Həyatımızı dəyişmək üçün nədən başlamalıyıq? - Yaşam koçundan cavab
Bizi izləyin

Xüsusi

Həyatımızı dəyişmək üçün nədən başlamalıyıq? - Yaşam koçundan cavab

Bu gün insanlar kastalara, quldarlar və qullara bölünmür. Varlı ilə yoxsul təbəqə arasındakı həyat keyfiyyəti bir-birindən kəskin şəkildə fərqlənsə də, ən azından qanunlar onu deməyə imkan verir ki, hamımız eyni haqq və hüquqlara sahibik. Müasir dünyanın insanları ayıran ölçü vahidi bu gün əsasən uğur qazanma potensialı ilə ölçülür. Və nəticədə cəmiyyət yenə də uğurlular və uğursuzlar kateqoriyasında bir-biri ilə mübarizə aparmağa məhkum olmağa davam edir. Bəs dünyanın sürətlə dəyişən tempinə ayaq uydurmaq və hər kəsin həsədlə baxdığı "Uğurlu insan" olmaq üçün nə etməliyik?

Publika.az-ın bu və digər suallarına insanlara arzu etdiyi həyatı qurmağa kömək edən mütəxəssis, azərbaycanlı Yaşam və münasibət kouçu Kama Əhməd cavab verib.

- Kama xanım, sıfır motivasiyada olan bir insan həyatını dəyişmək üçün hansı addımı atmalıdır? O insanın həyat eşqini geri qaytarmaq üçün hansı metodlardan istifadə edirsiniz?

- Motivasiyası olmayan insan yoxdur, nə istədiyini hələ müəyyən etməmiş insan var. Bir çox hallarda motivasiya düşkünlüyünün altında hədəfsizlik yatır. Bu cür insanların həyat eşqini geri qaytarmaq üçün Kouçinq yolu ilə onlara nə istədiyini anlamağa və yeni hədəflər təyin etməyə kömək edirəm. Hədəflərə çatma səbəblərini müzakirə edirik. Səbəblərimiz bizim motivatorlarımızdır. Hədəfə çatma səbəbləri ali və mənəvi olan insanın motivasiyası da tükənmir.

Motivasiyamız həm də sağlamlığımızdan, enerji səviyyəmizdən və həyat tərzimizdən asıldır. Oturaq, qeyri-aktiv həyat tərzi keçirən, fast foodla, şirniyyatla bəslənən, idman, yürüyüş etməyən, sağlam yuxu rejimi olmayan, telefon asılılığından əziyyət çəkən birinin motivasiyasız olması heç təəcüblü deyil. Bu cür müştərilərlə ilk öncə həyat tərzinin dəyişdirilməsi üzərində işləyəm. Motivasiya səviyyəmiz vərdişlərimizin nəticəsidir.

Sıfır motivasiyası olan insan öncə mütəxəssisə müraciət edib səbəbləri araşdırmalıdır. İnsan uzun müddət ruh düşkünlüyü yaşayırsa, istədiyi dəyişiklikləri edə bilmirsə, çox güman ki, bunun altında daha dərin problemlər yatır. Depressiya, travmalar, insanın keçmişdə ilişib qalması onun bu günü və gələcəyi ilə bağlı etmək istədiyi dəyişiklikləri etməsinə mane olur. Bu zaman kouçla birgə yaxşı psixoloqla işləmək vacibdir.

- Bu proses nə qədər çəkə bilər?

- Kouçinq dəyişim prosessidir. 25-30-40 yaşlarında artıq formalaşmış, müəyyən həyat tərzi, vərdişləri, fikirləri olan bir şəxsin anında dəyişməyini gözləmək qeyri-realdır. Problemimiz ondadır ki, sürətli çözümlər axtarırıq və bunu əldə etmədikdə başladığımız işi yarım qoyuruq. Psixoloqla 1-2 psixoterapiya seansına, Kouçla 1-2 kouçinq sessiyasına qatılıb dərhal nəticə gözləyirik. Dəyişim prosesi isə zaman alır.

Əgər özünüzü və həyatınızı dəyişmək qərarı almısınızsa, buna ən az 1 il zaman ayırın. Doğru vərdişlər, gözə çarpan və qalıcı nəticələr 3 ay üstü zamanda qazanılır. Bu zaman davamiyyət mütləqdir.

- Yaşam kouçu həqiqətən həyatımızı dəyişə bilərmi?

- Kouç həyatımızı dəyişə bilməz. Hər bir insan həyatını yalnız özü dəyişmək iqtidarındadır. İnsan dəyişmək qərarını aldıqda müxtəlif resurslardan istifadə edə bilər ki, bunlardan biri də peşəkar kouç dəstəyidir. Kouçun dəstəyi ilə insan həyatında görmək istədiyi dəyişiklikləri daha tez əldə edir. Düşünün ki, tanımadığınız bir yola çıxacaqsınız və yanınızda bu yolu yaxşı tanıyan, lazımi alətlərə sahib bələdçiniz var. Getmək istədiyiniz yerə necə çatarsınız?

Peşəkar kouç dəstəyi ilə inkişaf və dəyişim prosesisi daha strukturlu və davamlı olur. Yaxşı kouç sizin zəif nöqtələrinizə işarə edir və onları gücləndirmək üçün sizə lazımı ələtləri-kitabları, ev tapşırıqlarını, video və yazılı resursları təmin edir.

- İstənilən sahədə böyük nailiyyətlər qazanmış insanların çıxışlarını izləyəndə sənə elə gəlir ki, uğur qazanmaq 2X2 qədər sadədir. Pratikaya gələndə görürsən ki, sən saydığını say, görə fələk nə sayır. Hədəflərimizə çatmağa nə mane olur?

- İnsanlara uğur qazanmağa mane olan səbəblər arasında: yanlış vərdişləri-ertələməni, mükəmməlliyyətçiliyi, yarım qoymağı və vaz keçməyi (bu vərdişdir!), özünü müqayisəni və günahlandırmanı, telefon və sosial media asılılığını, özümüzlə söhbət şəklimizi, özümüzə münasibətimizi, özünə inamsızlığı və aşağı özgüvəni, neqativ inancları, zehniyyəti, yüksək gözləntiləri, tənbəllik və komforta düşkünlüyü, disiplinsizliyi, sağlamlıq səviyyəmizi, ətrafımızı göstərə bilərəm.

İş zamanı müşahidə etmişəm ki, dəyişməkdə çətinlik çəkən insanların əsas problemlərindən biri özləri ilə olan münasibətdədir. Bu insanlar özlərini hədsiz tənqid edir, özünə sevgi problemləri yaşayır, statuslarını həmyaşıdları və həmcinsləri ilə müqayisə edir, ən xırda uğursuzluqlarına görə özlərini günahlandırırlar. Bütün bunlar onların motivasiyasını itirməsinə səbəb olur. Əgər hədəflərinizə çatmaqda çəyinliyiniz varsa, ətrafınızdan öncə özünüzün özünüzə etdiklərinizi təhlil edin. Özünə qarşı münasibəti müsbət olan insan istədiyi dəyişikliyi rahat edə və hədəflərinə daha asan çata bilir.

Düşüncə tərzimiz hədəflərimizin leyhinə və əleyhinə xidmət edə bilər. İnsan tənbəl, astagəl, motivasiyasız, şanssız olduğuna inanırsa, onun reallığı bu inanclar əsasında formalaşır. Düşüncələrimiz və inanclarımız gələcəyimizin əsas yaradıcı elementləridir.

Olduğumuz mühitin və yaxın ətrafımızın da hədəflərimizə çatmağımıza və dəyişməyimizə təsiri böyükdür. Yanımızda bizə inanan, "köstək" deyil, dəstək olan insanların olması şərtdir. Təəssüf ki, bəzən bizim dəyişə bilməyimiz üçün ətrafımızı dəyişdirmək lazım gəlir.

- Kama xanım, uğurun hamı üçün keçərli olan bir formulu varmı?

- Hər kəs uğurun onun üçün nə olduğunu özü təyin edir. Bir qadın gözəl ailəyə sahib olmağı, sağlam və tərbiyəli övladlar yetişdirməyi öz uğuru sayar, başqa qadın elmi kəşflərini, akademik və karyera naliyyətlərini uğur sayar. Ümumi bir formul hər kəs üçün effektiv olmaz.

Uğur qazanmaq üçün bizdən öncə eyni yolu keçmiş insanların yolunu təkrarlaya və ya daha yaradıcı olanlarımız özləri üçün işlək strategiyaları sınaq yolu ilə tapa öz uğur formulunu yarada bilər. İstənilən sahədə və həyat sferasında uğur qazanmaq üçün əsas elementlər sevgi, zəhmətkeşlik və səbirdir.

İnanıram ki, hər bir insan istedadlıdır. Potensialını reallaşdırmaq istəyən şəxs öz istedadını tapsa və daim onu təkmilləşdirmək üzərində çalışsa, uğurlu ola bilər.

Uğur üçün lazım olan digər bir ünsür xidmət təfəkkürüdür. Tanrının ona bəxş etdiyi istedadı insanlara xidmət üçün istifadə etməyi qərara almış, bu niyyətlə yola çıxmış və daim çalışan insan uğurlu olacaqdır. Ziq Ziqların çox sevdiyim bir fikri var: “Kütlə içində seçilmək istəyən kəs hər kəsin xidmətçisinə çevrilməlidir”.

- Xüsusilə yaz mövsümündə insanlar ruh düşkünlüyündən daha çox şikayətlənir. Yaşam kouçu olaraq bu problemi aradan qaldırmaq üçün nə məsləhət görürsünüz?

- Ruh düşkünlüyündən əziyyət çəkən şəxslərin, köməyinə çatacaq bir neçə praktik məsləhət var. Onları belə sıralamaq olar.

  • Vərdişlərinizi nəzərdən keçirin: Enerjinizi tükədən hansı vərdişinizdir?
  • Qəbul etdiyiniz informasiyaya qarşı diqqətli olun.
  • Ruhunuzla məşğul olun-spiritual praktikanız olsun.
  • Ətrafınızı nəzərdən keçirin. Ruh düşkünlüyünüzün səbəbi toksik münasibətləriniz ola bilər.
  • İşinizi təhlil edin: işiniz enerjinizə enerji qatır, yoxsa sizi tükədir?
  • Sizi həyacənlandıran, yeni hədəflər təyin edin.
  • Proqres prinsipinə əməl edin: hər gün sizin üçün əhəmiyyət daşıyan bir həfinizə doğru xırda addım atın, bu yaşam eşqizini yüksəldəcək.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm