Sakinlərlə tam məskunlaşmayan binaların ömrü azdır - 110 minə yaxın mənzil boşdur
Bizi izləyin

Daşınmaz əmlak

Sakinlərlə tam məskunlaşmayan binaların ömrü azdır - 110 minə yaxın mənzil boşdur

Sakinlərlə tam məskunlaşmayan binaların ömrü azdır - 110 minə yaxın mənzil boşdur

Bakıda təxminən 2400-ə yaxın yeni tikilən bina var. Bunların hər birində orta hesabla 150 mənzil tikilib. Bəzi binalarda mənzillərin çoxu satılsa da, təxminən 110 minə yaxın mənzil boşdur.

“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyindən Publika.az-a verilən məlumata görə, sakinlərlə tam məskunlaşmayan binaların əksəriyyəti fiziki və mənəvi aşınmaya məruz qalırlar: “Binaların fiziki aşınmasının ləngidilməsi üçün onlarda sabit temperatur olmalıdır. Ümumiyyətlə, bina böyük konstruksiyadır, soyuduqda və qızdıqda metal konstruksiyaları deformasiyaya uğrayır. Onda mikroçatlar yaranır, çöl tərəfdən suvağı, rəngi, üzlükləri tökülür. Armaturlarda korroziya yaranır, beton armaturdan aralanmağa başlayır. Bununla da bina tez sıradan çıxır. Əgər layihəyə görə, binanın istismar müddəti 150 il nəzərdə tutulurdusa, belə olan halda o, 60-70 ildən sonra sökülməli olur. Yəni binada mərkəzləşdirilmiş istilik sistemi olmadıqda, onun ömrü iki dəfə azalır”.

Birliyin ekspertləri deyir ki, tikintisi yarımçıq qalan binaların tamamlanmaması onları potensial təhlükə mənbəyinə çevirir. “Əmlak Bazarı İştirakçıları” İstimai Birliyinin apardğı monitorinqin nəticələrinə görə, binalar bir neçə səbəbdən aşınmaya məruz qalaraq dağılır. Ümumiyyətlə yarımçıq tikilini uzağı 2-5 il ərzində istifadəyə vermədən saxlamaq olar. Sonradan isə həmin bina daxili və xarici amillərin təsiri nəticəsində aşınmaya məruz qalır və dağılır. Belə ki, qış fəslində soyuq və şaxtalı hava, yağış və qar bir çox hallarda belə binaların dayanıqlığına ciddi təsir göstərir, onların ömrünü qısaldır. Bu da həmin tikililərin aşınmasını sürətləndirir, uçub dağılma ehtimalını artırır. Bu səbəbdən yarımçıq bina probleminin həllinin sürətləndirilməsi olduqca vacibdir.

Hər bir problemin həlli yollu olduğu kimi bu halda da çıxış yolları mövcuddur. Mütəxəssislərin sözlərinə görə, bu sahədə xarici təcrübənin öyrənilməsinə də ehtiyac var: “Yarımçıq qalmış binaların dövlət tərəfindən müsadirə olunması qanunvericiliyə ziddir. Çünki bu, sahibkarlıq subyektinə qarşı təzyiq hesab edilir. Onların taleyi məsələsi istənilən halda ikitərəfli razılaşma əsasında olmalıdır. Çünki həmin binalar şəxsi mülkiyyətdir. Azərbaycanda bazar münasibətləri formalaşdığından yarımçıq binalarla bağlı administrativ idarəetmə formalarına əl atmaq düzgün olmazdı. Lakin Rusiyada olduğu kimi, həmin tikililərin hərraca çıxarılaraq satılması mümkündür. Təbii ki, dövlət də əhalinin keyfiyyətli mənzillərdə yaşamasında maraqlıdır. Yaxud da yarımçıq binaları bələdiyyələrə verməklə onlardan Mənzil Fondunun formalaşmasında istifadə etmək mümkündür. Yarımçıq tikililərin tikilib başa çatması üçün konkret limit qoyulmasının və bu limitə əməl olunmadığı halda onun kimlərə həvalə edilməsilə bağlı Ukrayna modeli mövcuddur. Bu ölkədə inşası yarımçıq qalan tikintilər bələdiyyələrin balansına verilir. Onlar da binadakı mənzilləri satmaq yolu ilə qarşı tərəfin pulunu ödəyir. Bizdə də yarımçıq binaların dövlət tərəfindən deyil, məhz bələdiyyələr tərəfindən alınması prosesinin həyata keçirilməsi daha məqsədəuyğun hesab edilərdi”.

Qeyd edək ki, “Mənzil Məcəlləsi”nə edilən son dəyişikliklərə əsasən, Mənzil Fondunun idarə olunmasında bələdiyyələrin balansında olan və kommunal mənzillər məsələsi ortaya çıxıb. Belə məlum olur ki, ilk olaraq bələdiyyələrin mənzil fondu formalaşmalıdır: “Qanunvericilikdə də bu istiqamətdə müəyyən dəyişikliklərin edilməsinə ehtiyac yaranıb. Məlum olduğu kimi, hazırda bələdiyyələrin iqtisadi maliyyə durumu həmin yarımçıq binaların alınması və tikintini başa çatdırmağa imkan vermir. Bu istiqamətdə dövlət müəyyən addımlar atmalı, bələdiyyələrə subsidiyalar ayırmalıdır. Lazim gələrsə, onlara uzunmüddətli, az faizli kreditlər də verilməlidir ki, özünüidarə orqanları da yarımçıq mənzillərdə işin başa çatdırılması prosesinə cəlb olunsun. Belə vəziyyət Azərbaycanda bələdiyyə institutunun ən azından prosesdə tam normal şəkildə iştirakının təmin olunmasına gətirib çıxarar. Eyni zamanda, tikinti şirkətləri də üzərində hər hansı bir məsuliyyətin olduğunu görsə və binanı qoyulan limit müddətində başa vurmadıqda tikintinin əlindən çıxmaq riskinin olduğunu bilsə, prosesə daha məsuliyyətli yanaşacaq. Belədə yarımçıq binalarla bağlı problem də öz həllini tapar”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm