• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Bütün dünya bu möhtəşəm arenaya heyran qalacaq - FOTOREPORTAJ

Bütün dünya bu möhtəşəm arenaya heyran qalacaq - FOTOREPORTAJ

Birinci Avropa Oyunları üçün tikilən möhtəşəm obyektlərdən biri də Milli Gimnastika Arenasıdır. Bu arena 17 gün ərzində Bakıda keçiriləcək İlk Avropa Oyunlarında medal uğrunda mübarizənin gedəcəyi möhtəşəm məkanlardandır.

9000 tamaşaçı üçün nəzərdə tutulmuş Milli Gimnastika Arenası Heydər Əliyev prospektində, Koroğlu metro stansiyası yaxınlığında yerləşir. Atletlər Kəndinin cənubunda yerləşən obyektin tikintisi 2014-cü ilin fevralında tamamlanıb. Həmin ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə bu arenanın rəsmi açılışı olub.

Məlumat üçün bildirək ki, idman gimnastikası, bədii gimnastika və batut üzərindən tullanma yarışları – eyni zamanda, iki yeni qeyri-olimpiya növü olan aerobika və akrobatika Avropa Oyunlarında nümayiş olunacaq. Gimnastika yarışları 6 gün müddətində ölkələrini fərdi, qrup və qarışıq şəkildə təmsil edəcək ümumilikdə 446 kişi və qadın gimnast arasında keçiriləcək. 5 növ üzrə ümumilikdə 34 medal veriləcək. Bu, su idmanı növündən sonra medal sayına görə ikinci ən yüksək göstəricidir.

Müasir standartlara cavab verən möhtəşəm kompleks

Arena artıq Bakı 2015 I Avropa Oyunlarının yarışlarını qəbul etməyə tam hazır vəziyyətə gətirilib. Həm idmançıların hazırlığı, yarışların keçirilməsi, həm də media nümayəndələrinin rahatlıqla işləməsi üçün hər cür şərait yaradılıb. Möhtəşəmliyi ilə diqqətləri üzərinə çəkən Milli gimnastika arenasının fasadı da xüsusi formada inşa olunub. Maraqlı illüminasiya elementləri təqdim edən ekranlar quraşdırılan kompleks əsas yarış və köməkçi məşq hissələrindən ibarətdir.

Həmçinin tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr var. Zallarda ən son gimnastika avadanlıqları quraşdırılıb. Buna görə də dünyanın ən yaxşı gimnastika komplekslərindən biri hesab edilir.

Dəyişkən oturacaqlar, diqqət çəkən möhtəşəmlik...

Müasir və Avropa standartlarına uyğun tikilmiş sarayda hər şey ilk baxşdan da ürəkaçan görünürdü. Ancaq daha dəqiq məlumatları mütəxəssssdən almaq yerinə düşər. Buna görə də Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Milli Gimnastika Arenası üzrə meneceri Zərifə Həsənova Arena haqda daha dəqiq məlumatlar verdi:

“Milli Gimnastika Arenasında yarışları 9600 azarkeş izləyə bilər. Arenada quraşdırılan oturacaqların bir hissəsi azarkeşlərin sayına görə, lazım olan zaman yığılıb-açılma mexanizmi ilə təchiz olunub. Belə ki, 2 arenanın ayrılması da mümkündür. İstənilən zaman pərdələr çəkilir və 2 hissəyə bölünür. Belə olan halda idmançılar bir tərəfdə məşq edir və adları səsləndikdə oyun zalına keçirlər.

Martda Milli Gimnastika Arenasında sınaq yarışı keçirildi. Arenada yaradılan yüksək şərait yarış zamanı bir daha özünü göstərdi.

Artıq burada podiumlar hazırlanıb. Ancaq Oyunlara yaxın başqa dəyişikliklər də olacaq. Burada gimnastikanın 6 növü üzrə yarışlar keçiriləcəyi üçün podiumlar da dəyişdiriləcək. Arenada eyni zamanda 2 növ üzrə yarışlar təşkil oluna biləcək. Bu ondan ibarətdir ki, gimnastika 6 növ üzrə keçirildiyindən podiumların dəyişdirilməsi zəruridir. Media nümayəndələri, VİP qonaqlar üçün ayrıca oturacaqlar quraşdırılıb. Arenada media mərkəzi də fəaliyyət göstərir.

Milli Gimnastika Arenasında mehmanxana da tikilib. İndi milli komandamız və məşqçilər bu oteldə məskunlaşırlar. Onlar burada qalırlar və gün ərzində rahat şəkildə hazırlıq prosesində iştirak edirlər Arenada gimnastlar üçün məktəb də fəaliyyət göstərir. Bu da onların təhsillərini davam etdirə bilmələri üçündür”.

Mütəxəssis onu da bildirdi ki, əsas arenadan başqa, gimnastikanın bütün növləri üzrə hazırlıq keçmək üçün müasir avadanlıqlarla təchiz olunmuş böyük məşq zalı da fəaliyyət göstərir:

“Burada gimnastlar üçün bütün avadanlıqlarla yanaşı, xüsusi havalandırma sistemi, paltardəyişmə və istirahət otaqları inşa olunub. İdmançılara yüksək səviyyəli xidmət göstərilir və məşqlər dünyanın ən qabaqcıl mütəxəssisləri tərəfindən aparılır”.

Onu da nəzərinizə çatdıraq ki, Bakı 2015 I Avropa Oyunlarından öncə iştirakçı ölkələrin gimnastları Milli Gimnastika Arenasında məşqlər keçəcəklər.

Məşqçi arzusu...

Hər zaman qazanılan uğurlarla ölkəmizi sevindirən gimnastika sayəsində çalışan məşqçinin də fikrini yazmasaq olmaz. Gimnastikanın akrobatika növü üzrə Azərbaycan milli komandasının baş məşqçisi İradə Qurbanova Avropa Oyunlarında yetirmələrinin medal qazanmasını arzuladığını dedi:

“Bilirsiniz ki, I Avropa Oyunlarının proqramına gimnastikanın bu növünü də daxil ediblər. Burada 5 idmançımız çıxış edəcək. Oğlan və qız idmançılardan ibarət qarışıq cütlük və 3 qızdan ibarət qrup olacaq. Qarışıq cütlükdə Ulyana Dyakova və Anatoli Leonov, qadınlar qrupunda isə Aynur Hüseynova, Nərmin Ramazanova və Lalə Hüseynova çıxış edəcək.

Təbii ki, bir məşqçi olaraq yetirmələrimin ilk dəfə ölkəmizdə keçiriləcək Avropa Oyunlarında medal qazanmasını çox arzulayıram. Düzdür, medal sayı barədə proqnoz verə bilmərəm, amma şansımız var. İdmançılarımızın nəyə qadir olduqlarını görürəm. Məşqlərə çox ciddi yanaşırlar. Səhərdən axşamadək çalışırıq”.

İradə Qurbanova Avropa Oyunlarının Azərbaycana olan xeyri haqda da danışdı:

“Bir mütəxəssis kimi deyərdim ki, I Avropa Oyunları Azərbaycan üçün çox xeyirli bir yarışdır. O vaxtlar yarışlara Azərbaycandan qatıldığımızı deyəndə ölkəmiz haqda məlumatı olanlar az idi. İndi Azərbaycan bütün sahələrdə, o cümlədən idman sahəsində çox inkişaf edib. Artıq hamı Azərbaycanı idman ölkəsi kimi tanıyır”.

Aygün İlqarqızı

Əvvəlki reportajlar:

Bakı Olimpiya Stadionu

Tofiq Bəhramov adına Respublika stadionu

Bakı Su İdmanı Sarayı

Velopark

Bakı Atıcılıq Mərkəzi

Heydər Əliyev adına İdman Sarayı

Bakı İdman Zalı

Kristal-1, Kristal-2

Kristal-3

Xəbər lenti

DAHA ÇOX XƏBƏR