Yaraşıqlı müğənni: “Çox ayağı sürüşkən qadın görmüşəm” – FOTOLAR
Bizi izləyin

Layihə

Yaraşıqlı müğənni: “Çox ayağı sürüşkən qadın görmüşəm” – FOTOLAR

Türkiyənin ən yaraşıqlı və istedadlı müğənnilərindən biri, şübhəsiz ki, Yalındır.

Səsləndirdiyi mahnıların çoxunun musiqisini özü bəstələyən müğənni hazırda "Benimki" ("Mənimki") adlı mahnısına çəkdiyi yay eşqindən bəhs edən klipi ilə diqqət mərkəzindədir.

Ölkəmizdə də kifayət qədər geniş fanat kütləsi olan ifaçı "Habertürk"ün müxbiri Heja Bozyelə maraqlı müsahibə verib.

Yeni mahnılarından, eşqdən, sənətdən bəhs edən Yalının səmimi açıqlamaları sizin də üzünüzdə təbəssüm yaradacaq.

Publika.az "Şirin söhbət" layihəsi çərçivəsində həmin müsahibəni təqdim edir.

- Budəfəki klipiniz bir festivalı əks etdirən kadrlarla doludur. Siz festivalları daha çox bəyənirsiniz, yoxsa tamaşaçılarla daha səmimi mühit sayılan kiçik səhnələri?

- Həm izləyici, həm də dinləyici kimi festivalları daha çox sevirəm. Festivallarda daha səmimi, azad və əyləncəli bir mühit olur.

- Axırıncı dəfə hansı festivalda olmusunuz?

- Düzdür, üstündən çox vaxt keçib. Amma axırıncı dəfə Budapeştdəki "Sziget" festivalında olmuşam. O vaxtlar dünyanı "The Killer" trendi əsir almışdı. Hamı onları dinləyirdi.

Bir gün evdə otururdum, "Manga"nın solisti Ferman zəng elədi. Dedi ki, "bəlkə də, inanmayacaqsan, amma indi Budapeştdə, "Sziget" festivalındayam. Sabah "The Killer" səhnəyə çıxacaq".

Mən də özümə 2 gün tətil vermişdim. Konsertim də yox idi.

Dərhal viza alıb 1 günlük Budapeştə getdim, qrupu dinlədim.

- "Sziget" möhtəşəm bir festivaldır. Dinləyicilər Türkiyədən fərqli olaraq daha azad olurlar.

- Bizim mədəniyyətimiz, qaydalarımız fərqlidir. Bizdə insanlar konsertə, festivala getməyə hələ yeni-yeni öyrəşiblər. Standartlara çatmağımız üçün bizə bir az vaxt lazımdır.

- Kliplərinizdə, hətta rol aldığınız reklamlarda belə sevdiyi qadının ardınca qaçan, sevgisinə qarşılıq tapmaq istəyən kişi obrazı var. Bu, nədən qaynaqlanır?

- Bu, sadəcə, mənim kliplərimdə belə deyil. Real həyatda da belədir. Sevgi münasibətlərində əsas məsuliyyət kişilərin üstündədir. Amma çox sürüşkən qadınlar da görmüşəm.

- Ayıb deyil ki?

- Niyə ayıb olsun ki? Sevən insan əmək sərf edir və bu çox normaldır. Qadınlar bir az çəkinirlər, ilk addımı atmağı özlərinə yaraşdırmırlar. Sevgi etirafını kişidən gözləyirlər.

- Ötən il sizdən müsahibə almışdım və sənət musiqisi albomu çıxaracağınızı demişdiniz. "Bir bahar axşamı" adlı mahnınız sanki, o alboma doğru atılan ilk addımdır.

- Sənət musiqisi oxumağı xoşlayıram, ancaq albomu hazırlaya bilmirəm. Düz deyirsiniz, bu mahnı sənət musiqisinə yaxındır. İndi albom çıxarmaq çox çətindir. Çox vaxt tələb edir. Uzun müddətdir ki, daha öncəki albomlarında yer alan "Ki sen", "Ben bilmem" kimi mahnılarıma bənzəyən bir mahnı yazmaq istəyirdim. "Bir bahar axşamı" ilə bu istəyimə nail oldum.

- Bəs yeni albom çıxarmaq fikriniz yoxdur?

- Albom çıxartmaq sərf eləmir. 10-12 ədəd mahnıya əmək verirsən, ancaq hamısına klip çəkə bilmirsən. O qədər mahnı itib-batır. Məncə, 3-5 yeni mahnı kafidir. Mən başqa sənətçilərdən mahnı almadığım üçün albom hazırlamağım daha çətin olur. Gəncliyimdə kaset var idi, düyməyə basıb mahnının əvvələ fırlanmasını gözləyirdik. İndi isə tək bir düyməyə basmaqla bir mahnını 50 dəfə təkrar-təkrar dinləmək olar. İndi mahnıların effekti tez ölür. Təbii ki, albom çıxarmaq lazımdır. Ancaq hələlik həvəsim yoxdur.

- Əslində dinləyici üçün də sinql daha sərfəlidir.

- Elə deməzdim. Məsələn, mən sevdiyim, xoşladığım müğənninin albomunu almaq istəyərdim. Bu həyat tərzi, hobbi kimi bir şeydir. Həmin albomla uzun yol gedərəm, o diski dinləyərək idman edərəm. Fanatlar albom istəyir, onları başa düşürəm. Görək, mənə nə vaxt həvəs gələcək.

- Ən böyük xəyalınız nədir?

- Bu işlə 90-cı illərdə məşğul olmaq istəyərdim. O vaxtlar daha çox albom satılırmış. İnsanlar musiqiyə daha çox qiymət verirlərmiş. Həm də o zaman yeni, kreativ fikirlər ortaya çıxarmaq daha asan olub. Müğənniliyə 90-cı illərdə başlayanlar daha şanslıdırlar. Bu iş get-gedə çətinləşir.

- Məncə, çətin olması yaxşıdır, rəqabət olduğu üçün keyfiyyət artır.

- Elədir. Artıq professional əllərdən çıxmayan albom uğur qazana bilmir.

-Yeni simalardan kimləri bəyənir, izləyirsiniz?

-Yeni çıxanlardan Əmrə Atabəy var. Onu bəyənirəm. Bizdə musiqi qruplarının sayı azdır. Axırıncı dəfə "Model" qrupu çıxdı. Onları onsuz da hamı sevir, mən də bəyənirəm.

- Sanki pop musiqi süquta uğrayır.

- Əslində süquta uğrayan musiqinin tək bir janrı deyil. Çünki popla yanaşı, rok, elektornik musiqi tərzi də artıq əvvəlki populyarlığını itirib. Bir neçə uğurlu DJ var. Ancaq insanlar onlara da, sadəcə, gecə əylənməyə getdikləri məkanlarda qulaq asırlar. İndi, sadəcə, alternativ musiqinin dinləyicisi çoxdur.

- Heç oxumaqdan bezdiyiniz, artıq səsləndirmək istəmədiyiniz mahnınız var?

- Var. Bəzi mahnıları hər konsertimdə oxumaqdan bezmişəm. Ancaq adlarını deməyəcəyəm. (Gülür)

- İnternetin dünyamızı əsir aldığı bu günlərdə sevgi də süniləşir. Münasibətlər cütlüklərin bir-birinin fotolarını "like" etməsiylə başlayır. Sizcə, bu işin sonu hara gedir?

- Sevgi heç yerə getməz. Şəkillə və ya başqa formada başlamasının axı nə fərqi var? "Hardadır ee, o keçmiş zamanlardakı eşq", deyə şikayət edənləri anlaya bilmirəm. İnsan var olduğu müddətcə eşq də olacaq. Hər şey dəyişsə belə, insanlar sevgi hissinə sahib olacaqlar.

Düzdür, internet sayəsində tanış olan cütlüklər bir-birlərindən daha tez soyuya bilərlər. Ancaq ümumilikdə belə şeylər sevgini öldürə bilməz. Yenə yay olacaq, yenə eşq yaşanacaq.

- Bütün sevgi macəraları yaxşı başlayır, ancaq niyəsə sonu pis bitir. Niyə belə olur?

- Həyat tarazlığı qoruyub saxlayır. İnsanlar dərd çəkmədən, özlərini bədbəxt hiss etmədən bir-birlərindən ayrıla bilirlərsə, deməli, əvvəl hiss etdikləri sevgi olmayıb.

- Bəs siz eşqin o ilk anlarındakı həzzi seçərdiniz, yoxsa, ayrılığın verdiyi kədəri, ağrını?

- Normal insanlar birincini seçərlər. Ancaq mən peşəmi nəzərə alaraq ikinci variantı seçərdim. Çünki o kədər, o yalnızlıq mənə çox şey bəxş edib. Elə vaxtlarda onlarla mahnı yazmışam.

- Keçən dəfə rəssam Fikrət Muallanın əsərlərini yığıdığınızı demişdiniz. Yenə almağa davam edirsiniz?

- Bəli. Türk sənətçilərin əsərlərinə qarşı xüsusi marağım var. Ən sevimli rəssamım Fikrət Mualladır. Həmçinin, Burhan Uyqur və Arqun Okumuşoğlunun, gənclərdən isə Yiğitcan Alper ilə Vahid Danaiefarın əsərlərini alıram.

- Eşitdim ki, siqareti tərgitmisiniz. Necə oldu?

- Bir anda, qəfildən siqareti tərgitməyə qərar verdim. Onsuz da özümə yaraşdırmırdım. Bir səhər oyandım və artıq çəkməməyə qərar verdim.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm