• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Əvvəlcə prezidentin xanımı, sonra milyarder arvadı - FOTOLAR

  • Layihə
  • 18 Aprel 2015 12:30
  • 3 394 Baxış
Əvvəlcə prezidentin xanımı, sonra milyarder arvadı - FOTOLAR

Amerika prezidenti Con Kennedinin xanımı, daha sonra isə milyarder Aristotel Onassisin həyat yoldaşı Jaklin Kennedi gözəl və inamlı görkəmi ilə daim dünya ictimaiyyətinin diqqət mərkəzində olub. Jaklin zahirən klassik məsum, bakirə şahzadə təəssüratı yaradırdı. Lakin sən demə, Amerikanın birinci xanımı göründüyü qədər saf və günahsız olmayıb... Öz dövrünün ən kübar xanımının həyat xronikasına nəzər salsaq, məsum şahzadə imicinin altında əslində hansı həqiqətlərin yatdığını yaxşı görə bilərik. Deyilənlərə görə, Jaklin Kennedi ərindən qisas almaq üçün xəyanətlərinə xəyanətlə cavab verib. Publika.az-ın “9 don” layihəsi çərçivəsində bu həftə Jaklin Kennedinin həyatı və qüsursuz geyim stili haqqında danışacağam.

Ceki ləqəbi ilə tanınan Jaklin 1929-cu ilin 28 iyunda Nyu-Yorkda Con Buviyenin və Canet Norton Linin ailəsində anadan olub. Anası Cannet irlandiyalı, atası isə fransız və ingilis mənşəli olub. Onun valideynləri 1940-cı ildə ayrılıb. 1942-ci ildə anası “Standard Oil” şirkətinin sahibi və milyonçunun varisi Xyu Oçinklossa ilə evlənib. Bu nikahdan Jaklinin daha bir bacısı və qardaşı dünyaya gəlib.

Nyu-Yorkda zəngin ailədə anadan olan Jaklin ABŞ və Avropanın ən nüfuzlu universitetlərində təhsil alıb. 1944-1947-ci illərdə isə Nyu-Yorkda Bassar kollecində təhsil alıb. 1949-ci ildə təhsilini təkmilləşdirmək məqsədi ilə tədqiqat proqramı üzrə xaricə gedib. Jaklin Parisdə yerləşən Sorbon universitetində təhsilini davam etdirərək fransız dilini, Avropa mədəniyyətini və ədəbiyyatını dərindən öyrənib. 1951-ci ildə fransız ədəbiyyatı sahəsində bakalavr dərəcəsini alıb. Universiteti bitirdikdən sonra bacısı Karolina Li ilə birlikdə Avropaya səyahətə yola düşüb. Səyahət zamanı Jaklin müəllifi olduğu yeganə avtobioqrafik “Bir xüsusi yay tətili” adlı kitabını yazıb.

Səyahətdən qayıtdıqdan sonra Jaklin “The Washington Times-Herald” gündəlik qəzetinin müxbiri kimi çalışıb. O, küçədə təsadüfən seçilmiş insanlara müraciət edərək qəfil suallar verməli idi. Onun rubrikası müsahibə zamanı maraqlı fraqmentlərin çəkildiyi şəkillərlə qəzetdə çap olunurdu. Həmin vaxt Jaklin gənc birja makleri Con Xusted ilə nişanlı idi. Lakin intuitiv olaraq birinci xanım olduğunu hiss edən Jaklin Con Kennidiyə görə düşünmədən üzüyünü atır.

O, 1961-ci ildən Con Kennedinin 1963-cü ildə qətlinə qədər ABŞ-ın birinci xanımı olub.

Jaklin ilə Con Kennedi 1952-ci ilin mayında ümumi dostlarının iştirak etdiyi məclisdə tanış olub və bir-birinə təqdim olunublar. Bu hadisədən sonra yeni tanış olmuş cütlük davamlı olaraq görüşməyə başlayır. Lakin onların ilk görüşləri böyük səs-küyə səbəb olmuşdu. Belə ki, ilk məhəbbət görüşlərindən biri Virciniya ştatında Kennedinin açıq avtomobilinin arxa oturacağında baş tutmuşdu. Bu görüşdə polis gənc aşiqləri qorxuya salsa da, “playboy” senatoru görəndən sonra dərhal geri çəkilib.

Yuxarıda dediyim kimi Jaklin nişanını Kennediyə görə geri qaytarmışdı. Bu hadisəndən sonra Jaklinin Kennididən gül dəsti, yaxud konfet qutusu və tək qaş üzüklə birlikdə evlilik təklifi etməsini gözləmək sadəlövhlük olardı. Belə ki, Kennedi evlilik təklifini Jaklinə teleqraf vasitəsi ilə göndərmişdi. Buna baxmayaraq, Kennedi soyuq, quru təklifi ilə Jaklinin qəlbini oğurlaya və evliliyə razı sala bilmişdi.

Cütlük 1953-cü ilin iyunun 25-də nişanlanmaları barədə elan verir. Onların toyu 1953-cü ildə sentyabrın 13-də Lonq Aylend ştatında Nyu-Port şəhərində baş tutub. Möhtəşəm toy 1953-ci ilin əsas hadisəsi olub. Toya 700-ə qədər qonaq dəvət olunmuşdu. Kennedinin və gəlinin rəfiqələrin gəlinlik paltarını amerikanın tanınmış dizayneri Enn Lou tikib.

Qısqanc qatil

Jaklin əsl aristokrat xanım idi, Kennedi isə əslən irland, siyasi avantürist və dalaşqan biri idi. Onun üçün bu əxlaqsızlıqla barışmaq çox çətin idi. Üstəlik, ərinin xəyanətlərinə görə Jaklin daim əzab çəkməli olurdu.

O, həyat yoldaşından daha sədaqətli olmasını gözləmirdi, lakin o, daimi əyyaşlığa və mənəvi pozğunluğa qarşı hazır deyildi. Kennedi dostu Corc Smazers və konqresdən bir-iki dostu ilə birlikdə Vaşinqtondakı "Kerroll Arms" otelində gənc qadınlarla görüşüb həzz ala bilmək üçün otaq kirayələyirdi. Deyilənlərə görə, o, hərdən bir ərinin arxasınca düşüb casusluq da edirdi. Kennedinin məşuqəsi kimi tanınan Merilin Manronun qətlinin də sifarişçisinin Jaklinin olduğu güman edilirdi. Lakin Jaklinin qısqanc qatil olması fərziyyəsi sonradan təkzib edilir.

Jaklin bu təhqirlərin əvəzini mağazaları gəzib bahalı geyimlər almaqla, gözəl geyinib-kecinməklə, həmçinin kişi dostlarının vasitəsi ilə ərində qısqanclıq oyatmaqla kompensasiya edirdi. Bir dəfə Ağ Evdə təntənəli mərasimdə o, şampanın təsirindən az qala oradakı bütün kişilərlə oynamışdı. Kennedi isə bu hadisəyə heç bir reaksiya verməmiş və nəyisə dəyişdirməyi belə düşünməmişdi. Yavaş-yavaş Jaklin bu həyatına adət etməyə başlayır. Bir dəfə o, rəfiqəsinə "Yəqin ki, dünyada sadiq ərlər yoxdur” fikrini bölüşmüşdü.

Xəyanətə xəyanətlə cavab vermək taktikası

Deyilənlərə görə, Jaklin də “xəyanətə xəyanətlə cavab verərlər” prinsipinə əsaslanıb. Əzablara dözə bilməyən Jaklin özü də günaha bataraq ərinə xəyanət edib. Cangüdəni ilə yaxın münasibətləri olduğu güman edilir. O, "Fiat" şirkətinin sahibinə də laqeyd olmayıb. Ola bilsin ki, Jaklin bu hərəkəti ilə ərindən qisas alırdı. Bütün bunlara baxmayaraq, Jaklin Amerika prezidenti ilə sona qədər ər-arvad münasibətində qalıblar.

Onun ilk hamiləliyi 1956-ci il avqustun 23-də qanaxmadan pozulur. Vaxtından əvvəl doğuş Jaklinin qızının ölü doğulmasına səbəb olub. 1957-ci ildə nəhayət ki, çoxdan gözlənilən övladı - qızı Karolina Buviye Kennedi dünyaya gəlib. 1960-cı ildə isə Jaklin oğul anası olur. 3 ildən sonra Jaklin 3-cü dəfə hamilə qalır. 1963-cü il avqustun 2-də Jaklin Kennedi özünü pis hiss etdiyi və yenə də sancılar vaxtından əvvəl başladığı üçün xəstəxanaya yerləşdirilir. Oğlu Patrik qeysəriyyə üsulu ilə dünyaya gəlir, zəif olduğu üçün 2 gün sonra dünyasını dəyişir. Bu itki Con ilə Jaklini 1963-cü ildə muzdlu qatil Osvaldın onu güllələyib öldürməsinə qədər yaxınlaşdırır.

1963-cü ildə həyat yoldaşı, Amerikanın 35-ci prezidenti Con Kennedinin ölümündən sonra Jaklin övladları ilə birgə Nyu-Yorka köçüb. 1968-ci ildə o, milyarder Aristotel Onassislə yenidə ailə qurub. Eevelin Linkolnın yazdığına görə, Jaklin ikinci həyat yoldaşı ilə ərinin ağır qətlindən əvvəl də Aristotelin mənzilində mütəmadi olaraq görüşür, hətta bəzən restoranlarda şam edirdilər. Onda onun Aristotellə gizlin münasibətlərinə çox az adam fikir verirdi. Güman edilirdi ki, Aristotel Onassis Amerikanın ən məşhur qadınına ehtiram əlaməti olaraq diqqət göstərir. Jaklin isə bir çox hallarda ərini əvəz edən bu insanla özünü təhlükəsiz hiss edirdi. Aristotellə eyni cəmiyyətdə olmaq ona xoş idi. O, böyük həyat enerjisinə malik bu insandan zövq alırdı. Qeyri-adi səxavət və diqqəti birinci xanımı çox heyrətləndirirdi. O, həyatı, birinci nikahı haqqında öz məhrəm fikirlərini ona etibar edir, birinci xanım olmağın çətinliklərindən danışırdı. Jaklin üçün maddi baxımdan Kennedi ailəsindən tam asılı olmaq sözün əsl mənada dözülməz idi.

Onassis isə ona xoşbəxtlik və rahatlıq verirdi, bütün sınaqlardan üzüağ çıxandan sonra Jaklin ona ərə getməyə razılıq vermişdi. Jaklin Onassi qızı Karolina, oğlu Con ilə tanış etmişdi. Uşaqları ilə daha çox vaxt keçirmək üçün onu tez-tez öz evinə dəvət edirdi. O, uşaqlarının onunla dost olacağına ümid edirdi.

O, daha müqəddəs deyil!

Onassis Jaklinə gözlənilməz xoşbəxtlik bəxş etsə də, mətbuatda bu hadisə barədə kəskin başlıqlı məqalələr dərc olunmuşdu. Yalnız altı sinfə qədər oxuyan beynəlxalq quldura ərə gedəndən sonra onun haqqında yaranmış mif bir anda dağılır. Mətbuatda onun ikinci nikahı haqqında “O, daha müqəddəs deyil”, “Con Kennedi ikinci dəfə öldü” başlıqlı xəbərlər dünyanın hər yerində qəzetlərin manşetinə çıxmışdı. Əfsanəvi modelyer Koko Şanel Jaklinin ikinci nikahına belə münasibət bildirmişdi: "Hamı bilirdi ki, bu bayağı qadın ölü ərinə ömrü boyu sadiq olmayacaq".

Yalnız kardinal Kuşinq ona ürəkdən uğurlar arzulayıb: "Onun istədiyi insana ərə getmək hüququ var. Buna görə onu lənətləmək olar?!" demişdi.

Mətbuat Onassisi şöhrətpərəst insan kimi təqdim edirdi. Evlənəndən sonra Jaklinə Kennedi ailəsindən artıq heç nə lazım deyildi. Asılı olduğu həyatı ona təklif edilmiş qayğısız həyata dəyişdirir. İkinci əri Jaklinə brilyantlar, samur dərisindən tikilən, dəyəri 60000 dollar olan kürklər, qiymətli rəsm əsərləri, əntiq əşyalar və sairlə mükafatlandırdı. Onassis Jaklinin fikrini dağıtmaq üçün məşhurları evinə dəvət edirdi. Jaklin “Rolls-Roys”da gəzirdi, hətta onun sərəncamında özəl təyyarələri də olub. Bir sözlə, o, miss Onaissis olandan sonra arzuladığı hər şeyi pulla ala bilərdi. Həyatında ilk dəfə ilk idi ki, pul qayğısı çəkməyə bilərdi. Amma Jaklin qismətdən özünü qoruya bilmir. Tale ona elə faciələr yaşadır ki, Jaklin sanki cansız varlığa çevrilmişdi. O, əri ilə birlikdə baldızının və onun birinci arvadının sirli ölümünün yasını saxlayır. Daha sonra isə Onassis sevimli oğlu Aleksandrı itirir. Sevili oğlunun itkisi Onassisə çox pis təsir edir. Bu hadisə milyarderin Jaklinə olan münasibətini tamamilə dəyişdirmişdi, hətta ona uğursuzluq gətirdiyini düşünürdü. Bundan başqa, Kennedi ailəsində baş verən qalmaqallar onları rahat buraxmırdı.

Akapulko şəhərindən səfərdən qayıtdıqdan sonra Onassisin səhhəti kəskin pisləşir. Həmin illərdə Aristotel Onassis onların nikah münasibətlərinin normal olmadığını gizlətmirdi. O, ictimai yerlərdə daha həyat yoldaşını müşayiət etmir, ya da nadir hallarda görünürdü. Jaklin öz həyatını yaşayır, əri isə oteldə qalırdı. Onassisin birinci nikahdan olan qızı nəhayət ki, atasını ona uğursuzluq gətirən qadından boşanmağa razı sala bilir.

1974-ci ilin martın 15-də şənbə günü Onassis dünyasını dəyişir. Ölüm ayağımda Jaklin milyarderin yanında deyildi. Lakin Aristotel öləndən sonra da Jaklinin qayğısına qalaraq ona illik 155000 dollar pul ayırmışdı. Eyni məbləği Jaklinin uşaqlarına da ayrılmışdı. Onassis Jaklinin bu qərara etiraz etmək istədiyini nəzərə alaraq, vəkillərinə göstəriş verir, bütün qanuni vasitələrlə ona mane olmağı tapşırmışdı.

Jaklin həyat yoldaşının vəfatından sonra "Aristotel Onassis məni həyatım kabuslarla dolu olan bir vaxtda xilas etdi. O, mənim üçün çox dəyərli insan idi. Mən onunla birlikdə məhəbbət və xoşbəxtlik əldə edə bildim. Biz çox gözəl anlar yaşamışıq, onları heç vaxt unutmayacağam. Buna görə ona həmişə minnətdar olacağam" – söyləmişdi.

İkinci həyat yoldaşının vəfatından sonra Jaklin tək qalmağı düşünmürdü. O, maliyyəçi, dəllal, almaz və brilyantların satışı ilı məşğul olan dəllal Moris Templeman ilə görüşməyə başlayır. Onlar hələ 1950-ci illərdən tanış idilər. Onda Moris ştatdankənar siyasi məsləhətçi xadimlərdən biri idi. Maraqlıdır ki, zahirən o milyarder Onassisi xatırladırdı, bəstəboy və dolğun, yaşından daha böyük görünürdü. Ən qəribəsi ondan ibarətdir ki, onlar hələ hüquqi cəhətdən nikaha daxil olmadan birlikdə yaşayırdılar. Münasibətlərinin ilk 4 ilində Moris Jaklinin mənzilində yaşayıb. Üstəlik, Morisin üç böyük uşağı və qanuni arvadı var idi.

Moris Templeman Jaklin üçün təkcə kişi kimi maraqlı deyildi, həm də şəriki idi. Moris həmçinin onun maliyyə müşaviri idi.

Jaklinin əmisi qızı Roza Şreyberin sözlərinə görə, Jaklin ilk dəfə yüksək sosial statusu əldə etmək xətrinə ərə getmişdi: “İkinci dəfə təmin olunmuş həyat üçün nikaha daxil olmuşdu. Üçüncüsü isə cinsi əlaqə və qarşılıqlı hörmət, böyük dostluq, bağlılıq idi. Sadalanan bütün bu münasibətlər - ən təmiz və sağlam münasibətlər idi"-demişdi.

Stil ikonası Jaklin Kennedi

Jaklinin ikinci və üçüncü dəfə ərə getməsi get-gedə qara yumora çevrilmişdi. Ərinin qətlindən sonra beş il ərzində insanlar onun halına acıyır, onunla qürur duyurdular. İkinci nikahı və üçüncü münasibətlərindən sonra Jaklinə sitayiş edən insanlar ondan üz döndərdilər. Lakin dayanmadan üzərinə atılan tənqid oxları onun stil ikonası adına ləkə gətirmir.

ABŞ-ın birinci xanımları arasında Jaklin Kennedi özünəməxsus, lakin universal mənada eleqant zövqə malik qadın kimi xüsusi yer tutur. Jaklin Kennedinin yüksək zövqü təkcə Amerikada tanınmır. Onu dünyanın hər yerində “moda ikonası” adlandırırlar. Ceki Kennedi geyindiyi hər bir don, ya da kostyuma özünəməxsus bir cəhət gətirə bilirdi. Keyp-Kodda istirahət etdiyi zaman geyindiyi zolaqlı köynək və ağ qısa bric stilində şalvar, istərsə də Şanel evinin məşhur çəhrayı kostyumunda olsun əfsanəvi Jaklin yaddaşlarda eleqant və yüksək dəbli bir qadın kimi Kennedilər klanınında böyük iz qoyub getmiş bir xanım kimi qalır.

Mirvari heç zaman dəbdən düşmür

Amerikanın birinci xanımını çoxları ən dəbli ampulada, eleqant ledi kimi tanıyır. Jaklin Kennedi təmtəraqlı bəzək əşyaları taxmağı xoşlamırdı. Onun fotolarına baxsaq, bərq vuran zinət əşyalarına rast gəlmərik. Birinci xanımın sevimli aksessuarı tez-tez taxdığı eleqantlıq nümunəsi hesab edilən sap mirvari boyunbağısı idi. Maraqlısı budur ki, Jaklin Kennedinin sağlığında boyunbağının həqiqiliyinə dair heç kəsdə şübhə belə yaranmamışdı. Yalnız onun ölümündən bir neçə il keçdikdən sonra boyunbağının əsl deyil, saxta olduğu məlum olub. Nyu Yorkun Sotsbi hərracında 225 000 dollara satıldıqdan sonra ekspertlər boyunbağının əsl mirvaridən hazırlanmadığını və bir zamanlar cəmi 80 dollara alındığını müəyyən etmişdilər.

Amerikanın birinci xanımı və stil ikonası bizə nə öyrədib?

Qolsuz, dizə qədər paltarlar, “Hermes” yaylıqları, qara vodolazkalar, eni şalvarlar dəb qanunvericisinin özündən sonra qoyub getdiyi geyim stilinin ancaq kiçik bir hissəsi idi. Yeri gəlmişkən xatırladım ki, onun hərtərəfli düşünülmüş üslubunun müəllifi dizayner Oleq Kassin idi.

Eynəkləri düzgün seçin

Hətta bu gün eynək istehsal edən şirkətlər mütəmadi olaraq onun üslubuna müraciət edirlər. Jaklin iri, kvadrat və üzün yarısını örtən formalara üstünlük verirdi. Deyilənlərə görə, Jaklinin evində dəhlizdə bir səbətlə dolu eynəyi var idi. Evdən çıxanda aksessuar seçməkdə çox çətinlik çəkirdi.

Sevimli rəngləri: ağ-qara

Kennedi üslubu qlamur, ya həddən artıq parlaq adlandırmaq olmaz. O, sadə şeyləri, öz aralarında uyğunlaşdırmağı bacarırdı. Jaklin iki sadə ağ-qara rəngə “dərin hörmət bəsləyirdi”. Birincisi, bu rənglər dəbdə olan yeniliklərdən kənarda da həmişə aktualdır. İkincisi isə, qara və ağın vəhdəti mükəmməldir, həm də hər geyimlə uyğunlaşır. Ağ cins şalvar ilə qara vodolazka və mirvari boyunbağının sintezi onun sevimli və dəyişməz obrazı idi.

Yaylıq barədə unutmayın

Birinci xanımın sevimli aksessuarı yaylıqlar idi. “Hermes” yaylıqları Jaklin stilinin vizit kartı sayılırdı. Kelli onları praktik olaraq hər gün və müxtəlif formalarda daşıyırdı. Gah boğazına dolayır, gah başının ətrafına saç lenti kimi düyünləyir, gah da çantasına bağlayırdı. Dünyada yaylıqları bağlamağın yüzlərlə variantı mövcuddur. Birinci xanım kimi geyinmək istəsəniz, bu ecazkar aksessuar haqqında unutmayın. Yaylıq istənilən obrazı ideal vurğulaya bilir.

Jaklin Kennedi ilk estetik əməliyyatını 60 yaşında keçirib. Bunu da yubileyi münasibətilə etmişdi. Jaklin məlahətli səsə malik qadın idi. O, iri gözləri, gözəl təbəssümü ilə həmişə heyranedici görünürdü. Bu gözəlliyinə az makiyajla və boyaq maddələrini köməyi ilə sığal çəkirdi.

Kübar cəmiyyətində həqiqətən də həmişə öz işığı ilə bütün ətrafı işıqlandıran möhtəşəm xanım Jaklin 1994-ci ilin yazında limfa vəzilərinin xərçəng xəstəliyindən dünyasını dəyişib.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR