Cansu Dərə: “İnsanlara qarşı məsafəliyəm” - FOTOLAR
Bizi izləyin

Layihə

Cansu Dərə: “İnsanlara qarşı məsafəliyəm” - FOTOLAR

Onu üç sözlə mükəmməl təsvir etmək olar: zərif, gözəl və təvazökar. Söhbət Türkiyənin ən cazibədar aktrisalarından olan Cansu Dərədən gedir.

Tamaşaçılara "Sıla", "Ezel" və "Möhtəşəm yüz il" seriallarından tanış olan Cansu Dərə həm aktrisalıq qabiliyyəti və gözəlliyi ilə, həm də yaşadığı eşqlərlə diqqət mərkəzində qalmağı bacarıb. Ancaq 2 ildir ki, ürəyinə yatan bir təklif gəlmədiyi üçün ekranlara çıxmır.

Buna baxmayaraq, son günlər Kann film festivalındakı stili ilə gündəmdədir. "Habertürk"ün müxbiri Aysun Öz Kann film festivalında Cansu Dərə ilə qarşılaşıb və ondan müsahibə almağa müvəffəq olub.

Publika.az-ın "Şirin söhbət" layihəsi çərçivəsində həmin müsahibəni təqdim edirik:

- Kannda qırmızı xalıda çox rahat yeridin, heç həyəcanlanmadın?

- Artıq üçüncü ildir ki, bu festivalda iştirak edirəm. Rahatlığım bundan qaynaqlanır. Qırmızı xalıya çıxarkən adım oxunanda ürəyim tez-tez döyünür. Ancaq bir müddət sonra hər şey normallaşır və xüsusi həyəcan hiss etmirəm.

- Kannda iştirak etmək sənə nə qazandırdı?

- Yaxşı dostlar qazandırdı. Eva Lonqoriya, Endi Makdauell, Sonam Kapur kimi gözəl qadınlarla tanış oldum. Kann film festivalı hər il dünyaca məşhur ulduzları qonaq edir. Qırmızı xalıda kimləri görəcəyini əvvəlcədən bilirsən. Kannda sürprizə yer yoxdur, kimlərin iştirak edəcəyi əvvəlcədən planlaşdırlır və hər şey plana uyğun gedir. Bu il siyahıda Endi Makdauelli görəndə həyəcanlandım. O, aktrisanı çox sevirəm və izləyirəm. Tanış olduq, çox sakit, zərif və səmimi bir xanımdır. Ötən il tanış olduğum Eva Lonqoriya və Sonam Kapoorla yenidən bir araya gəlib söhbət etmək fürsətim oldu.

- Belə möhtəşəm tədbirlərə necə hazırlanırsan? Çox vaxt sərf edirsən?

- Sadəcə makiyaj və geyimə vaxt sərf eləsəm nə var idi ki. Səhərin erkən saatlarından etibarən çox stressli dəqiqələr başlayır. Qırmızı xalıya çıxmadan öncə müsahibə verməli, müxtəlif videoçarxların və fotosessiyaların çəkilişlərində iştirak etməli oluram. Başım o qədər qarışıq olur ki, qırmızı xalıya nə vaxt çıxdığımı belə anlamıram. Əslində belə olması yaxşıdır, düşünməyə vaxt qalmır. Düşünsəm, həyəcanlanıb hər şeyi korlaya bilərəm.

- Verəcəyin pozaları və necə yeriyəcəyini öncədən müəyyənləşdirirsən?

- Uzun illər modelliklə məşğul olduğum üçün necə yeriyəcəyimi, libası üzərimdə necə daşımalı olduğumu öyrənmişəm. Ona görə də, heç bir çətinlik çəkmirəm. Yetər ki, geyinəcəyim libası tanımağımza imkan verilsin. Ondan sonra hər şey asan olur. İnsanlar elə bilirlər ki, əgər boyun uzundursa və arıqsansa, bütün geyimlər sənə yaraşacaq. Ancaq reallıq belə deyil. Geyimin yaraşıb-yaraşmamasını bədən ölçüləri müəyyən etmir. Əsas paltarın içərisində özünü rahat hiss etməyimdir. Bu il "Georges Hobeika" imzalı bir paltar seçdim və çox məmnun qaldım.

- Səni tulumla görəndə təəccübləndim.

- Həmişə sadə və zərif görünməyə çalışıram. Etiraf edim ki, ağ rəngli tulumu ilk dəfə görəndə mən də tərəddüd keçirdim. Ancaq sonra fikirləşdim ki, bu qədər diqqətçəkici bir paltarı başqa heç yerdə geyinə bilmərəm.

- Bu tədbirdə hündürdaban ayaqqabı geyinmək məcburi idi. Bu haqda nə düşünürsən?

- İllərdir ki, bu qayda var. Ona görə də, bu məsələyə reaksiya vermədim.

- Qırmızı xalı gözəl və güclü qadınların yeridir. Sən özünü gözəl və güclü hesab edirsən?

- Gözəllik sadəcə xarici görkəmlə bağlı bir şey deyil. Mən özümü rahat hiss etdiyim anlarda gözəl və güclü olduğumu düşünürəm. Fikrimcə, gözəllik qarşı tərəfə hiss etdirdiyin, əks etdirdiyin bir hissdir.

Qırmızı xalıda olanda nəzərlərin mənə yox, işimə cəmləşdiyini fikirləşirəm. Əks halda stress keçirərəm. Çünki şəxsi həyatımda bütün diqqətin üzərimə cəmlənməsinə öyrəşməmişəm.

- Sənə heyran olanlar qədər tənqid edənlər də var. Səncə, onları hansı xüsusiyyətin qıcıqlandırır?

- Məncə, bu, hamının başına gələ bilər. Bir insan hamı tərəfindən sevilə bilməz. Xüsusilə də, tanınmış insanları sevənlər qədər, onlardan nifrət edənlər də olur. Hansı xüsusiyyətimin xoşagəlməz olduğunu isə bilmirəm.

- Sənin soyuq, adamayovuşmaz olduğunu deyirlər. Ancaq mən səninlə bir neçə dəfə uzun yol getmiş bir insan kimi bu fikirlə razılaşmıram. Görəsən, səninlə bağlı mənfi fikirlər yeni tanış olduğun insanlara, ya da mediayaya qarşı bir az məsafəli olmağından qaynaqlanır?

- Düzdür, insanlara qarşı məsafəli davranıram. Çünki gözəl münasibətlərin zaman tələb etdiyinə və yavaş-yavaş formalaşa biləcəyinə inanıram. İnsanı tanımaq, güvənmək zaman və səbir tələb edir. Ətrafımda olan hər insanla yaxın ola bilmərəm. Belə davrananların səmimiyyətinə inanmıram.

- Türkiyədə səni Kann qədər həyəcanlandıran tədbirlər baş tuturmu?

- Kann film festivalı 68 ildir ki, keçirilir. Hansısa başqa bir tədbirlə müqayisə etmək düz olmaz. Dünyada bu cür festivalların sayı olduqca azdır.

Ancaq mən gələn il 35-cisi keçiriləcək İstanbul film festivalının da olduqca həyəcanlı keçəcəyini düşünürəm.

- İki ildir ki, ekranlarda yoxsan. Deyilənə görə, layihə seçərkən çox diqqətli davranırsan. Əsas tələblərin nələrdir?

- Sevdiyi işlə məşğul olan hər kəs ən yaxşı layihədə yer almaq istəyər. Mən də işimə yüksək qiymət verdiyim üçün yüz ölçüb bir biçirəm. Mənim üçün əsas ssenaridir. Ssenarini ilk dəfə oxuyanda heyran qalmalıyam. Canlandıracağım obrazı da bəyənməliyəm. Bu ikisi mənim üçün uyğun olduqdan sonra digər məsələlər haqqında düşünürəm. Məsələn, filmi və ya serialı çəkəcək şirkət çox önəmlidir. Çünki yaxşı və güclü şirkət ən peşəkar aktyorları, aktrisaları, rejissorları bir araya gətirə bilir. Üstəlik, serialın yarımçıq qalması ehtimalı da az olur.

- Yeni mövsüm üçün layihə, film, serial təklifləri var?

- Təkliflər var. Biri ürəyimə yatıb, ancaq haqqında məlumat verə bilməyəcəyəm. Çünki hələlik, müqavilə bağlamamışam.

- Sənin də rol aldığın "Ezel" və "Möhtəşəm yüz il"dən sonra çəkilən seriallar elə də çox bəyənilmədi. Serial sahəsi ilə bağlı nə düşünürsən?

- Hər dövr özünün ekran işlərini yaradır. Zaman keçdikcə insanları maraqlandıran mövzular, istəklər dəyişir. Bir-birlərinə çox oxşayan seriallar çəkilir. Təkrarçılıq aradan qalxsa, izləyici də, seriallarda rol alanlar da xoşbəxt olar.

- Karyeranla bağlı səni ən çox kədərləndirən və sevindirən hadisələr nələr olub?

- Bu günə kimi sonradan peşman olduğum, kədərlənməyimə səbəb olacaq bir iş rastıma çıxmayıb. İmzamın, əməyimin olduğu bütün işlərlə qürur duyuram.

- 35 yaşım olduqdan sonra qocalmaqdan qorxmağa başlamışam. Bəs sən necə, yaşlanmaqdan qorxmursan?

- Yaşlanmaqdan qorxmuram. Hələlik 50 yaşım olmadığı üçün o yaşlarda necə bir ruh haılında olacağımı bilmirəm. Ancaq ətrafımızda 50 yaşı keçmiş yüzlərlə insan var. Əgər yaşlanmaq pis bir şey olsaydı, onlar çox bədbəxt görünərdilər. Halbuki, yaşından asılı olmayaraq, hər kəs həyatdan zövq almağa çalışır. Ağıl, bədən və ruh sağlamlığı pozulmadığı müddətcə hansı yaşda olduğumuzun elə bir əhəmiyyəti yoxdur.

Önəmli olan hər yaşda xoşbəxt olmağı bacarmaqdır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm