Cazibədar aktrisa: “Bütün sistem kişilərin xoşbəxtliyi üçün qurulub” - FOTOLAR
Bizi izləyin

Layihə

Cazibədar aktrisa: “Bütün sistem kişilərin xoşbəxtliyi üçün qurulub” - FOTOLAR

Onun atdığı hər addım xəbər olur. Türkiyənin ən gənc və populyar ulduzlarından biridir. Söhbət il yarımlıq fasilədən sonra ekranlara "Filinta" serialı ilə qayıdan Berrak Tüzünataçdan gedir. Tanınmağa başladığı ilk gündən etibarən gözəlliyi dillərə dastan olan Berrak "Hürriyet"ə müsahibə verib.

Gözəl ulduz son 10 ildə həyatında baş verən dəyişikliklərdən, yeni işindən, siyasətdən və Türkiyədə qadın olmağın çətinliklərindən danışıb.

Sizin üçün də maraqlı olacağını düşünərək Publika.az-ın "Şirin söhbət"ində həmin müsahibəni təqdim edirik:

- "Möhtəşəm yüz il"in ardınca yenə Osmanlı tarixindən bəhs edən "Filinta" serialı ilə qarşımıza çıxdınız. Bu seçiminiz təsadüfdir, yoxsa?

- Serialın inandırıcı alınması üçün aktyor və aktrisaların canlandırdıqları obrazlara uyğun üz quruluşları olmalıdır. Rejissorlar mənim üz quruluşumun bu tip seriallar üçün uyğun olduğunu düşünürlər. Həm də bu serialda canlandırdığım Farah obrazını çox bəyənirəm. Ona görə təklifə "yox" deyə bilməzdim.

- Farah obrazının hansı xüsusiyyətləri onu bəyənməyinizə səbəb oldu?

- Kiçik yaşlarda ailəsindən qoparılan bir qrup uşağın sui-qəsdçi kimi yetişdirilməsi, Farahın ailəsini arabir xatırlaması, onun ağlında sistemlə bağlı çoxlu sualların yaranması məni valeh etdi. Döyüşərkən belə vicdanını dinləyir. İnanılmaz bir obrazdır.

- Bu obrazı canlandıra bilmək üçün döyüş dərslərinə getmisiniz. İndi döyüşsək, məni yerə yıxa bilərsiniz?

- Heç sınaqdan çıxarmamışam. Mənə də maraqlıdır. Görəsən, bu qədər döyüş səhnəsindən sonra döyərəm, yoxsa döyülərəm. Çəkilişlər üçün bıçaq və qılıncdan istifadəni də öyrənmişəm, ata minmişəm.

- Siz "Əlvida, Rumeli" serialında da rol almışdınız. Artıq tarixi su kimi içməlisiniz.

- Tarixi çox yaxşı bildiyimi desəm, İlber Ortaylı kimi peşəkarlar məni öldürərlər (gülür). Amma onu deyə bilərəm ki, bu seriallar sayəsində təhsil sisteminin bizə verdiyindən daha çox bilgiyə sahib olmuşam.

- Osmanlı tarixində sizi ən çox təəccübləndirən olay nədir?

- Mən tarixdən onu öyrəndim ki, Osmanlı kimi nəhəng bir imperatorluq belə süqut edə bilir. Deməli, heç kim öz gücünə, hazırkı vəzifəsinə etibar etməməlidir. Yeniliklərə açıq olmayan hər şey məhv olmağa məhkumdur.

- Həyatda sizi ən çox narahat edən hiss hansıdır?

- Kin və eqo. Çünki bizim peşəmiz bu iki hissi gücləndirən tələlərlə doludur. Bu hissləri özümdən uzaqlaşdırmağa çalışıram. Ancaq o zaman, həqiqətən, xoşbəxt olacağam.

- Siyasətlə maraqlanırsınız?

- Türkiyə və dünya gündəmini təqib edirəm. Amma heç vaxt siyasətə inanmamışam. Çünki siyasət çox sünidir, hər hansı siyasi partiyanın tərəfdarı olmağa dəyməz.

- Sənətə qarşı edilən senzuralar sizi qorxuya salmır?

- Tarix göstərir ki, sərhədlər heç vaxt insanlara xoşbəxtlik gətirməyib. Hansı mövzuda olmasından asılı olmayaraq, qadağalar insanlıq üçün yaxşı nətcilənməyib. Hansı romanda belə bir şey oxumusunuz: "Onlar, bunlar qadağan edildi və sonsuza qədər xoşbəxt yaşadılar?" Təəssüf ki, vaxt itiririk, bir-birimizə zərər veririk.

-Türkiyədə qadın olmaq çətindir?

- Çox çətindir. Bütün sistem kişilərin xoşbəxtliyi üçün qurulub. Ona görə də qadınlar güclü olmağa məcburdurlar.

- Sosial şəbəkələrdə status yazarkən fikirlərinizi senzuradan keçirirsinizmi?

- Bəli. Təəssüf ki. Çünki bunu məndən ailəm xahiş edib. Həm də, özüm şahid oluram ki, Mövlananın, ya da Martin Lüterin bir kəlamını paylaşsan belə, çox vaxt səhv başa düşürlər. Buna şərait yaratmaq istəmirəm. İnsanların içindəki əsəb və nifrətin azalmasını arzu edirəm.

- Demək olar ki, hamının gözü önündə böyümüsünüz. Bu, həyatınızda nələri çətinləşdirdi?

- Məşhurlaşmağa başlayanda 17 yaşım var idi. 27 yaşıma kimi həyatımda bir çox dəyişikliklər oldu və çoxlu tənqidlərə məruz qaldım. Amma böyüdükcə bunları həll etməyi, insanların fikirlərinə əhəmiyyət verməməyi öyrəndim.

- Sizi qeyri-adi, özünəməxsus qadın hesab etmək olar.

- Əslində həyatımın bir dövrünü oxuduğum romanların, izlədiyim filmlərin təsiri altında keçirmişəm. Özümü hansısa obraza bəzətməyə çalışmışam. Amma sonradan başa düşdüm ki, onsuz da fərqliyəm, fərqli görünmək üçün nə isə etməyə ehtiyacım yoxdur. Çünki hər bir insan təkdir. Tək olduğumuz üçün də fərqliyik, təkrarolunmazıq.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm