• USD 1,8311 +1,45% EUR 1,9483 +0,93%
    • GBP 2,2482 +0,95% RUB 0,0308 +1,30%

Qadınlara seksual yerişi bəxş edən əfsanəvi dizayner - FOTO

  • Dəb
  • 18 Dekabr 2016 19:45
  • 3 624 Baxış
Qadınlara seksual yerişi bəxş edən əfsanəvi dizayner

Statistikaya inansaq, qadını cazibədar göstərən ən önəmli aksessuar dikdaban ayaqqabılardır. Lakin çoxları dikdaban ayaqqabıları bizə sevdirən ixtiraçının kim olduğundan xəbərsizdir. Bunu bilmək üçün xəritədə çəkməyə bənzəyən ölkəni axtarın. Xəritəyə diqqət etsəniz, İtaliyanın çəkməyə oxşadığını görəcəksiz. Taleyin qəribə oyunudur ki, dünya xəritəsində çəkməyə bənzəyən İtaliya dünyanın ən məşhur ayaqqabı ustalarını yetişdirir. Və əminliklə demək olar ki, qadınlara seksual yerişi bəxş etdiyinə görə italyan ayaqqabı ustası, rəssam və yenilikçi Salvatore Ferraqamoya borcluyuq.

Publika.az “Brendlərin tarixi” layihəsi çərçivəsində məşhur çəkməçinin həyatı və yaradıcılığı haqqında ən maraqlı faktları təqdim edir.

“Salvatore Ferragamo” ayaqqabı brendi artıq 75 ildən çoxdur ki, italyan dəbdəbəsinin sinonimi hesab edilir. Hollivud ulduzları arasında qazandığı populyarlığa görə, o, “Çəkməçi kralı" və ya “Ulduz çәkmәçi” ləqəbini alıb. Salvatore Ferraqamo xatirələrində yazır ki, əllə tikilmiş ayaqqabıdan mükəmməl heç nə ola bilməz. O özü də həmişə bu prinsipə əməl edirdi. Ferraqamo iddia edirdi ki, hər bir insan üçün fərdi - ayağı incəliklə “qucaqlayan” maksimum rahat ayaqqabı cütü hazırlanmalıdır. Məsələn, Salvatore Ferraqamo hər bir müştərisinin ayaq ölçüsünü ayrıca götürürdü. Ayaqqabıları da ona uyğun hazırlayırdı. Dizaynerin hazırladığı məmulatların bəzək elementlərini ümumi konsepsiyaya son dərəcə dəqiq uyğunlaşırdı.

Çətin keçən uşaqlıq illəri

Salvatore Ferraqamo 1898-ci ildə kasıb italyan ailəsində anadan olub. Neapol yaxınlığında doğulmuş Salvatore Ferraqamo ailənin 14 övladından on birincisi idi. Onun ailəsi o qədər kasıb idi ki, uşaqlar yalnız bayramdan-bayrama təzə ayaqqabı geyinirdilər. Görünür, məhz bu fakt Salvatore Ferraqamonun peşə seçiminə ciddi təsir edir.

Uşaqlıqda təzə ayaqqabılara həsrət qalan Salvatore özünün ilk ayaqqabı cütünü kiçik bacısı üçün tikmişdi. Onda onun cəmi doqquz yaşı var idi. Çəkməçi olmağa qərar verən Ferraqamo arzularının ardınca getmək üçün böyüməsini gözləmir. Məhrumiyyətlər içində keçən günlər, ailəsinin maddi vəziyyətinin pis olması oğlanı kiçik yaşlarından arzularını reallaşdırmağa sövq edir. Beləliklə, o 11 yaşından etibarən Neapolda çəkməçiliklә məşğul olan məşhur bir şəxsin yanında sənətin əsas texnikalarını öyrənməyə başlayır. Lakin Salvatore Ferraqamo ustasının öyrətdikləri ilə qane olmurdu. O, peşəsini təkmilləşdirmək məqsədi ilə Amerikaya köçməyə qərar verir. İtaliyalı çəkməçi əsl şöhrətini də məhz ABŞ-da qazanıb. Həmin illərdə Ferraqamonun böyük qardaşlarının əksəriyyəti ABŞ­-da yaşayırdılar. O da 14 yaşı tamam olanda qardaşlarının yolu ilə gedərək Amerikaya köçür, Bostonda ayaqqabı fabrikində işə düzəlir. Gələcəyin parlaq dizayneri orada təxminən 10 il işləyir. 10 ildən sonra Kaliforniyada yaşayan başqa qardaşının yanına köçür. O, Kaliforniyada bir müddət ayaqqabı dükanında satıcı işləyir. Orada da pinəçilik sənətinin ənənəvi metodlarını öyrəndikdən sonra kinostudiyada işləmək təklifi alır.

“Ulduz çəkməçi” statusunun qazanılması

Salvatore Ferraqamo tezliklə kinostudiyada səhnə ayaqqabılarının hazırlanması ilə məşğul olur. O ərəfədə rejissor Sesil de Mill Salvatore Ferraqamoya 100 cüt kovboy çəkməsi sifariş vermişdi. Onların hazırlanmasından sonra rejissor öz filmi üçün dizaynerlə yeni müqavilə imzalayır. Bu hadisədən sonra Ferraqamonun işləri o dövrün tanınmış adamlarının da diqqətini çəkir. Onun əməyi qısa müddətdə layiqincə qiymətləndirilir. Məgər ustalıqla və böyük zövqlə tikilmiş eksklüziv ayaqqabı kimisə özünə biganə qoya bilərdimi? Ferraqamo tərəfindən yaradılan səhnə ayaqqabılarının keyfiyyəti o qədər yüksək olur ki, aktyor və aktrisalar gündəlik geyinmək üçün ona ayaqqabılar sifariş etməyə başlayırlar. Qreta Qarbo, Merilin Monro, Odri Hepbren, Cudi Qarland, Peqqi Quqqenxaym kimi digər dünya kinosunun əfsanəsi ulduzları “ Salvatore Ferraqamo” ayaqqabı brendinin pərəstişkarı idilər.

Bundan başqa, Merilin Monronun çəkildiyi “Yeddinci ayın həvəsi” filmində ağ donunun qalxdığı məşhur səhnədə aktrisa obrazını “Salvatore Ferragamo”-dan olan ayaqqabı ilə tamamlamışdı.

Bu səhnədə kişiləri aktrisanın gözəlliyi, qadınları isə zərif üstüaçıq ayaqqabıları cəlb etmişdi. Tezliklə Salvatore bütün dünya kino sənayesində böyük nüfuz qazanır. Dizayner bu xidmətlərinə görə, "Çəkməçi ulduz" statusunu qazanır.

20­-ci illərdə Salvatorenin ayaqqabı dizayneri kimi populyarlığı artır və səhnə mühitinin çərçivələrindən kənara çıxır. O, 1923-cü ildə nəhayət ki, Santa-Barbara şəhərində xüsusi olaraq ayaqqabı istehsalı ilə məşğul olan şəxsi mağazasını açır.

Dizaynerin ixtirası

Salvatore Ferraqamo inanılmaz dərəcədə gözəl ayaqqabılar yaratmaqda davam edirdi. Santa-Barbara şəhərində ayaqqabının daha rahat olması üçün özünün ilk ideyalarını həyata keçirirdi. Dəbdə olan bütün yeni texnologiyalar və dəyişikliklər onu maraqlandırırdı. Çünki o, dayanmadan daha rahat ayaqqabı hazırlamağın yollarını axtarırdı. Lakin onlar əvvəlki kimi narahat idilər. Rahat ayaqqabı ixtirası üzərində bir müddət baş sındırdıqdan sonra dizayner çıxış yolunu təhsil almaqda görür. O, ayaqqabılarının konstruksiyasını təkmilləşdirmək, ayaqda ideal oturan ayaqqabını yaratmaq məqsədilə Los-Anceles universitetində riyaziyyat, anatomiya, mühəndislik üzrə təhsil alır. Uzun axtarışlardan sonra Salvatore Ferraqamo yastıqla içliyin arasına dəstəkləyici metal parçası yerləşdirməklə öz məqsədinə nail oldu. Ümumiyyətlə, müasir ayaqqabı növlərinin əksəriyyəti Ferraqamonun novatorluğu sayəsində yaradılıb. Salvatore əsl novatordur, o, 300-dan çox ayaqqabı modelinin patentini alıb. Ayaqqabı dəbi sahəsində müxtəlif daban formaları: incə, pazvari və kvadrat dabanlı stilettoların müəllifi məhz odur.

Ferraqamo həmişə “Çəkməçi fantaziyalarını məhdudlaşdırmaq olmaz" - deyirdi. Buna görə də o, yosun və ya pulcuqlu balıq dərisindən ayaqqabılar hazırlayırdı. Belə ayaqqabılar çox əlverişsiz olduğu üçün uzunömürlü deyildi. Əvəzində isə sənət əsərləri kimi tamaşaçılarda böyük maraq doğururdu.

İtaliyada şəxsi emalatxanaların açılması

1927-ci ildə Salvatore Ferraqamo emalatxanasına şərq əsilli başıbağlı qadın gəlir. Bu qadının ayağı nəzərəçarpacaq dərəcədə qüsurlu idi, lakin o, xüsusi olaraq onun üçün hazırlanmış yüksək dabanlı ayaqqabı sifariş vermək istəyirdi. Ferraqamo qadının ayağındakı qüsuru gizlədən gözəl ayaqqabı yaratmaq üçün müştərinin sifarişi üzərində düz bir həftə işləyir. Qadın sifarişini almağa gələndə Salvatore öyrənir ki, sirli şərq qadını varlı hind maxaracının həyat yoldaşıdır. Dizaynerin işinə heyran qalan qadın ona daha bir neçə cüt ayaqqabı sifariş verir. Beləliklə, onun üçün əsl ayaqqabı seriyasını yaradır. Ayaqqabının belə dizaynı indiyədək "maxaraca üslubu" adını daşıyır.

Şərq qadını üçün hazırladığı sifarişlərə görə, dizayner külli miqdarda pul qazanır. Qazandığı pulu bu vaxta qədər ona əlçatmaz görünən arzusunu reallaşdırmasına sərf edir. Ferraqamo qazandığı uğurlara baxmayaraq, təsis etdiyi brendi inkişaf etdirmək üçün o, yenidən doğma İtaliyaya qayıdır. 1927-ci ildə İtaliyada əl əməyinə əsaslanan ayaqqabı emalatxanası açır. 1928-ci ildə isə artıq “Salvatore Ferragamo” brendini rəsmi qeydiyyatdan keçirir.

Brendin qeydiyyatı I Dünya müharibəsi illərinə təsadüf etdiyi üçün şirkət müflis oldu, 1933-ci ildə isə bankrot olduğu elan edildi. Lakin öz əlaqələri və zəhmətkeş işçiləri vasitəsilə 30-cı illərin ortalarında dizayner İtaliyanın Verona və Florensiya şəhərlərində İntibah dövründən qalma iki baxımsız saray alır. 1936-ci ildə şirkətin Florensiyada “Palazzo Spini Feroni” mağazası açılıb.

Müharibədən sonrakı dövrdə ayaqqabıların hazırlanması

II Dünya müharibəsinin başlanması ayaqqabı istehsalı üçün xammalın çatışmazlığna səbəb olmuşdu, çünki ən yaxşı materiallardan ordu geyim formaları istehsal olunurdu. Bu zaman Salvatore Ferraqamo innovasiya ideyalarını tətbiq etməyə başlayır: o, ayaqqabı dabanları üçün palıd qabığından, yuxarı hissəsi üçün rezin, palma lifləri, plastikdən istifadə edirdi.

