Azərbaycanda bu məhsulları kimlər və niyə sıradan çıxarır? - İnsanlar xəstəliyə, ölümə sürüklənir - ŞOK FAKTLAR
Bizi izləyin

Xüsusi

Azərbaycanda bu məhsulları kimlər və niyə sıradan çıxarır? - İnsanlar xəstəliyə, ölümə sürüklənir - ŞOK FAKTLAR

Son illərdə dünyada sağlam həyat tərzinə maraq nəzərəçarpacaq dərəcədə artmağa başlayıb. Bu, mağazaların strategiyasına da təsirsiz ötüşmür. İstehlakçıların sağlam həyat tərzinə ehtirası istehsalçılara və pərakəndə satıcılara məhsulların necə istehsal olunacağını diktə edir və istehsalda yeni tendensiyaların formalaşmasına da yol açır.

Bəs sağlam qidalanma trendi ölkəmizdə nə dərəcədə populyardır və bazarda bununla bağlı hər hansı dəyişiklik baş verirmi?

Publika.az mövzu ilə əlaqədar ekspertlərin fikirlərini öyrənib.

İnsanlar sağlam qida yediyini düşünür

“Azad İstehlakcılar” İctimayi Birliyinin (AİİB) sədri Eyyub Hüseynovun sözlərinə görə, yer üzündə bütün insanlar sağlam qidalanmaq istəsə də, bazar iqtisadiyyatı buna mane olur və vəziyyət heç də ürəkaçan deyil:

“Ümumdünya Ticrət Təşkilatı kimi qloballaşmanın tərəfdarı olan, onu dünyada təbliğ və təşviq edən, bəzi ölkələrə zorla qəbul etdirən bir təşkilat olduğu halda, o cümlədən arxasında böyük biznes qurumlarının olduğu şəraitdə, sağlam qidalanma məsələləri arxa planda qalır. Sağlam qidalanmaq bütün insanların istəyirdir. Lakin biz bu istəyə nail ola bilirikmi və bu istəyi yerinə yetirmək üçün bizə imkan yaradırlarmı?

Ümumdünya Səhiyyə Təşkilatının 2017-ci il üçün hesabatına əsasən, dünyada hər il 600 milyon insan, yəni dünya əhalisinin hər on nəfərindən biri qida məhsullarından zəhərlənir. Hər il qida məhsullarından zəhərlənənlərin 420 min nəfəri ölür ki, bunun da 125 mini və ya 30 faizi beş yaşınadək uşaqlardır. Bu rəqəmləri əsas götürüb ölkəmiz üçün bir tənasüb qursaq, ümumdünya göstəricisinə uyğun olaraq Azərbaycanda orta hesabla bir milyon nəfərə (AQTA-nin 2022-ci il ücün hesabatında 348 nəfər) qədər insanın bir il ərzində qida zəhərlənməsinə məruz qaldığını və təxminən 525 nəfərin (AQTA-nın 2022-ci il ücün hesabatında 7 nəfərin) qida zəhərlənməsindən dünyasını dəyişdiyi nəticəsinə gələrik. Rəqəmlərdən görünür ki, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida zəhərlənməsinə dair statistik rəqəmi (348 nəfər) ümumdünya göstəricisindən 278 dəfə, qida zəhərlənməsindən dünyasını dəyişəm insanların sayi isə ümumdünya göstəricisindən (7 nəfər) 75 dəfə azdır!"

AİİB sədri bildirib ki, Azərbayacan uzunömürlüyə görə, 198 ölkə arasında aşağı pillədə 115-ci yerdə dayanır.

“Hətta həyat səviyyəsi, qidaya, tibbi xidmətlərə əlcatanlılığı çox aşağı olan - üçüncü dünya ölkələri hesab edilən Banqladeş və Şiri Lankadan da aşağı pillədədir! Əgər sağlam qidalanırıqsa, onda nə üçün insanlaırn ömrü bu qədər qısadır? Bu, o deməkdir ki, Azərbaycan bazar iqtisadiyyatını gözüyumulu dəstəkləyir və ölkəyə dünyanın hər yerindən hər cür qida gətirilir.

Apteklərdə və xəstəxanalarda isə görürük ki, Azərbaycan vətəndaşları uzun növbələrdə dayanıb. Hətta qonşu ölkələrin klinikalarında növbədə duranlar az deyil. Böyük Hipokrat isə deyirdi ki, “Biz nə yeyiriksə oyuq”. Əgər onun fikirlərinə şübhə ilə baxmasaq, onda biz həm də uzunömürlü olmalıyıq. Bütün bunlar qidaların arzuolunmaz vəziyyətdə olduğunu göstərir. Qida Təhlükəsizliyi Agentliyi yaradılandan sonra onun fəaliyyətinə böyük ümidlə baxırdıq. Lakin onlar da bazarın diktə etdiyi qanunlardan kənara çıxa bilmirlər. Ölkədə istehsal olunan məhsulların çox böyük hissəsi, Avropa bazarına çıxarılmır. Avropanın özündə də qidanın keyfiyyəti ilə bağlı problemlər yaşanır. Belə bir şəraitdə insanların sağlam qida ilə təmin olunması müşkil işə çevrilib. Bəli, ölkədə qidanın təhlükəsizliyi təmin olunur, keyfiyyət isə təmin olunmur. Demək olar ki, onun keyfiyyətinə nəzarət edən heç bir dövlət qurumu yoxdur. Odur ki, AQTA-nın əsasnaməsinə dəyişilik olmalıdır, keyfiyyət ön plana çəkilməlidir. Qida təhlükəsiz olsa da, keyfiyyətsiz ola bilər. Bu məqamlar AQTA-nın əsasnaməsində özünə yer tapmalıdır ki, keyfiyyətə kimsə nəzarət etsin.

Şübhəsiz ki, insanlaırn sağlam qidalanma istəyi biznes qurumlarına təsir edir. Lakin informasiya o qədər gizlədilir ki, insanlar sağlam qida yediyini düşünür. Əslində isə belə deyil, etiket məlumatlarının əksəriyyəti də səhih olmur. Xüsusən Ukraynadan, Belorusdan və Rusiyadan gətirilən kolbasa və sosiska kimi ət məhsulları heç də yerli mallardan üstün deyillər. Tərkibində ümumiyyətlə natural ət yoxdur, onlara çoxlu dadvericilər, rəngvericilər, qoxuvericilər vurulub və yaxşı etiketlənib. Alıcılar səhvən onlara üstünlük verirlər. Əlbəttə ki, yerli mallarda da problem az deyil, bəzi ciddi şirkətlər həmin ət məhsullarını təmiz ətdən hazırlayır, bəziləri isə murdar olmuş at, eşşək kimi heyvan ətlərindən hazırlayırlar. Təəssüf ki, ATQA bunları həmişə təqib edə bilmir. Bu işdə ən uğurlu əməliyyatı Daxili İşlər Nazirliyinin baş cinayətkarlara qarşı mübarizə idarəsi aparır. Onlar həbslər və ekspertiza həyata keçirərək bu kimi halların qarşısını almağa çalışır. Amma nədənsə Azərbaycan məhkəmələri o işlərlə məşğul olanlara bəraət qazandırıb tezliklə sərbəst buraxırlar. Bu zaman o məhsullara tələbat ictimai nəzarət təsiri altında azala bilər. Lakin bu da yox dərəcəsindədir”.

Bir məhsula 20-dən çox pestisid vurulur

Qida üzrə baş mütəxəssis Ağa Salmanovun qənaətinə görə, sağlam qidalanma dünyada trend halını alsa da, keçmişdə insanların daha sağlam məhsullar yediyini vurğulayıb:

“Heç kimə sirr deyil ki, düzgün bəslənmə sağlam qidalanma sağlamlığı qorumaq və immun sisteminin fəaliyyətini gücləndirmək üçün vacibdir. Sağlam həyat tərzi sürmək üçün əlbəttə ki, qida başda gəlir, lakin məsələyə kompleks şəkildə yanaşmaq lazımdır. Sağlam həyat tərzi dedikdə, fikizi hərəkətlər, idman, oturaq həyat tərzinin olmaması, D vitamini almaq üçün Günəş şüaları altında gəzmək, eyni zamanda yuxu da daxildir. Keçmişdə meyvə və tərəvəzlərdə olan vitamin və qida dəyəri daha yüksək idi, nəinki indi. İndi piştaxtaları hibrid məhsullar bürüyüb, çox təəssüflər olsun ki, qloballaşma və bioimperializm baş alıb gedir. Sahibkarlar hibrid toxumlarının satışından, dərmanlardan böyük pullar qazanırlar. Məsələn, bir məhsula 20-dən çox pestisid vurulur. Başqa vacib məsələ torpaqların zəhərlənməsidir. Qida təhlükəsizliyi tərəfindən baxsaq, sağlam qidalanma dünyada çox bərbad vəziyyətdədir. Buna görə də, xəstəliklərin və ölümlərin sayı gündən-günə artır.

Mağazaların sağlamlıq baxımdan strategiyası yoxdur, onların marağı işin sadəcə biznes tərəfidir. Məsələn, rəngbərəng paketləşmiş konfetlər, jelatindən hazırlanan jelibonlar və.s bu kimi məhsullar piştaxtalarda uşaqların gözünün görəcəyi istiqamətdə və çox aşağı qatda qoyulur ki, onları daha tez görsünlər və alsınlar. Dördüncü sənaye əsrində insanlar pul qazanmaq yollarını daha çox düşünür, nəinki alıcıların sağlamlığını. İşbazlar, xüsusən də market sahibləri marağındadır ki, bu məhsulları satsınlar və pullarını qazansınlar. Mağaza sahibləri bu məhsulları özləri istehsal etmir, lakin piştaxtaları o mallarla doldururlar”.

Ekspert qeyd edib ki, paketlənmiş məhsullar uşaqların sağlamlığına birbaşa təsir edir, hətta əqli geriliyə də səbəb ola bilir:

“Genetik modifikasiya olunmuş məhsullar da dünyada baş alıb gedir. Bununla yanaşı qazlı içkilərin, boş karbohidratların, enerji içkilərini da qeyd etməliyəm. Belə məhsullar insanları mutantlaşdırır və zombiləşdirir. Odur ki, 21-ci əsrdə sağlam qidalanmadan danışmaq çox çətindir. Ancaq qida təhlükəsizliyindən danışa bilərik. Hibridlə və antibiotiklərlə yetişdirilmiş toyuqlar, həmçinin süni yetişdirilmiş balıqlar da riskli qidalardır. Onların isti və soyuq qida zəncirində daşınması, emal prosesi və süfrəyə qədər qət etdiyi yolda qidanın təhlükəsizliyini qorumaqdan danışmağa dəyər. Amma sağlam qidalanma indiki əsr üçün deyil, çünki sağlam qida yoxdur. Sağlam qidalanma odur ki, 5-10 ildən sonra hər hansı xəstəliklə üzləşmirik. Təhlükəsiz qidalar bizi öldürməsə də, yavaş-yavaş öz işini görür. Məsələn, pestisid tərkibli məhsullar gələcəkdə xərçəng xəstəliyinə yol aça bilər.

Çürüməsi, kiflənməsi, düzgün şərtlər altında saxlanmaması, bağırsaq çöpləri ilə zənginləşməsi, ətin, balığın və ya toyuğun mikrobioloji çirklənməsi və.s qida zəhərlənməsinə gətirib çıxarır. Bu mənada qida təhlükəsizliyindən daha çox danışa bilərik. Sağlam qidalanma isə keçmişdə qaldı. Bizim yetişdirdiyimiz ənənəvi məhsullar yavaş-yavaş yox olur və yerini hibridə verir”.

Ağa Salmanov yekunda vurğulayıb ki, bu gün daha çox məhsul əldə etmək üçün ən çox pestisid çiyələyə vurulur: “Kimyəvi zəhərlənmə İrandan bizə sıza bilər. Bununla bağlı fakt da aşkarlandı. Məlum oldu ki, bibər və kartofda pestisidin doza həddini çox aşıblar. Yerli bazarda da nöqsanlar çoxdur. Bununla bağlı xəbərlər yayılsa da, Azərbaycanda heç bir məhsulun satışı zəifləmir. Çünki insanların bir hissəsi mutantlaşıblar. Nə qədər desək ki, kartofda solanin maddəsi çox olub, insanlar yenə gedib kartof alacaq. Məsələn, qazlı içkilərin fəsadları barədə kifayət qədər məlumat olmasına baxmayaraq, yenə də içilir. Qarşısını ala bilirik? Yox! İnsanlar zərərli məhsulları sevdiyinə görə, onların alışı əksinə çoxalır”.

Orqanizmə lazım olan maddələr saat 2-yə qədər yığılır

Həkim-terapevt Ləman Süleymanova qeyd edib ki, insanlar sağlam qidalanmanı bəzən düzgün anlamırlar:

“Müəyyən bir qrup insan sağlam qidalanmanı ac qalmaq, yalançı pəhrizlər kimi başa düşür. Sağlam qidalanma odur ki, bədənimizə lazım olan maddələri vaxtlı-vaxtında biz qidalardan əldə edək. Yadda saxlayın ki, orqanizmə lazım olan maddələr saat 2-yə qədər yığılır. Gündəlik enerjimizin aktiv olması və zehni qabiliyyətimizin yaxşılaşması üçün bizə lazım olan bütün mikro və makro elementləri, vitamin və mineralları 2-yə qədər alırıq. 2-dən etibarən maddələr mübadiləsi zəifləyir və axşamlar yeyilən qidaların tərkibindəki maddələr yağ deposuna ötürülür. Odur ki, səhər yuxudan durandan bol su içməli, gün ərzində energetik balansımızın tənzimlənməsi üçün lazım olan maddələri səhər yeməyindən almalı, günorta yeməyi normal yeməli, axşam yeməyini isə yüngülləşdirməliyik. Eyni zamanda gün ərzində aktivlik göstərmək lazımdır. Sağlam qidalanma həm də odur ki, orqanizmə ancaq sağlam qidalar daxil olur və onlardan sağlam maddələri biz alırıq. Qazlı içkilər əlbəttə ki, sağlam qidalanmaya aid deyil. Yaydır, bədənin suya tələbatı artıb. Ancaq təmiz su içməliyik. Enerjimizin müsbət olması və ehtiyacımız olan maddələri almaq üçün mövsüm meyvə-tərəvəzlərinə üstünlük vermək lazımdır. Sağlam qidalanma budur”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm