• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İbrahim Tatlısəsin oğlu: “Atam şorgözlük etdi, uduzdu” – FOTOLAR

  • Layihə
  • 25 May 2015 17:45
  • 3 689 Baxış
İbrahim Tatlısəsin oğlu: “Atam şorgözlük etdi, uduzdu” – FOTOLAR

İbrahim Tatlısəsin aktrisa Dərya Tunadan olan oğlu İdo bir müddətdir ki mahnıları, qeyri-adi stili ilə diqqət mərkəzindədir. Kimi onun atasına heç bənzəməyən səsini və fərqli tərzdəki mahnılarını tənqid edir, kimisi də müasir geyim tərzini. İdo qalın qaşlarına forma verdiyi üçün də zarafatlara və tənqidlərə məruz qalıb. Jurnalist Ömür Gedikə maraqlı müsahibə verən gənc oğlan bütün bunlara ilk dəfə münasibət bildirib.

Pubika.az-ın "Şirin söhbət" layihəsi çərçivəsində Ömür Gedikin onun haqqında düşüncələri də daxil olmaqla həmin müsahibəni təqdim edirik:

Onu ilk dəfə "Kral TV Musiqi Mükafatları"nın səhnəsində görmüşdüm və heyran olmuşdum.

Olduqca sevimli, zarafatcıl, təvazökar və bacarıqlı bir gəncdir. Onunla söhbətimiz çox maraqlı alındı.

- Neçə yaşın var, İdo?

- 1992-ci ilin fevralın 15-də doğulmuşam.

- Adın niyə İdodur?

- Əslində adım İbrahimdir. Amma jurnalistlər qarışıq salmamaq üçün mənə İdo deyiblər. Yəni, "İbrahim ilə Dəryanın oğlu". Yaxın dostlarım mənə İbrahim deyirlər.

- Uşaqlıq dövrünlə bağlı ən yaddaqalan xatirən?

- Atamın mahnı oxuması. Mən yuxuda olsam belə, gecə 04:00-də işdən gələndə məni oyadıb, qucağına alır və mahnı oxumağa başlayırdı.

- Bu, sənə necə təsir etdi?

- Müğənni oldum (Gülür).

- Atan evdən ayrılanda sənin neçə yaşın var idi?

- Əslində, atam heç vaxt evdən ayrılmayıb. Çünki onsuz da evdə olmurdu. Mən onu çox görə bilmirdim. İşləri ilə əlaqədar hər gün evə gələ bilmirdi. Bəzən həftədə 3-4 gün görürdüm, bəzən də sadəcə 1 gün görə bilirdim.

- "Kaş anamla atam məşhur olmasaydı, onları daha çox görə biləydim", deyirsənmiş.

- Düzdür, şöhrət onları məndən uzaqlaşdırıb, əsasən də, atamı. Atam üçün iş həmişə ön planda olub.

- Oğlan uşaqları analarına düşkün olurlar. Deyəsən, sən də ən çox ananı sevirsən.

- Bəli.

- Atan qısqanmır?

- Yox. Əksinə, anamı sevdiyim, ona dəstək olduğum üçün sevinir.

- Məşhurların uşağı olduğun üçün məktəbdə sənə fərqli münasibət göstərilib?

- Yox. Çünki məktəbdəkilərin çoxu ilə uşaqlıqdan bəri dostam. Ancaq getdiyim məkanlarda varlı olduğum üçün mənə yaxınlaşmaq istəyənlər olub. Əvvəllər belə insanların niyyətini başa düşə bilmirdim. İndi isə kimin nə məqsəd güddüyünü başa düşürəm. Bu günə qədər heç kim məni aldada bilməyib, son anda belə atdığım səhv addımın fərqinə varmışam.

- Eşitdim ki, futbol oynamağı çox sevirsən.

- Bəli. Hətta uşaq vaxtı gələcəkdə futbolçu olmaq istədiyimi deyirdim. Amma məndə ürək ritmi pozğunluğu problemi var. Ona görə də atam futbolla maraqlanmağıma icazə vermədi.

- Boyun neçədir? Basketbolçuya oxşayırsan.

- Boyum 1.93 santimetrdir. "ENKA"da basketbol, voleybol və tennis oynamışam.

- Yaxşı səsin olduğunu necə kəşf elədin? Ətrafında "İbrahim Tatlısəsin oğlusan, sənin səsin gözəl olar, bir uzun hava oxu", - deyənlər olurdu?

- Hə, amma mən "səsim gözəl deyil" deyərək söhbəti dəyişirdim. Təbii ki, oxuduğum vaxtlar da olurdu.

- Bəs heç atanın yanında mahnı oxumuşdun?

- Onun yanında mahnı oxumağa cəsarətim çatmazdı. Ancaq evdə azan oxuyurdum, azanı çox gözəl oxuyuram. Deyəsən, anam bunu atama demişdi.

- Atan bir dəfə demişdi ki, "Urfada Oksford" var idi, biz oxumadıq?" Özü təhsilli olmasa da, sənin yaxşı təhsil almağın üçün əlindən gələni edir, dünyanın hər yerinə göndərir.

- Düzdür, yaxşı təhsil almağımı istəyirdi. İsveçrədə və İngiltərədə oxumuşam. Sonra Amerikaya getdim. Atam məni heç nədən məhrum etməyib. Nə istəmişəmsə, 10 qatını verib. Çox yaxşı atadır. Mənim yaxşı yerlərə gələ bilməyim üçün əlindən gələni edib.

- Atan döymələrinə və geyim tərzinə heç nə demir?

- Bunlara heç nə deyə bilməz. Çünki məni xaricə özü göndərib, bu İdonu o yaradıb.

- Ən yaxın dostundan səni soruşsaq, nə deyər?

- Səbirsiz, tələskən və söhbətcil olduğumu deyər. Dostlarımla görüşəndə çox əylənirik, bütün gün gülüşürük.

- Bəs sevgilin sənin haqqında nə fikirləşər?

- Sevgilim olsa, mənim üçün "dostlarından ayrılamayan bir öküzdür", - deyər (Gülür).

- İndi sevgilin yoxdu ki?

- Yox.

- Heç aşiq olmusan?

- Olmamışam. Mən hələ o duyğunu bir dəfə də olsun yaşamamışam. Ürəyim heç vaxt tez-tez döyünməyib. Mütəmadi olaraq kimisə düşünüb, darıxmamışam.

- Şorgözsən?

- Hər kişi qədər. Şorgözlük, məncə, İbrahim Tatlısəs deməkdir. Onun izindən getməyə çalışıram.

- Atanın şorgözlüyü ananı və digər qadınları üzəndə də xoşuna gəlirdi?

- O vaxtlar uşaq idim, heç nə hiss etmirdim. Düzdür, pis olurdum, amma nə demək olar ki? Atamın öz qərarı olub və nəticədə də özü uduzub. Mən də şorgözlük etsəm, nəticədə uduzacağam.

- Evlənmək haqqında nə düşünürsən?

- Dünyaya baxsaq, görərik ki, ulduzların çoxu evlidir. Evli adamın həyatı daha nizamlı olur.

- Anan üçün ideal gəlin necə olmalıdır?

- İzah etməyə çalışsam, səhifələrə sığmaz. Görüşdüyüm qızlarla tanış edirəm, "bunu tapmısan?" - deyir.

Onun istədiyi kimi qız dünyada yoxdur.

- Ananın atandan sonra təkrar evlənməməsi xoşuna gəlir. Elə bil, bir az eqoistlik edirsən.

- Anamı paylaşmaq istəməzdim. Atamdan sonra həyatında heç kim olmayıb, həyatını mənə bağlayıb.

- Atanla bağlı ən böyük xəyal qırıqlığın nə olub?

- Səhv iş tutanda məni döymürdü.

- O nə deməkdir? Təbii ki, döyməməlidir.

- Amma döysəydi, üstündən bir az keçəndən sonra, hər şey əvvəlki vəziyyətinə qayıdardı. O isə məni döyməkdən də betər edirdi. Küsürdü, günlərlə danışmırdı. Belə işgəncədənsə, döyülməyə üstünlük verərdim.

- Həyatın boyu mühafizəçilərlə gəzmisən. Onlar olmadan qapıdan çölə addım atmamısan. Bu, necə hissdir?

- Çox sıxılırdım. Mən heç kimə pislik etməmişəm. Ancaq hamı ağıllı deyil, cahil insanlar da çoxdur. Ona görə də uzun müddət mühafizəçilərin nəzarəti altında yaşamışam. Lakin çox sıxıldığım üçün indi onların hamısını işdən azad eləmişəm.

- Bildiyim qədərilə 6 qardaş-bacısınız. Onlarla görüşə bilirsən?

- Hamımızın işi çoxdur, ona görə də görüşə bilmirik.

- Ən balacanız Elifdir. Onunla münasibətin necədir?

- Hələ çox balacadır, heç danışa da bilmir. Onu tez-tez görürəm. Çox utancaqdır. Əsl Tatlısəs qızı olub.

- "Tatlısəs qızı" deyəndə nəyi nəzərdə tutursan?

- Arzuladıqları urfalı qızı yaradıblar. Pop musiqini xoşlamır, halay eşidən kimi oynamağa başlayır.

- Sinəndə iri hərflərlə "Türk" sözünü yazdırmısan. Atan buna heç nə demədi?

- Bunu yazdırarkən çox ağrı çəkdim. Qışqırırdım. Atam nə deyəcək ki? Mən türk-kürd ayrı-seçkiliyi etmək üçün yazdırmamışam. Ona qalsa, kürəyimdə də kürdcə "səni sevirəm" döyməsi var.

- Qaşlarını aldırdın, bu mövzu çox müzakirə edildi.

- Gələcəkdə özümdə bir yenilik daha edəcəyəm, o da çox danışılacaq. Özümdə bəyənmədiyim bir qüsurum var. Əslində hamı görür, ancaq fərqinə varmır. Bir il də gözləyin.

- Atandan daha çox qorxursan, yoxsa anandan?

- Təbii ki, anamdan. Ancaq problem onda deyil, məndədir. Eləmə dediyi hər şeyi edirəm. Ona görə də burnumdan gətirir.

- Onda, yəqin ki, anana ləqəb qoymusan.

- Biz öz aramızda ona "general" deyirik.

- Atandan hələ də pul alırsan?

- Almıram. Öz pulumu qazanmağa çalışıram. Özüm qazananda heç kim pulu hara xərclədiyimi soruşmur.

- Belə görürəm ki, simic deyilsən.

- Əliaçığam. Bu xüsusiyyətim də, atamdan keçib. Mən onun qədər əliaçıq adam görməmişəm.

- Atanı axırıncı dəfə nə vaxt görmüsən?

- Bir həftə öncə.

- Vəziyyəti necədir?

- Yaxşıdır. Allaha şükür. Müalicə almaq üçün "GATA"ya (Gülhanə Hərbi Tibb Akademiyası - red.) gedir.

- Mahnı oxuyur?

- Davamlı olaraq oxuyur. Albom çıxaracağını deyir. Ancaq əsas sağlamlığıdır.

- DJ olmağın necə qarşılandı?

- DJ olmağım kürdləri əsəbiləşdirdi. "Sən İbrahim Tatlısəs"in oğlusan, necə belə bir şey edə bilərsən?" - dedilər. Görəsən, DJ olmağı nə sanırlar? Yayda şort geyinirəm. "Ayıb deyil, İbrahim Tatlısəsin oğluna şort yaraşar?" deyə məni tənqid edirlər.

- Atandan sənə keçən ən pis xüsusiyyət?

- Dediyimi edirəm. Axırda nə olacağı gözümü qorxutmur.

- Axırıncı dəfə nə vaxt dediyində israr etmisən?

- İlk klipimi çəkəndə. Anam dedi ki, özün çəkmə. Amma dinləmədim, çəkdim. Çoxlu pul tökdüm. Özəl yaxtalar kirayələdim. Nəticə pis oldu, klipi üzə çıxarmadım, zibilliyə atdım.

- Ən mühüm xüsusiyyətin?

- Vicdanlı olmağım.

- Bəs ən zəif cəhətin?

- Cavabım yenə eyni olacaq: vicdanlı olmaq. Çünki kiməsə yazığım gəlir, sonra başa düşürəm ki, yanılmışam, aldadılmışam.

- Konsertlərin necə gedir?

- İyunun 6-da, Hamburqda olacağam. Xarici ölkədə baş tutan ilk konsertim olacaq. Burada isə barlarda səhnəyə çıxmaq istəmirəm. Xüsusi gecələrə və xalq konsertlərinə üstünlük verirəm.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR