Xüsusi
Yeməyi yeməyimizə, Günəşi Günəşimizə, sürücüsü də sürücümüzə bənzəyən ölkə - FOTO
Xoşbəxtlik səyahətlə birbaşa əlaqəlidir. Amerikalı yazıçı Teodor Drayzerin dediyi kimi, məhəbbəti hesaba almasaq, məhz səyahət insana hər şeydən artıq sevinc və təsəlli verir. Nədənsə, bütün yeni şeylər bizə çox əhəmiyyətli görünür və əslində yalnız hisslərimizin hadisələri nə dərəcədə qavradığını əks etdirən ağıl, təəssürat axını qarşısında arxaya keçir. "Mən səfərə çıxıram" kimi sadə ifadədə özünəçıxış tapmayan bir aləm hissiyyat gizlənib.
Üstəlik, getdiyiniz ölkənin yeməkləri çox dadlıdırsa, ikiqat şanslınız. Əmin olun ki, Belqrad qulaqlarınızı zövqlü musiqi, qarnınızı isə sözün əsl mənasında dadlı yeməklərlə doyura biləcəyiniz bir yer olacaq.
Bugünkü məqaləm Serbiyanın paytaxtına - ecazkar Belqrad şəhərinə həsr olunub!
Bu Balkan ölkəsi səyahətçilər arasında çox populyar olmasa da, turizm son illərdə aktiv şəkildə inkişaf etdirilir. Serbiyanın paytaxtı Belqrad Dunay və Sava çaylarının kəsişməsində yerləşir. Səyyah nöqteyi-nəzərindən ölkə ona görə yaxşıdır ki, həm tarixi zəngindir, həm gəzib-görməli abidələri var, həm də qiymətlər Avropa ölkələri, hətta Bakı ilə müqayisədə kifayət qədər ucuzdur. Və Serbiya vizasız gedə biləcəyimiz ölkələr siyahısına daxildir.
Zəngin mətbəxinə, məhsulların keyfiyyətinə və dadına söz ola bilməz. “Milli mətbəxin dadına baxa biləcəyim hansı restoranı məsləhət görə bilərsiniz” sualıma serblər “Burda dadsız yemək tapa bilməzsiniz” deyə təəccüblə cavab verdilər. Və haqlı idilər... Milli yeməklərdən balkanların məşhur ət börəyi ilə cevapinin (lülə kabab) dadına baxdıq. Xüsusi qablarda içilən rakia isə serblərin gavalıdan çəkilən milli içkiləridir və etiraf etməliyəm ki, dadı gözəl idi. Bir sözlə, pomidor-xiyarından tutmuş şor-pendirinə qədər hər şey təbii və dadlı. Beləliklə, sebrlərin hündürboy olmasının sirrini öyrənmiş olduq. Qızlar, xüsusilə oğlanlar orta hesabla bizdən çox hündürdülər.
Təəssüf ki, Serbiyanı iki gün gəzə bildim, maşurutumuz Belqrad və Novi Sad istiqaməti üzrə idi. Şansım onda gətirdi ki, yol yoldaşlarım gəzməyə həvəsli idilər və bu iki günə biz planlaşdırdığımızdan daha çox xatirə sığdırdıq. Bəlkə də bu səfəri çox səbirsizliklə gözləyirdim və Serbiya ilə bağlı gözləntilərim çox böyük idi. İnanılmaz dərəcədə mehriban və həmişə kömək etməyə hazır olan insanlar elə atmosfer yaradırdı ki, sanki yaxın qohumumu ziyarətə gəlmişəm. Belqrad mənə həm də ona görə “doğma” təsir bağışladı ki, qızmar istisi ilə səbirsiz sürücüləri Bakını xatırlatdı. Əslində Günəş olmasa, Belqradda hər şey lap darıxdırıcı görünərdi. Hə halda belə bir iqlim qurşağında yerləşməsi Serbiyanın günahı deyil.
Memarlıq və arxetiktura baxımdan Belqradı Sumqayıta bənzətdim. Eyni zamanda etiraf etməliyəm ki, Azərbaycanın inkişaf tempi ilə müqayisədə Serbiya çox geri qalıb. Şübhəsiz ki, şəhərdə gözəl binalar var, tarix var, amma detallara fikir verilmir. Serbiyanın paytaxtının mərkəzindəki yarıyanmış binalar onun kədərli keçmişini xatırladır, eləcə də yaşlı serb nəslinin üzündə bir qədər hiss olunan hüzün var. Bəzi mərkəzi küçələrdə Belqrad kifayət qədər avropasayağı görünsə də, bütövlükdə şəhər “cilasızdır”. Bir çox binalar uzun müddətdir suvanmır, bəzi tikililər müharibə dövründə olduğu kimi qalıb. Şəhərə əsasən sovet dövründə tikilən binalar “bəzək verir”, bərpaya ehtiyacı olan tarixi tikililələrin sayını bir müddət sonra itirirsən. Belə görünür ki, 1999-cu ildə Yuqoslaviyanın NATO tərəfindən bombardman edilməsi Belqradda ciddi dağıntılara səbəb olub. Və bu yaraların sağalması üçün hələ bir bir neçə onilliklər keçməlidir.
Şəhərdə gəzərkən üzümüzdə təbəssüm yaradan mənzərələr də az olmadı. Serblər hər axşam Dunay sahili boyunca düzülən şahmat oyun masalarında əyləşib rəqibinlərinə qalib gəlməyə çalışırlar. Qaliblər tez-tez dəyişsə də, görünən o idi ki, şahmata məhəbbət dəyişməz olaraq qalır.
Belqradda ilk növbədə nələri görmək lazımdır?
Belqradın nəfəs kəsən mənzərəsini görmək istəyirsinizsə, qala xarabalıqlarının da olduğu Kalemegdan Parkına getməyi tövsiyə edirəm. Hərbi Muzeyi olan park, həm də bölgənin hərbi tarixini öyrənmək istəyən ziyarətçilər üçün ideal məkandır. Bu muzeydə, hətta ABŞ-ın gizli bombardmançısının qalıqlarını tapa bilərsiniz. Şəhərdə qala ilə yanaşı, pravoslav kilsələri, rəngarəng fasadlar və maraqlı meydanlar da ziyarətçilərin böyük marağına səbəb olur. Axşam saatlarında Belqrad gəncləri Kalemegdan qalasının ətrafındakı parka toplaşırlar. Söhbət edir, Sava və Dunaya baxırlar, bəziləri pivə içir.
Ümumiyyətlə, Belqrad rangarəng şəhərdir: burada hər zövqə uyğun əyləncə tapa bilərsiniz. Əgər mədəni istirahəti daha çox sevirsinizsə, burada çoxlu muzeylər var. Yox, siz daha çox əyləncəli insansınızsa, o zaman buradakı gecə həyatı da sizi məyus etməyəcək. Belqradın əsas klubları Skadarlija rayonunda yerləşir. Parıltısız sadə həyatları görmək istəyirsinizsə, tək turistik yerləri deyil, Belqradın Knez Mihayla küçəsini gəzməyi tövsiyə edirəm.
Ruzica kilsəsi Belqradın ən qədim kilsəsidir. Bu dini monastır Belqrad qalasının divarlarına yaxın yerdə yerləşir. Fərqli məzhəbli insanlar Ruzica kilsəsinə baş ağrılardan qurtulmaq və parlaq bir gələcəyə inam tapmaq üçün gəlirlər. Mərkəzi girişin qarşısında məbədə özünəməxsusluq bəxş edən bürünc mühafizəçilər var. İçəridə gözəl çilçıraqlar, haşiyəli silahlar kolleksiyası, hərbi sursat hissələri, top mərmilərini görəcəksiniz. Ruzicanın bütün dünyada ən qeyri-adi kilsələrdən biri olması təəccüblü deyil.
Nikola Tesla muzeyi Nikola Teslanın işlərini və həyatını əks etdirmək üçün təsis olunub. 1952-ci ildə qurulan Nikola Tesla muzeyi Serbiyanın paytaxtı Belqradın mərkəzi ərazilərindən birində yerləşir. Burada 160,000-dən çox orijinal sənədlər, 2000-dən çox kitab və jurnallar, 1200-dən çox tarixi texniki eksponantlar, 1500-dən çox fotoşəkil və foto lövhələr, texniki əşyalar, alətlər və cihazlar və 1000-dən çox plan və çertyojlarla tanış ola bilərsiniz. Əmin olun ki, Nikola Tesla Muzeyinin zəngin ekspozisiyasını görməyə dəyər.
Novi Sad
Bu, Serbiyanın paytaxtdan sonra ikinci ən böyük şəhəridir, buranı mən və dostlarım Belqraddan daha çox bəyəndik, xüsusən də Avropa memarlığını. Belqradın əksinə olaraq Novi Sad sadəcə möhtəşəm görünürdü. Azadlıq adlanan əsas meydan bir qədər Praqanı xatırlatdı. Novi Sad küçələrində gəzərkən özünü nağıllarda hiss edirsən... Küçələr Belqraddan çox təmiz idi.
17-ci əsrdə tikilmiş Petrovaradin qalası Novi Sadın əsas simvoludur. Varadin körpüsü və şəhərdəki mənzərəli binaları görməyə dəyər. Novi Sadda mədəniyyət və tarix həvəskarlarının görməli olduğu müharibə abidələri, muzeylər və sənət qalereyaları da kifayət qədərdir. Bizim isə səfərimiz burda başa çatır və bu sakit şəhərlə nə vaxtsa yenidən görüşmək ümidiylə sağollaşıb yola çıxırıq.
Aytən Məftun
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?