müqavimət olacaq. Müxtəlif siyasi qruplar öz mənfəətlərini güdərək hansısa destruktiv addımlar atacaqlar. Son addımlar da bu qəbildəndir. Bu, daha çox Ermənistanın daxili siyasi diskussiyasına aid məsələlərdir. Erməni deputatların Qarabağa gəlişi də məhz buna hesablanıb. Doğrudur, bütün bunlar Azərbaycanı qıcıqlandırır. Haqlı olaraq rəsmi Bakı buna öz etirazını da bildirib. Digər tərəfdən, bu təxribatlara daha çox Ermənistanın daxilindəki qüvvələr cavab verməlidir. Biz elə eləməli, elə siyasi mənzərə yaratmalıyıq ki, bizdən daha çox Ermənistandakı daxili siyasi qruplar bu cür təxribatlara öz kəskin etirazlarını bildirsinlər. Eyni zamanda onların qarşısını almağa cəhdlər göstərsinlər. Transformasiya deyəndə mən həm də bunu nəzərdə tuturam. Adətən biz proseslərin bu şəkildə inkişaf etməsinə imkan vermirdik, müdaxilələri də biz edirdik. Amma transformasiya olanda və şüurlarda dəyişikliklər baş verəndən sonra Ermənistan cəmiyyətində, Ermənistanın siyasi mühitində olan qüvvələr bu cür təxribatların qarşısını almağa çalışacaqlar.

- Sizcə, ilin sonuna qədər biz Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının şahidi olacağıqmı?

- Yox, mən buna inanmıram. Çünki proseslər çox mürəkkəb mərhələdədir. Tərəflər arasında hələ də çox dərin fikir ayrılıqları mövcuddur. Problem də bundadır. Əsas məsələlərdən biri də qondarma rejim və onun “statusu” ilə bağlıdır. Sülhə maneə yaradan əsas əngəl də məhz bundadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm