İspan rəssamdan şok ETİRAF: Şuşada qarşıma çıxan beşmərtəbəli binanı...
Bizi izləyin

Xüsusi

İspan rəssamdan şok ETİRAF: Şuşada qarşıma çıxan beşmərtəbəli binanı...

Bu günlərdə Mədəniyyət Nazirliyinin "Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi” layihəsi çərçivəsində gənc rəssamlar Ağdam, Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər. Onlar bir həftə Şuşada yaşayıb, sonra öz təəssüratlarını kətan parça üzərinə köçürüblər.

Layihə iştirkçılarından biri də İspaniyanın gənc rəssamı Alisia Lunyodur.

Alisia ilə görüşüb Şuşa həyatı, yaradıcılığında baş verən yeniliklər barədə söhbətləşdik.

- Alisia, vətəniniz Andorra haqda danışmaq istərdim.

- Bəli, Andorra mənim ölkəmdir. Pireney dağları ilə əhatələnib, Fransa və İspaniyanın sərhədində yerləşir. Ölkəmin qədim tarixi var. Xüsusən də IX əsrə aid məlumarlarda Andorradan geniş bəhs olunur. Andorranın ən qədim tarixi romalılarla bağlıdır. Əsrlər boyu isə italiyalılar, ispanlar və fransızlar bu bölgənin mədəniyyətinə böyük təsir göstəriblər. Əsas dili katalonca olub. Buranın kilsələrinin divarlarındakı oymalar ölkənin tarixi ilə bağlı çox şey deyir.

- Belə sehrli məkanda dünyaya gəlib, incəsənətə meyl etməmək yəqin mümkünsüzdür.

- İncəsənətə sevgim uşaqlıqdan yaranıb. Dərk edirdim ki, sənətin müxtəlif istiqamətləri var, maraq dairəm geniş idi. Amma bununla yanaşı nəzəriyyəni də öyrənmək istəyirdim. Hazırda muzeydə fəaliyyət göstərirəm. İndi sanki iki sima ilə yaşayıram. Bir yanım yaradıcı rəssamdırsa, digər tərəfim insanlara sənəti sevdirməyə çalışan iş qadınıdır.

- Sizcə, çağdaş insanların həyatında muzey anlayışı vacibdir?

- Mənimçün çox vacibdir. Canlı tarixə toxunmaq şansın yaranır. Özü də bunu maraqla, təəccüblənərək edirsən. Muzeylər müxtəlif dövrlərin qovuşma nöqtəsidir. İllər, əsrlər keçsə də insanlar bu məkanlara maraq göstərəcək. Çünki hər kəs üçün keçmişi, əcdadlarının yaşayış tərzi maraqlıdır. Muzeylər həm də tarixin, təbiətin qayğısına qalmağın xüsusi üsuludur.

- Yəqin Şuşa səfərinizdə dağıdılmış mədəni abidələrimizlə tanış olmaq imkanı qazandınız.

- Ümumiyyətlə, beynəlxalq təşkilatlarla çalışmağı sevirəm. Rəssam kimi abstrakt janrı özümə çox yaxın hiss edirəm. Əsərlərim rəngarəngdir, bu da mənim insanlarla müsbət dialoqum deməkdir. Bu baxımdan Şuşa mənim üçün xüsusi təcrübə idi. O qədər gözəl məkandır ki, hamı özünü evində hiss edirdi. Doğrudur, işğalın izləri hamımızı üzdü, amma ilham aldığımız bir sıra məqamlar oldu. Ümumiyyətlə Şuşada burada yaşayıb-yaratmış incəsənət nümayəndələrinin sehrli enerjisi dolaşır. Mənə dedilər ki, Şuşa şairlərin, bəstəkarların, xanəndələrin və digər sənət adamlarının vətənidir. Məsələn, Bülbülün ev muzeyində oldum. Açığı, Şuşada olanda darıxmırsan. Havasından, aurasından xoşbəxt olursan. Yaşayıb yaratmaq üçün bəhanələr tapırsan. Ən əsası isə yenidən qayıtmaq istəyirsən.

- Yeməklərimizi bəyəndiniz?

- İstər ət yeməkləri olsun, istərsə də salatlar çox dadlıdır. Xörəklərinizdə yalnız təbii məhsullardan istifadə etməyiniz çox xoşuma gəldi. Tərəvəzlərə üstünlük verirsiniz. Bu baxımdan mətbəxlərimiz çox bənzəyir. Şorbalarınız dadlıdır. Musiqiniz, rəqsləriniz çox özəldir. Musiqi alətlərinizin sədasından anladım ki, nə qədər zəngin və qədim tarixiniz var.

- Layihə çərçivəsində hər bir rəssam öz əsərini yaratmalı idi. Bəs siz Şuşanı kətana necə köçürdünüz?

- “Art Camp” layihəsində iştirakım mənim üçün çox gözəl şans oldu. Bütöv bir tarixi, dağıdılmış şəhərləri - Şuşanı, Ağdamı, Cəbrayılı dərindən hiss etdim. Mən bu şəhərlərin təsvirini zəngin rəng palitrası ilə ötürməyə çalışdım. Çünki Qarabağın gələcək taleyini məhz belə şən, sevgi dolu görürəm. Sizə bir əhvalat danışacam. Şuşada gəzişirdik, qarşıma çıxan beşmərtəbəli bina diqqətimi çəkdi. Qərara gəldim ki, bu binanı təsvir edəcəm. Həmin bina tamamilə dağıdılsa da, mən onu rəsmdə olduqca əlvan rənglərlə işləmişəm. Rəsmdə həmçinin həmin binanı bərpa edən, şəhəri abadlaşdıran, ümumilikdə Şuşanın əvvəlki görkəmini özünə qaytarmaq üçün gecə-gündüz yorulmadan işləyən insanların əksini də görmək olar. Bu, həmin işçilərə ehtiramımın təzahürüdür.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm