• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Tom Ford: “Qadınlarla da ciddi münasibətim olub, ancaq kişilər daha cəlbedicidir”

  • Layihə
  • 14 Avqust 2015 12:15
  • 2 164 Baxış
Tom Ford: “Qadınlarla da ciddi münasibətim olub, ancaq kişilər daha cəlbedicidir”

Tom Ford müasir dövrümüzün ən yaraşıqlı dizaynerlərindən biridir. O öz brendini yaradana qədər, bütün dəb dünyasında art-direktor olaraq ən çox gəlir qazanan dizayner olub.

O Texasda doğulsa da, Nyu Mexikoda yaşayıb. Məktəbi də burada bitirən dizayner incəsənət tarixi üzrə Nyu-Yorkda ali təhsil alıb.

Dəb sahəsindəki istedadı 1990-cı illərdə diqqəti cəlb edib. Tom Fordu "Gucci" dəb evi kəşf edərək ona qadın geyimləri üzrə dizayner işləməyi təklif edib. Bu seçimlərində yanılmadıqları bir neçə il içərisində təsdiqini tapıb. Belə ki, Tom Ford 1992-ci ildə art-direktor, 1994-cü ildə isə "Gucci" dəb evinin kreativ direktoru olub və çox keçmədən burada məşhur ulduza çevrilib.

Onun "Gucci"də ulduzu 2004-cü ilə qədər parlayıb. Həmin il "Gucci" şirkəti ilə aralarındakı anlaşılmazlıq üzündən Tom şirkəti tərk edib.

İlk baxışdan uğursuzluq kimi görünsə də, "hər işdə bir xeyir var" deyənlərin prinsipi Tomun karyerasında da özünü doğruldub. Belə ki, bu hadisədən sonra Tom Fordun məşhurluğu daha da artıb. Ona çoxsaylı iş təklifləri gəlsə də, o "Estée Lauder" ilə əməkdaşlığa üstünlük verib.

Lakin bu əməkdaşlıq da qısa çəkib. Çünki Tom özünün brendini yaratmaq qərarına gələrək 2007-ci ilin aprel ayında Nyu-Yorkda öz adının təsvir edildiyi ilk böyük, dəbdəbəli və möhtəşəm mağazasını açıb.

Publika.az-ın "Kokteyl" layihəsi çərçivəsində bu həftə dünya şöhrətli dizayner Tom Fordun Rusiya mətbuatına verdiyi müsahibəsini təqdim edirik.

- Mister Ford, sizinlə söhbət etmək imkanına malik olmaq mənim üçün böyük şərəfdir.

- Sağ olun. Paltarınız da çox gözəldir. Hansı brenddir?

- Mən eşidəndə ki, sizdən müsahibə almalıyam, dərhal nə geyinəcəyim haqqında düşünməyə başladım. Müsahibəyə "Tom Ford"-dan geyinsəydim, kifayət qədər gülünc olardı. Sizin bir vaxtlar işlədiyiniz "YSL" brendindən vintaj bir geyim istəyirdim. Amma qarderobumda belə bir geyim tapmadım. Ona görə də mən nənəmin paltarını geyindim.

- Ciddi deyirsiniz?!

- Bəli. Özünüz təsəvvür edin. 1946-ci il ikinci dünya müharibəsi yenicə bitmişdi. Rusiyanın şimalında yerləşən Voloqda şəhərinin hər tərəfini qar bürümüşdü. Hər yerdə soyuq və aclıq hökm sürürdü. Lakin atelyelər işləyirdi. Çünki müəllimlərin gözəl paltarları olmalıydı. Mənim nənəmsə ədəbiyyat müəllimi idi. Bu paltar alman parçasından tikilib. Deyəsən, krep-satin adlanır. Tikmələr isə əl işidir.

- Çox gözəl! Çox qəşəng paltardır, tamamilə yeni görünür. Həm də mənalı tarixi var. 1946-ci il üçün çox gözəldir.

- Sağ olun. Hərçənd ki, dəfələrlə müsahibə almışam, sizinlə görüşəcəyim üçün öncə çox həyəcanlı idim.

- Mən özüm də müsahibə verməzdən əvvəl həyəcan keçirirəm, insanların məni necə qarşılayacağını bilmirəm. Məndən çox şey gözləyirlər. Onlara gözlədiklərini verə bilməməkdən qorxuram. Halbuki, mən də hamı kimi adi adamam. İnsanlar elə düşünürlər ki, dizaynerəmsə, məşhurlarla işləyirəmsə, hər gecə əyləncələrdəyəm.

- Əyləncəni sevmirsiniz?

- Mən səs-küylü qonaqlıqları sevmirəm, belə yerlərdən həmişə qaçıram.

- Sosial insan deyilsiniz?

- Səhərlər durub idman zalına, sonra ofisə gedirəm, axşam da məni evdə çox adi şam yeməyi gözləyir. Bax, mənim gündəlik həyatım bunlardan ibarətdir. Yuxarıda dediyim kimi, insanlar məni yaxından tanıyandan sonra onlara darıxdırıcı görünürəm. İnsanlar deyirlər ki, "O necə də adidir".

- Amma seks-simvol obrazınızı da özünüz yaratmısınız.

- Doğrudur. Bu obrazı özüm yaratmışam. Bu dünyanı və guya burada yaşadığımı təsəvvür etmək mənim xoşuma gəlir. Mən bu aləmlə çox əlaqəli olsam da, hər günüm belə keçmir. Bu, sadəcə, mənim imicimin bir hissəsidir. Məşhur olduğumu daim unuduram. Bəli, məşhur olduğumu qəbul etmirəm.

"Bunu düşünmək yaradıcılıq eşqimi artırır"

- Texasdan belə darıxdırıcı adam necə çıxa bilər?

- Bilmirəm. Cəmiyyət mənə yox, yaratdığım imicə reaksiya verir. Kimsə mənə hazırladığım geyimin onun üçün nə qədər xüsusi olduğunu danışanda isə ağlamaq istəyirəm. Geyim hazırlayanda inanmaq istəyirəm ki, onlar nə vaxtsa, kimin üçünsə önəmli olacaq. O dərəcədə böyük məna kəsb edəcək ki, onu qızına və ya nəvələrinə saxlayacaqlar. Bu paltarı kimsə sizin əyninizdə görəndə "İlahi, necə də gözəldir" deyəcək. Bu cür düşünmək yaradıcılıq eşqimi artırır.

- Siz, həqiqətən, parlaq istehsalçısınız. "Unikal ticarət təklifi" yaratdınız.

- Amma mən səmimiyəm! Atılmalı yox, qorunub saxlanılan gözəl geyimlər yaratmaq istəyirəm. Ona görə də geyimlərim kiməsə bahalı təsir bağışlaya bilər. Ancaq onlar üzərində bəzən 30 gündən çox işləməli olduğumu nəzərə alanda elə də bahalı deyil. Ən əsası bu, əl işi olur. Kişi kostyumlarına isə daha az vaxt gedir. Çalışıram ki, fəxr edə biləcəyim, tarixə düşən geyimlər yaradım.

- Modanın gücü də bundadır. Sizin kitabda modanın hakimiyyəti haqqında olan bir sitatı çox sevirəm. Orda deyilir ki, "Bir dəfə mağazaya bir gün ərzində şəffaf bluzka ilə bağlı 42 zəng gəlmişdi. Dəbin gücü həqiqətən qorxuludur!"

- Bəli, bu hadisə məni çox heyrətləndirmişdi. Həmin gün mən Nyu-Yorkda butikin açılışında idim. Qəribə və çox gözəl gün idi... Halbuki, mən öz kitabımda modanın gücü barədə bu sözləri təəssüf hissi ilə qeyd etmişdim. Bir tərəfdən, həmin bluzkaların bəyənilməsinə görə xoşbəxt idim, digər tərəfdən isə köynəyin stildən daha vacib olması məni təəssüfləndirirdi. Mənim iki çox fərqli tərəflərim var. Onlar bir-biri ilə daim münaqişədədirlər.

- Ah, mən sizi necə də başa düşürəm! Amma buna baxmayaraq moda çox güclüdür. Digər nöqteyi-nəzərindən baxsaq, öz üslubunu yaratmasını, Allahın insana öz yaradıcılıq qabiliyyətini göstərmək imkanı verməsi kimi qiymətləndirmək olar.

- Elədir ki, var. İnsan təbiətində özünü bəzəmək həvəsi həmişə olub. Və bizim əcdadlarımız da belə olub. Məsələn, elə Amerikanı götürək. Hinduların dəstələri çox təəccüblü idi! Rus, Avropa və Afrika mədəniyyəti haqqında eyni sözləri demək olar.

- Mən Sovet İttifaqında böyümüşəm. Biz dəbdəbəli geyimlərdən uzaq idik. Gözəl nə isə əldə etməkdə çətinlik çəkirdik.

- Bununla yanaşı, Rusiya tarixən çox vacib ölkə idi. Sizin mədəniyyətiniz yaranandan bəri öz baxışınız, üslubunuz olub. Amma o illərdə siz ondan məhrum edilmişdiniz. İndi o, yenə sizinlədir. Bu təəccüblüdür! Son iyirmi il ərzində mən Rusiyada kəskin üslub dəyişiklikləri müşahidə etdim. İndi Çində də eyni şeyi müşahidə edirik. Ümid edirəm ki, bu müqayisə rus oxucularının xətrinə dəyməyəcək. Amma mən 1985-ci ildə ilk dəfə Rusiyada olanda insanların dəbdən kənar qalmasına görə üzülürdüm. Lakin Sovet İttifaqı dağılandan sonra ölkəyə xarici moda evlərinin axını başladı. Sizdə hər şey sürətlə dəyişib, rus zövqü getdikcə inkişaf edib.

"Amerikadakı vəziyyətə görə, hər gün daha çox əsəbiləşir və təəssüf hissi keçirirəm"

- Biz çox tez öyrənirik.

- Bəli, sizin böyük potensialınız var. Sovet İttifaqında rus xalqı çox yaxşı təhsil əldə edə bildi. Sizdə çox yüksək təhsilli insanlar var. Lakin güman edirəm ki, o vaxtkı Rusiya olsaydı, burada nüfuz qazana bilməzdim. İndi isə Rusiyadakı işlərim çox yaxşı gedir.

Amerika təhsili isə məni çox məyus edir. Mən uzun müddətdir ki, Nyu-Yorkda yaşayıram, amerikalı olduğun üçün həmişə fəxr etmişəm, amma təhsil, mədəniyyət, kinonun tənəzzülü məni çox narahat edir. Millət, demək olar ki, yeyib və çoxalan ölkəyə çevrilir. Mən Obamanı prezident kimi dəstəkləyirəm. Yeri gəlmişkən, mən demokratam. Amma Amerikadakı vəziyyətə görə, hər gün daha çox əsəbiləşir və təəssüf hissi keçirirəm.Tanıdığım insanların çoxu savadlıdır, onlar daim öyrənməyə və dünyanı gəzməyə can atırlar. Amma Amerika əhalisinin əksəriyyəti sadəcə, qorxudur. Bu, məni insan kimi çox kədərləndirir.

- Bu problem bütün sivil cəmiyyətlərdə var. Prinsipcə, Rusiyada da belədir. Ancaq səbəblər fərqlidir. Amerikadakı kimi köklük problemi yoxdur. Əvəzində çoxu bütün günü spirtli içkilər içirlər, vaxtlarını səmərəli keçirmirlər. İnsanların əksəriyyəti hətta yaxşı və firavan həyatın mümkünlüyünə də inanmır.

- Amma Çində vəziyyət başqadır! Bilirsiniz, Çinin də kasıb yerləri çox sürətlə inkişaf edir. Oranın necə dəyişdiyini izləmək maraqlıdır. Dünya ya varlanmağa, ya kasıblaşmağa doğru gedir. Dünya sürətlə dəyişir! Yaxşı ki, bizim həyatımız çox maraqlı dövrə təsadüf edib.

- Mənə elə gəlir ki, növbəti stil dəyişikliyi Hindistanda olacaq.

- Hindistan tələsmədən irəliləyir. Oradakı yoxsulluğa və səfalətə baxmayaraq, çox təmtəraqlı və maraqlı üslublar yaranır. Yeri gəlmişkən, Hindistanı sevirəm. Bu ölkənin insanlarından təhlükə hiss etmirəm. Bəlkə də mən sadəlövhəm.

- Orada xeyir və şər anlayışları tamamilə fərqlidir. Avropadakı kimi deyil. Mən Hindistanda, o cümlədən onun ən çirkli yerlərində olmuşam. Varanasi şəhəri təsəvvür edilməz dərəcədə çirkli idi. Amma bu çirk təhlükəli deyildi.

- Hindistan çox maraqlı yerdir.

- Bilirsiniz, yoxsulluq fəlakəti ilə çox yüksək savadın vəhdəti çox qəribədir. Nəticədə bu, bəzən işgəncə yaradır.

- Düşünürəm ki, insanın ya çoxlu pulu olmalı, ya da heç olmamalıdır. Yəqin ki, bu, daha çox şərq dinlərinin ruhuna uyğun gəlir. Mən sadə bir evdə sevimli itimlə birlikdə yaşasaydım, doğrudan da çox xoşbəxt olardım. Gecələr ulduzlara baxıb biz kimik və haradan gəlmişik sualları ətrafında düşünərdim. Başqa da heç nə...

- Sizin "Tənha kişi" filminiz haqqında danışmaq istərdim. Ona bir neçə dəfə baxmışam.

- Dublyaj variantına və ya subtitrlərlə?

- Subtitrlərlə. Mənim baxdığım ən kədərli filmlərdən biridir.

- Ciddi deyirsiniz?

"Böyük sevgi yoxdur"

- Ağlamışdım.

- Bu, yaxşıdır. Sevinirəm ki, siz mənim filmimə baxıb ağlamısınız. Lakin mən filmin kədərli olduğunu düşünmürəm. Çünki biz hamımız nə vaxtsa öləcəyik. Baş qəhrəmanın ölümü bizim əksəriyyətimizi gözləyən ölümdən daha əzabsızdır. Əslində, həyatı anlamağa çalışan insan haqqında çəkilmiş bir filmdir. O, Kainat ilə öz əlaqəsini başa düşür. O anlayır ki, böyük sevgi yoxdur. Və beləcə ölür. O, bu dünyada baş verənləri dərk edəndən sonra başqa bir dünyaya köçür... Ən kədərlisi insan olmaqdır. Həyat insana əvvəlcə o qədər gözəllik bəxş edir, sonra da kənarda dayanıb onların əlindən necə alınmasına tamaşa etməli olursan... Həyat sənə sevməyi öyrədir, sonra isə sən sevdiyinin necə öldüyünə baxıb dözməli olursan. Sənə çiçək verirlər, sən isə onun necə solduğunu görürsən. Bizə ümid verilir, qocalanda isə o ümid heç bir işə yaramır. Bu zaman sonun yaxınlaşdığını fikirləşirsən. Bütün bunlara baxmayaraq, mən dəbi, gülləri və məhəbbəti sevirəm. Düşünürəm ki, gözəl məqamlara görə yaşamaq lazımdır. Məsələn, məni heç nə bir dəstə pionlar qədər xoşbəxt və kədərli edə bilməz. Pionlara pərəstiş edirəm. Onlar elə gözəldir ki... Təəssüf ki, onlar tez solurlar. Yaşadığım kişi ilə tanış olanda onun 39 yaşı var idi. Biz 25 il birlikdə ömür sürmüşük. İndi onun 60, mənim isə 49 yaşım var. Mən heç dəyişməmişəm. Amma onun qocaldığını görürəm və bu, məni təəssüfləndirir. Öz gələcəyimizi görə bilirəm... Amma xoşbəxtliyi və kədəri heç vaxt ayrı-ayrılıqda təsəvvür etməmişəm. Onların hər ikisinə bütöv bir proses kimi baxmışam. Bu cür düşünmək məni sakitləşdirir.

- Çox həssas insansınız. Bu cür düşüncələrlə necə yaşaya bilirsiniz?

- Sözsüz ki, çətindir. Hərdən daha belə yaşaya bilməyəcəyimi fikirləşirəm. Amma həyata düzgün tərəfdən baxmağı öyrənsən, başa düşürsən ki, ölüm yolun sonu deyil. Mən, mənəvi cəhətdən müxtəlif tərəflərə meylliyəm. Ən çox da şərqə tərəf. Mənim üçün ölüm son deyil, sadəcə, çevrilmədir. Mən həyata maşın kimi baxıram. Axı, maşın da hardansa harasa gedir. Axırda maşından düşəcəyəm. Mən bunu öz daxilimdə bir enerji kimi hiss edirəm. Dəb isə bu cür fikirlərdən məni yayındırır. Düşünürəm ki, modaya olan bağlılığım bununla əlaqədardır. Çox çalışan olmaq xoşuma gəlir. Dayananda güclü depressiyaya düşürəm. Nə isə yaratmaq həyatımı çox xoşbəxt edir.

"Gözəl insan tapdıqda onu itirmək olmaz"

- Riçard ilə münasibətləriniz haqda danışın. 25 il kiminləsə birlikdə necə yaşamaq olar?

- Ruhunuza yaxın olan adamı tapmaq lazımdır. Və o da sizi ruh əkizi hesab etməlidir. Sizin münasibətləriniz dəyişsə, də gözəl insan tapdıqda onu itirmək olmaz. Mən həyatımı Riçardsız təsəvvür edə bilmirəm. Başqa birinin onu əvəz etməsini ağlıma sığışdıra bilmirəm. Bu illər ərzində Riçard mənə ailə olub. Düşünürəm ki, indi biz heç vaxt olmadığımız qədər xoşbəxtik. Biz daha çox sekslə məşğul oluruq? Yox. Bir yerdə daha çox əylənirik, harasa birlikdə gedirik? Yox. Buna baxmayaraq, birlikdəyik. Bu, normaldır. Çünki bizim hisslərimiz daha dərindir. Elə adamlar da var ki, onlar münasibətlər üçün yaradılmayıblar. Kiminsə rəsmi nikahda yaşamaq xoşuna gəlir.

- Bəs, sizin?

- Mənim də xoşuma gəlir. Sizə başqa bir nümunə çəkim. Mənim nənəm 6 dəfə evli olub. Sonuncu dəfə 90 yaşında ərə getmişdi.

"Qadınlarla və kişilərlə eyni dərəcədə ciddi münasibətlərim olub"

- Bəs, sizin qadınlarla ciddi münasibətləriniz olub?

- Əlbəttə! Qadınlarla və kişilərlə eyni dərəcədə ciddi münasibətlərim olub. Lakin mən biseksual deyiləm. Birmənalı olaraq maviyəm, kişilər məni daha çox cəlb edir. Lakin bu, o demək deyil ki, qadınları gözəl hesab etmirəm. Halbuki qadınlarla daha yaxşı yola gedirəm. Yeri gəlmişkən, qeyd edim ki, qadınla seksi daha təbii hesab edirəm, nəinki kişi ilə.

- Sizcə, həyatda kim daha yaxşı tərəfmüqabildir: kişi, ya qadın?

- Hər ikisi. Mən kişi ilə yaşayıram, o, mənim ən yaxın dostumdur. Kişi ilə münasibətdə olmağın qadınlarla əlaqəmi kəsdiyim anlamına gəlmir.

- Uşaq istəyirsiniz?

- Görək. Qocalıram, bioloji saatımı hiss edirəm. Həyat isə sürətlə gedir.

- Eyni hal dəbdə də yaşanır.

- "Gucci"-də işləyəndə ildə 3,2 milyard dollar qazanırdım. Pis kolleksiya təqdim edəndə markanın satışı aşağı düşürdü. Burda söhbət təkcə maliyyə məsələsi deyil, insanlara daha yaxşı geyimlər təqdim etməliyik, bunu etməyə borclu olduğumu hiss edirəm. Dəbə yenidən qayıtmağı düşünməyərək getdim. Lakin tezliklə bu işin mənə necə əziz olduğunu başa düşdüm. Yeni şeylər düşünməyi və yaratmağı sevirəm.

"Ona qədər adamlara toxunmaq, rahatlıqla öpüşmək, sekslə məşğul olmaq olardı"

- Razısınız ki, kədər moda sənayesinə də təsirsiz ötüşmür?

- Bilmirəm. Düşünürəm ki, moda yalnız nə ilə əhatə olunduğumuzu əks etdirir. Yetmişinci illərin şəkillərinə baxanda qızların gülümsədiyini görürsən. QİÇS yayılana qədər adamlara toxunmaq, rahatlıqla öpüşmək, sekslə məşğul olmaq olardı. O vaxtlar sabitlik dövrü idi. Ola bilsin ki, indi qlobal kədər zamanıdır. Biz kolleksiyanın yaradılması prosesində tutqun, solğun kədərli nə isə yaratmağı heç düşünmürük. Kədər kolleksiyalarda öz-özünə peyda olur. Nəticədə məlum olur ki, insanlar onları geyinmək istəyirlər.

- Sizcə, gözəllik nədir? Təbiət niyə bütün insanları gözəl yaratmayıb?

- Əsl gözəllik daxili gözəllikdir. Çünki bu gözəllik insanı getdiyi hər yerdə müşayiət edir. Həmin gözəllik sayəsində insan ətrafına müsbət enerji ötürür. Bax, bu müqayisəyə gəlməz gözəllikdir. Zahiri görünüşümüz isə, sadəcə, mədəniyyətimizin dəyişən elementləridir. Məsələn, 1500-ci ildə dolu bədəni gözəl, arıqları isə əksinə, eybəcərlik sayırdılar. 2011-ci ildə isə arıqlıq gözəllik sayılır. Əslində, əsl gözəllik başqadır. O sənin daxilində olur və heç vaxt tərk etmir. Bu ikisi bir yerdə olanda ilahi və gözqamaşdırıcı gözəllik yaranır.

- Çoxları, o təbii gözəlliyi xoşbəxtlik sayırlar.

- Yox! Ən xoşbəxt insanlar heç də gözəl deyil. Bəzən gözəl qadınlar kişiyə gözəllikdən başqa heç nə verə bilmirlər. Bu zaman gərginləşməyə başlayırlar. Çünki o qadının daxilində gözəllikdən başqa heç nə yoxdur. Düşünürəm ki, gözəllik insanı hətta bədbəxt edə bilər. Bu, pul kimidir. Pul səni heç vaxt xoşbəxt etmir. Pul insana azadlıq verir, amma həmişə xoşbəxtlik gətirmir.

"Bu xoşbəxtlik həqiqi deyil"

- Bəs, siz xoşbəxtsiniz?

- Bu gün mən heç vaxt olmadığım qədər xoşbəxtəm. Kəşməkəşli yolları ötüb keçmişəm, pis xatirələr keçmişdə qalıb. İçkini tərgitmişəm. İşimi sevirəm, Riçardı sevirəm, itlərimi sevirəm. Mən ümid edirəm ki, mənim işlərim insanları xoşbəxt edir. Amma bu xoşbəxtlik həqiqi deyil. Geyim insanın əhvalını qaldırır, sadəcə ötəri zövq verir.

- Ümumiyyətlə, içmirsiniz?

- Bəli. Mən heç bir narkotik qəbul etmirəm. Mən siqaret çəkmirəm. Bu, mənim üçün böyük dəyişiklik idi.

"Sonra isə oğlanların da xoşuna gəlməyə başladım"

- Uşaqlıqda özünüzü yaraşıqlı hesab edirdiniz?

- Yox, onda balaca və çox həssas idim. Məktəbdə sinif yoldaşlarımın hamısından çox kiçik idim. Məktəbə 5 yaşında getmişəm. Yaşıdlarımın xüsusilə, xoşuna gəlmirdim. Çox utancaq idim və indiyədək də beləyəm. Adımı eşidəndə gizlənməyə yer axtarırdım və bu, hələ də belədir. Bir müddət sonra müşahidə etdim ki, qızların xoşuna gəlirəm. 12-13 yaşında başa düşdüm ki, yaraşıqlıyam. Sonra isə oğlanların da xoşuna gəlməyə başladım. Cəlbedici idim. Artıq 14 yaşımda qadınlarla sekslə məşğul olurdum.

- Dəbi niyə seçdiniz?

- Dəblə məşğul olmağı həm də ona görə seçdim ki, geyim insanı müsbət istiqamətdə dəyişdirir. Dəbə gəlməyimlə bağlı maraqlı hadisə danışım. Parisdə memarlıq fakültəsinin tələbəsi olarkən Sovet İttifaqına turist kimi səfərə getmişdim. Biz Moskvada, Leninqradda və Kiyevdə olduq. Hər şey Leninqradda baş verib. Bizə verilən yemək çox dəhşətli idi. Vəziyyətim pisləşdi. Bütün günü öz nömrəmdə xəstə halda uzanmışdım. Onda anladım ki, modelyer olmalıyam. Bir sözlə, hansı peşəni seçəcəyimə Leninqradda qərar verdim. Leninqraddan Parisə qayıtdım, oradan da Nyu-Yorka yola düşdüm...

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR