• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Rəngləri ilə insanı bihuş edən ovsunlu daş - FOTOLAR

  • Layihə
  • 21 Avqust 2015 17:45
  • 1 570 Baxış
Rəngləri ilə insanı bihuş edən ovsunlu daş - FOTOLAR

Dünyada onlarla qiymətli daş var. Ancaq onlardan ən rəngarəngi, ən gözəli və ən qəribə xüsusiyyətlərə sahib olanı yəqin ki, turmalindir. Bu daşın adını belə eşitməyənlər ola bilər. Halbuki, 2 min ildən çoxdur ki, həm zərgərlikdə, həm də tibbdə geniş istifadə edilir. Günümüzdə Hollivud ulduzlarının da mücrülərinə daxil olan bu daş haqqında daha çox şey öyrənmək istəyirsinizsə, bu dəfəki "Mücrü"nü diqqətdən qaçırmayın.

Göyqurşağı kimi rəngli və sirli daş

Göyqurşağının bütün rənglərini özündə əks etdirdiyindən ona "Göyqurşağı daşı" da deyirlər. Təbiətdə, demək olar ki, hər rəngdə turmalin tapmaq mümkündür. Qədim misirlilər turmalin daşının yerin dərin qatlarından üzə çıxarkən göyqurşağının içindən keçdiyinə inanıblar. Onlar turmalinin məhz bu səbəbdən belə rəngarəng və möcüzəli olduğunu düşünüblər. Bu daşların hər birinin özünəməxsus rəng çaları olur. Heç biri, o birinə bənzəmir. Ona görə də bu daşın sehrli olduğuna inanılıb.

Daşın ən çox yaşıl və qırmızı rəngdə olanından istifadə edilir. Onları çox asanlıqla zümrüd və ya yaqutla səhv salmaq olar. Çünki ən az adını çəkdiyim daşlar qədər gözəl və parlaqdır. Buna baxmayaraq, turmalinin ən dəyərli növü mavi rəngdə olan "Paraiba"dır.

Turmalin Əfqanıstan, Braziliya, Amerika, İtaliya, Rusiya, Tanzaniya, Madaqaskar və Türkiyənin bəzi bölgələrində yerləşən yataqlardan çıxarılır.

Qadınların arzusu: turmalin

Düz 2000 ildir ki, zərgərlik sahəsində bu daşdan istifadə edilir. Qədim Misir kraliçalarından İsveç şahzadələrinə, Hollivud ulduzlarından pop divalara kimi hər kəs bu daşın rənginə, parlaqlığına vurulub.

Aktrisalar Emili Blant, Penelope Kruz, gözəl ulduz Skarlet Yohanson, müğənni Cennifer Lopez bu daşa heyran olan məşhurlardandırlar. Penelope Kruz tədbirlərdən birində turmalinin ən bahalı növü olan "Paraiba" qaşlı sırğası ilə bütün diqqəti üzərinə çəkib. Skarlet Yohanson da qırmızı xalıda bir qulağa taxılan, qeyri-adi, iri turmalin qaşlı sırğası ilə hər kəsi kölgədə qoyub. Emili Blant isə turmalin qaşlı üzük taxmağa üstünlük verib. O, geyimini də mavi rəngdə seçərək cazibədarlığını dəfələrlə artırmağı bacarıb.

Möcüzəli daşın bürclərlə uyğunluğu

Turmalin daşı Buğa, Şir, Tərəzi və Oğlaq bürcündə doğulanlar üçün uyğundur. Oktyabr ayının uğurlu daşı hesab edilir. Bu ayda dünyaya gələnlər rahatlıqla turmalindən istifadə edə bilərlər. Xüsusilə, yaşıl turmalin astrologiyada Merkuri planetinin daşı hesab edilir. Merkuri Qız və Əkizlər bürcünün planeti olduğu üçün bu bürcdən olan insanlara yaşıl turmalin daşı məsləhət görülür. Çəhrayı turmalin isə Şir bürcü üçün uyğundur. Bu bürc altında dünyaya gələnlər yaquta alternativ olaraq çəhrayı turmalindən istifadə edə bilərlər.

Bu daş ürək və boğaz çakraları ilə uyğunlaşır. Bu orqanlarla bağlı problem yaşayanlar turmalin daşına müraciət edə bilərlər.

Arıqlamaq və ya cinsi gücünüzü artırmaq istəyirsiniz?

Turmalin daşı sadəcə zərgərlikdə istifadə edilmir. O həm də sağlamlığa faydaları ilə tanınır. Yuxusuzluq problemindən sonsuzluğa, tənəffüs yolu xəstəliklərindən mənfi enerjilərdən qorumağa qədər bir çox sahədə insanın köməyinə gəlir.

Sizinlə daşın ən qısa zamanda aradan qaldırmağa müvəffəq olduğu problemləri paylaşıram:

*Yuxusuzluğu aradan qaldırır.

*Zehni və bədəni qüvvətləndirir.

*Hormonları balanslaşdırır.

*Ağciyər başda olmaqla, tənəffüs yolları xəstəliklərindən qorunmaq üçün çox təsirli vasitədir. Astma, bronxit və soyuqdəyməyə qarşı effektlidir.

*Diqqəti artırır.

*Əsəb sisteminə yaxşı təsir edir.

*Qan dövranını sürətləndirir. Bu isə onun qaraciyər üçün faydalı olduğuna işarədir.

*Qan dövranını artırdığı üçün kişilərdə cinsi azlıq və sonsuzluq problemlərinə kömək edir.

*Zəhərlənmə hallarında toksinlərin bədəndən daha tez atılması üçün məsləhət görülür.

*Detoks edən bir çox insana turmalin tövsiyyə olunur.

*Turmalinin yaydığı enerji su molekullarına təsir edir. İnsan bədəninin 60 faizinin sudan ibarət olduğunu nəzərə alsaq, turmalinin yaydığı enerjinin beyinə təsir edərək enerjimizi artırması və maddələr mübadiləsini sürətləndirməsi təəccüblü görünməməlidir. Bu da onu göstərir ki, turmalin arıqlamaq istəyənlərin ən yaxşı köməkçisi ola bilər.

Ona görə də, kökəlmək istəyənlərə bu daşdan istifadə etmək məsləhət deyil.

Pozitiv enerjili turmalinlə nəzərdən qorunun!

Maraqlıdır ki, turmalin sadəcə fiziki cəhətdən deyil, mənəvi dünyamıza da öz təsirini göstərir. Qədim zamanlardan bəri bu daşın 6-cı hissi qüvvətləndirdiyinə inanılıb. Bəxtini açmaq, nəzərdən qorunmaq və ya təhlükələrdən uzaq olmaq istəyənlər üzərlərində turmalin daşı gəzdiriblər. Turmalin sayəsində stressdən azad ola, yaradıcılıq qabiliyyətinizi artıra bilərsiniz. Təsadüfi deyil ki, tarixdə bir çox yazarın bu daşdan istifadə etdiyi haqqında məlumatlar var. Təhsillə əlaqədar olan hər kəsə, xüsusilə də şagirdlərə və tələbələrə tövsiyə olunur. Bu daş həm də radiasiyanın təsirini azaldır. Müasir dövrdə məlumatın çoxunu internetdən aldığımızı nəzərə alsaq, turmalin daşının elmlə məşğul olan insanlar üçün nə qədər faydalı olduğunu anlaya bilərik.

Neqativ ion yayan yeganə daş

Fırtınadan və leysandan sonra atmosfer bizə özümüzü daha təmiz və enerjili hiss etdirir. Çünki bu havada neqativ ionlar çoxluq təşkil edir. Onlar oksigenin beyinə daha asan və tez getməsini təmin edir. Bu da özümüzü yaxşı hiss etməyimizə səbəb olur.

Elə turmalinin də ən önəmli xüsusiyyəti qızdırılıb soyudulduqda alfa dalğaları, yəni neqativ ionlar yaymasıdır. Bu xüsusiyyətinə görə, ondan su filtirlərinda, boyalarda və saç fırçalarında istifadə edilir. Həmçinin, əhvalı yaxşılaşdırıb, depressiyadan çıxmağa kömək edir.

Hansı rəngdə turmalinə üstünlük verməli?

Bu yerə qədər turmalin daşının ümumi faydalarından bəhs etdim. Ancaq deyilənə görə, bu daşın rənglərinə görə, faydalı xüsusiyyətlərində də fərqliliklər olur. Tənbəllik etmədim, sizin üçün müxtəlif rənglərdəki turmalinlərin fərqlərini araşdırdım. Siz isə, probleminizi müəyyənləşdirib turmalini ona uyğun alın.

*Qırmızı turmalin ürək və qarnın aşağı hissəsindəki orqanları qoruyur.

*Yaşıl turmalin dinclik verir və xarakteri gücləndirir. Yaradıcı gücü, bolluq və bərəkəti artırır.

*Qara turmalin əsəblərə yaxşı təsir edir.

*Çəhrayı turmalin insana sevinc bəxş edir, bəxti açır. Sevgi və sədaqəti gücləndirir.

*Sarı turmalin zəkanı qüvvətləndirir.

*

Mavi turmalin ünsiyyəti gücləndirir, xoş-əhval ruhiyyə yaradır.

*İçərisi çəhrayı, kənarları yaşıl rəngdə olan və "Qarpız" adlandırılan turmalin növü isə çəhrayı daşla, yaşıl daşın faydalarını özündə birləşdirir.

*Qara turmalin neqativ enerjidən qoruyur. Allergiya problemi olanlara faydalıdır. Ağrıları kəsir. Beynin sağ və sol yarımkürəsi arasındakı əlaqəni gücləndirir. Orqanizmi və əsasən də, sinir sistemini bütün təsirlərdən qalxan kimi qoruyur.

Düzgün istifadə edin, yoxsa...

Turmalin qaşlı zərgərlik əşyası alarkən onun mütləq qızıl və ya gümüşdən olmasına diqqət edin. Onu da unutmayın ki, aksessuarınız mütləq dərinizə təmas etməlidir. Əks halda, faydalı xüsusiyyətlərindən məhrum olarsınız.

Əgər yaşıl turmalinli zinət əşyası almısınızsa, onu ilk dəfə çərşənbə günü, çəhrayı rəngdə olanını isə bazar günü səhər saatlarında taxmalısınız. Beləliklə, daşın enerjisi təmizlənir və sizin bədəninizlə uyğunlaşır.

Sonda onu da qeyd edim ki, turmalin daşını aqat, kvars kristalı, ametist ilə birlikdə istifadə etdikdə təsiri daha da artır.

Bu gözəl daşdan hazırlanan ən zərif zinət əşyalarına nəzər salmadan səhifədən ayrılmayın.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR