Qəribə imicli azərbaycanlı qızı: “Qoy məndən qorxsunlar”
Bizi izləyin

İdman

Qəribə imicli azərbaycanlı qızı: “Qoy məndən qorxsunlar”

Fəridə Əzizova taekvondo üzrə ikiqat Avropa çempionudur. O, idmana səhhətində olan problemə görə gəlib. Daha sonra taekvondo onda vazkeçilməz bir məşğuliyyətə çevrilib.

Fəridə London Olimpiadasında iştirak etsə də, yer tuta bilməyib. Buna baxmayaraq, o, növbəti olimpiadaya daha səylə çalışır.

Xanım taekvondoçu idmanla yanaşı, maraqlı imici ilə də diqqət çəkir.

Fəridə Əzizova müsahibəyə rəfiqəsi, keçmiş idmançı Yaqut Fərəcova ilə gəlmişdi.

Publika.az-ın qonağı olan Fəridə həyatı və karyerası ilə bağlı maraqlı məqamlardan danışdı:

- Fəridə Əzizovanı yaxından tanıyaq.

- 1995-ci ildə Qusar rayonunda anadan olmuşam. 2000-ci ildə rayonda 2 nömrəli orta məktəbə getmişəm. Ancaq 9-cu sinifdən həmin məktəbdən çıxıb, Quba dövlət Sosial-İqtisadi kollecə daxil oldum. Hazırda da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıram.

2003-cü ildən taekvondo ilə məşğul olmağa başlamışam.

- Adətən, valideynlər qızlarını bu cür çətin idman növünə qoymurlar. Bəs səni taekvondoya kim gətirib?

- Əslində, mənim ayağımda bir az problem yaranmışdı. Buna görə də həkimlər də valideynlərimə məsləhət gördülər ki, məni hansısa bir idman növünə qoysunlar. Amma elə bir idman olsun ki, orada ayaqların fəaliyyəti çox olsun - məsələn, futbol, qaçış, taekvondo kimi...

Həmin vaxtlar da Qusara taekvondo idmanı yeni gəlmişdi. Populyar olmasa da maraqlı idman növü idi. Həm də atamın iş yerinin yanında idi. Buna görə də atam məsləhət gördü ki, 2 ay məşğul ol, istəsən sonra atarsan, istəsən davam edərsən. Elə oldu ki, bu idmanı çox sevdim, davam etməyə qərar verdim.

Onu da deyim ki, evdə ən dəcəl uşaq olmuşam (gülür). Anam bu idmanı seçdiyim üçün əvvəllər bir az narazılıq edirdi. Amma atam icazə verdi. Bundan sonra 2003-cü il oktyabrın 5-də məşqlərə başladım.

- İlk öncə bu idmana sağlamlıq üçün başladın. Bəs sonra taekvondodan bezdiyin anlar oldumu?

- Xeyr. Bu idman elədir ki, yeniliklərlə zəngindi. Bəzi idman növləri var ki, bütün günü eyni şeylər üzərində çalışırsan. Bu idmanda çox dəyişikliklər oldu, daha da maraq artırdı. Yəqin ki, bilirsiniz indi də elektron jiletlər, elektron kaskalar çıxıb. Əvvəllər bunlar yox idi. Hər dəfə dəyişikliklər olduqca taekvondo mənə daha maraqlı gəlir.

- İlk medalını nə vaxt almısan?

- 2004-cü ildə.

- Bir il sonra?

- Xeyr, bir neçə ay sonra yeniyetmələr arasında Azərbaycan birinciliyinə çıxdım. Bu yarışda 3-cü yerin sahibi oldum.

- İlk qələbədən sonra ananın fikri dəyişdimi?

- Əslində anam idmana başlayandan bir ay sonra qərarını dəyişmişdi. Gördü ki, bu idmana istəyim, həvəsim var. Həm də dərslərimə də laqeyd olmadığımı, yaxşı hazırlaşdığımı gördü və idmana davam etməyimə razı oldu.

- Döyüşlərinə ailə üzvlərindən kimsə gəlib baxıb?

- Yox mən icazə vermirəm. Çünki xoşlamıram. Onlar zalda olduqları zaman sıxılıram.

- İdmanda ən böyük dəstəyi kimdən görmüsən?

- Əlbəttə, ailə üzvlərimdən. Yarışdan sonra yığmaya dəvət aldığım zaman 9 yaşındaydım. O zaman valideynlərim Bakıya gəlməyimə icazə verməyə də bilərdi. Ancaq onlar icazə verdilər. Hətta şərait də yaratdılar ki, mən özümü burada yaxşı hiss edim.

- Milli komandaya nə vaxt dəvət almısan?

- Birinci yarışda 3-cü yer tutduğum üçün sadəcə adım yazıldı. Bunun da məqsədi gələcək yarışlarda şans verilə bilməsi üçündür. 2 il sonra həmin çempionatda birinci yeri tutdum, bundan sonra milliyə dəvət olundum.

Rayona və ya digər idman klublarına baxanda yığmadakı məşqlər daha çətin idi. Həm də burada idmançılar arasında rəqabət daha gərgin idi.

- Çətinliklər səni yormadı?

- Yox. Çünki özüm o qədər dəcəl idim ki, qeyri-adilikləri xoşlayırdım. Hələ də xoşlayıram. İndi idmanın məni bezdirdiyi anlar yox, yorduğu anlar olur.

Belə deyərdim. Bilirsiz ki, reytinqli bir idmançıyam. Bəzən yarışlarda uduzduğum zaman sadəcə pis oluram ki, əziyyətim heyif oldu.

- Bu günə qədər hansı nəticələriniz var?

- İkiqat Avropa, bir dəfə dünya çempionuyam. Gənclər və böyüklər arasında 2 dəfə dünya çempionatının 3-cüsü olmuşam və olimpiya iştirakçısıyam.

- Ya məktəbdə, ya da kənarda səninlə dava etməyə cəsarət edən biri olmaz yəqin ki...

­- (gülür) Əslində bunu çox adam soruşur. Amma mən idmandan, zaldan kənarda heç vaxt dalaşmamışam. Düzdür, buna inanmaq çox çətindir.

Çünki idmançıların çoxu əsəblərini cilovlaya bilmir. İstər-istəməz dava olur və münaqişə yaranır. Amma mən belə şeylərdən həmişə qaçmışam.

Çünki adıma zərər gəlməsini istəməmişəm.

- Mübahisə yaranan zaman necə həll etməyə çalışırsan?

- Hər bir münaqişəni söhbətlə həll etməyə çalışıram. Alınmasa sözümü bitirib, çıxıb gedirəm (gülür).

- Adətən, idmançıların gözü qorxduğu, çəkindiyi həmkarı olur. Sənin də varmı?

- Qorxduğum idmançı yoxdur. Qoy məndən qorxsunlar. Mən rəqiblərim arasında ən gənc idmançıyam. Amma ehtiyat etdiyim idmançı var. Çünki mən ehtiyat etdiyim kimi onlar da məndən ehtiyatlanır. Bu yaxınlarda Meksikada keçirilən Qran-Pri yarışında reytinqdə ən güclü idmançılardan 8 nəfər iştirak edirdi. Bu siyahıda mən 6-cı idim.

- Bu günə qədər sənə çətinlik yaradan idmançı kim olub?

- Çin Taypeyi idmançısıdır. Ona bir neçə dəfə yenilmişəm. Elə sonuncu yarışda da ona uduzdum.

- Onu məğlub etməyi qarşına məqsəd qoymusan, yoxsa bu məğlubiyyəti artıq qəbul etmisən?

- Əlbəttə, mən onu udacağam. Əslində bir ay əvvəl yarışda mən onu udmuşam da.

- Hakim ədalətsizliyi ilə üzləşmisən? Olubmu ki, xalların sayılmasın?

- O qədər olub.

- Bəs nə etmisən?

- Sadəcə bununla barışırıq, öz idmanımıza davam edirik. Belə bir hadisə Olimpiadada olmuşdu. Başa vurduğum zərbəm təmiz idi. Amma mənim o zərbəmi saymadılar. Məşqçilərim şikayət etdi, o epizodun video görüntüsünə baxılsa da, əleyhimə qərar verildi. Zərbəm sayılmadı. Bunu zalda oturan hər kəs görmüşdü.

- Hansısa yarışa hazırlaşmadan getmisiniz?

- Bəli olub. Belə ki, bizdə müəllim heyətləri tez-tez dəyişir. Müəllim heyəti dəyişdikdən sonra yeni müəllimə öyrəşmək bir az çətin olur. Bununla da anlaşılmazlıq yaranır. Yeni məşqçiyə alışana kimi idmançı tam hazırlaşa bilmir.

- Hansısa yarışda qalib gələndə arxayınlıq yaranır? Məsələn, növbəti yarışda da qalib gələcəyini düşünürsən, amma məyus olursan. Belə hallar baş verib?

- Xeyr, ola bilməz Hər yarış fərqlidir. Bu gün döyüşdüm, qalib gəldimsə bitdi. Necə deyərlər, “Bu günə görə çox sağol, sabaha görə cavab ver”.

Sabahkı yarışa daha yaxşı hazırlaşmalısan. Düşünməlisən ki, keçən dəfə mən udmuşamsa bu dəfə də udmalıyam.

- Təsadüfi, təəccübləndiyiniz nəticələr olub?

- Bəli, belə hallar çox olub. Məsələn, 2 ay əvvəl Mançesterdəki Qran-Pri yarışına çox da hazırlaşa bilməmişdim. Çünki dediyim kimi müəllim heyəti dəyişdi və şəxsi müəllimimlə ora getdim. Buna baxmayaraq, nəticə verdim. Bundan sonra Meksikadakı Qran-Pri yarışına çox gözəl hazırlaşıb getmişdim. Gündə 2-3 dəfə olmaqla hər gün məşq edərək hazırlaşmışdım. Özümü yaxşı formada hiss edirdim. Amma təəssüf ki, elə ilk döyüşdə məğlub oldum.

- “Fəridə özündən razıdır” deyənlər olubmu?

- (gülür) olub.

- Düz deyirlər?

- Yox elə deyiləm (gülür). Mən özündən razı olmağı xoşlamıram. Necə deyərlər, burnunu qaldırıb gəzərsən, ayağının altını görməzsən, yıxılarsan.

Sonra pis vəziyyətə düşərsən, deyərlər ki, özündən razı idin, nə oldu?!

Sadə olmaq lazımdır.

- Qarşına hansı hədəflər qoymusan?

- 2015-ci ildə keçiriləcək Avropa oyunlarında, 2016-cı il Olimpiya oyunlarında və 2017-ci ildə Bakıda keçiriləcək İslam oyunlarında qələbə...

Ən böyük yarışları saydım. Amma bunların aralarında Avropa, dünya çempionatları və qran-prilər də var.

- Nə vaxta qədər idmanla məşğul olmaq istəyirsən?

- Nə vaxta qədər davam edəcəyimi deyə bilmərəm. Amma məqsədim 2017-ci ilə kimidir. Çünki bir az sağlamlığımla bağlı problemlərim var. Buna görə də 2017-ci ilə kimi tam döyüşəcəm, sonra müalicə olunacam. Müalicədən sonra qayıtmaq istəyərəm, əgər mümkün olarsa.

- Karyeranı bitirdikdən sonra məşqçi işləmək istəyərsən, ya idmandan kənar sahədə çalışacasan?

- Məşqçi işi elədir ki, tələbələrin nəticə verə bilmirsə, praktiki olaraq işsiz qalırsan. Ya da yeniyetmə dövründən idmançıları yetişdirənə kimi işləyirsən. Dolanmaq üçün başqa iş lazımdır. Ona görə də çox istəyərəm ki, hansısa bir dövlət işində işləyim, yenə dövlətə qulluq edim. Həmçinin də öz klubumu açıb, idmançılar yetişdirim.

- Məşqlə dostların arasında vaxtını necə bölürsən?

- Əslində başqa rəfiqələrim yoxdur, bir rəfiqəm var, o da Yaqut xanımdır (Yaqut Fərəcova, o da taekvondo ilə məşğul olub. Amma hazırda idmandan uzaqdır). Təbii ki, vaxtımın çoxunu idmana həsr edirəm. Yaqut da məni başa düşür və məşqdən sonra, yarışdan sonra vaxt olanda görüşürük.

- Bu durumdan heç inciyibmi?

- Xeyr. Həqiqətən də çox anlayışlı bir rəfiqədir. Özü də idmançı olub, məni anlayır. Hətta elə vaxtlar olub ki - çəki saldığım zamanlar çox əsəbi olmuşam, üstünə qışqırmışam da... (gülür). Onda da başa düşüb.

- Fəridə, sənin imicin də çox maraqlıdır.

- 10 yaşından bəri bu imicdəyəm.

- Ailənizdə sənin bu seçiminlə bağlı nəsə deyən olub?

- Yenə deyirəm, uşaq vaxtı dəcəl biri idim, oğlan dostlarım çox idi. Ya futbol oynayırdıq, ya da “avtomat” atmaq. (gülür).

Qız rəfiqələrim çox olmayıb. 10 yaşında belə tərzdə geyinməyə başlayanda valideynlərim heç nə demədilər. Birinci soruşdular ki, “niyə belə geyinmisən?” Mən də demişdim idmana görə mənə belə daha rahatdır.

Mən süslənməyi, bəzənməyi, gözə karandaş çəkib, pudra vurmağı sevmirəm. Sadə görünməyi xoşlayıram, belə daha yaxşıdır (gülür).

- Bəs qohum əqrəbadan, qonşulardan deyən olubmu?

- Bəzən qonşulardan olub. Əvvəllər fikir vermirdim. Sadəcə olaraq mənim öz istəyimdir deyib gedirdim. Sonralar bu sözləri yenə deyənlər olanda dedim ki, xahiş edirəm mənim işimə qarışmayın. Mən belə geyinirəmsə, deməli mənim belə xoşuma gəlir.

- Yaxşı idmançı olmaq üçün nə etmək lazımdır?

- Çoxlu məşq etmək lazımdır. Təmiz düşüncə olmalıdır, əlbəttə müəlliminə inanmalısan.

P.S: Müsahibə bitəndən sonra kitabımı unudub onlar oturduğu stolda qoymuşdum. Qayıdıb geri aldıqda isə Fəridə Əzizovanın kitaba necə diqqətlə baxmağı gözümdən yayınmadı.

Fəridə: Çox maraqlı kitabdır.

- Kitab oxumağı xoşlayırsan, deyəsən?

- Çox xoşlayıram. Ən çox sevdiyim Çingiz Abdullayevin əsərləridir.

Aygün İlqarqızı

FOTO: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm