• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Əkiz türklər Azərbaycana hansı yeniliyi gətirmək istəyir? – FOTOLAR

  • İdman
  • 17 Sentyabr 2014 15:05
  • 4 564 Baxış
Əkiz türklər Azərbaycana hansı yeniliyi gətirmək istəyir?  – FOTOLAR

Onlar Azərbaycan futboluna yenilik gətirmək istəyir.

Belə ki, ilk dəfə hansısa klubumuzda əkiz qardaşlar forma geyinə bilər. Haydar və Volkan Çekirdeklər karyeralarını Hamit və Halal Altıntop qardaşları kimi qurmaq, onlar kimi uğur qazanmaq istəyirlər.

Qardaşlar Publika.az-a verdikləri müsahibədə Azərbaycandan gələn təklifləri dəyərləndirə biləcəklərini deyiblər.

Alman futbolunun yetirmələri

- İlk olaraq, təqdimatınızdan başlayaq...

- Volkan Çekirdek: Biz 1992-ci ilin fevral ayının 6 -da Almaniyanın Hamburq şəhərində anadan olmuşuq. Orada da məktəbə getmişik. Ailəmiz işləmək üçün Almaniyaya gəlib. Atam o vaxtdan burda aşpaz işləyir. Anam isə evdar xanımdır.

- Futbolla məşğul olmağa neçə yaşınızda başladınız?

- Volkan Çekirdek: Futbola 4 yaşında başladıq. İkimiz də eyni vaxtda futbola meyil salmışıq.

Haydar Çekirdek: Bizi atamız futbola yazdırdı. Topla oynamağı çox sevirdik. Bizim oyuncağımız top idi. İlk məşqçimiz bizim qabiliyyətimizi gördü və peşəkar bir futbolçu olacağımıza əmin idi.

- İkiniz də futbolu seçdiniz...

- Haydar: Həmişə birlikdə idik. Məhəlləmizdə futbol oynarkən birlikdə oynayardıq. İşimiz ancaq hər gün məhəllədə futbol oynamaq idi. Ailəmiz ikimizin də futbola meyilli olduğunu gördü və bu qərarı verdi.

“Bizi həyatımız boyu səhv salıblar”

- Sizdən başqa da qardaşınız varmı?

- Haydar: Bizdən böyük iki bacımız da var. Amma onlar hər hansı bir idman növü ilə məşğul olmurlar.

- Guman ki, sizi səhv salanlar çox olub. Ya futbolda, ya da həyatda...

- Volkan: Bizi bütün həyatımız boyu səhv salıblar (gülür). İstər məktəbdə, istərsə də futbolda bizi həmişə bir-birimizlə səhv salıblar. Ancaq bir az tanıdıqdan sonra bizi ayırd edə bilirlər.

- Komanda yoldaşlarınız sizi necə ayırd edir?

- Volkan: Komanda yoldaşlarımız bizi Haydarın sağ qolunda olan böyük tatudan və oynadığı mövqeyə görə seçə bilirlər. Ancaq ikinci ötürmədən sonra qarışdırırlar.

- Sizi ayırd edə bilmək üçün başqa hansı xüsusiyyətiniz var?

- Haydar: Mənim bədənimdə tatularım daha çoxdur. Bundan əlavə, Volkan sol ayaqla daha yaxşı oynayır, mən isə sağla ...

- Əkiz olmağınız futbol karyeranıza necə təsir edir?

- Haydar: Əkiz olmağımızın futbolda üstünlükləri çoxdur. Rəqib bəzən çaşır. Çünki bir adamdan ikisini görür. Bu da onları təəccübləndirir(gülür). Meydanda da çox yaxşı anlaşırıq. Hətta ötürmə edərkən hara qaçacağımızı da bilirik.

- Türkiyənin hansı millimi komandalarında oynayıbsız?

- Haydar: Türkiyənin aşağı yaş qruplarının hamısında forma geyinmişik. Ancaq təəssüf ki, hələ A millisində oynamamışıq. İnanırıq ki, bu da olacaq.

- Bəs klub karyeranız necə davam edib? hansı klublarda forma geyindiniz?

- Haydar: Çox zaman eyni komandalarda forma geyindik. Amma iki dəfə fərqli klublarda oynamışıq.

- Volkan: Peşəkar karyeraya başlayandan sonra “Sankt-Pauli FK”(Almaniya), “Hamburq” fk (Almaniya), “Herta BSK” (Berlin), “Hanza” kimi klublarda forma geyinmişəm. Türkiyədə də oynamışam. Türkiyənin “Kasımpaşa SK” klubunda forma geyinmişəm. Sonradan Almaniyaya qayıtdım. Burada “TSG Noyştreliç” klubunda oynamağa başladım. İndi isə Türkiyənin “Sivas Dört Eylül Belediyespor” klubunda oynayıram.

Haydarın oynadığı klublar isə “Sankt-Pauli FK”, “Hamburq” fk, “Hanza”, “Kasımpaşa” (İstanbul), “Viktoria Hamburq” kimi klublar oluba. İndi o da mənimlə “Sivas Dört Eylül Belediyespor”dadır.

- Heç bir-birinizə rəqib oldunuzmu?

- Volkan: Yox, heç vaxt bir-birimizə rəqib olmadıq. Olsaydıq belə, anlaşmadan söz gedə bilməzdi. Qardaş da olsaq, meydanda rəqibik.

“Halil və Hamit Altıntop qardaşları kimi...”

- Karyeranıza hansı mövqedə başladınız?

- Volkan: Mən hücumçu kimi başlamışdım. Amma sonradan yarımmüdafiəçi kimi çıxış etdim. İndi sol kənar yarımmüdafiəçisi kimi oynayıram.

Haydar: Mənim mövqeyim dəyişilmədi. Yarımmüdafiəçi kimi başladım. Yarımmüdafiədə bütün mövqelərdə oynamağı bacarıram.

- Müsahibələrinizin birində Halil və Hamit Altıntop qardaşları kimi olmaq istəyirik demişiniz.

- Haydar: Bəli, bizi çox vaxt onlarla müqayisə edirlər. Onlar da bizim kimi qürbətdə yaşayıblar, Türkiyənin milli komandasında oynayıblar. Biz də onlar kimi uğurlara imza atmaq istəyirik.

- Futbolda üstün və çatışmayan cəhətləriniz varmı?

- Haydar: Düşünürəm ki, mənim texnikam çox yaxşıdır. Sürətliyəm, sadəcə, baş zərbələrim zəifdir.

Volkanın da sürəti və gücü var. Ancaq onun da zəif tərəfi başla zərbələri istədiyi kimi vura bilməməsidir.

“Qarabağ”dan gələn təklifi qəbul etməyib

- Karyeranız boyu hansı zəfərlərı yaşadınız?

- Volkan: Öncə “Hanza” klubu ilə U-19-da Bundesliqa çempionu olduq. U-19-da Almaniya Kubokunda 2-ci olduq. “TSG Noyştreliç” klubu ilə ilə “Regional Liqa” çempionu oldum .

- İndi isə gələk Azərbaycanda oynamaq istəyinizə. Niyə Azərbaycanda?

- Haydar: Biz Almaniyada böyüdüyümüz üçün Azərbaycan bizim üçün Türkiyə kimidir. Hamburqda Azərbaycanlı dostlarımız çoxdur. Bundan əlavə, Azərbaycan bizim çox sevdiyimiz və maraqlandığımız bir ölkədir.

- Azərbaycan futboluyla bağlı hansısa bir məlumata sahibsiniz?

- Volkan: Çox şey bilmirəm. Sadəcə Azərbaycan Premyer Liqasında 10 komanda olduğunu bilirik.

- Azərbaycandan sizinlə maraqlanan oldumu?

- Haydar: 18 yasım olan zaman mənə Azərbaycandan bir menecer zəng etdi. “Qarabağ”klubunda oynayarsanmı” deyə soruşdular. Mən də təşəkkür etdim, razılaşmadım. Çünki o zaman Almaniyadan çox təkliflər gəlirdi.

- Azərbaycanlı futbolçulardan tanıdıqlarınız varmı?

- Volkan: Çoox təəssüf ki, tanıdığımız Azərbaycanlı futbolçu yoxdur.

Haydar: Azərbaycanın U-19 qadın milli komandasının oyunçusu Leyla Solmaz bizim əmimiz qızıdır. Onunla Azərbaycanla bağlı söhbət etdiyimiz zaman, həmişə çox gözəl bir ölkə olduğunu deyir.

- Necə düşünürsüz, hansı özəlliyinizə görə Azərbaycan klubları sizə təklif göndərməlidir?

- Bizim özəlliyimiz Almaniyada peşəkar futbolu təlimi almağımızdır. Düşünürük ki, öyrəndiklərimiz, bildiklərimizlə komandanın gücünə güc qata bilərik.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR