"Çalışıram ki, şərqli olduğum bilinsin" - Rəssam
Bizi izləyin

Xüsusi

"Çalışıram ki, şərqli olduğum bilinsin" - Rəssam

Bu gün Fransanın sənət aləmi ən çox onun əl işindən danışır. Həmsöhbətim Parisin mərkəzində, Eyfel qülləsinin qarşısında məşhur “Grand Palais Ephemere”də 33 ölkədən 500-dən çox iştirakçını bir araya gətirən incəsənət və sənətkarlıq üzrə 5-ci “Revelations” Beynəlxalq Biennalesində ilk dəfə ölkəmizi təmsil edən rəssam Elvin Nəbizadədir. Tanınmış rəssam Biennaledə “Gecə və gündüz” əsəri ilə iştirak edib.

- Elvin bəy, heykəltaraşlıqdan müasir incəsənətə gəlmisiniz...

- Uzun illərdir incəsənətlə məşğulam. Ali təhsilimi rəssamlıq üzrə almışam. Bir müddət sonra isə müasir incəsənət məni daha çox cəlb etməyə başladı. Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsini bitirəndən sonra konseptual sərgilər keçirməyə başladım. İnteraktiv instalyasiya mövzusuna müraciət etmək mənə çox maraqlı gəldi. Sualınıza gəldikdə isə müasir incəsənəti seçmək mənimçün prioritet idi. Çünki, rəssamlığı dərindən dərk etdikcə, bu qənaətə gəlirsən ki, bu, təkcə təsviri deyil, həm də düşüncə sənətidir. Rəssam kimi sənin üzərində ikinci məsuliyyət var.

- Müasir incəsənət adətən elə təsviri sənətin nümayəndələri, bəstəkarlar, klassik ifaçılar tərəfindən isti qarşılanmır. Bu baxımdan, düşünürük ki, seçdiyiniz yol ikiqat çətindir.

- İyirmi birinci əsrin incəsənət adamı tamaşaçının önünə hansısa əsərini qoyub, “əl işim özü hər şeyi danışır” deməməlidir. Tamaşaçı ilə rəssam arasında pərdəni qaldırmaq vaxtıdır. Müasir incəsənət bu baxımdan ideal janrdır. Çünki, işimlə bərabər individual olaraq çatdırmaq istədiyim fikri də azad şəkildə ötürə bilirəm. Tamaşaçı bilməlidir ki, mən ona nə deyirəm. Bəli, müasir sənət bəzən doğru qarşılanmır, istədiyin reaksiyanı ala bilmirsən. Biz buna tam hazır olmalıyıq. Çünki dediyim anlaşılmazlıq bütün dövrlər üçün aktual olub. Amma xüsusi təzyiq, yaxud sərt tənqidlə rastlaşmamışam.

src="/storage/files/upload/12392a5748a553c354305fab2591cb6c70a4a716.jpg" style="width: 894px; height: 596.686px;" class="fr-fic fr-dib">

- Parisdə təşkil olunan “Revelations” Beynəlxalq Biennalesində ölkəmizi siz təmsil etdiniz. Müəllifi olduğunuz instalyasiyaya həddən artıq maraq vardı. Bu ideyanızın haradan qaynaqlandığını bilmək istərdik.

- Doğrudur, burada gözlədiyimdən də artıq diqqətlə rastlaşdım. İstər fransızlar olsun, istərsə də digər xalqların nümayəndələri, hər kəs xüsusi maraqla gəlib izlədi. Çox gözəl məqamı müşahidə etdim. İnsanlar instalyasiyanı beyinlə qavradıqdan sonra mütləq telefonu götürüb, xatirəyə çevirmək istəyirdilər. İdeya iki il beynimdə idi. Amma işin reallaşması bir ilədək uzandı. Musiqi alətləri, xüsusən də, saz mənim kompozisiyamın dominant hissəsidir. Bəli, musiqi insan ruhunun ayrılmaz parçasıdır. Amma mənimçün musiqi və təsviri gözəllik ən vacib amildir. Xüsusən də yaşadığımız dövrdə canlı orqanizm olaraq orqanik deyil, sintetik qidalara üz tutmağımız, qlobal şəkildə təbiilikdən qaçmağımızdır. Yəni güzgüdə heç bir müdaxilə olunmamış musiqi alətləri olduğu kimi sıralanıb. İkinci tərəfdə isə sintetik “qara şüşə”dir. Mən bunu günümüzdə həyatımızın ayrılmaz hissəsinə çevrilən smartfonlara bənzədirəm. Heç olmasa, gün ərzində bir dəfə güzgüyə baxırıq. Hətta telefonumuzun qara ekranında da özümüzü görürük. Amma bu, bizim arzu olunmayan tərəfimizdir. O qara ekran üzərində rənglənmiş boz, plastik alətləri göstərirəm. Bəli, bu, bizim arzuedilməz tərəfimizdir. Müşahidə edirdim ki, görəsən insanlar hansı tərəfdə daha çox vaxt keçirəcəklər. Bəli, hər kəs aydın hissəyə can atırdı. Çox nadir hallarda qaranlıq, yəni sintetik tərəfi seçirdilər.

src="/storage/files/upload/a76bf0bbc4a6e57d8bbf6d15aceca08802351742.jpg" style="width: 902px; height: 414.92px;" class="fr-fic fr-dib">

- Ümumiyyətlə, tamaşaçı ilə yaxından ünsiyyət qurmaq istəyən rəssam əsərlərinə mütləq xarakter, obraz verməlidir? Yoxsa, bunu tamaşaçının öhdəsinə buraxmalıdır?

- Əslində rəssam müşahidəçi olmaq məcburiyyətində deyil. Sadəcə mən psixoloji analizi sevirəm. Hətta rəssamlıq fəaliyyətimdə öncə də bu cəhətim güclü idi. Odur ki, mənimçün tamaşaçı işimin əsas obyektidir. Rəssam tamaşaçısı isə tamamlanır, bütövləşir. Əsas olan hər iki tərəfin düşüncəsinin bir nöqtədə qovuşmağıdır. Lakin düşüncələr bir-birinə zidd də ola bilər. İşimlə bağlı gözəl fikirlər, düşüncələr eşitdim. Tamaşaçının dəyərli əsəri görməyi mənimçün çox xoşdur. Lakin mənim əsas məqsədim o gözəlliklə paralel həm də aktual mesajımı ötürmək idi. Yaşadığımız virtual dünyadan oyanıb, sağlam və təbii həyatı seçməliyik. Təbii və süni fəlakətlərin fonunda öz həqiqətimizi tapmalıyıq. Bu isə bizim əlimizdədir.

- Bir işə başlayanda mütləq Şərq və Qərb dünyasının tamaşaçılarını nəzərə alırsınız? Yoxsa, əsərləriniz dünyəvi qavramaya xidmət edir?

- Şərq və Qərb təfəkkürü çox fərqlidir. Həmişə çalışıram ki, şərqli olduğum bilinsin. Biz bəlkə də Qərb mədəniyyətini onların özündən də yaxşı mənimsəmişik. Amma insan öz kasasında daha maraqlı və cəlbedicidir. Qərb Şərqə xüsusi maraq göstərir. Rəssam yaradıcılığında mütləq öz coğrafiyasını təmsil etməlidir. Yəni, öz dəsti-xəttin olmalıdır.

src="/storage/files/upload/f6dad809c5f18e2288eb52d56050642097b70200.jpg" style="width: 922px; height: 1998.19px;" class="fr-fic fr-dib">

- Beynəlxalq sənət dünyasında böyük marağa səbəb olan son layihənizdən sonra daha hansı ideyalara can atırsınız? Yoxsa, bir müddət dinclik?

- Hələlik xüsusi planım yoxdur. Mən dəqiq müddət təyin etmirəm. Əslində bu, yaradıcı insan üçün arzuolunan deyil. Eskizlərimi hazırlayıram, bir meddət sonra onun üzərinə qayıdıram. Çünki, əsərlərimi tamaşaçı ilə ünsiyyətə ehtiyac duyanda ərsəyə gətirirəm...


Oxumağa davam et
Reklam
Reklam

Gündəm