1947-ci ildə Salvatore Ferraqamo Arno çayının sahilində balıqçı ilə söhbət edərkən ağlına yaradıcı ideya gəlir. Dizayner balıqçıdan o qədər incə tilovun ipini kəsməkdən qorxmadığı ilə maraqlanır. O cavab verdi ki, bu möhkəm neylondur. Onda Salvatore bir neçə gecə yatmır və unikal “America” tuflilərini yaradır. O, bu ayaqqabıya görə, “Marcus Award Neiman” nüfuzlu mükafatına layiq görülmüşdü. 1952-ci ildə isə Salvatore Ferraqamo bu gün də qadının seksuallığının simvolu hesab olunan nazik dabanlı populyar stilettolarını yaradır.

Brendin yaradıcısının ölümündən sonra markanın taleyi həyat yoldaşına həvalə olunur

1960­-cı ildə məşhur dizaynerin ölümündәn sonra həyat yoldaşı Vanda bütün işləri öz üzərinə götürür və şirkətin fəaliyyətini genişləndirir. Bu işdə onun ən yaxşı köməkçiləri 6 övladı – Fiamma, Covanna, Fulviya, Ferruççio, Leonardo və Massimo olurlar. Bu gün “Salvatore Ferragamo” moda evini üçüncü nəsil idarə edir. Bu genişlәnmә sayəsində şirkət tək ayaqqabı deyil, eynək, ətir, kəmər, zərgərlik məhsulları, qalstuk, çantalar, saat və geyim istehsalı ilə məşğul olur. Yeri gəlmişkən, şirkətin dünyada 450-dən çox butiki fəaliyyət göstərir.

Brendin ayaqqabıları bu gün də Hollivud gözəllərinin ayaqlarını bəzəyir. Dünya ulduzları “Salvatore Ferragamo” istehsalı olan ayaqqabıları ilə bir-biri ilə yarışa girirlər. Zəriflik və gözəllik, hündürdaban və incə dekor, möhtəşəm konstruksiya və valehedici gözəllik, rahatlıq və orijinallıq bu brenddə cəmlənib. Bu, hər bir qıza obrazının təkrarolunmaz individuallığını itirmədən özünü qlamur hiss etmək imkanı verir. Şirkət həmişə ancaq yüksək keyfiyyətli xammal və müasir texnikalardan istifadə etməklə, öz ənənələrinə və strategiyalarına sadiq qalıb. Dünyadakı modabaz xanımların yarısı bu brendin ayaqqabılarını əldə etmək arzusundadır. Bu ayaqqabıların xoşbəxt sahibələri onu ən qiymətli əşyalarından hesab edirlər. Hazırda tanınmış markanın çantaları da yüksək keyfiyyətə və möhtəşəm dizayna malikdir.

“Salvatore Ferragamo” kino qəhrəmanları üçün ayaqqabılar yaratmağa davam edir. Məsələn, Madonnanın "Yevite" filmindəki Yevi Peron rolu üçün 14 cüt ayaqqabı yaradılıb. “Disney Entertainment” və “Saks Fifth Avenue”-nun birgə layihəsində “Salvtore Ferragamo” brendi də öz büllur ayaqqabı versiyasını təqdim etmişdi. Eləcə də “Şeytan Prada geyinir”, "Avstraliya", "Dönüklər" və digər filmlər üçün “Ferragamo Salvatore” ayaqqabı modelləri hazırlayıb.

1995-ci ildə Florensiyada “Salvatore Ferraqamo”-nun tarixinə həsr olunmuş muzey açılıb. Məşhur italyan ayaqqabı brendinin on min cüt ayaqqabıları Salvatore Ferraqamo Muzeyində saxlanılır. Muzeydə XVIII və XIX əsrlərin arxiv sənədləri, ayaqqabılar, geyim kolleksiyaları, 1970-ci və 1959-ci illərə aid çantalar saxlanılır.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR