İlahi, 70 ildir hara baxırsan?
Bizi izləyin

Köşə

İlahi, 70 ildir hara baxırsan?

Kəramət Böyükçöl

Kəramət Böyükçöl

Çoxdan tanıdığım bir kişi var. Təxminən, 70 yaşın içindədir. Böyük universitetlərdən birində işləyir. Bu yaxınlarda bilmişəm ki, professordu. Hər dəfə məni görəndə danlayır, öz aləmində öyüd-nəsihət verir. Mən də cavab vermirəm. Eləcə qulaq asıram, yalandan başımı yelləyirəm. Deyir, niyə özünü yaxşı aparmırsan, niyə ağzına gələni yazırsan? Sonra da qayıdır ki, səni düz-əməlli adam bilirdim, hara gedirdimsə, adını çəkirdim. Görünür, yanılmışam...

Belə adamlardan canını qurtarmağın ən asan yolu sakitcə qulaq asmaqdır. Çünki cavab versən, söhbət uzanacaq, baş-beynini aparacaq. Nə danışırsa, deyirsən ki, düzdür. Vəssalam! Təsəvvür edin, professorun üzünə baxdım, Çexovun “Məmurun ölümü” hekayəsi yadıma düşdü. Elə bildim hekayənin sonunda ürəyi partlayıb ölən o müti adam dirilib gəlib, qarşımda dayanıb. Görəsən, onun dərs dediyi tələbələrin axırı necə olacaq? İlahi, belə müəllimmi olar, belə ata, belə baba olar, belə əmi olar, belə dayımı olar? Elə bil üzündə mütilik süfrəsi açılıb, yeyib-içiblər, süfrəni də yığışdırmayıblar. Bir balaca hissiyyatlı olsan, anlayarsan ki, yüz faiz elmi işini hardansa köçürüb.

Qəribədir, bizim cəmiyyətdə belə insanlar haqqında deyirlər ki, filankəs dünya görmüş kişidir, ağıllıdır. Yəni dünya görmüş, ağıllı olmaq bunların təbirincə o deməkdir ki, başını aşağı salıb sakit bir ömür yaşayırsan. Bu cür adamlar adətən, susqun zallarda odlu-alovlu çıxışlar eləyir, hamı da qulaq asır, səhv danışsa da, düz danışsa da, bilir ki, sonu əl çalmaqla qurtaracaq. Hərdən fikirləşirəm ki, qəfil zalın ortasından avara bir uşaq durub ona öz çıxışından sadə bir sual versə ki, filan şeyi niyə belə dedin, elə həyəcanlanar, bəlkə də tribunadan dombalaq aşar. Çünki belə adamların qüdrəti ancaq susqun zallardır.

Siz Allah, mənə dediyi sözlərə baxın. Niyə özünü yaxşı aparmırsan, niyə ağzına gələni yazırsan? Mənim özümü yaxşı aparmamağım isə nədən ibarət olsa yaxşıdır? Ədəbiyyatın problemlərindən yazılar yazıram, yazıçıları tənqid edirəm. Təsəvvür edin, problemlərdən yazmaq, yüngülvari tənqid eləmək onun aləmində radikal müxalifətçilikdir...

Doğrudan da, belə adamlardan canını qurtarmağın ən asan yolu sakitcə qulaq asmaqdır. Çünki cavab versən, söhbət uzanacaq, baş-beynini aparacaq. Ona görə də nə danışırdısa, quzu balası kimi qulaq asır, içimdə isə düşünürdüm ki, İlahi, bunu niyə yaratmısan? Yaratmısan, yaxşı eləmisən! Hamının səhvi olur. Bəs 70 ildir hara baxırsan, bunu niyə öldürmürsən?..

Oxumağa davam et
Reklam
Reklam

Gündəm