Ərdoğan-Putin barışığı kimə sərf edir? – Təhlil
Bizi izləyin

Təhlil

Ərdoğan-Putin barışığı kimə sərf edir? – Təhlil

Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, bu ilin sonuna qədər Türkiyəyə qarşı tətbiq edilən embarqolar götürüləcək.

Publika.az xəbər verir ki, araşdırmaçılar embarqonun götürülməsinin Rusiyada qiymətlərə müsbət təsir edəcəyini bildirirlər. Çünki Rusiya ilə Türkiyə arasında münasibətlərin gərginləşməsindən sonra əsas güc yerli istehsala verilmişdi. Yerli məhsullar isə Rusiya bazarında elə də ucuz deyildi. Əksinə, embarqo qərarından, rus mallarının bazara axışmasından sonra istehlakçı qiymətləri yüksəldi. Türkiyə ilə münasibətlərin yenidən düzəlməsi Rusiya pomidorlarının və limonunun ucuz idxal məhsullarına uduzacağını deməyə əsas verir.

Xatırladaq ki, Türkiyə məhsullarına qarşı embarqo bu ilin yanvar ayında tətbiq edilmişdi. Təkcə birinci rübdə Türkiyə bu qadağalardan 209 milyon dollar itirmişdi. Mayda isə bu rəqəm 380 milyon dollar təşkil edirdi. Embarqo Rusiyaya da ucuz başa gəlmədi. Belə ki, başqa dövlətlərdən idxal, yerli istehsal daha bahalı oldu. Bu da inflyasiyanın sürətlənməsinə gətirib çıxardı.

Hadisələrdən qazanan yeganə yerli istehsalçılar oldu. Belə ki, Türkiyədən idxalı qadağan edilən bir sıra məhsulların istehsalı ölkənin cənubunda mümkün olduğundan orada təsərrüfatlar genişləndirildi. Hazırda rusiyalı fermerlərinin narahat olduğu məsələ bazardakı yerlərini qoruyub-qorumayacağı ilə bağlıdır. Bundan əlavə kənd təsərrüfatı istehsalçıları banklardan böyük həcmdə kredit götürüblər. Ekspertlər hesab edir ki, yerli istehsal məhsullarının idxal məhsulları ilə rəqabətə tab gətirməsinə 3-4 il müddət lazımdır. Buna görə də sanksiyaları tədricən və diqqətlə qaldırmaq lazımdır.

“Rusiyada yetişdirilən məhsullar yalnız soğan, alma, pomidor və xiyardır. Bunlar Türkiyənin eyni məhsulları ilə rəqabət apara bilərlər. Yerdə qalan digər məhsulların Rusiyada yetişdirilməsi həddən artıq baha başa gəlir”, - deyə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrinin açıqlamasında bildirilir.

Məsələnin başqa tərəfi, hələ embarqodan əvvəl Türkiyədən Rusiyaya idxalın azalmasıdır: 2014-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 31,6 milyard dollar təşkil edirdi. 2015-ci ildə bu rəqəm artıq 23 milyard dollar idi. 2016-cı ilin yarım ilində ticarət dövriyyəsi 9 milyard dollara qədər düşdü. Göründüyü kimi, ticarət dövriyyəsi embarqodan əvvəl də azalmışdı. Bu azalmanın səbəbi də rublun devalvasiyasıdır.

Bütün bunların fonunda düşünülür ki, sanksiyaların qaldırılması inflyasiyanı azaldacaq. İlin sonuna qədər Rusiyada inflyasiya 4 faizə qədər düşəcək. Türkiyə məhsullarının bazara qayıdışı isə qiymətlərə 0,1 faiz azaldıcı təsir edəcək.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm