Dilə görə bu şəxslər cərimə olunsun! - Möhsün Nağısoylu
Bizi izləyin

Xüsusi

Dilə görə bu şəxslər cərimə olunsun! - Möhsün Nağısoylu

Filologiya elmləri doktoru, akademik Möhsün Nağısoylunun Publika.az-a müsahibəsi:

- Möhsün müəllim, Azərbaycan dilinin müasir vəziyyətini necə qiymətləndirirsiniz?

- Dilimiz get-gedə zənginləşir. Çünki qloballaşma şəraitində yaşayırıq, dilimizə yeni terminlər daxil olur. İnformasiya texnologiyaları ilə bağlı xeyli söz daxil olub, yeni anlayışlar ortaya çıxır. Bunların bir çoxu beynəlmiləl sözlərdir və olduğu kimi qəbul etmişik. Amma elə sözlər var ki, onların qarşılığını tapmışıq. Məsələn, “yetərsay” sözü daha işlək olub və “kvorum” sözünü sıxışdırıb çıxarıb. Türkiyə türkcəsindən də yeni sözlər götürmüşük, bu da təbiidir, çünki bir millət, iki dövlətik. Ulu öndər Heydər Əliyev Azərbaycan dilinin inkişafına, tətbiqi işinin təkmilləşməsinə böyük önəm verib, fərmanlar imzalayıb. Bunlardan ən mühümü 2002-ci ilin sentyabrında Dövlət dili haqqında Azərbaycan Respublikasının qanununu imzalayıb. Həmin qanunda dilimizin inkişafı ilə bağlı bütün məsələlər geniş şəkildə əks olunub. Prezident İlham Əliyev də Azərbaycan dilinin inkişafına xüsusi diqqət və qayğı göstərir, bir sıra sərəncamlara imza atıb. Dövlət başçısı da bildirir ki, dilimiz o qədər zəngindir ki, əcnəbi gəlmələrə ehtiyac yoxdur. Təəssüf ki, bəziləri əcnəbi kəlmələrə üstünlük verir və geniş yayılır. Bu, problemdir. Hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, onun dili dünyanın ən qədim, zəngin, ahəngdar, səlis, axıcı və rəvan dilidir. Təəssüf ki, son dövrlər reklamlarda, xəbər saytlarında, televiziya kanallarında ədəbi dilin normalarının pozulması halları baş alıb gedir. Özəl telekanallarda rus sözləri çox işlənir, tamaşaçı da bunun şahidi olur. Hər bir vətəndaş bilməlidir ki, dilin qoruyucusu və daşıyıcısı xalqdır, dil xalqın milli varlığı, kimliyidir. Ulu öndərin məşhur kəlamı var: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini inkişaf etdirən onun dilidir”. Dil həm də birbaşa olaraq milliliklə, dövlətçiliklə, vətənpərvərliklə bağlıdır. Hər bir Azərbaycan xalqı bu cür zəngin dildə danışması ilə fəxr etməlidir.

- Hər dəfə orfoqrafiya qaydaları dəyişir ki, bu da insanların çoxlu yazı xətaları etməsinə yol açır. Bu məsələ necə tənzimlənməlidir.

- Son dəfə 2020-ci ildə orfoqrafiya qaydaları yeniləndi ki, buna zərurət açıq qalan bəzi məsələlərlə bağlı idi. Məsələn “anti” sözünün yaratdığı “anti-virus”, “anti-demokratik” sözləri bitişik yazılırdı. Eyni zamanda “anti-Azərbaycan” sözü də əvvəllər bitişik və Azərbaycan sözü sözün ortasında böyüklə yazılırdı. Halbuki belə hal mümkün deyil, söz ortada böyüklə yazıla bilməz. Ona görə də biz ayrıca maddə verdik ki, “anti” sözü ilə işlənən mürəkkəb isimlər yazılarkən böyük hərflə və defislə yazılsın. Bu dolaşıqlıq ortadan qalxdı. 2004-cü ildə 33 maddə var idisə, 2020-ci ildəki orfoqrafiya qaydalarında 60-dan çox maddə yer alıb və boşluqları doldurmağa xidmət edir. Əgər yenə də zərurət olarsa, başqa maddələr də əlavə oluna bilər.

- Bəzi sözlər var ki, yalnız milliləşmə xatirinə dilə daxil edilir, amma ümumişləklik qazanmır, çünki dilə yatqın deyil. Dünyanın bütün dillərində alınma ümumişlək sözlər mövcuddur. Belə tədbirlər görməyimizə nə ehtiyac var?

- Nazirlər Kabineti yanında Terminologiya Komissiyası var. Həmin komissiyanın “Terminologiya məsələləri” adlı ayrıca jurnalı çap olunur. İldə iki dəfə çıxan bu jurnalda dilimizə yeni daxil edilən və yaxud təklif edilən sözlər verilir. Əgər doğrudan da söz ümumişləklik qazanırsa, hamı tərəfindən qəbul olunursa, biz onu işlədirik. Amma elə sözlər var ki, təbii olaraq qəbul edilmir və belə olan halda həmin söz sıradan çıxır. Məsələn, biz müstəqillik qazanandan sonra həm “bilgisayar”, həm də “kompüter” sözünü işlədirdik. Amma “bilgisayar” qəbul edilmədi. 2004-cü ilin lüğətində rus dilinin təsiri ilə “kompüter” sözü “kompyuter” kimi yazılırdı. Heç kəs amma “y” ilə demir. Buna görə də 2020-ci ilin lüğətində bu söz dəyişdirildi.

- Dilimizə inteqrasiya edən terminlərin qarşılığının yaranmasına ehtiyac varmı?

- Məsələn, “multikulturalizm”, “tolerantlıq” sözü dilimizə sonradan daxil edilib və informasiya kommunikasiya texnologiyaları ilə bağlı da xeyli belə termin var. Türk dövlətlərinin zirvə toplantısı keçirilir. Mən hər zaman bu məsələni qaldırmışam ki, dilə yeni daxil olan sözlər türk dövlətlərinin hamısı tərəfindən eyni qəbul edilsin. Məsələn, biz “multikulturalizm” deyiriksə, Türkiyədə buna “çoxkültürlülük” deyirlər. Yaxınlaşmaq lazımdır, burada inteqrasiyaya ehtiyac var. Hətta bununla bağlı yeni bir qurum yaradılmalıdır. Ümumi bir razılığa gəlsələr, hamımızın xeyrinə olar.

- Bu gün Bakı küçələrində bəzi mağazaların, marketlərin, iaşə və məişət obyektlərinin adları, reklamların təqdimi Azərbaycan dilinin ölkəmizdə dövlət dili statusuna kölgə salır. Bununla bağlı hansı addımlar atılmalıdır?

- Bu, çox ağrılı məsələdir. 2002-ci ildə qəbul edilən dövlət dili haqqında qanunda ayrıca bir maddə var ki, istənilən reklam birinci növbədə ana dilində yazılmalıdır, ondan sonra başqa dildə yazıla bilər. Mərkəzdəki küçələrdə, xüsusilə də Nizami küçəsində yerləşən restoran, mağaza adları xarici adlarla yazılıb və dil normaları gözlənilmir. Bu da Dil haqqında qanunun 19-cu maddəsini pozur. Qanunda qeyd edilir ki, afişalar və reklam lövhələri Azərbaycan dilində olmalıdır. Ondan sonra isə o başqa dildə yazıla bilər, amma həmin yazı Azərbaycan dilində olan yazıdan böyük olmamalıdır. Belə problemlər həddindən artıq çoxdur. 2020-ci ilin oktyabr ayında Monitorinq Mərkəzi yaradıldı, mən oranın Müşahidə Şurasının sədriyəm. Mərkəzin vəzifəsidir ki, dillə bağlı bu cür qanun pozuntuları aşkarlasın və həmin yerlərin sahiblərinə cərimə tətbiq etsin. Belə olan halda insanlar bu kimi hallardan çəkinəcəklər.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm