Eşq ağrısını unutdurub depressiyadan çıxaran daş - FOTOLAR
Bizi izləyin

Layihə

Eşq ağrısını unutdurub depressiyadan çıxaran daş - FOTOLAR

Amazonit, digər adı ilə amazon ən qeyri-adi və füsunkar daşlardan biridir. Yarı qiymətli daş olsa da, çox sevilir. Amazonitdən zərgərliklə yanaşı, oymaqçılıqda da geniş şəkildə istifadə edilir.

Publika.az "Mücrü" layihəsində bu dəfə sizi Amazon daşının özünəməxsus cəhətləri və şəfalı xüsusiyyətləri ilə tanış edəcək.

Adını Amazon çayından alıb

Bu daş öz adını Amazon çayından alıb. Rəngi Amazon çayını xatırlatdığı üçün onu belə adlandırıblar.

Amazonit çöl şpatı mineralının bir növüdür. O digər çöl şpatlarından yaşımtıl rəngi ilə seçilir. Çox həssas daşdır. Amazonit üçün kəskin temperatur dəyişikliyi çox təhlükəlidir. Yüksək temperaturda rəngi solğunlaşır. Amazoniti çox vaxt zümrüd və yəşəm daşı ilə səhv salırlar. Hətta qiymətini artırmaq üçün bu adla satmaq istəyənlər də olur. Ancaq amazonit açıqtəhər yaşıl və maviyə çalan yaşıl rəngdə olduğu üçün təcrübəli adamlar bu daşla zümrüdü fərqləndirə bilirlər.

Amazonit dünyanın bir çox ölkəsində çıxarılır. Braziliya, ABŞ, Rusiya, Madaqaskar və Hindistan amazonit yataqları ilə zəngindir.

Yarı qiymətli daşın Hollivud səyahəti

Qiymətli daşlara rəqib olacaq qədər füsunkar görünən amazonit Hollivud ulduzlarının da diqqət mərkəzindədir. Bir çox aktrisa və müğənni qırmızı xalıda amazonit daşlı zinət əşyası ilə görünüb. Bunda Hindistanın məşhur zinət əşyaları brendi "İsharta"nın da böyük rolu var. Qiymətli və yarı qiymətli daşlardan şərq üslubunda, olduqca iddialı zinət əşyaları hazırlayan brendin məhsulları dünyanın ən məşhur və cazibədar qadınlarını bəzəyir. "İsharta" brendinin amazonitdən hazırladığı boyunbağı və qolbaqlar xüsusilə, məşhurdur.

İnsana həm psixi, həm də fiziki cəhətdən təsir edir

Amazonit daşı sadəcə füsunkar rəngi və qadına cazibədarlıq bəxş edən gözəlliyinə görə deyil, həm də insan orqanizminə verdiyi faydalarına görə çox sevilir. Bu daş insana həm psixi, həm də fiziki cəhətdən güclü təsir edir. Ancaq digər daşlardan fərqli olaraq psixi təsirləri daha güclüdür.

Odur ki, ilk növbədə daşın insan psixologiyası üzərindəki təsirlərinə nəzər yetirək:

*Dəyişikliklərə öyrəşmə prosesini sürətləndirir.

*Qorxunu, nigarançılığı azaldır.

*Daşın enerjisi ölümcül xəstələrə belə yaxşı təsir edir. Xəstənin özünü daha yaxşı hiss etməsinə səbəb olur.

* İnsanı sakitləşdirir, dinclik verir.

*İnsanın özünün daha asan ifadə edə bilməsinə kömək edir.

*Həddən artıq həyəcanlanmağa və ya əsəbiləşməyə qoymur. Əsəb sisteminə yaxşı təsir edir.

*Neqativ enerjini uzaqlaşdırır.

*Stressi azaldır.

*İnsana yeni ideyalar verir. Bir növ ilham mənbəyidir. Xüsusilə, yaradıcılıqla məşğul olanlar daşın bu xüsusiyyətindən faydalana bilərlər.

*Zehni qüvvətləndirir.

*Bu daş iş adamları üçün də çox faydalıdır. Çünki hamı ilə yaxşı ünsiyyət qurmağa, qrup işini yaxşı təşkil etməyə stimul verir.

Eşq ağrısını unutdurur, depressiyadan çıxarır

*Amazonit eşqlə bağlı duyğuları dilə gətirməyə kömək edir. Sevdiyi şəxsə hisslərini bəlli edə bilməyənlər yanlarında amazonit gəzdirsələr, bir müddət sonra eşq mövzusunda olduqca cəsur addımlar atacaqlar.

*Amazonit bədəndəki bütün çakraları açır və dincliyə qovuşdurur. Çakralarda yaranan enerji tıxaclarını aradan qaldırır.

* Keçmiş sevgilini unutmağa kömək edir. İtirilmiş ailə üzvlərinin və ya yaxın adamların yoxluğunun insanda yaratdığı kədəri aradan qaldırır. Mənəvi yaraların sağalmasını sürətləndirir.

*Bu daş depressiyaya qarşı da təsirlidir. Depressiyaya düşən şəxs amazonitdən istifadə edərsə, qısa müddətdə əvvəlki vəziyyətinə qayıdar. Bunun üçün amazoniti hər gün, ən az yarım saat ovucun içində tutub sakitcə oturmaq lazımdır. Bu zaman daşın tərkibindəki kristaldan yayılan enerji xəstənin bədəninə nüfuz edərək onun sakitləşməsinə, keçmişdə yaşadığı acı hadisələrin təsirindən çıxmasına səbəb olur. Ürək ağrılarına, boğazınızda düyünlərin yaranmasına səbəb olan qəhəri azaldır.

* Bu daş insana xoşbəxtlik, sevgi, barış hissləri aşılayır. Ən daşqəlbli insanların belə ürəyini yumşaldır.

*İş görüşlərinə və ya ailə-dost məclislərinə gedərkən yanınızda amazonit aparmağınız məsləhətdir.

Min bir dərdin dərmanı

Amazonit ürək xəstəliklərindən zoba, diş problemlərindən qadın xəstəliklərinə qədər bir çox problemin həllidir.

Amazonit ürək, boyun və boğaz bölgəsinə çox güclü təsir edir. Ona görə də, bu daş zob xəstəliklərinə, həmçinin, kəkələməyə, xroniki boyun ağrılarına qarşı çox yaxşı effekt verir.

Bədəni gücləndirir, ürəyi, əzələləri, sinir sistemini gücləndirir. Kalsium çatışmazlığının qarşısını alır. Dişləri çürüməyə qoymur.

Qadın sağlamlığının keşiyində

Amazonit qadın sağlamlığı üçün ən faydalı daşlardan biri hesab edilir. Bu şəfalı daş doğuşu asanlaşdırır, doğuş zamanı yaranan ağrıları azaldır.

Qadın xəstəliklərindən əziyyət çəkənlər hər gün ən az yarım saat bu daşla qarnı masaj etməlidirlər. Bu prosesi bir həftə davam etdirsəniz, menstruasiya zamanı yaranan ağrıları azalda bilərsiniz. Klimaksın səbəb olduğu əsəbilik, tərləmə, istiyə dözümsüzlük kimi halları da amazonit sayəsində aradan qaldırmaq olar.

Göz və tənəffüs yolları xəstəliklərinə qarşı

Amazonit göz üçün də faydalıdır. Gözü qoruduğundan göz xəstəliklərinin müalicəsində köməkçi vasitə kimi istifadə edilə bilər.

Amazonit tənəffüs yolu xəstəliklərinə qarşı da təsirlidir. Daşın sağlamlığa olan faydalarından danışarkən yaddaşı gücləndirdiyini, qan dövranını sürətləndirdiyini, böyümə yaşındakı uşaqlara yaxşı təsir etdiyini vurğulamasaq, olmaz.

Radiasiyanı udan daş

Daşın ən qeyri-adi xüsusiyyəti isə radiasiyanı udmasıdır. Amazonit mikrodalğalı sobalardan, kompüter və mobil telefondan yayılan radiasiyanı əmir və beləliklə, bədənin radiasiya ilə təmasının qarşısını alır. Bu da başda xərçəng olmaqla, bir çox təhlükəli xəstəliklərə yaxalanmaq riskini azaldır.

Amazoniti necə təmizləməli?

Amazonitin yuxarıda sadaladığımız xüsusiyyətlərindən yararlanmaq üçün onu vaxtı-vaxtında təmizləmək lazımdır. Axar su altında tutub 5 dəqiqə ovaladıqda daş mənfi enerjilərdən tamamilə təmizlənir. Günəşin altında 1 gün saxlamaq da eyni effekti verir. Ancaq bu üsul bir az risklidir. Çünki daşın rəngi sola bilər.

Amazonit daşından hazırlanmış zinət əşyalarını isə sirkəli su ilə təmizləyə bilərsiniz. Pambığı sirkəyə salıb zinət əşyanızdakı daşı 5 dəqiqə silin.

Amazonoit daşından hazırlanan bir-birindən maraqlı zinət əşyalarının fotolarını toplamışıq. Zövqünüzə uyğun birini seçib alın və siz də təbiətin bəxş etdiyi bu möcüzədən yararlanın.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm