Rusiyalı oliqarx sayəsində məşhurlaşan dəb ilahəsinin etirafları - FOTOLAR
Bizi izləyin

Layihə

Rusiyalı oliqarx sayəsində məşhurlaşan dəb ilahəsinin etirafları - FOTOLAR

Rus milyarderi "Rosqosstrax" şirkətinin prezidenti Danil Xaçaturovun keçmiş həyat yoldaşı Ulyana Sergeyenko dünyanın ən yaxşı geyinən insanları siyahısına düşən yeganə rusdur. Bundan başqa, ilk rus dizayneridir ki, Parisdə “Dior” və “Chanel” kimi böyük moda evləri ilə yanaşı, öz kolleksiyasını nümayiş etdirib. Ulyana kübar rus xanımları arasında ən dəbli və zövqlü geyinən aristokrat qadın kimi xarakterizə olunur. O, unikal geyim ansamblları ilə bu gün oliqarx xanımlardan tutmuş, dünya ulduzlarına qədər ən çox tələb olunan dizaynerlərdən biridir. O, dünya dəb tarixinə böyük çevriliş edən dizayner kimi düşüb. Yaratdığı hər bir obrazında biabırçılıqdan tamamilə uzaq olan seksuallıq hiss olunur.

Publika.az-ın “Kokteyl” layihəsinin bu həftəki sayında Rusiyanın səs-küylü jurnalisti Ksenya Sobçakın tanınmış dizayner Ulyana Serqeyenko ilə müsahibəsini təqdim edirik:

- Əziz Ulyana, dostunu sevmək, onunla fəxr etmək çox xoş hisslərdir. Kolleksiyalarının nümayişi zamanı modapərəstlərin sənin geyimlərini nəfəsini dərmədən izlədiyinin özüm şahidi olmuşam.

- Təşəkkür edirəm.

- Amma onu da qeyd edim ki, səndən müsahibə almaq çox çətindir. Çünki sənin xətrini çox istəyirəm...

- Məni öldürmək istəmirsən? (Gülür)

- Bilirsən, məsələ tamam başqa cürdür. Sevdiyin insandan müsahibə alanda istəsən də, obyektiv ola bilmirsən. Ümumiyyətlə, tanıdığın insana sual seçmək çətin olur.

- Mənimlə hansı mövzu ətrafında danışacağını heç bilmirəm. Bəlkə suallara elə özün cavab verəsən?

- Bəs, hansı suala cavab verə bilmirsən? Məsələn, mənim ən sevmədiyim "On ildən sonra öz həyatınızı necə təsəvvür edirsiniz?" sualıdır. Gələcək barədə heç bir təsəvvürüm olmadığı üçün bu sual mənim üçün dəhşətli dərəcədə xoşagəlməz səslənir. Bəs, sənin eşitmək istəmədiyin bir sual var?

- Əksinə, mənə maraqlıdır. Bax, sən məni çox yaxşı tanıyırsan. Sən incə istehzalı, bir az təxribatçı və bir qədər aqressivsən. Mənə də öz ampluana uyğun sual verə bilərsən?

- Hə, müsahibənin sonuna qədər fikirləşib taparam, indi isə başqa sualım olacaq. Kolleksiyasının Parisdə nümayiş olunması hər bir dizaynerin arzusudur. Sənin kolleksiyaların isə Parisdə nəinki nümayiş olundu, həm də böyük rəğbətlə qarşılandı. Necə fikirləşirsən, uzun illər arzuladığın uğura nail olmusan, öz məqsədinə çatmısan?

- Əlbəttə, həyata keçməsini istədiyim bütün arzularım gözlənilmədən reallaşdı. Dəblə çoxdan maraqlanıram, hətta uşaqlıqdan böyük moda evlərindən geyinmək istəmişəm. Heç inanmazdım ki, öz geyim brendimi yarada biləcəm. Bu, həm təəccüblüdür, həm də xoşdur. Amma arzularım bundan ibarət deyil. Arzularımda bir az şöhrətpərəstlik var. Ona görə də, onları bütün dünyaya yaymaq istəmirəm.

- Əgər sabah səni hansısa böyük moda evinin dizayneri vəzifəsinə dəvət etsələr, gedərsən?

- Bu barədə heç vaxt düşünməmişəm. Özümü dizayner kimi qəbul etmək mənim üçün hələ də çətindir. Hələ yolun başındayam, özümü təsdiq etmək üçün mənə vaxt lazımdır.

- Mən isə sənin Koko Şanel olmağını arzu edirəm. Çünki özüm Koko Şanelin rəfiqəsi olmaq istərdim. Üstəlik, heç vaxt dəbdən düşməyən çoxlu paltarlarım olacaq.

- Ümid edirəm ki, onların qiyməti də bahalaşacaq.

- Sənin belə bir arzun var?

- Yəqin ki.

- Bəs, nəyə görə, öz arzularından utanırsan? Elə fikirləşirsən ki, şöhrətpərəstlik çox dəhşətli günahdır?

- Şəxsən mən bu arzunu ən dəhşətli günahların cərgəsinə yazmıram.

- Amma şöhrət haqqında danışanda utanırsan.

- Olur.

- Sən bununla necə mübarizə aparırsan?

- Əlbəttə, çox şöhrətpərəst adamam, amma onun 90 faizi iddialarımızın hesabına həyata keçirilir. Bax, sənin bəxtin gətirib ki, belə səxavətli, açıq sözlüsən. Sənin şöhrətpərəstliyin də məhz budur.

- Bəs, sən nə düşünürsən insanlar niyə şöhrətpərəst olurlar?

- Mən güman edirəm ki, bütün bunlar bizim qorxu və sevgi çatışmazlığımız ilə bağlıdır.

- İndi daha çox sevildiyini hiss edirsən?

- Hə, amma bu, sevgi deyil. Daha çox diqqət və heyranlıq hiss edirəm.

- Öz işində və yaradıcılığında yüksəlməyə baxmayaraq, çoxları bu uğurları keçmiş həyat yoldaşının adına yazırlar. Sənə paxıllıq edənlər həmişə elə bu fikirdə də qalacaqlar. Bununla necə mübarizə aparırsan? İnciklik hissi ilə necə mübarizə aparmaq olar ki?

- Buna görə incimirəm.

- Bu şayiələr sənə toxunmur?

- Yox, pulla bağlı heç bir söhbət mənə toxunmur. Mən dəqiq bilirəm ki, ərimin mənim böyük nailiyyətlər əldə etməyimdə çox zəhməti olub. Bu insanın mənim üçün çox işlər gördüyünü dana bilmərəm. Həddindən artıq çox iş görüb... O, artıq uzun illərdir ki, ən əlçatmaz arzularımı reallaşdırır, mənə inanır və dəstəkləyir. Sözsüz ki, onun bu məsələdəki rolu çox vacibdir.

- Bax, təsəvvür elə ki, bir gənc qız bizim söhbətimizi oxuyur və sənin həyat yoldaşına təşəkkür etdiyini görür. Amma o, bu ifadəni düzgün başa düşmür. O, dərhal “Hə, hər şey aydındır! O hətta bunu açıq şəkildə etiraf da edir!" – deyəcək.

- Bunu bilirəm. Həmçinin, o da aydın görünür ki, mənim ərim yeganə zəngin kişi, mən isə yeganə zəngin arvadı deyiləm.

- Sənə düzünü deyəcəyəm. Mən dəqiq deyə bilərəm ki, haqqında belə danışanlar sənin paxıllığını çəkirlər. Bunu, onların üz ifadəsindən başa düşmək elə də çətin deyil.

- Şəhri Əmirxanın bu barədə çox yaxşı məktubu var. O yazır ki, əsilli-köklü nəsildən olmasını ona xatırladanda çox əsəbiləşir və dərhal reaksiya verirdi. O, "Mən soyadımdan ibarət deyiləm. Ancaq böyüyəndən sonra başa düşdüm ki, soyadım mənim bir hissəmdir. Buna görə qətiyyən utanmıram. Əksinə, taleyimə çox minnətdaram” – deyirdi.

- Bu məktubu mən də oxumuşam. Amma o mərhələni keçə bilməmişəm. Şöhrətimi soyadımla bağlamaqları mənə hələ də toxunur.

- Ksyuşa, mənə elə gəlir ki, bu adamlar nə səni, nə də ki, məni narahat etməlidir. İnsan yalnız görmək istədiklərini görürlər. Onlar bu şəkildə özlərini sakitləşdirirlər, özlərinə təsəlli verirlər. Gəl, onlara belə bir şans verməyək.

- Səni nə kədərləndirə bilər?

- Texnologiya sürətlə inkişaf edir, insanlar arasındakı münaisbətlər isə soyumağa başlayıb. Əvvəllər kinolar, kliplər böyük həvəs və sevgi ilə yaradılırdı. İndi isə belə deyil. Müasir texnologiya insan psixologiyasına mənfi təsir edir.

- Nə düşünürsən, ölkəmizdə insanları layiq olmadığı halda niyə tərifləyirlər?

- Problem Moskvada, Rusiyada, yaxud hər hansı yerdə ola bilər. Unutmaq lazım deyil ki, hər quş öz bataqlığını tərifləyir.

- Bataqlıq deyəndə nəyi nəzərdə tutursan?

- Düşünürəm ki, bu adamlar belə də özlərini tanıyırlar. Amma bir məsələni izah edə bilərəm. Məsələn, bizim Olimpiya oyunlarının formasını götürək. Ona görə, sadəcə, xəcalət çəkirdim. Prezident Putin bu formanı hətta heç geyinmədi də. Mən onda da bir vətəndaş kimi utandım. Dmitri Anatolyeviçi elə bir geyimdə görmək mənim üçün ağır idi. Halbuki, özümüzdə istedadlı insanlar çoxdur. Olimpiya oyunları üçün geyim hazırlamaq mənim profilim deyil, amma incəlikləri bilirəm. Bu işin öhdəsindən Vika Qazinskaya çox yaxşı gələrdi. Onun çox yaxşı məhsul orataya çıxara biləcəyinə şübhə etmirəm.

- Bəlkə həmin adamın yaradıcılığı, gördüyü işi və uğuru sənin üçün anlaşılmazdır?

- Başqasının uğuruna paxıllıq etmək üçün heç bir səbəbim yoxdur. Rus rejissorları və rəssanlarının əsərlərinə həqiqi mənada heyranam. Ölkəm onlarla qürur duyur. Amma mənə Olimpiya oyunları üçün hazırlanan geyimləri görmək həm ağır idi, həm də xəcalət çəkirdim.

- Sən mənə bir çox şeyləri öyrətmisən, o cümlədən arzularımı reallaşdırmağı. Arzularımı yazıb asmaq üçün içində sarı vərəq olan çərçivəni mənə hədiyyə etdiyin gün indiyə qədər xatırlayıram. Bilirəm ki, ondan səndə də var idi. Ora yazdığın arzular həyata keçdi?

- Bəli, hamısı reallaşdı. Ümumiyyətlə, tez-tez arzularımı vərəqə yazıram, hər biri də həyata keçir. Bu cür oyunları xoşlayıram.

- Əvvəllər bütün qızların arzuları toyla, gəlinliklə bağlı olardı. O vaxtdan bu günə kimi nə dəyişib? Sən öz istəklərində ciddi dəyişiklik və ya inqilab baş verdiyini görürsən?

- Əlbəttə. Mən təsadüfən köhnə mənzilimdə arzularımı yazdığım ilk vərəqi tapdım. Orada yazdıqlarımı oxuyanda, sadəcə, mat-məəttəl qalmışdım.

- Orada nə yazılmışdı? Ailə, karyera, yoxsa uşaqla bağlı idi?

- Bu barədə danışmağa utanıram. Kağıza çox adi arzularımı yazmışdım. Məsələn, orda sırğa var idi.

- Sən inanmayacaqsan, amma mənə hədiyyə etdiyin çərçivəyə “Graff” zərgərlik markasından sırğa istədiyimi qeyd etmişdim. Təxminən bir il sonra ad günümdə istədiyim sırğanı hədiyyə etdilər. Təəssüf ki, o biri arzularım sırğalarla, zinət əşyaları ilə bağlı deyildi...

- Hər halda hər şey sənin öz əlindədir. Çoxlu oyuncaq arzulayan qızcığaz haqqında bir sovet cizgi filmi var idi. Qız dünyanın bütün oyuncaqlarının onun olmasını istəyir və onun bu arzusu dərhal yerinə yetir. Amma bütün oyuncaqlar onun olandan sonra bezir və geri qaytarır.Və zaman keçdikcə anlayırsan ki, heç bir oyuncaq səni xoşbəxt edə bilməz. İnsanı yalnız xeyirxah əməlləri və sevgi, sözün əsl mənasında, xoşbəxt edə bilər. Cizgi filminin sonunda qız yalnız gəzə bilməyən oğlana kömək edəndən sonra xoşbəxt ola bilir. Həyatda da belədir.

- Səninlə belə bir şey baş verib?

- Cizgi filmindəki kimi hadisə olmayıb. Amma onlara, həqiqətən də, kömək etdiyimi düşünən adamların olduğuna inanmaq istərdim.

- Sən son vaxtlar çox dəyişmisən. Mənim yadımdadır ki, dizayner olmaq barədə hələ fikirləşmirdin, amma dəbi yaxından izləyirdin və öz stilin var idi. Onda Rusiyanın tanınmış dizaynerləri ilə dostluq edir və onlara paltar sifariş verirdin. Onlar isə sənin ideyandan öz kolleksiyalarında istifadə edirdilər. O vaxtlar sənin geyim tərzini təkrarlayanda, hətta sənin geyimlərinə oxşar paltarlar geyinəndə bizə çox sərt reaksiya verirdin. Çoxları sənin geyim tərzindən ilham aldığını deyirdi. Sən isə əvəzində “Mən heç kimi ruhlandırmaq istəmirəm, geyim tərzimi təkrarlamaq lazım deyil” – deyirdin. Birdən-birə sən öz markanı yaratmaq qərarına gəldin. İndi sənin paltarlarını yüzlərlə müxtəlif qadınlar alırlar. Bu halda, geyimlərini heç kimə, hətta çirkin və zövqsüz bir qadına da qadağan edə bilmədiyinə görə, təəssüflənirsən?

- Yuxarıda elə bu barədə danışdıq. Səxavətli olmaq insana sevinc gətirir. “Xəsislik hökmdarı” olanda heç kimlə heç nəyi bölüşmək istəmirdim və bu, mənə əzab verirdi. Amma elə ki, fikrimi dəyişdim, mən xoşbəxt oldum.

- Daha təəssüflənmirsən ki ?

- Qətiyyən, daha belə bir problemim yoxdur.

- Hətta zöqsüz bir qadın da sənin kolleksiyandan geyinsə, pis olmazsan?

- Mənim üçün fərqi yoxdur. Düzü, hələ belə bir halla qarşılaşmamışam.

- Yəni, bütün müştərilərini sevirsən?

- Mən onlara heyranam.

- Və səni daha Ulyana Sergeyenko stilinin unikal ola bilməməsi də narahat etmir?

- Əksinə, mənim kimi geyinmək istəyənlərin çox olması tərzimin unikallığını daha da vurğulayır. Mənim tərzim əvvəlki kimi unikal olaraq qalır. Sadəcə, mənim kimi geyinənlərin sayı artıb.

- Dost olduğumuzu bilənlər, adətən, səninlə necə yola getdiyimi soruşlar. Sənin özündənrazı, soyuq olduğunu düşünürlər.

- Mən bilərəkdən belə etmirəm. Sadəcə, utancaq və tez inciyən insanam. Ona görə də hamıdan uzaq gəzirəm.

- Məncə, bu, utancaqlıqdan daha çox qorxudan irəli gəlir?

- Razıyam, bu daha çox özünümüadifə reaksiyasıdır. Sən çox gözəl bilirsən ki, insanlarla ünsiyyət qurmaq mənim üçün çətindir.

- Niyə? Qorxursan ki, insanlar sənin xətrinə dəyər?

- Yəqin ki, hə.

- Aqressiyadan da qorxursan?

- Bunun da hansısa əsaslı səsəbləri var, insanlardan bir az qorxuram. Kiminsə rahatlğımı pozmasını istəmirəm. Məni vaxtı ilə çox incidiblər.

- Onlar yaxınların idi?

- Yaxınlar da olub.

- Həyatda ən dəhşətli hadisə nədir?

- Həyatda ən dəhşətli hadisə onu daha dəhşətli görmək və qəbul etməkdir. Bax, indi mənə əvvəllər çətin hesab etdiyim istənilən problem çox adi görünür. Müəyyən qədər həyat təcrübəm olmasına baxmayaraq, bəzən mən də hər şeyi qəlizləşdirirəm.

- Arzular vərəqində yerinə yetməyən nə qalıb?

- O vərəq mənim daxili dünyamla bağlı olan arzularla dolub. Məsələn, hansısa məsələlərdə daha cəsarətli olmaq istərdim. Ən böyük arzularımdan biri təmənnasız sevməyi öyrənməkdir. Qarşılığını gözləmədən...

- Səncə, bunu bacarırsan?

- Bacarıram, amma həmişə yox.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm