Baharın klassik dəbi: Aşırmalı donlar - FOTOLAR
Bizi izləyin

Layihə

Baharın klassik dəbi: Aşırmalı donlar - FOTOLAR

Görəsən, doğurdanmı Diana Von Fyurstenberqin vizit kartı olan aşırmalı don yaranana qədər belə bir fason mövcud deyildi?

Hər gənc qız qayınanası ilə ilk tanışlığı ərəfəsində təlaş keçirir və nə geyinəcəyinə heç cür qərar verə bilmir. Qayınanalarla yollaşmaq onsuz da müşkül məsələdir. Üstəgəl, onun xoşuna gəlmək üçün düzgün paltarı seçmək vəziyyəti bir qədər ağırlaşdırır... Amerikanın tanınmış dizayneri Diana Von Fyurstenberq vəziyyətdən çıxış yolu kimi aşırmalı donları məsləhət görür. Məncə, özünü qayınanasına sevdirmək istəyən hər gənc qız ilk tanışlıqda bu cür modellər seçsə, peşman olmaz. Bu donların 40 ildir ki, öz aktuallığını itirməməsi onların ən böyük üstünlüyüdür. Publika.az-ın "Moda inqilabları" layihəsində aşırmalı donlardan danışacağıq.

Amerikanın Kostyum İnstitutunun kuratoru Riçard Martin hesab edir ki, dizayner Fon Fyurstenberqin təklif etdiyi fasonlar amerikan idman üslublunun çoxillik ənənələrinin təcəssümüdür. Lakin onun bəzi işləri tamamilə fərqlənir. Məsələn, bədən quruluşunu vurğulayan, elastik parçalardan tikilən, bir qayda olaraq ətəyi dizə, qolları dirsəyə qədər uzanan aşırmalı donlar dizaynerə xas üslubdur.

Tanınmış dizayner Diana 30-40-ci illərin aşırmalı paltar dəbinə ikinci dəfə həyat verərək 70-ci illərdə yenidən gündəmə gətirir. Paltar dünyanın hər yerində satış rekordu qırır. Birinci il ərzində bu paltardan 1.5 milyon ədəd satılmışdı. Azadlığın və qadın gücünün rəmzinə çevrilmiş ən sadə geyim əşyası həmin onilliyin sonunda populyarlığının zirvəsinə qalxır.

Diana özü bəyan edib ki, "wrap dress" (wrap - ingiliscədən aşırma, dress - paltar deməkdir) – aşırmalı paltarlar sahibinin özünü azad və seksual hiss etməsinə imkan verirdi.

Diana Rusiya mətbuatına verdiyi müsahibəsində etiraf edib ki, öz məşhurluğunun ən pik zirvəsini 1976-cı ildə yaşayıb. Belə ki, həmin il o, "Newsweek" jurnalının üz qabığına çəkilmişdi.

O, "Həmin illərdə karyerama təzə başlamışdım, aşırmalı donun podiumlarda peyda olması ilə qəfildən super populyar oldum. Məni "Newsweek" jurnalında çəkilməyə dəvət etdilər. Hadisələr o qədər sürətlə cərəyan etdi ki, məşhurluqdan başım gicəllənirdi. Arzumu bir anda həyata keçirə bilmişdim" - deyib.

Əlbəttə, modelyerin kolleksiyalarında başqa paltarlar da var. Amma Diana da etiraf edir ki, bir neçə on ildir davam edən məşhurluğunu məhz bu ixtirasına borcludur.

Diana "wrap dress" - aşırmalı paltarı balerinaların geyimindən ilhamlanaraq yaratdığını bildirib:

"Balerinaların məşqinə çox diqqətlə baxırdım. Onların rəqs paltarları mənə ilham verdi".

Diana bu sadə, uzun qollu, qısa ətəkli çox açıq paltarları rahat, zərif və hər kəsin geyinə biləcəyi formaya salır. Paltarın aşırma hissəsi onun parçasından tikilən nazik kəmərlə bərkidilir.

"Diane Von Furstenberg" markası 40 illik yubiley münasibəti ilə "Journey Dress", yəni "Səyahət paltarları" xüsusi layihəsini həyata keçirib. Həmin layihədə həm məşhurlar, həm də müxtəlif ölkələrdən olan adi qızlar bu paltarın öz qarderoblarında mühüm yer tutduğundan və əhəmiyyətindən danışırıblar.

Dünyaca tanınmış model Koka Roşa bu layihədə danışan ilk iştirakçı idi. O, "Anam aşırmalı, iplə bağlanan paltarın pərəstişkarı idi. Aşırmalı paltarları mən də çox sevirəm. 15 yaşından etibarən qarderobumda qiymətləndirməyə başlamışam. Ən inanılmazı odur ki, bu paltarın ixtirasından 40 il keçsə də, hələ də dəbdədir" - demişdi.

Bundan başqa, 2009-cu ildə aşırmalı donların nümayiş olunduğu "Səyahət paltarları" adlı sərgi də açılıb. Ekspozisiyaya Andre Leon Telli nəzarət edirdi. Sərgi əvvəlcə Moskvada, sonra isə dünyanın digər şəhərlərində fəaliyyət göstərib.

Belə uzun populyarlığının sirri nədədir?

Fon Fyurstenberqin ixtirasını ulduzlar da, elit təbəqənin kübar xanımları da, həmçinin adi modapərəst qızlar da sevə-sevə geyinir. Dizayner hesab edir ki, bu paltarın uğurunun səbəbi ondan ibarətdir ki, o, əlverişli və rahatdır, eyni zamanda bədəni cazibədar göstərir. Bu paltarla həm işə, həm də gecə tədbirlərinə getmək olar. Hər iki halda məkana uyğunluq təşkil edir, ahəngdar görünür. Diana bir dəfə paltar haqqında "Bu elə paltardır ki, sevdiyiniz kişinin anası ilə görüşə gedərkən geyinsəniz, ilk baxışdan özünüz haqqında yaxşı təəssürat ötürmüş olarsınız" - söyləmişdi.

Materialı və rəsmləri sayəsində aşırmalı donlar öz aktuallığını itirməyərək mövsümdən mövsümə keçir. Aşırmalı donlar universal olduğu üçün onu ilin istənilən vaxtı geyinmək olar. Sadəcə, parçaları və fasonları mövsümdən asılı olaraq, dəyişilir. Üstəlik, paltarın konstruksiyası onu müxtəlif yaş qruplarından olan qadınların geyinməsinə imkan verir. Paltarın həm uzun, həm qısa, həm də midi versiyaları buraxılıb. Eyni geyim birrəngli və ya güllü parçalardan ibarət ola bilər. Aşırma texnikası kombinezonlarda, həmçinin köynəklərdə də tətbiq olunur.

Pencəklər bu fasonları mükəmməl şəkildə tamamlayır. Onlar həm yastıdaban baletkalarda, həm də dikdaban ayaqqabılarda eyni dərəcədə yaxşı görünürlər.

Yadda saxlamaq vacibdir ki, bu paltarla yüngül, tikişi bilinməyən alt paltarı geyinmək lazımdır.Yoxsa, budlar eybəcər görünəcək. Belə bir riskə gedərək paltarın gözəlliyinə kölgə salmaq lazım deyil. Sinə dekoltesi çox dərindirsə, altdan kontrast rəngli büsqalter və ya parça ilə oxşar nazik bretel geyinmək olar.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm